Şamaxı şahmatçıları respublika birinciliyinin finalına vəsiqə qazanıblar

 

 Şamaxı Şahmat Məktəbinin direktoru, əməkdar müəllim Asif Ağayevdən aldığımız məlumatda bildirilir ki, bu ilin 6-15 aprel tarixlərində İsmayıllı rayonunda Uşaq-Gənclər Şahmat Məktəbləri komandalarının respublika birinciliyinin seçmə yarışları keçirilib.

Yarışda İsmayıllı, Ucar, Ağdaş, Göyçay, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şamaxı rayon və Bakı 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəblərinin komandaları mübarizə aparıblar. Oğlan komandalarının  yarışı dairəvi sistem üzrə keçirilib və gərgin mübarizə şəraitində davam edib. 11 tur oynanılıb. Hər biri 10 qələbə qazanmış Şamaxı və Bakı 1 nömrəli İOEUGŞM-nin komandaları respublika birinciliyinin finalında mübarizə aparacaqlar.

Son dərəcə gərgin və maraqlı keçən qız komandalarının yarışında isə Bakı 1 nömrəli İOEUGŞM-nin komandası və Ucar şahmatçıları finala vəsiqə qazanıblar. Onu da qeyd edək ki, Şamaxı şahmatçılarının bu böyük qələbəsində məşqçi-müəllim Yaşar Məmmədovun əməyi danılmazdır. 

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2012.- 27 aprel.- S.11.