Azərbaycanın
Milli Qəhrəmanları
Müslümov Valeh Əlizaid oğlu
1968-ci il sentyabrın 2-də Lerik rayonunda anadan olub. 1983-cü ildə rayondakı 2 nömrəli orta məktəbin
səkkizinci sinfini bitirib və Sumqayıt şəhər 17
nömrəli peşə məktəbində dülgər
peşəsinə yiyələnib. Bir
müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş
Dəstəsində çalışıb. 1986-cı ildə hərbi xidmətə
çağırılıb. 1988-ci ildə xidmətini
başa çatdırıb. Ordudan tərxis olunaraq
Sumqayıta qayıdıb. 1991-ci ilin avqustunda DİN -in
xüsusi təyinatlı milis dəstəsində xidmətə
başlayıb. Şuşa, Tovuz və Qubadlıda erməni
işğalçılarına qarşı döyüş
əməliyyatlarında iştirak
edib.
V.Müslümov 1992-ci il aprelin 14-də Marquşevan kəndində gedən
döyüşdə qəhrəmanlıq göstərib və
elə həmin qeyri-bərabər döyüşdə də
ağır yaralanaraq çoxlu qan itirdiyindən həyatını
xilas etmək mümkün olmayıb.
Subay idi.
Azərbaycan
Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli
Fərmanı ilə Müslümov Valeh Əlizaid oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Lerik rayonunda dəfn olunub. Vaxtı ilə təhsil
aldığı Lerik rayon 2 nömrəli orta məktəb
onun adını daşıyır.
Nağıyev Dilqəm Heydər
oğlu
1975-ci il
iyunun 24-də Mingəçevir şəhərində anadan
olub. 1990-cı ildə Mingəçevir şəhər 9
nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən
sonra 69 nömrəli texniki peşə məktəbində təhsilini
davam etdirərək elektrik çilingəri sənətinə
yiyələnib. 1993-cü ildə Milli Ordu sıralarına
çağırılıb. Bakıdakı hərbi hissələrdən
birində təlim keçdikdən sonra Gəncə, oradan da
Füzuli rayonuna döyüş bölgəsinə göndərilib.
Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Böyük Bəhmənli
kəndlərinin müdafiəsində iştirak edib.
1994-cü ilin oktyabrında Gəncədə dövlət
çevrilişinə cəhd zamanı mühüm obyektlərin
geri alınmasında Dilqəmin də xüsusi xidmətləri olub.
D.Nağıyev Tovuz, Ağstafa bölgəsində
qiyamçıların tərk-silah edilməsi əməliyyatında
şücaət göstərərkən qarşı tərəfdən
açılan atəş nəticəsində
həlak olub.
Subay idi.
Azərbaycan
Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli
Fərmanı ilə Nağıyev Dilqəm Heydər oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Mingəçevir şəhərində Şəhidlər
xiyabanında dəfn olunub. Mingəçevir şəhər
9 nömrəli orta məktəb onun adını
daşıyır. Məktəbin önündə
büstü qoyulub.
Nəzərli
Hikmət Baba oğlu
1966-cı
il martın 7-də Bakı şəhərində anadan olub.
1973-cü ildə Xətai rayonundakı 27 nömrəli orta məktəbə
gedib, amma atasının iş yerinin dəyişməsi ilə
əlaqədar o, təhsilini Daşkənddə davam etdirməli
olub. Hikmət 1982-ci ildə yenidən Bakıya qayıdıb.
1984-cü ildə hərbi xidmətə
çağırılaraq Gürcüstan Respublikasının
Duşeti şəhərindəki kəşfiyyat məktəbinə
göndərilib. 1986-cı ildə ordudan tərxis olunaraq
DİN-in Yanğından Mühafizə İdarəsində
çalışıb və eyni zamanda Azərbaycan Politexnik İnstitutuna
daxil olub. Sonra Hikmət Azərbaycanın bir vətənpərvər
oğlu kimi erməni təcavüzünə etiraz edənlərin
sırasında Şıx qəsəbəsində
yaradılmış könüllülərdən ibarət
müdafiə batalyonuna üzv yazılıb. 1991-ci ildə
Ağdam istiqamətində cəbhəyə yola
düşüb. Xocalı yolunda idarə etdiyi maşınla
düşmənin qarşısında maneə yaradaraq vətəndaşları
təhlükəsiz yerə çıxarıb. Son məqamda
bir neçə döyüşçü yoldaşı
ilə meşəyə
çəkilib.
H.Nəzərlinin sonrakı taleyi barədə
heç bir məlumat
əldə olunmayıb.
Ailəli
idi.
Azərbaycan
Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 nömrəli
Fərmanı ilə Nəzərli Hikmət Baba oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Nəsibov Kamil Baladə oğlu
1946-cı
il oktyabrın 8-də Laçın rayonunun Bozlu kəndində
anadan olub. 1963-cü ildə Laçın rayonunun Minkənd
orta məktəbini bitirdikdən sonra hərbi xidmətə
çağırılıb. Üçillik hərbi xidmətdən
sonra Vətənə qayıdıb. 1973-cü ildə Azərbaycan
Politexnik İnstitutuna daxil olub. Ali təhsilini başa
çatdırdıqdan sonra Minkənddə yerləşən
Tikinti Materialları Bazasına müdir təyin edilib. Ermənilərin
Laçına ardıcıl hücumları zamanı Kamil
özünümüdafiə dəstəsi yaradaraq rəhbərliyi
öz üzərinə götürərək, dəfələrlə
kəşfiyyata çıxıb. Fərəcan, Səfiyan,
Çağazur, Malıbəy, Cicimli, Qızdərə kəndlərinin
müdafiəsində igidliklər göstərib. Bu bölgələrin
düşməndən təmizlənməsində
böyük xidmətləri
olub.
K.Nəsibov 1992-ci il iyunun 29-da "Qonaqgörməz" yüksəkliyi
uğrunda gedən döyüşlərdə snayper gülləsindən
yaralanaraq qəhrəmancasına
həlak olub.
Ailəli
idi. Dörd övladı
var.
Azərbaycan
Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli
Fərmanı ilə Nəsibov Kamil Baladə oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Ağcabədi
rayonunda dəfn olunub. Doğulduğu kənddəki Mədəniyyət
evi onun adını daşıyır.
Nəsibov Mərifət Əhməd
oğlu
1972-ci il
mayın 22-də Qazax rayonunun Məzəm kəndində anadan
olub. 1989-cu ildə Aşağı Əskipara kənd orta məktəbini
bitirib. 1990-cı ildə hərbi xidmətə
çağırılaraq bir il sovet ordusu sıralarında
xidmət edib. O, Vətənə qayıtdıqdan sonra Milli
Ordu sıralarına çağırılıb. Erməni
işğalçılarına qarşı gedən
döyüşlər zamanı həmişə öndə
olmağa üstünlük verərək igidlik nümayiş
etdirib. Mərifət Ermənistanla həmsərhəd olan kəndləri
cəsur bir əsgər kimi qoruyub. Keçirilən
döyüş əməliyyatlarında xüsusi fədakarlıq
göstərib. Elə buna görə də xidmət etdiyi hərbi hissələrdə komandirlərinin,
döyüşçü yoldaşlarının həmişə
hörmət və məhəbbətini qazanıb.
M.Nəsibov 1992-ci il yanvarın
28-də Qazax rayonunun Quşçu Ayrım kəndində gedən döyüşlər zamanı
qəhrəmancasına həlak
olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin
7 iyul 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Nəsibov Mərifət Əhməd
oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Qazax rayonunun Məzəm kəndində dəfn olunub. Qazax rayonundakı
Heydər Əliyev parkında adına bulaq tikilib.
Milli Qəhrəmanlar Beynəlxalq
İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
14 yanvar.- S.22.