"Elektron
Naxçıvan - 7: lokal şəbəkədə
İKT-dən istifadə imkanları" mövzusunda beynəlxalq
simpozium
Naxçıvan Dövlət
Universitetində "Elektron Naxçıvan - 7: lokal şəbəkədə
İKT-dən istifadə imkanları" mövzusunda beynəlxalq
simpozium keçirildi. Gürcüstanın Batumi Dövlət
Universitetinin professorlarının, Cənubi Koreyanın bir qrup
tələbəsinin iştirak etdiyi simpoziumun plenar
iclasını giriş sözü ilə NDU-nun rektoru, akademik
İsa Həbibbəyli açdı. O, "Naxçıvan
Dövlət Universitetində elektron hərəkat: əsas nəticələr
və qarşıda duran vəzifələr" mövzusunda
məruzə edərək Azərbaycanda informasiya cəmiyyətinin
formalaşması, informasiya-kommunikasiya texnologiyalarından
istifadə imkanlarının genişləndirilməsi istiqamətində
dövlət strategiyasının uğurlarından
danışdı. Qeyd olundu ki,
2005-ci ildən başlayan "Elektron Naxçıvan" hərəkatı
elmdə və tədrisdə müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi, Avropadan Asiyaya qədər
virtual əlaqələrin genişləndirilməsi,
İnternet resurslarının artırılması istiqamətində
mühüm nailiyyətlərlə nəticələnmişdir.
Universitetdə 108 hektarlıq ərazinin hər tərəfində
istifadəsi mümkün olan "Wi-Fi" kampus İnternet
şəbəkə sistemi, 10 meqabit gücündə sürətli
İnternet resursu, müxtəlif İnternet mərkəzləri,
elektron kitabxana, universitetin yenilənmiş rəsmi İnternet
səhifəsi
yaradılmışdır. Bütün bunlar dünya
elminə, təhsilinə inteqrasiya, beynəlxalq elmi əlaqələrin
inkişafına uğurla xidmət edir. Rektor, akademik İsa Həbibbəyli
bu sahədə elektron təhsilin, elektron imtahan
bazasının yaradılması kimi qarşıda duran
mühüm vəzifələrdən də
danışdı.
Naxçıvan
Muxtar Respublikası rabitə və informasiya texnologiyaları naziri
Rövşən Məmmədovun "Naxçıvan Muxtar Respublikasında İKT-dən istifadənin
müasir vəziyyəti və inkişaf perspektivləri" adlı məruzəsində
qeyd olundu ki, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ardıcıl diqqət və
qayğısı
sayəsində Naxçıvan bu gün Azərbaycanda informasiya
cəmiyyəti qurulmasında aparıcı rola
malik bir regiona, dinamik inkişafda olan virtual məkana çevrilmişdir.
Bu gün muxtar respublikada təhsil,
səhiyyə, iqtisadiyyat və digər
sahələrdə ən son informasiya-kommunikasiya texnologiyalarından istifadə,
elektronlaşma böyük
müvəffəqiyyətlə həyata keçirilir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir
üzvü Rasim Əliquliyev
"Naxçıvanda biliklər
iqtisadiyyatının formalaşması imkanları və
perspektivləri" haqqında məruzə edərək
"Elektron Naxçıvan - 7: lokal şəbəkədə İKT-dən
istifadə imkanları" simpoziumunu informasiya cəmiyyəti məsələlərinə
həsr olunmuş Naxçıvan sammiti kimi dəyərləndirdi.
Məruzədə Azərbaycanda, o
cümlədən Naxçıvanda elektron
hökumətin, distant təhsilin
qurulması, virtual əməkdaşlığın
inkişafı istiqamətində atılan mühüm
addımlardan bəhs olundu.
Gürcüstanın
Batumi Dövlət Universitetinin
professoru Mixeil Donedze "Korporativ şəbəkələrdə
GSM infrastrukturu əsasında təhlükəsizliyin
təmini məqsədilə
avtomatlaşdırılmış sistemin
qurulması" mövzusunda məruzə
etdi.
Simpoziumun gedişi
zamanı Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universitetinin rektor yardımçısı, Avrasiya İpək yolu
Universitetlər Konsorsiumunun baş katibi, professor Sebahettin
Tüzemenlə, portuqaliyalı professor Diamantino Lopeslə, habelə Naxçıvan
Dövlət Universitetinin Naxçıvan
Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində istehsalat təcrübəsində olan informasiya
texnologiyaları və sistemləri mühəndisliyi ixtisası
üzrə təhsil alan tələbələrlə
videokonfrans bağlantısı oldu.
Sonra fakültələrin əldə
etdiyi nailiyyətlər və İKT-nin inkişaf vəziyyəti
ilə bağlı videobağlantı müsabiqəsi keçirildi. Universitetin
10 fakültəsi videobağlantı vasitəsi ilə
müsabiqədə iştirak etdikdən sonra AMEA İnformasiya
Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin
rəhbərlik etdiyi münsiflər heyəti
müsabiqə qaliblərini müəyyənləşdirdi. Müsabiqədə videobağlantının texniki keyfiyyəti, İKT-dən səmərəli
istifadə, təqdimatın əhatəliliyi, reqlamentə əməl
olunma nəzərə alınmaqla iqtisad fakültəsi I, beynəlxalq münasibətlər
fakültəsi II, təbiətşünaslıq və kənd
təsərrüfatı fakültəsi III yerə layiq görüldülər. Qaliblərə diplomlar təqdim olundu. Universitetin incəsənət fakültəsinin
müəllim və tələbələri simpozium
iştirakçılarına rəngarəng konsert
proqramı təqdim etdi.
Qeyd edək ki,
beynəlxalq simpozium "Elektron
Naxçıvan - 7A: informasiya texnologiyaları: inkişaf
yolu və perspektivləri" mövzusunda tələbə elmi
konfransı ilə öz işini
davam etdirdi.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Azərbaycan müəllimi.- 2012.- 13 iyul.- S.2.