Təhsil müəssisələrində
ulu öndərin xatirəsi yad edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Mərasim iştirakçıları öncə ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Anım tədbirində Dövlət İdarəçilik Akademiyasının I tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdı. Qeyd olundu ki, Azərbaycanın müasir tarixində Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaqdır.
Mərasimdə daha sonra professorlar N.Axundov, M.Quliyev, dosent R.Rəhimli və digərləri çıxış edərək ulu öndərlə bağlı xatirələrindən, onun həyat və fəaliyyətinin müasir Azərbaycan gəncliyi üçün örnək olan məqamlarından söhbət açdılar.
***
Azərbaycan Memarlıq və İnşaat Universitetində ümummilli lider, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilmişdir.
Tədbirdə ali təhsil müəssisəsinin pedaqoji kollektivi ulu öndərin xatirəsini ehtiramla yad etmiş, dahi şəxsiyyətin universitetdəki büstü önünə tər çiçəklər düzmüşlər.
AMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ulu öndərin uzaqgörən siyasi iradəsi sayəsində Azərbaycanın müstəqilliyinin möhkəmləndiyini, ölkəmizdə ictimai-siyasi və iqtisadi sabitliyin bərqərar olduğunu bildirmişdir. Rektor ümummilli liderin elm və təhsil sahəsinə göstərdiyi diqqəti xüsusi vurğulamışdır.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və digər çıxış edənlər müdrik rəhbər, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin şərəfli ömür yolundan, xalqımıza və vətənimizə göstərdiyi əvəzsiz xidmətlərdən danışmışlar.
Bildirilmişdir ki, bu gün ulu öndərin siyasi kursu, ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də dövlət qayğısı gündən-günə artır. Azərbaycanın adı dünyada inkişaf etmiş ölkələr sırasında çəkilir.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
***
Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə bağlı tədbir keçirildi. Öncə universitetin rektoru, professor Nadir Qəhrəmanov və təhsil ocağının professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin universitet binasının foyesində yerləşən büstü önünə tər gül dəstələri qoyaraq dahi siyasətçinin xatirəsinə ehtiramlarını ifadə etdilər.
Universitetin rektoru, professor Nadir Qəhrəmanov anım günü ilə bağlı keçirilən tədbiri açaraq, ulu öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərindən bəhs etdi. Rektor diqqətə çatdırdı ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Rektor ümummilli lider Heydər Əliyevin ölkədə təhsil və elmə xüsusi diqqət yetirdiyini bildirərək qeyd etdi ki, dahi siyasətçi Sumqayıt Dövlət Universitetinin fəaliyyətini də diqqətdə saxlayırdı. Məhz ulu öndərin 2000-ci ildə imzaladığı sərəncamla bu təhsil ocağına universitet statusu verilib.
N.Qəhrəmanov vurğuladı ki, dahi liderin Azərbaycan xalqı üçün ən böyük xidmətlərindən biri İlham Əliyev kimi davamçısını yetişdirməsidir.
Tədbirdə daha sonra universitetin tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyevin "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi", Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayevin "Heydər Əliyevin Azərbaycan elm və təhsilinin inkişafındakı rolu", universitetin Tələbə Gənclər Təşkilatının sədri Aytən Nəciyevanın "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzularında çıxışları dinlənildi.
Daha sonra tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən "Böyük ömrün salnaməsi" adlı sənədli film nümayiş etdirildi.
***
Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov tədbiri açdıqdan sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Respublikamızın iqtisadi, sosial və mədəni sahələrində qazanılan nailiyyətlərdən bəhs edən rektor bütün bu uğurların ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, onun siyasi kursunun dövlət başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğuladı.
Universitetin tarix və fəlsəfə kafedrasının baş müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Fəxrəddin Hüseyn "Heydər Əliyev müasir Azərbaycan dövlətinin və milli ideologiyamızın banisidir" mövzusunda məruzə edərək ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranması, möhkəmlənməsi və dünya ölkələri arasında tanınmasındakı tarixi xidmətlərindən danışmışdır.
YAP Lənkəran Dövlət Universiteti ərazi təşkilatının sədri, iqtisadi təhsil və idarəetmə kafedrasının müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Tofiq Paşayev, universitet Valideynlər Şurasının sədri Sərhad Məmmədov çıxışlarında müdrik dövlət xadimi Heydər Əliyevin xalqımızın mənəvi tərəqqisində müstəsna xidmətlərindən söz açdılar. Natiqlər ümummilli lider Heydər Əliyevin dövlət quruculuğuna, siyasi, iqtisadi, sosial və elmi-mədəni sahələrin inkişafına dair işləyib hazırladığı strategiyanın müasir mərhələdə layiqincə həyata keçirildiyini bildirdilər. Qeyd edildi ki, bu gün elm və təhsil sahəsinə göstərilən diqqət və qayğı cəmiyyətimizi inkişafa aparan başlıca amillərdən biridir.
Tələbələrdən Emin Həmidli, Kəmalə Mövsümzadə və Rüfanə Mahmudova ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutduqlarını, dahi rəhbərin ideyalarına həmişə sadiq qalacaqlarını bildirdilər.
Tədbirdə təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
***
Naxçıvan Müəllimlər İnstitutunun psixologiya fakültəsinin bir qrup tələbəsi və müəllim heyəti Culfa şəhərində yerləşən "N" saylı hərbi hissənin tədris mərkəzində təşkil edilmiş ulu öndər Heydər Əliyevin anım mərasimində iştirak etmişlər.
Anım mərasimini polkovnik-leytenant Mirqiyas Rüstəmov açaraq ulu öndərin yaratdığı müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi haqqında danışdı.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli "Heydər Əliyev və milli dəyərlərimiz", Naxçıvan şəhərindəki hərbi orta məktəbin direktoru, muxtar respublika Ali Məclisinin deputatı Nazim Bayramov "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarı və qurucusudur", filologiya üzrə fəlsəfə doktoru, şair-dramaturq Həsənəli Eyvazlı "Heydər Əliyev və milli inkişaf tariximiz", IV kurs tələbəsi Elvin Cahangirov "Heydər Əliyev və gənclik" mövzularında çıxışlar etmişlər. Çıxışlar əsgərlər tərəfindən maraqla qarşılanmışdır.
***
Naxçıvan Özəl Universitetinin bir qrup tələbəsi üçün Heydər Əliyev muzeyində "Heydər Əliyevin həyat və fəaliyyəti" mövzusunda dərs keçilmişdir. Universitetin tərbiyə işləri üzrə prorektoru, humanitar elmlər kafedrasının müəllimi Əli Yusifov xalqımızın tarixini amansız kəşməkəşlərdən uğurla keçirib yaşatmağı, inkişafa doğru istiqamətləndirməyi bacaran dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan bəhs etmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli həyat yaşamışdır ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca yaşayacaqdır. O, hər zaman xalq ilə nəfəs almış, həyatının mənasını xalqına xidmətdə görmüşdür. Xalq da həmişə Heydər Əliyevi sevmiş, onunla fəxr etmiş, onun siyasətini dəstəkləmiş və etibarlı dayağına çevrilmişdir.
Tədbirdə vurğulanmışdır ki, Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dünya miqyasında sayılıb-seçilən ümummilli lideri var. O bu gün cismən aramızda olmasa da, əbədi bizimlə olacaq və əziz xatirəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır. Çünki Heydər Əliyevin bütün dövrlərdəki fəaliyyəti Vətənə sevgi, xalqa məhəbbət nümunəsidir. Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq və onu möhkəmləndirmək ulu öndərimizin amalı olmuşdur. Onun işıqlı əməlləri daim yaşayacaq, memarı və qurucusu olduğu müstəqil Azərbaycan isə gündən-günə inkişaf edərək çiçəklənəcəkdir.
Sonra tələbələr ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuş, dahi rəhbərin həyatını əks etdirən filmə baxmışlar.
***
Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri məktəbin direktoru, əməkdar müəllim Sabir Məmişov açaraq müstəqil Azərbaycan dövlətinin yaradıcısı, təhsilimizin inkişafında əvəzsiz rolu olan Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir Azərbaycan dövlətinin çiçəklənməsində müstəsna xidmətlərindən danışdı. Qeyd edildi ki, bu gün ulu öndərimizin əziz xatirəsinə həsr olunmuş "Günəşə qovuşmaq istəyirəm mən" kitabının elektron disk formatında təqdimatı keçirilir. Ötən illər ərzində də məktəbdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Əbədiyyət dastanı" və "Böyük ömrün davamı" kitabları elektron formatda təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, həmin şuranın mətbuat xidmətinin rəhbəri, "Vətəndaş Cəmiyyəti" jurnalının baş redaktoru Səfər Alışarlı çıxışlarında tədbirin əhəmiyyətindən danışaraq qeyd etdilər ki, kitab-disk şuranın sifarişi və maliyyə yardımı ilə Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sonra isə "Günəşə qovuşmaq istəyirəm mən" kitabının elektron disk formatının təqdimatı keçirildi.
Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov kitab-diskin ərsəyə gəlməsi barədə tədbir iştirakçılarına məlumat verdi. Respublikamızın əməkdar artisti Azad Şükürov Heydər Əliyevin dühasını və şəxsiyyətini tərənnüm edən şeirləri canlı səsləndirdi.
Tədbirin sonunda Sabir Məmişov 20 nömrəli məktəb-liseyin pedaqoji kollektivinə Heydər Əliyev irsinin şagirdlərə daha dolğun çatdırılması üçün bu disklərdən vəsait kimi istifadə etməyi tövsiyə etdi.
Azərbaycan
müəllimi.- 2012.- 14 dekabr.- S.3.