Nizami dühasının işığında

Dekabrın 6-da Bakıdakı 147 nömrəli texniki-humanitar liseydə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elan etdiyi ədəbiyyat fənn aylığı çərçivəsində keçirilən tədbirdə liseyin müəllim və şagirdləri ilə yanaşı, qonaqlar da iştirak edirdilər. Liseyin foyesində böyük şairə həsr olunmuş güşə yaradılmışdı.

Tədbiri liseyin direktoru, respublikanın əməkdar müəllimi Həlimə Mehdiyeva açaraq Nizami dühasının işığına yığışdıqlarını bildirib, iştirakçıları salamladı. Nizami Gəncəvinin nəinki Azərbaycan, eləcə də dünya ədəbiyyatının nəhəng simalarından sayıldığını vurğulayan direktor hər bir azərbaycanlının onun yaradıcılığı ilə yaxından tanış olduğunu, bu dahi sənətkarı məktəblilərin də sevdiyini, onlar tərəfindən hazırlanmış və indi təqdim olunacaq ədəbi-musiqili kompozisiyanın da bu sevginin nəticəsi kimi hasilə gəldiyini söylədi və qonaqları təqdim etdi.

Sonra Nizami yaradıcılığı haqqında məruzə etmək üçün söz liseyin ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Könül Həbibovaya verildi. K.Həbibova Nizami Gəncəvinin yaradıcılıq yolundan, ədəbiyyata gətirdiyi yeniliklərdən, dünya poeziyasına verdiyi töhfələrdən, sənətkarlıq xüsusiyyətlərindən bəhs etdi. Bildirdi ki, dahi Nizami Gəncəvi öz "Xəmsə"si ilə böyük bir ədəbi məktəb yaratmış, ondan sonra bir neçə əsr ərzində onlarca şair bu mənəvi xəzinədən bəhrələnərək ona nəzirələr yazmışdır.

Tədbirin aparıcıları XI sinif şagirdləri Vüqar Kərimzadə və Nübar Baydarova növbə ilə şairin həyat və yaradıcılığının bəzi məqamları, qələmə aldığı əsərlər haqqında məlumat verdilər, şairin dünyaca məşhur poemalarının mövzuideya məzmunundan söz açdılar. Liseyin istedadlı şagirdləri N.Gəncəvinin şeirlərinə yazılmış mahnıları, o cümlədən də məşhur "Sənsiz" və "Sevgili canan" romanslarını məharətlə ifa etdilər. Şagirdlərin şairin poemalarının motivləri əsasında hazırladıqları və peşəkar aktyor ustalığı ilə təqdim etdikləri "Yeddi gözəl" poemasından gözəllərin geyindikləri paltarların rəngləri haqqında söylədikləri şeirlərə, İsgəndərlə Nüşabənin görüşünə, Atabəy hökmdarı Qızıl Arslan tərəfindən şairə Həmdünyan adlı kəndin bağışlanmasına, rus bölməsinin şagirdlərinin Sultan Səncərlə qarının söhbətinə həsr olunmuş səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı və alqışlandı.

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov tədbirin təşkilini, şagirdlərin çıxışlarını yüksək qiymətləndirdi. N.Gəncəviyə dövlətimizin, xalqımızın xüsusi diqqət göstərməsini şairin böyüklüyü, dünya şöhrəti qazanması ilə bağlı olduğunu deyən natiq onu dünyanın ən böyük şairləri sırasına yüksəldən cəhətlərdən söz açdı. Çıxışında bir sıra xalqlar arasında Nizamiyə sahib çıxmaq meylinin mövcudluğuna toxunan N.Cəfərov bunun Nizaminin böyüklüyünə dəlalət edən amil olduğunu söyləyərək, böyük şairin türk olmasını sübut edən bir sıra elmi dəlilləri diqqətə çatdırdı. Professor dövlətimizin Nizami irsinə qayğı ilə yanaşdığını qeyd edib, ölkə Prezidentinin sərəncamı ilə onun 870 illik yubileyinin keçirilməsini təqdirəlayiq hadisə adlandırdı, Nizami yaradıcılığı indiyədək dərindən öyrənilsə də, onda öyrənilməli cəhətlərin hələ çox olduğunu, bu baxımdan belə yubileylərin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.

Sonra "dəyirmi masa" ətrafında davam edən tədbirdə Azərbaycan Aerokosmik Mərkəzinin professoru Tofiq Süleymanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin direktoru Vahid Qurbanov, idarənin məsləhətçisi Fəttah Quliyev, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Tofiq Məmmədov, rayondakı 27, 287, 204, 56 nömrəli tam orta məktəblərin direktorları Cəmilə Ramazanova, Aygün Əhmədli, Ziba Rzayeva, Hicran Qarayeva və başqaları söz alıb tədbirin yüksək səviyyədə keçdiyini, şagirdlərin əsl istedad nümayiş etdirdiklərini qeyd etdilər, liseyin belə tədbirləri həmişə orijinal formada təşkil etdiyini vurğuladılar. Çıxışlarda liseyin uğurlarından, onların qazanılmasında təhsil ocağının direktoru Həlimə Mehdiyevanın, fəal müəllimlərin, burada mövcud olan işgüzar təhsil mühitinin rolundan bəhs edildi, tədbirin hazırlanmasında ədəbiyyat müəllimlərinin, müsiqi müəlliminin, uşaq birliyi rəhbərinin əməyi qeyd olundu.

 

Yusif ƏLİYEV

Azərbaycan müəllimi.- 2012.- 14 dekabr.-S.4.