"Ömürdən səhifələr"

 

Hər bir fərdin həyatı özlüyündə ümumilikdə xalqın, yaşadığı dövrdə cəmiyyətin, dar mənada ömür sürdüyü kəndin, şəhərin həyatı ilə görünməz xətlərlə bağlıdır. Ayrılıqda götürüləndə hər hansı şəxsin həyatı aşağıdaki məqamlarda ictimai əhəmiyyət kəsb edir: fərd özünün şüurlu həyatını cəmiyyətin ümumi rifahı ilə uyğunlaşdıra bilsin; əməlləri ilə çoxluğun ümumi rifahına ziyan vurmasın; şəxsi duyğu və hissləri mənsub olduğu xalqın milli-bəşəri səciyyəli mentaliteti, mənəvi-əxlaqi dünyası ilə bağlı olsun, ondan qaynaqlansın... Belə tələb və prinsiplərə uyğun gələn insan ömrü, əslində, çoxlarına nümunədir, örnəkdir.

Pedaqoji elmlər namizədi, əməkdar müəllim Məmməd Hüseynov Qərbi Azərbaycanda, İrəvan şəhərinin yaxınlığındakı Zəhmət kəndində doğulub, boya-başa çatıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib (1952), müxtəlif bölgələrdə müəllim, məktəb direktoru kimi çalışıb. 1975-ci ildə "Fizika tədrisində şagirdlərin vətənpərvərlik tərbiyəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Məcburi köçkünlüklə bağlı Şəmkirin Çənlibel kəndində məskunlaşmış alim-müəllim tarixi-publisistik, pedaqoji-ictimai, fəlsəfi-etik üslubda "Tarixdə qalan izlər" adlı dəyərli kitab nəşr etdirib. Qərbi Azərbaycanın tarixi, azərbaycanlıların məişəti və maarifi haqqında zəngin faktlarla qələmə alınmış kitab tarixin öyrənilməsi baxımından faydalı mənbələrdən sayıla bilər.

80 yaşlı alim-müəllimin bu günlərdə "Mütərcim" nəşriyyatının çapdan buraxdığı yeni kitabı "Ömürdən səhifələr" (redaktoru pedaqoji elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Ş.Məmmədov, rəyçi Bakı PKİHİ-nin kafedra müdiri, dosent A.Paşayevdir) adlanır.

Şəxsi həyatının salnaməsi fonunda ailə, ailə səadəti haqqında düşüncələrini, ailə xoşbəxtliyinin şərtləri barədə mülahizələrini, həqiqi məhəbbət əsasında qurulan ailənin güc və ülviyyətini publisistik-pedaqoji üslubda qələmə alan müəllif gəncliyin mənəvi-əxlaqi tərbiyəsi üçün faydalı bir kitab yazmışdır.

 

 

E.ƏBDÜLOV

 

Azərbaycan müəllimi.- 2011.- 20 yanvar.- S.15.