Yönü bəri baxan dağlar

 

Respublikamızın ən gözəl guşələrindən olan Qubadlı bölgəsinə  tez-tez gedirdim. Bağ-bağatları, buz bulaqları, yarpızlı dərələri, uca dağları, yaşıl təpələri, allı-güllü yaylaqları, müqəddəs qəbirləri, ocaqları, pirləri, yağı tapdağında qalan, perik düşmüş sakinlərini intizarla gözləyən, başına müsibətlər gələn, igidləri düşmən gülləsinə tuş olan Qubadlı!

Qısa arayış: Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir. Qubadlı rayonu şimaldan Laçın rayonu, cənubdan Zəngilan rayonu, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla  həmsərhəddir. Rayonun çox gözəl təbiəti var. Qubadlının ərazisindən Azərbaycanın ən bol sulu çaylarından olan Həkəri və Bərguşad çayları axır. Ən əhəmiyyətli kəndləri Mahmudlu, Xəndək, Xanlıq, Muradxanlı, Yuxarı Molu kəndləridir.

Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub.  Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

Bilavasitə Ermənistan tərəfindən Qubadlının sərhəddə yerləşən Əliquluuşağı, Məlik Əhmədli, Seytas, Eyvazlı, Qədili, Dondarlı, Novlu, Yuxarı Cibikli, Əyin, Çardaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə təcavüz edilir, kəndlər atəşə tutulurdu.

1989-cu ilin axırları rayonda vəziyyət son dərəcə ağırlaşdı. Düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edirdi. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüskar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri çatmırdı.

Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhalı silaha sarılsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla qorumaq mümkün deyildi.

Avqust ayının 30-da erməni hərbi birləşmələri güclü hərbi texnikanın müşayiəti ilə yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətində hücuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə göndərilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular.

Erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də Qubadlı bütünlüklə işğal olunduE. Eh! Xatirələr çözələnir. 1991-ci il mart ayının 16-da elimizin igid oğlu Əlyar Əliyevlə ilk görüşüm Qubadlı Rayon İcra Hakimiyyətində oldu.

Əlyarla Qubadlının dağ kəndlərində - Seytacda, Novluda, Əliquluuşağı, Məlik Əhməddə çox olmuşam. Onun batalyonu düşmənin 3 vertolyotunu vuranda onu təbrik etməyə gəlmişdim. Xeyriyyəçi Zaman İsgəndərovun onun batalyonuna bağışladığı hərbi yük maşınını mənə  göstərib deyirdi:

- Zaman dayıya salam söyləyin, deyin maşın sağ-salamatdı.

Yadımdadır, bir gün Əlyar mənə igid əsgərləri göstərib dedi:

- Əvəz müəllim, bu dəstə batalyonun ürəyidir. Hansı ermənini deyirsən, göndərim Gorusdan, Qafandan, Sisiyandan qulaqlayıb gətirsinlər. Bunlar Koroğlu dəliləridir.

Mən zarafatla Əlyara dedim:

- Qardaş, dəlilər Koroğlunun başına yığışıblar, sən də elə Koroğlusanki Koroğlu. Gülüşdük. 1992-ci il oktyabrın 3-də Əlyarın xəyanətlə aradan götürüldüyünü eşidib sarsıldım, onun dəfnində iştirak etmək üçün Qubadlıya gəldim. Əlyarın bacısı məni görən kimi boynumu qucaqladı, ağladı. Əlyarın boyalı portretini əsgərlər tutmuşdular.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əlyar Əliyev ölməzliyə qovuşdu…

Əsgərlərlə sonrakı görüşlərim də xatirələrimdən silinməyib. Bir dəfə zenit-raket diviziyasında Qiyas və İmran Babayev qardaşları ilə tanış oldum. Onlar burada çox işlər görmüşdülər. Hər 2 komandir əsgərlərə nümunəvi rəhbərlik edir, qayğı göstərirdilər. Artıq Günəş qüruba tərəf əyilirdi. Mən əsgərlərlə xudahafizləşib getmək istəyəndə N.Bərxudarov mənə yaxınlaşdı: Bacım Sumqayıtda yaşayır. 17 nömrəli məktəbdə kimya müəllimi işləyir. Mənim salamımı bacıma çatdırmağınızı xahiş edirəm. Daha inamlı olsun deyə cib dəftərçəmə qol çəkib dedi: Bacım imzamı görsə bəsdir, biləcək ki, sağ-salamatam. Hər tərəf çən-dumana bürünmüşdü, göz-gözü görmürdü. Birdən elə bil Allah arzularımı eşitdi, bir balaca meh əsdi, çən-duman seyrəldi, dağlar ap-aydın göründü. Bu huynidə bir dəstə sığırçın gəlib qondu yerə. Onlar səksəkəli idilər, devikirdilər, sanki canlarını götürüb qaçmışdılar. 

 

 

Əvəz Mahmud LƏLƏDAĞ

 

Azərbaycan müəllimi.- 2011.- 2 sentyabr.- S.6.