Peterburq ali məktəblərində

oxumuş tələbələrimiz

AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, professor Zəkəriyyə Əlizadə və mən 7-16 sentyabr 2011-ci il tarixində Sankt-Peterburq şəhərinə elmi ezamiyyətə gedərək Sankt-Peterburq Mərkəzi Tarix Arxivində (SPb. MTA) və Sankt-Peterburq Rusiya Dövlət Tarix Arxivində (SPb. RDTA) çalışdıq. Zəkəriyyə müəllimi Şəkinin tarixi və sənayesi (xüsusən ipəkçiliyi) ilə bağlı sənədlər maraqlandırırdı, mən isə Azərbaycandan gedərək Piter ali məktəblərində oxumuş bütün soydaşlarımızın, o sıradan şəkili tələbələrin həyatını öyrənmək istəyirdim. İlk günündə arxivlərin rejimi ilə tanışlıqdan sonra bəlli oldu ki, SPb. MTA həftədə cəmi 4 gün açıq olur və buradakı materiallar yalnız Peterburqa aiddir, Şəkiyə aid materiallar isə SPb. RDTA-də saxlanılır. Vaxt hədsiz məhdud olduğuna görə belə razılaşdıq ki, sabahdan Zəkəriyyə müəllim SPb. RDTA-də araşdırma aparsın, mən isə tələbələrin işlərinin saxlanıldığı SPb. MTA-də çalışım. Belə bölgü aparmağın səmərəli işləməyimizə gerçəkdən faydası dəydi və hər ikimiz çalışdığımız arxivlərdən maraqlandığımız sahələr üzrə çoxlu yeni materiallar əldə etdik.

"Azərbaycan müəllimi"nin oxucularını ali təhsil tariximizlə, Peterburqda oxumuş tələbələrlə bağlı materiallar daha çox maraqlandırdığına görə burada yalnız onlara aid yeni bilgiləri təqdim edəcəyik.

Bu başdan bildirim ki, SPb. Mərkəzi Tarix Arxivinin işlədiyi 4 gün ərzində vaxtdan maksimum istifadə etsək də (nahar fasiləsinə çıxmamaqla) bu şəhərdə oxumuş azərbaycanlı tələbələrin yalnız bir qismini aşkarlaya bildik, çünki təkcə Peterburq Universitetinin 14-cü fondda saxlanılan tələbə işlərinin siyahısı ilə tam tanışlığa vaxt çatmadı - hərəsi orta hesabla 300 səhifədən artıq olan siyahıların yalnız 13 cildinə (1916-cı ilədək) baxa bildik. Tələbələrin şəxsi işləri ilə tanışlığa gəlincə, arxiv, bir qayda olaraq, araşdırıcılara gündə yalnız 3 iş (sənəd toplusu) verir, ancaq təkidli xahişlərimizdən sonra son 2 günün hərəsində 15 sənədə baxa bildik.

SPb. Mərkəzi Tarix Arxivindən Piter ali məktəblərində oxumuş aşağıdakı tələbələrin adlarını öyrənə bildik və onlardan ad-soyadı kursivlə verilənlərin şəxsi işləriylə tanış olaraq gərəkli qeydlər götürdük. Bir çox adlar və soyadlar yanlış yazılıb; onları burada düzgün yazılışda verməyə çalışmışıq.

Xatırladaq ki, aşağıda xronoloji ardıcıllıqla verdiyimiz siyahıda ad-soyadın qarşısındakı rəqəm tələbənin arxivdəki şəxsi işinin nömrəsini, mötərizədəki tarixsə tələbənin həmin şəxsi işinin başlandığı ili (başqa sözlə, tələbəliyə qəbul, yaxud yenidən qəbul ilini) bildirir.

 

Peterburq Universiteti

 

SPb. MTA, fond 14, siyahı 3, cild 6:

21576. Əmircanov Maskun (Möhsün) bəy Süleyman bəy oğlu (1881-ci il)

21881. Məlikpaşayev Şamir bəy Baba bəy oğlu (1881)

23773. Tahirov Nəsir bəy Mirzə Həsən bəy oğlu (1884)

24305. Topçubaşov Əlimərdan bəy Əliəkbər bəy oğlu (1884)

24689. Hüseynzadə Əli bəy Molla Hüseyn oğlu (1886)

 

Fond 14, siyahı 3, cild 7:

28214. Vəkilov Səməd ağa (1891)

29246. Vəkilov Əsəd bəy Əhməd ağa oğlu (1892)

30485. Qaibov Nadir bəy (1893)

31457. Eminov Mustafa bəy (1895)

 

Fond 14, siyahı 3, cild 8:

 

33818. Paştov (Paşayev, Tağıyev?) Məhəmməd Aslam bəy oğlu (1897)

34649. Əfəndiyev Əbdülqədir Molla Şüeyb oğlu (1897)

36155. Kərimov Əli bəy İsmayıl oğlu (1899)

 

Fond 14, siyahı 3, cild 9:

39278. Əmircanov Həşim bəy Şirəli bəy oğlu (1901)

40327. Səfikürdski Aslan bəy Ağalar bəy oğlu (1902)

 

Fond 14, siyahı 3, cild 10:

42511. Makinski Zülfüqar bəy Məhəmmədqulu bəy oğlu (1904)

43218. Səfikürdski Nəsrəddin bəy Ağalar bəy oğlu (1904)

43457. Əlibəyov Sabir bəy Ağasəlim bəy oğlu (1905)

44340. Rəfibəyov Məhəmməd bəy (1905)

 

Fond 14, siyahı 3, cild 11:

 

43457. Əlibəyov İsa bəy Bala bəy oğlu (1906)

46086. Məhəmmədbəyov Hacı Əli bəy oğlu (1906)

46244. Xoyski İsgəndər xan (1906)

47514. Əliyev Hüseyn (1906)

47620. Zülqədərov Əli bəy Allahyar bəy oğlu (1906)

47998. Xəlilov Səid (1906)

48273. Axundov Əliəkbər bəy (1906)

49352. Hacıbəylinski İslam bəy Abbasqulu bəy oğlu (1907)

49435. Hacınski Sadıq bəy İsa bəy oğlu (1907)

49490. Seyidov Miryaqub Seyid oğlu (1907)

49691. Əliyev Məhəmmədəli Hacı Məhəmmədhüseyn oğlu (1907)

50070. Süleyman bəy Abbas bəy oğlu (1907)

50114. Qasımov Qasım Kərbəlayı Mahmud oğlu (1907)

51223. Mirzə İbrahim xan (1907)

51766. Topçuyev Rəhim bəy (1908)

51889. Hacınski Əhməd bəy İsa bəy oğlu (1908)

52499. Əfəndiyev Məhəmməd bəy Rəşid bəy oğlu (1908)

52538. İsmixanov Vey[səl/Veyis?] Sultan oğlu (1908)

52603. Makinski Abbasəli bəy Bəhram bəy oğlu (1908)

53467. Şahtaxtinski Əliqulu (1908)

 

Fond 14, siyahı 3, cild 12:

56832. Mirbağırov Mirməhəmməd Mirəhməd oğlu (1910)

57368. Məhəmmədov Əsədullah Məşədi Hüseyn oğlu (1910)

59095. İsmayıl xan Həsən Nağı (1911) (həmçinin bax: 65661)

59144. Adıgözəlov İmamverdi bəy İsgəndər bəy oğlu (1911)

59426. Mirzəyev Bəhram bəy Rüstəm bəy oğlu (1911)

59691. İsrafilov Əbumüslüm bəy Mirzə Cəbrayıl bəy oğlu (1911)

59722. Xan-Makinski Kamil paşa Nəsrulla xan oğlu (1911)

60014. Sadıqov Əkbər Hacı Xəlil oğlu (1912)

60184. Yenikeyev Davud Rüstəm bəy oğlu (1912)

61242. Hacıbəyov Ceyhun bəy Əbdülhüseyn bəy oğlu (1912)

61274. Adıgözəlov Baxşəli bəy İsgəndər bəy oğlu (1912)

61325. Heydərov Osman bəy İsa bəy oğlu (1912)

63350. Hacıyev İsgəndər Kərbəlayı İsrafil oğlu (1913)

63606. Abdullayev Kazım Kərbəlayı Əli oğlu (1913)

 

Fond 14, siyahı 3, cild 13:

64298. Nəbiyev Mahmud Əbdürrəhim oğlu (1914)

65144. Adıgözəlov Rəşid bəy İsgəndər bəy oğlu

65661. İsmayıl xan Həsən Nağı (1914)

66371. Hacınski Əli bəy İsa bəy oğlu (1915)

67577. Adıgözəlov Əbdülhəmid bəy Cavad bəy oğlu (1915)

68232. Şahtaxtinski Hüseynəli ağa Baxşəli ağa oğlu (1915)

68344. Temirov Abbas Əbdül oğlu (1915)

68517. Sultanov Zülfüqar bəy Nəzər bəy oğlu (1915)

68519. Fiqarov Hacı Həsən Hacı Əlimərdan oğlu (1915)

68929. Xanlarov Ağacəbrayıl bəy Məhəmmədəli bəy oğlu (1916)

69236. Sultanov İsmayıl bəy Mehdi bəy oğlu (1916)

 

Fond 14, siyahı 15:

3431. Tağıyev Ağazeynalabdin Sadıq oğlu (1915)

 

Peterburq Mülki Mühəndislər İnstitutu

 

Fond 184, siyahı 3:

820. Heydərov Ömər bəy İsa bəy oğlu (1904)

 

Peterburq Politexnik İnstitutu

 

Fond 478, siyahı 1:

59. Əminov Ağa Ağakərim oğlu (1907)

1359. Mehdiyev Miryaqub Mirəziz oğlu (1909)

 

Fond 478, siyahı 3:

308. Atamalıbəyov Abbas bəy Seyfullah bəy oğlu (1914)

1388. Hacınski Camo bəy Süleyman bəy oğlu (1909)

 

Peterburq Dağ İnstitutu

 

Fond 963, siyahı 1:

13022. Vəzirov Aslan bəy Zeynalabdin bəy oğlu (1915)

 

Peterburq Elektrotexnika İnstitutu

 

Fond 990, siyahı 3:

143. Əfəndiyev Məhəmmədəmin Molla Mustafa oğlu (1917).

 

Son 4 institut üzrə sistemli araşdırma aparmağa vaxt qalmadı, ona görə də yalnız maraqlandığımız bəzi tələbələrin işlərini seçərək onlarla tanış olduq.

Siyahının təqdimatıyla yanaşı, iki mühüm məqamı xatırlatmalıyıq: 1) adıçəkilən tələbələrin heç də hamısı oxuduğu ali məktəbi bitirməyib; 2) Sankt-Peterburq/Peterburq/Petroqrad Universitetində oxuyan tələbələrin böyük əksəriyyəti hüquq fakültəsində təhsil alıb (onlar haqqında ayrıca yazılar verəcəyik).

Siyahıda kursivlə göstərilmiş tələbələrin şəxsi işlərindəki, demək olar ki, bütün fotoşəkillərin və ən mühüm sənədlərin elektron surətinin çıxarılması üçün son iş günündə arxivə sifariş verdik, ancaq qiymətlərin çox baha olduğunu görərək siyahını yarıbayarı ixtisar etməli olduq. Yerdə qalan 94 səhifəlik sənəd üçün Rusiya xəzinəsinə 23 min rubl (təxminən 600 manat) nağd vəsait ödədik. (Bu sözləri Rusiya arxivlərində araşdırma aparacaq həmkarlarımıza xəbərdarlıq üçün yazırıq).

Burasını hökmən qeyd etməliyik ki, arxivin əməkdaşları səmərəli işləməyimizə hər cür şərait yaratdılar. Fürsətdən istifadə edərək onlara: arxivin direktor müavini Yelena Alekseyevna Suntsovaya (direktor İrina Borisovna Şeluxina bu vaxt məzuniyyətdə idi), oxu zalının müdiri Mariya Mixaylovna Perekalinaya, arxivist Artyom Sergeyeviç Borisova dərin minnətdarlığımızı bildiririk.

İnşallah, arxivdən əldə etdiyimiz materialları "Azərbaycan müəllimi"nin qarşıdakı saylarında oxucularımıza silsilə şəklində təqdim edəcəyik.

 

Ədalət TAHİRZADƏ,

Bakı Avrasiya Universitetinin professoru

adalet_tahirzade@yahoo.com

Azərbaycan müəllimi.- 2012.- 17 fevral.- S.5.