Ümummilli lider Heydər Əliyevin xatirəsi Bakı Pedaqoji Kadrların

İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda anıldı

 

Dekabrın 11-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Heydər Əliyev və Azərbaycanın davamlı inkişafı" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə respublikanın tanınmış ziyalıları, təhsil ictimaiyyətinin və KİV-in nümayəndələri iştirak edirdilər. Konfrans iştirakçıları öncə institutda bu il yaradılmış Heydər Əliyev muzey-lektoriyası ilə tanış oldular. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra institutun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov tədbiri açaraq bildirdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çox olmuşdur. Onlar gördükləri böyük işləri və əməlləri ilə yadda qalmışlar. Belə tarixi şəxsiyyətlər sırasında Azərbaycan xalqının böyük oğlu, ümummilli lider, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var.  Dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət ümummilli lider səviyyəsinə yüksəlmişdir. Ulu öndər milli liderliklə siyasi liderlik keyfiyyətlərini ehtiva etməklə fəaliyyət göstərdiyi bütün sahələrdə özünü əsl lider kimi təsdiq etmişdir. Qeyd edildi ki,  bu dahi insan tarixi yazanyaradan, onu yönəltməyi bacaran nadir şəxsiyyətlərdən idi.

Haqlı olaraq ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Təsadüfi deyildir ki, onun həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı və obyektivliyi baxımından ölçülüb biçildiyindən ətrafdakıları heyrətləndirmiş, ona siyasət aləminin patriarxı adını qazandırmışdır.

Professor Asəf Zamanov çıxışını daha sonra "Heydər Əliyev və intellektual potensialın inkişaf istiqamətləri" mövzusunda məruzə ilə davam etdirdi.  O qeyd etdi ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda elmin, təhsilin inkişafına daim xüsusi diqqət yetirmişdir. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünərək, ölkədə intellektual potensialın formalaşması üçün bilikli və savadlı kadrların hazırlanmasına şərait yaradırdı. Əgər 1969-cu ildə respublikadan kənarda təhsil alan gənclərin sayı 50 nəfərə qədər idisə, 1981-ci ildə onların sayı, respublikadan kənara Azərbaycan ali məktəblərinin yuxarı kurs tələbələrini, aspiranturadoktoranturaya göndərilənləri də nəzərə alsaq, 1500 nəfərə çatırdı. Bütün bunlar ulu öndərin uzaqgörən siyasəti, güclü iradəsi, möhkəm əzmi sayəsində həyata keçirilirdi. Məhz həmin uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual potensial formalaşmışdır.

Konfransda AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev "Heydər Əliyev və Azərbaycanda kibernetikanın inkişafı", Binəqədi RİH başçısının müavini Vüsal İsmayılov "Regionların sosial-iqtisadi inkişafının Heydər Əliyev mərhələsi", institutun kafedra müdiri, filologiya elmləri doktoru Aydın Paşayev "Azərbaycan dili Heydər Əliyev siyasətinin tərkib hissəsi kimi" mövzularında məruzələrlə çıxış edərək ümummilli liderin qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından söz açdılar.

Konfrans Heydər Əliyev haqqında sənədli filmin  nümayişi ilə başa çatdı. 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2012.- 14 dekabr.- S.3.