"Xalq kompüteri" layihəsi çərçivəsində verilən 10000-ci kompüter hədiyyə edildi

 

Azərbaycan müəllimləri və orta məktəb şagirdləri "Xalq kompüteri" layihəsi çərçivəsində bir il yarım ərzində 10000 kompüterə sahib olublar.

2010-cu il dekabrın 24-də Azərbaycanda həyata keçirilən "Xalq kompüteri" layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10000-ə çatmışdır. HP ProBook 4510s noutbukunun sahibi Sumqayıt şəhər sakini, 27 nömrəli orta ümumtəhsil məktəbinin müəllimi Xalidə İsgəndərova olmuşdur. Layihənin tərəfdaşları ona 10000-ci kompüteri hədiyyə olaraq vermək qərarına gəliblər.

Xatırladaq ki, "Xalq kompüteri" layihəsi HP və Microsoft şirkətləri ilə birgə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanmışdır. Layihənin operatoru BestComp Group şirkətidir.  Sonralar layihəyə İT sahəsində digər avadanlıq və xidmət təchizatçıları da qoşuldular. Kompüterlərin çatdırılması və ödənişlərin qəbulu "Azərpoçt" MMC vasitəsilə həyata keçirilir.

"Xalq kompüteri" layihəsinin hazırkı mərhələsinin əsas məqsədi orta ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin müəllim, tələbə və şagirdlərinə, eləcə də dövlət müəssisələrinin işçilərinə güzəştli şərtlərlə bazar qiymətindən ucuz və ödəniş müddətini 12 ay uzatmaqla kompüter əldə etmək imkanı yaratmaqdır.

HP kompüterinin sahibi olmaq olduqca asandır:

- www.xalqkomp.az saytına daxil olmaq və kompüterin modelini seçmək. 

- Sonra saytda təqdim olunan müqaviləni çap etmək və doldurmaq.

- Müqavilə təhsil müəssisəsinin direktoru tərəfindən imzalanmalı və poçt vasitəsilə Təhsil Nazirliyinin Təhsilin idarəolunması məlumat sistemi şöbəsinə  (yaxud Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinə) göndərilməlidir.

- BestComp Group şirkəti müqaviləni yoxlayandan və təsdiq edəndən sonra müqavilənin surəti və sifariş edilmiş kompüter alıcının ünvanına göndərilir.

- Müqavilənin şərtlərinə uyğun olaraq kredit üzrə ödəniş alıcı tərəfindən hər ay həyata keçirilir.

Layihənin iştirakçıları əlavə mükafatların da sahibi ola bilərlər: kompüterin məbləğini 3, 6 və 9 ay ərzində ödəyən şəxslər hədiyyə olaraq çoxfunksiyalı HP printerləri və flash-kartlar əldə edirlər.

Ətraflı məlumat layihənin www.xalqkomp.az saytında verilir.

  

 

Azərbaycan müəllimi.- 2010.- 7 yanvar.- S.16.