İbtidai təhsil
səviyyəsində riyaziyyat və informatikadan məktəbdaxili
qiymətləndirmədə istifadə
olunan qiymətləndirmə vasitələri barədə
Ölkəmizin
ümumi orta təhsil müəssisələrində həyata
keçirilən təhsil islahatının əsas məqsədi
gənc nəslə yaşamaq üçün öyrənməyi
öyrətməkdən, öyrəndiklərindən həyatda
istifadə etmək bacarığı aşılamaqdan, bu
baxımdan şagirdlərə keyfiyyətli təlim vermək
və onları gələcək həyata hazırlamaqdan ibarətdir.
Bu isə şagirdlərə əvvəlcədən müəyyən
olunmuş milli standartlara uyğun bilik verməyi, onlarda
müvafiq bacarıqlar formalaşdırmağı və vərdişlərə
yiyələnməyi, həmçinin nailiyyətlərinin əsaslandırılmış,
açıq-aydın, obyektiv və şəffaf şəkildə
qiymətləndirilməsini həyata keçirməyi tələb
edir.
Qiymətləndirmənin
həyata keçirilməsi üçün ən
yaxşı vasitə dünyanın əksər ölkələrində
son illər daha geniş tətbiq edilən testlərdən istifadə olunmasıdır.
Test (ingiliscə - nümunə,
sınaq, yoxlama) əsasən psixoloqların diaqnostik məsələləri
həll etmək üçün istifadə etdiyi bir vasitə
olub məhdud vaxt ərzində cavablandırılan və nəticələrindən
şəxsiyyətin özünəməxsus psixo-fizioloji
xüsusiyyətlərini, bilik, bacarıq və vərdişlərini,
həmçinin fəallıq dərəcəsini kəmiyyət
və keyfiyyət baxımından qiymətləndirmək
üçün tətbiq olunan
standartlaşdırılmış
tapşırıqlardır.
Testdən
ilk dəfə 1864-cü ildə Böyük Britaniyada
şagirdlərin biliyinin yoxlanması üçün istifadə
edilmişdir. XX əsrin əvvəllərində psixoloji və
pedaqoji istiqamətli testlərdən istifadə olunmağa
başlanmış, standartlaşdırılmış pedaqoji
testlər ilk dəfə amerikalı psixoloq E.Torndayk tərəfindən
tərtib edilmiş, K.Spirmen isə testlərin
standartlaşdırılması və testoloji tədqiqatların
obyektiv ölçülməsi üçün korrelyasiyon
analizin əsas metodlarını və testləşdirmənin
inkişafında mühüm rol oynayan statistik üsulu işləyib
hazırlamışdır.
Qeyd
edək ki, testin hazırlanması zamanı əsas diqqət
onun gələcəkdə nəyi (hansı psixoloji xassəni)
ölçməsinin dəqiq müəyyən edilməsinə
yönəlir və onların sayı ölçəcəyi
məzmunla bağlı təyin edilir. Müəyyən
psixoloji xassənin az sayda testdən istifadə olunmaqla
ölçülməsi isə əsas məsələdir.
Test tapşırığının ölçdüyü məqsədlərə
uyğun gəlməsi və tətbiq olunduğu ölkənin
digər dilli qrupları arasında keçirildikdə
uyğunlaşdırılması (adaptə edilməsi) zəruridir.
Həmçinin testin standartlaşdırılması, onun eyni
şəraitdə müxtəlif qruplar arasında
aparılmasından alınan nəticələrin müqayisə
edilməsinə imkan verməsi çox vacibdir. Testin
standartlaşdırılması onun etibarlılıq və
validlik xassələri ilə yoxlanılır.
Testin etibarlılığı - testin eyni şəraitdə
dəfələrlə keçirilməsindən alınan
balların təxminən eyni olması, aparılan
ölçmələrin nəticələrinin bir-birindən
çox az fərqlənməsi ilə təyin olunub Mənim ölçmələrim
nə dərəcədə dəqiqdir sualına cavab
verir. Mütləq etibarlılıqlı test
yaradılması isə xeyli çətindir.
Testin validliyi (həqiqi, yararlı) - testin nəyisə ölçmək vəzifəsinə uyğunluq səviyyəsini (dərəcəsini) təyin edir. Testin validliyi Test nəyi ölçür və Tətbiq olunduğu məqsədə uyğundurmu suallarına cavab verir. Çox sadə şəkildə, testlə valid ölçmə - nəyin ölçülməsi lazımdırsa, test elə onun da ölçüsünü tapır kimi başa düşülür.
Çox
zaman testin valid olmaması həyata
keçirilən testləşdirmə zamanı nəyin və
nə üçün ölçdüyünü bilməmək, qiymətləndirmə
məqsədlərinin aydın olmaması ilə
bağlı olur.
Testin
validliyi və etibarlılığı bir-biri ilə
qarşılıqlı vəhdətdə olmaqla,
etibarlılığı tədqiqatın nəticələrinin
nə dərəcədə həqiqətə yaxın
olduğunu, validliyi isə nəticələrin həqiqətən
tədqiq edilən hadisəyə aid olduğunu göstərir.
Kifayət qədər validliyə malik test etibarlı
hesab edilir.
Tərtib
edilmiş hər bir testin obyektivlik, reprezentativlik və elmilik
kimi kriteriyalara da cavab verməsi zəruridir.
Testin obyektivliyi - testin nəticələrinin
onun kim tərəfindən keçirilməsindən
asılı olmamasını bildirir. Başqa sözlə,
testlə yoxlamalar müxtəlif adamlar (və ya qruplar) tərəfindən
keçirildiyi halda belə, yenə eyni (çox az fərqlənən)
nəticələr alınır.
Ona
görə də test yoxlamalarının fənn müəllimləri
və ya xüsusi mütəxəssislər tərəfindən
aparılmasına ehtiyac duyulmur.
Testin reprezentativliyi (testləşdirmə
normalarına uyğunluq, təmsiledicilik) - testin yoxlanılan tədris
materialını tam əhatə etdiyini müəyyən edir.
Yekun testləşdirmə zamanı bütün kursun, əsasən
onun çox mühüm əhəmiyyət kəsb edən
standartlarının (mövzuların) qiymətləndirilməsini
həyata keçirən təmsiledici testlərdən istifadə
olunur. Testin təmsiledicilik səviyyəsi keçirilən
pre-testlərin nəticələrinin dəyərləndirilməsi
ilə təyin edilir.
Testin elmiliyi - testin fundamental tədqiqatlarla
əsaslandırılması və onun təlim məqsədlərini
düzgün ölçməsinin müəyyən
olunmasıdır.
Testin relevantlığı - testin üzərinə
qoyulmuş məqsədin (mövzunu tam açmasının)
başa düşülən olmasının məna və
stilistik baxımdan uyğunluğunu müəyyən edir.
Başqa sözlə, test tapşırıqlarının məzmunu
yoxlama məqsədlərinə uyğun olmalıdır.
Göstərilənlərlə
yanaşı, test aşağıda verilən özünəməxsus
xüsusiyyətlərə malikdir:
1. Test standartlar baxımından
müəyyən məzmunu (tədris materialını)
yoxlamaq üçün bir vasitədir. Testlə öyrənilən
bütün məzmunu əhatə etmək və qiymətləndirmək
mümkündür.
2. Test mühüm
anlayışların, tədris materialının (məzmunun)
mənimsənilmə səviyyəsini (dəqiq
ölçüsünü) təyin edir.
3. Test şagirdin nailiyyətlərinin
şəffaf və obyektiv qiymətləndirilməsinin həyata
keçirilməsini təmin edir. Bu məqsədlə
testin qiymətləndirilməsi üçün əvvəlcədən
müəyyən edilən şkala şagirdlərə
bildirilir. Şkalanın təyin edilməsi çox
böyük məsuliyyət tələb edən ciddi iş
olduğu üçün müəllimlərin şagird
nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsində
istifadə olunan test
tapşırıqlarının tərtib edilməsi və
onların qiymətləndirilməsi şkalası ilə
yaxından tanış olmalarını, həmçinin məktəbdaxili
qiymətləndirmə vasitələrinin və onların
çoxseçimli cavablarının səviyyələrə
uyğun tərtib edilməsini vacib hesab edirik.
4. Test aparılma məqsədlərindən
asılı olaraq standartlaşdırılmış bir vasitə
olub müəyyən standart üzrə şagirdin nailiyyətlərinin
ölçülməsini həyata keçirir. Testlər
bir-birindən səviyyəcə fərqlənməklə 4
(dörd) səviyyə üzrə - asan, orta, çətin və
(istedadlı şagirdlər üçün) nisbətən
çətin səviyyələrdə tərtib edilir.
Qeyd
edək ki, şagird:
1-ci (asan) və 2-ci (orta) səviyyəli testlərə tədris
materialını yada salmaqla (hafizəyə əsaslanaraq) cavab
verir;
3-cü (çətin) səviyyəli testlərə cavab vermək
üçün əldə etdiyi biliklərdən situasiyaya
uyğun istifadə edir, müəyyən məntiqi təfəkkür
əməliyyatlarını yerinə yetirir;
4-cü (nisbətən çətin)
səviyyəli testlərə cavab vermək üçün bilik və
bacarıqlarından ona tanış olmayan situasiyada, nisbətən
qeyri-standart düşüncə tərzi,
yaradıcılıq tələb edən yeni tipli
çalışmaların həllində istifadə edir.
Testin
yuxarıda sadalanan xüsusiyyətləri ondan istifadə etməklə
dərs ili ərzində şagirdin inkişaf
dinamikasını izləməyə, ölkə səviyyəsində
monitorinqlər aparmağa, təlimin keyfiyyəti barədə
operativ informasiyalar toplamağa və nəticələrin
çox az vaxt ərzində təhlil edilməsinə imkan
verir. Çoxseçimli test
tapşırıqlarından istifadə olunması isə nəticələrin
avtomatlaşdırılmış vasitələrin tətbiqi
ilə qiymətləndirilməsinə şərait
yaradır.
Beləliklə,
şagird nailiyyətlərinin çoxseçimli testlərdən
istifadə olunmaqla texniki qurğu ilə qiymətləndirilməsi
nəticəsində yoxlayan subyektin rolu minimuma endirilir və
bu qiymətləndirmə zamanı:
şagirdin
şəxsiyyəti deyil, ancaq onun yerinə yetirdiyi yoxlama
işi qiymətləndirilir;
şagirdin
yoxlama işi digər şagirdlərin işi ilə deyil,
standartla müqayisə əsasında qiymətləndirilir;
qiymətləndirmə
standartları şagirdə əvvəlcədən bildirilir;
qiymətlərin
verilməsi alqoritmi birqiymətli təyin olunur və şagird
yerinə yetirdiyi işi qiymətləndirməklə,
özünün nailiyyət səviyyəsini təyin edə
bilir;
qiymətləndirmə
konkret təlim nəticələri əsasında
aparılır;
fənn
üzrə təlim nəticələri şagird nailiyyətlərinin
qiymətləndirilməsi kriteriyalarını təşkil
edir.
Bunlar
şagird nailiyyətlərinin qiymətləndirilməsində
bir vasitə olaraq testlərdən istifadə olunmasının
əhəmiyyətini bildirir.
Qeyd
edək ki, şagirdin nailiyyətlərinin qiymətləndirilməsində
ancaq çoxseçimli test tapşırıqlarından
istifadə edilməsi heç də həmişə müsbət
nəticələrə gətirmir (çoxseçimli testlərdən
əsasən şagirdlərin müəyyən faktlar,
prosedurlar üzrə qısa müddət ərzində bilikləri,
fərdi qabiliyyətləri qiymətləndirilərkən,
qiymətləndirmə standartlarının sayı çox
olduqda, həmçinin obyektiv və etibarlı qiymətləndirmə
vacib olduğu zaman, əksər hallarda buraxılış
imtahanları apararkən istifadə edilməsi məqsədəuyğun
hesab olunur). Belə ki, müntəzəm olaraq
çoxseçimli test tapşırıqlarına cavab verən
şagird artıq yeni metodları öyrənmək istəmir
və hafizəyə əsaslanmağı daha üstün
hesab edir.
Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi zamanı çoxseçimli, qapalı test tapşırıqları ilə yanaşı açıq test tapşırıqlarından, fəaliyyət test çalışmalarından istifadə edilməsi məqsədəuyğun hesab olunur. Lakin fəaliyyət test tapşırıqlarının hazırlanması müəllimdən xüsusi yaradıcılıq tələb edir. Bunun üçün müəllim əvvəlcə təlim məqsədlərini müəyyən edir, sonra isə onların qiymətləndirilməsini təmin edəcək yazılı tapşırıq hazırlayır. Tapşırığın stili, məzmunu şagirdin anlam səviyyəsinə uyğun gəlməklə, eyni zamanda reallığı və həqiqəti əks etdirməli, müasir həyatla uzlaşmalı, mənalı və stimulverici olmalı, onlarda müəyyən bacarıqların formalaşmasına, yaradıcı təfəkkürün inkişafına xidmət etməlidir. Hazırlanması xeyli əmək və vaxt tələb edən fəaliyyət testlərinin qiymətləndirilməsi müəllim tərəfindən həyata keçirilir.
Aşağıda
ibtidai təhsil səviyyəsinin kurikulum tətbiq olunan siniflərində
şagird nailiyyətlərinin diaqnostik və formativ qiymətləndirilməsi
üçün riyaziyyat və informatika fənlərinə
aid nümunələr veririk:
I sinif - riyaziyyat fənni üzrə
a) Diaqnostik qiymətləndirməyə
aid nümunə
Mövzu: 1 ədədi.
Qiymətləndirmə
standartları: 1.1.3.Q1 - şagird 20 dairəsində ədədləri oxuyur
və yazır. 1.1.4.Q2 - şagird hər bir ədədə uyğun
əşya qrupunu müəyyən edir. 1.1.5.Q1 - şagird əşyalar çoxluğundan tələb
olunan sayda əşya ayırır.
"1 ədədinin
yazılması və oxunmasının öyrədilməsi"nə aid dərsdə diaqnostik qiymətləndirmənin
aparılması üçün:
1) dərsliyin 14-cü səhifəsinin
1-ci çalışmasında verilən şəkil sinif
otağında ya böyüdülmüş halda münasib
yerdən asılır, ya da multimedia proyektorunun köməyi
ilə göstərilir
2) Müəllim şagirdlərin
diqqətini dərsə yönəltmək məqsədilə
"Şəkildə nə
görürsünüz?" deyə soruşur və
yaxşı (aydın, məqsədli, yığcam, təbii və
sinfin səviyyəsinə uyğun, bir-biri ilə əlaqəli,
düşündürücü) suallarla onlara müraciət
edir:
Müəllim: sürüşkəndə
neçə uşaq sürüşür?
Şagird: 1.
Müəllim: havada neçə
çərpələng uçur?
Şagird: 1.
Müəllim: oyun
meydançasında neçə it (şəkli)
görünür?
Şagird: 1.
Müəllim:
qız əlində neçə qırmızı rəngli
şar tutub?
Şagird: 1.
Müəllim: skamyada (oturacaqda)
neçə baba əyləşib?
Şagird: 1.
Müəllim: yelləncəkdə
neçə qız yellənir?
Şagird: 1.
Bu
suallarla yanaşı aşağıdakı kimi suallar da verilə
bilər:
Müəllim: sənin neçə çantan var?
Şagird: 1.
Müəllim: sənin neçə riyaziyyat
kitabın var?
Şagird: 1.
Müəllim: sənin yanında neçə nəfər
oturub?
Şagird: 1.
Müəllim: sinifdə neçə müəllim
var?
Şagird: 1.
Müəllim: sinifdə sayı bir olan hansı əşyaları
görürsünüz?
Şagirdlər sinfin tərtibatından
asılı olaraq cavablar verirlər.
Müəllim: sayı bir olan hansı canlı və
cansız əşyaları tanıyırsınız?
Şagirdlər müxtəlif cavablar verirlər
(ata, ana, Günəş, Ay və s.).
Müəllim: biz bu gün nə öyrəndik?
Şagirdlərin müxtəlif cavabları
dinlənilir.
Müəllim
şagirdlərin fikirlərini ümumiləşdirir, bir
elementli çoxluqların, sayı bir olan əşyaların
riyazi olaraq "1" şəklində
işarə edildiyini və bu simvolun "bir" kimi oxunduğunu söyləyir.
Qeyd edək ki, müəllim dərsdə
istifadə etdiyi əyani vəsaitlərdən asılı
olaraq sualların məzmununda dəyişiklik edə bilər.
b) Formativ qiymətləndirməyə
aid nümunə
1. Holistik rubrik əsasında:
Mövzu: 1 ədədi.
Qiymətləndirmə standartı: 1.1.4.Q2.
2. Analitik rubrik əsasında:
Mövzu: 1 ədədi.
Qiymətləndirmə
standartları:
1.1.3.Q1 və 1.1.4.Q2.
Qeyd. Müəllim
holistik rubrik hazırlayarkən nisbətən yaxın (məsələn,
1.1.4.Q2 və 1.1.5.Q1) alt standartları birləşdirə bilər.
Hazırda məktəbdaxili qiymətləndirmənin
aparılması üçün hazır qiymətləndirmə
vasitələrindən istifadə olunduğunu nəzərə
alaraq, burada summativ qiymətləndirmə
tapşırıqları vermirik.
I sinif - informatika fənni üzrə
a) Diaqnostik qiymətləndirməyə
aid nümunə
Mövzu: Azdır - çoxdur.
Qiymətləndirmə standartı: Mövzu ilə bağlı
1.2.3.Q4 qiymətləndirmə
standartının alt standartlarını: "1.2.3.Q1* - şagird iki və daha çox sayda əşya
qrupları arasında az, çox
münasibətlərini müəyyən edir" və "1.2.3.Q2* - şagird iki və
daha çox sayda əşya qrupları arasında kəmiyyət
(böyük, kiçik) münasibətlərini müəyyən
edir" - şəklində təyin edək.
Əşyalar
arasında "azdır - çoxdur" münasibətlərinin
öyrədilməsi zamanı diaqnostik qiymətləndirmənin
aparılması məqsədi ilə əvvəlcə dərslikdə
verilmiş şəkil multimedia proyektoru ilə göstərilir
Sonra isə müəllim şagirdlərə
aşağıdakı suallarla müraciət edir:
Müəllim: şəkildə neçə
boşqab (boş qab) görünur?
Şagird: 4.
Müəllim: şəkildə neçə armud
görünür?
Şagird: 3.
Müəllim: hər boşqaba bir armud qoysaq,
neçə boşqab boş qalar?
Şagird: 1.
Müəllim: boşqabların sayı çoxdur,
yoxsa armudların?
Şagird: boşqabların.
Müəllim: nə üçün
boşqabların sayı çoxdur?
Şagird 1: bir boşqab boş
qaldığı üçün.
Şagird 2: boşqabların sayı (4)
armudların sayından (3-dən) çox olduğu
üçün.
Şagird 3: armudların sayı (3)
boşqabların sayından (4-dən) az
olduğu üçün.
Müəllim
şagirdlərə riyaziyyat kursundan 1.1.6.Q3 (şagird
böyük ədədə çox sayda əşya qrupunun,
çox sayda əşya qrupunun böyük ədədə
uyğun olduğunu nümayiş etdirir) standartı üzrə
öyrəndiklərini (fənlərarası əlaqə)
xatırladır, onların fikirlərini ümumiləşdirir,
boşqabların sayının armudların sayından
çox, armudların sayının isə boşqabların
sayından az olduğunu deyir və nəticəni riyaziyyat
kursunun 1.1.7.Q2 (şagird 20 dairəsində ədədləri
müqayisə edərək nəticəni <, = və >
işarələrinin köməyi ilə ifadə edir)
standartına əsasən riyazi şəkildə yazır.
b) Formativ qiymətləndirməyə
aid nümunə
1. Holistik rubrik əsasında:
Mövzu: Azdır - çoxdur.
Qiymətləndirmə standartı: 1.2.3.Q1*.
Aşağıda
"Azdır - çoxdur"
münasibətlərinin öyrədilməsi prosesində
şagirdin nailiyyət səviyyəsinin standarta uyğun 4-5 səviyyə
üzrə qiymətləndirilməsi üçün holistik
rubrik verilir:
2. Analitik rubrik əsasında:
Mövzu: Azdır - çoxdur.
Qiymətləndirmə standartı: 1.2.3.Q1* və 1.2.3.Q2*.
Şagirdin
nailiyyət səviyyəsinin aspektlər əsasında 4-5 səviyyə
üzrə formativ qiymətləndirilməsinə dair analitik
rubrik verilir:
Qiymətləndirmə prosedurunda qiymətləndirmə
vasitələrinin qiymətləndirilməsi çox
böyük diqqət tələb edən vacib məsələlərdən
hesab edilir.
Bunu nümunə misal əsasında izah edək:
Nümunə. 2 - 2 : 2 ifadəsinin qiymətini
tapın.
A) 1 B) 2 C) 0
Şagirdin
seçdiyi cavaba əsasən onun səviyyəsini müəyyən
edək:
1-ci hal - şagird A) doğru cavabını
seçib. Bu
zaman şagirdin: a) əməllərin yerinə yetirilmə
ardıcıllığını və b) ədədi
özünə böldükdə 1
alındığını bildiyi, c) onlardan istifadə etməyi
bacardığı başa düşülür.
2-ci hal - şagird B) orta (yarımdoğru)
cavabını seçib. Bu zaman şagirdin: a) əməllərin
yerinə yetirilmə ardıcıllığını
bilib-bilmədiyi - bilirsə, b) 2-ni 2-yə böldükdə 0, yoxsa 1 aldığı müəyyən edilir.
3-cü hal - şagird C) səhv
cavabını seçmiş və ya heç bir cavabı
qeyd etməmişdir. Bu zaman şagirdin: a) əməllərin yerinə
yetirilmə ardıcıllığını və b) 2-ni 2-yə böldükdə 0, yoxsa 1 alındığını
bilib-bilməməsi müəyyən edilir.
Qiymətləndirmənin
bu şəkildə aparılması nəticəsində
müəllim şagirdlərin səviyyəsini düzgün
təyin edir və onlara fərdi yanaşmaya nail olur, digər
maraqlı tərəflərə vaxtında dəqiq məlumatlar
verə bilir. Şagirdlər isə nəyi
hansı səviyyədə bildiklərini,
bacardıqlarını və nə etməli olduqlarını
başa düşürlər.
Qeyd edək
ki, şagirdin həm nəzəri sualı cavablandırma, həm
də praktik tapşırığı yerinə yetirmə səviyyəsinin
müəllim tərəfindən düzgün təyin edilməsi
və nəticələrinə əsasən (nəyi hansı
səviyyədə bildiyi və ya nə üçün bilmədiyi,
nəzəri biliklərdən nə üçün istifadə
etmək bacarığına göstərilən səviyyədə
malik olduğu nəzərə alınmaqla) ona fərdi
yanaşılması mühüm əhəmiyyət kəsb
edir və bu nəticə etibarı ilə şagirdin
inkişafının təmin olunmasına, təhsilin keyfiyyətinin
yüksəldilməsinə zəmin yaradır.
Nəbi MAHMUDOV
Azərbaycan müəllimi.- 2011.- 7 yanvar.- S.5-6.