Rusiya
Dövlət Dumasının sədri Sergey
Narışkinə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilib
Rusiya Dövlət Dumasının sədri
Sergey Narışkinə Bakı
Slavyan Universitetinin
(BSU) fəxri doktoru adı verilmişdir.
AzərTAc xəbər verir ki, iyulun
9-da Sergey Narışkinə fəxri doktor diplomunun və mantiyasının təqdim
olunması münasibətilə
BSU-da təntənəli
mərasim keçirilmişdir.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev mərasimdə çıxış edərək
bildirmişdir ki, fəxri doktor adı Sergey Narışkinə
universitetin elmi şurasının 2012-ci il
29 iyun tarixli qərarına əsasən
Azərbaycan və Rusiya arasında dostluğun möhkəmləndirilməsində
xidmətlərinə, xalqlarımız
arasında elmi, mədəni əlaqələrin
inkişafına şəxsi
töhfəsinə görə
verilmişdir. Rektor
BSU-nun fəaliyyəti, Rusiya
ali məktəbləri
və təhsil müəssisələri ilə
əlaqələrindən danışmışdır.
O bildirmişdir ki, Moskva Dövlət Linqvistika Universitetində
(MDLU) BSU-nun təşəbbüsü ilə yaradılmış
Azərbaycan Mədəniyyət-Tədris
Mərkəzi uğurla
fəaliyyət göstərir.
MDLU-da həmçinin
Azərbaycan dili və ədəbiyyatı
mütəxəssisləri hazırlanır. Bütün bunlar
Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələrin
möhkəmlənməsinə, əməkdaşlıq sahələrinin
genişlənməsinə xidmət edir.
Sergey Narışkin
çıxış edərək demişdir: "Mənə
fəxri doktor adının verilməsi qərarına görə
elmi şuraya təşəkkürümü bildirirəm".
Dövlət Dumasının sədri
vurğulamışdır ki, Azərbaycan ilə Rusiyanı
bir-birinə, ilk növbədə, çoxillik tarix
bağlayır. O demişdir: "Bu dostluq yeni müasir şəraitdə
də davam edir. Ölkələrimiz arasında sosial-mədəni
əməkdaşlıq güclü tarixi köklərə əsaslanır".
Dövlət Dumasının sədri
bildirmişdir ki, Azərbaycan və Rusiya humanitar dialoq çərçivəsində
bir sıra layihələrdə əməkdaşlıq edir.
S.Narışkin layihələri təkcə Azərbaycanda
deyil, MDB məkanında humanitar əməkdaşlığın
inkişafı üçün əhəmiyyətli olan Heydər
Əliyev Fondunun xüsusi rolunu vurğulamışdır.
S.Narışkin humanitar əməkdaşlığın
inkişafı ilə bağlı bir sıra prioritet vəzifələri
müəyyən etmişdir. O demişdir: "İlk növbədə
bu, gənclər arasında kommunikasiya sisteminin genişləndirilməsidir.
İkincisi, Rusiyada təhsil alan azərbaycanlı gənclərin,
həmçinin Azərbaycan ali məktəblərində təhsil
alan rusiyalı gənclərin sayının
artırılmasıdır. Nəhayət, bu, informasiya
kommunikasiyalarıdır. Biz bir-birimiz haqqında çox bilməliyik.
Buna gələcək Avrasiya iqtisadi ittifaqının informasiya
ölçüsü kimi yaradılacaq vahid informasiya məkanı
kömək edə bilər. Bu məkan digər ölkələr
üçün də, eyni zamanda, Azərbaycan
üçün də işləyə bilər. İlk
addım kimi postsovet məkanında "Euronews"a bənzər
telekanalın yaradılması ola bilər.
Humanitar
layihələrdən danışan S.Narışkin Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın şəxsi töhfəsini
xüsusi diqqətə çatdırmışdır.
Sonra
S.Narışkin müəllim və tələbələrin
suallarına cavab vermiş, "Podmoskovnıye veçera"
mahnısını ifa edən tələbələrə
qoşulmuşdur.
Azərbaycan
müəllimi.- 2012.- 13 iyul.- S.3.