XI siniflər üçün fənn kurikulumuna müəllim baxışı

 

Respublikamızın bütün fəaliyyət sahələrində olduğu kimi, təhsil sahəsində də bir çox islahatlar hazırlanıb həyata keçirilmişdir. Belə ki, 2008-ci ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" qəbul olunmuş, I-IV siniflər üçün fənn kurikulumları hazırlanaraq təsdiq olunmuşdur. 2008-2009 -cu dərs ilində bu prosesin təməli qoyuldu. Respublikamızın ümumtəhsil məktəblərində yeni model ruh yüksəkliyi ilə qarşılandı.

Ölkəmizdə qabaqcıl dünya təcrübəsini əks etdirən yeni ümumi təhsil modelinin tətbiqinə imkan verən V-XI siniflər üçün yeni fənn kurikulumlarının layihəsi hazırlandı və pedaqoji içtimaiyyətin müzakirəsinə verildi. Bütün pedaqoji kollektivlər kimi bizim məktəbdə də bu layihənin müzakirəsi keçirildi. Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyən bir müəllim kimi məni buradakı bir çox xüsusiyyətlər cəlb etdi. Belə ki, şagirdlər tam sərbəst şəkildə müxtəlif kanallardan əldə etdiyi biliyi dərslikdəki ilə əlaqələndirib, audio-videomateriallar, İnternet resurslardan istifadə etməklə qavramanı çox asanlaşdırırlar.

Ənənəvi təlimdə şagirdlərin yaradıcılıq qabiliyyətləri üzə çıxmır, intellektual səviyyəsi özünü göstərə bilmirdi. Amma yeni kurikulumun istinad etdiyi təlim texnologiyalarından istifadə şagirdin bütün bacarığını üzə çıxarır.

V-XI siniflər üçün Milli Kurikulum ədəbiyyat fənninin yaradıcı şəkildə təliminə imkan verir. Ədəbiyyat-tarix-coğrafiya fənləri arasında əlaqə yaratmaq şagirdin bilik və vərdişlərinin möhkəmlənməsinə kömək edir. Bu metod şagirdin müstəqil qərarlar qəbul etməsinə, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşmasına zəmin yaradır.

Bugünkü gənclər müstəqil Azərbaycanın sabahı və gələcəyidir. Demək Milli Kurikulum həm də yeni nəslin hərtərəfli inkişafı deməkdir. Ümummilli liderimiz Heydər Əliyev "Gənclər bizim gələcəyimizdir" deməklə məhz hərtərəfli hazırlanan yüksək səviyyəli mütəxəssisləri nəzərdə tuturdu.

Bütün bu müsbət xüsusiyyətlərinə görə  V-XI siniflərdə tətbiq olunacaq fənn kurikulumlarını dəstəkləyir və onun həyata keçirilməsinə hazırlaşırıq.

 

 

Bahar HÜSEYNOVA

 

Azərbaycan müəllimi.- 2011.- 28 oktyabr.- S.19.