Təhsil Nazirliyində kollegiya iclası keçirilib

 

Yanvarın 27-də Təhsil Nazirliyində ötən ilin yekunları bu il qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclasda kollegiya üzvləri ilə yanaşı, Prezident Administrasiyasından, Nazirlər Kabinetindən, digər dövlət qurumlarından, YAP-dan nümayəndələr, millət vəkilləri, Təhsil Nazirliyi Aparatının məsul işçiləri, nazirliyin struktur-bölmə rəhbərləri, ali məktəblərin rektorları, bəzi qeyri-hökumət təşkilatlarının təmsilçiləri, orta ixtisas, ilk peşə-ixtisas məktəblərinin, bilavasitə Təhsil Nazirliyinə tabe olan ümumtəhsil müəssisələrinin direktorları, rayon, şəhər təhsil şöbə müdirləri, tanınmış ziyalılar və KİV işçiləri iştirak ediblər.

Kollegiyada təhsil naziri Misir Mərdanov "2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələr" mövzusunda hesabat məruzə-təqdimatı ilə çıxış edib. Nazirin geniş faktik materiallara, dərin təhlillərə, müqayisələrə əsaslanan və təhsilin bütün pillələrində, təhsil sahəsində həyata keçirilən inkişaf yönümlü dövlət proqramlarının, xarici təşkilatlarla birgə reallaşdırılan layihələrin icrası istiqamətində ötən il görülmüş işləri, əldə olunan uğurları və mövcud problemləri, bu il üçün planlaşdırılan tədbirləri əhatə edən təqdimatı iclas iştirakçıları tərəfindən diqqətlə dinlənilib.

İclasda YAP-ın icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çıxış edərək nazirin əhatəli təqdimatını yüksək qiymətləndirib, ötən il təhsilimizdə böyük uğurların əldə edildiyini, bütün bunların dövlətimizin təhsilə qayğısı sayəsində mümkün olduğunu qeyd ediblər.

 

(Kollegiya iclasından geniş material qəzetimizin növbəti nömrəsində dərc olunacaq)

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 28 yanvar.- S.2.