Dünya kubokunun sahibi

 

Haqqında söhbət açmaq istədiyimiz Quliyev Turqut Yavər oğlu 1999-cu ildə İmişli şəhərində anadan olub. Şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb- liseyin VI "ç" sinfində təhsil alır. Dərs əlaçısıdır.

Turqut  dərslərini "əla" qiymətlərlə oxumaqla bərabər həm də idmanın karate növü ilə məşğul olur. O, 9 yaşından  məşqçi Elşad Fərzəliyevin rəhbərlik etdiyi karate bölməsinin fəal üzvlərindən biridir. Onun karatenin ENŞİN növü üzrə qazandığı uğurlar hamını sevindirir.

Sevimli şagirdinin qazandığı qələbələrdən fəxrlə söhbət açan fiziki tərbiyə müəllimi Fazil Seyfəliyev bildirir ki, Turqut respublika daxilində filiallar arasında keçirilən açıq çempionatda uğurla çıxış edərək I yeri, İmişli şəhərində keçirilən zona birinciliyində və Gəncə şəhərində Azərbaycan kuboku uğrunda yarışda II yeri tutub. Onun ən möhtəşəm qələbəsi Ukraynanın Odessa şəhərində keçirilən Dünya kuboku yarışında dünyanın müxtəlif ölkələrindən gəlmiş həmyaşıdlarını məğlub edərək Dünya kubokunun sahibi olmasıdır.

Bəli, bizTurqutu qazandığı bu böyük qələbə münasibətilə  təbrik edir, ona bu "İdman ili"ndə yeni-yeni qələbələr arzulayırıq.

 

ƏDALƏT

Azərbaycan müəllimi.- 2012.- 10 fevral.- S.6.