Avropa
İttifaqı Şurasının prezidenti
Herman Van Rompuya Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib
İyulun 5-də Azərbaycan Dillər
Universitetində (ADU) Avropa İttifaqı (Aİ)
Şurasının prezidenti Herman Van Rompuya universitetin fəxri
doktoru diplomunun təqdim olunmasına həsr edilmiş mərasim
keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə
Azərbaycanın Dövlət himni və Aİ-nin himni səsləndirilmişdir.
Universitetin rektoru, Milli Məclisin
deputatı Səməd Seyidov mərasimdə
çıxış edərək bu təhsil
ocağının tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri
haqqında danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda
Avropa mədəniyyətinin yayılmasında mühüm rol
oynayan ADU Aİ-nin TEMPUS layihəsində qalib gəlmişdir.
Buna isə Avropa qurumları, xüsusilə də Aİ ilə
əməkdaşlığın inkişafı nəticəsində
nail olunmuşdur.
Azərbaycanın Avropaya uğurla
inteqrasiya etdiyini deyən Səməd Seyidov ölkəmizdə
təhsilin inkişafına göstərilən dövlət
qayğısından, bu sahədə həyata keçirilən
islahatlardan da danışmışdır.
Sonra Səməd Seyidov Herman Van Rompuya fəxri
doktor adı verilməsi barədə universitetin Elmi
Şurasının qərarını elan etmişdir.
Aİ Şurasının prezidentinə
fəxri doktor diplomu və mantiya təqdim olunmuşdur.
Mərasimdə çıxış edən
Herman Van Rompuy Azərbaycan Dillər Universitetində
olmasından və bu təhsil müəssisəsinin fəxri
doktoru adına layiq görülməsindən çox məmnun
qaldığını söyləmişdir.
Azərbaycanın əlverişli
coğrafi mövqedə - Avropa ilə Asiyanın kəsişməsində
yerləşməsi baxımından nadir ölkə
olduğunu deyən Aİ Şurasının prezidenti ölkəmizdə
gördüyü inkişaf proseslərini yüksək qiymətləndirmişdir.
Əsrlər boyu Azərbaycanda müxtəlif millətlərin
və dinlərin nümayəndələrinin sülh,
anlaşma şəraitində yaşadıqlarını
söyləyən qonaq son illərdə ölkəmizin
bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə
də böyük uğurlar qazandığını diqqətə
çatdırmışdır.
Herman Van Rompuy Azərbaycan ilə Aİ
arasındakı dostluq və tərəfdaşlıq
münasibətlərinin əhəmiyyətindən
danışmış, respublikamızın həm
hasilatçı, həm də tranzit ölkə kimi önəmini
vurğulayaraq, təşkilat ilə enerji sahəsindəki əməkdaşlığını
yüksək qiymətləndirmişdir.
Herman Van Rompuy bildirmişdir ki, Aİ Azərbaycanın regionda artan roluna böyük
əhəmiyyət verir.
Qurum, həmçinin Azərbaycanı
enerji sahəsində etibarlı tərəfdaş
hesab edir. Aİ Azərbaycanın təşəbbüsü ilə
həyata keçirilən
bütün enerji layihələrini dəstəkləyir.
Aİ Şurasının
prezidenti Azərbaycanda
insan hüquqlarının
qorunması sahəsində
vəziyyətin yaxşılaşdırılması
və demokratiyanın
inkişafı istiqamətində
görülən işləri
də yüksək qiymətləndirmişdir.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun sürətlə artdığını
deyən qonaq BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsini dünya
birliyinin ölkəmizə
olan yüksək etimadı kimi dəyərləndirmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə toxunan
Herman Van Rompuy bildirmişdir
ki, regionda sülhün, sabitliyin və təhlükəsizliyin
təmin edilməsi, inkişaf və tərəqqiyə nail olunması üçün
problem mütləq həll
edilməlidir. Son vaxtlar cəbhə xəttində atəşkəsin
pozulmasından narahatlığını
bildirən Herman Van Rompuy
tərəflər arasında
etimadın yaradılmasının
vacibliyini vurğulamış,
bu işdə Aİ-nin əlavə dəstək verməyə
hazır olduğunu söyləmişdir.
Qonaq universitetdən zəngin təəssüratla
ayrılmışdır.
Azərbaycan müəllimi.- 2012.- 13 iyul.- S.3.