Uşaq və yeniyetmələrin elmi-texniki

yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkili  məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 2012-ci  ilin fevral-aprel  aylarında  uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq   müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan MR Təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri müsabiqənin yüksək səviyyədə təşkili  üçün müvafiq  tədbirlər hazırlayıb həyata keçirsinlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və keçirilməsinə əməli köməklik göstərsin.

5. Zonarespublika mərhələlərində iştirak edən məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri rayon, şəhər təhsil şöbələri, idarələri və digər ezam edən təşkilatlar tərəfindən ödənilsin.

6. Müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2012-ci ilə təsdiq olunmuş xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına müəyyən olunmuş qaydada həyata keçirilsin.

7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2012-ci ilə təsdiq olunmuş xərclər smetasında müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.

8. Zonalar üzrə müsabiqənin təşkili və keçirilməsinə əməli köməklik göstərilməsi məqsədilə yerlərə ezam olunmuş əməkdaşların ezamiyyə xərcləri müsabiqənin xərclər smetası əsasında ödənilsin.

9. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri  "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin və əsasnamə ilə birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində yerləşdirsin.

11. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin.  

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

6 fevral 2012-ci il

Azərbaycan müəllimi.- 2012.- 10 fevral.- S.2.