Səmərəli məktəb
modelində məktəb-valideyn münasibətləri
Təhsil Nazirliyi
və Dünya Bankının birgə
layihəsi olan "Səmərəli məktəb"
layihəsi Təhsil Nazirliyinin sifarişi ilə Müasir
Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən
xidmət müqaviləsi əsasında həyata keçirilir və artıq il
yarımdır fəaliyyətdədir.
Layihənin əsas məqsədi islahatların
davamlılığını təmin etmək üçün məktəblərin təhsildə
qabaqcıl dəyişikliklərin aparıcı qüvvəsinə
çevrilməsini təmin etməkdir. Məqsədə çatmaq üçün
layihə altı komponent üzrə
müxtəlif səpgili tədbirlər həyata keçirir, fəaliyyətlərin təhlilini
aparır, alınmış nəticələri gözləntilərlə
tutuşdurur, optimal inkişaf yolları arayır.
Gözləntilərimizdən
biri də real fəaliyyət
göstərən məktəb icması
formalaşdırmaqdır. Məktəb icması dedikdə konkret təhsil müəssisəsinin fəaliyyətində
marağı olan bütün
tərəfləri nəzərdə tuturuq.
Bura məktəb
rəhbərliyi, müəllimlər, məktəbin digər
işçiləri, təhsilalanlar, valideynlər, himayədarlar
və b. daxildir.
İstənilən təşkilat kimi məktəb
(ələlxüsus inkişafda olan məktəb) cəmiyyətdən təcrid
olunmuş şəkildə fəaliyyət
göstərə bilməz. Məktəbin sosial mühitlə münasibətinin öz spesifikası vardır: sosial
mühit təhsil sifarişçisi
kimi məktəbə təsir edir və öz növbəsində
məktəb ətraf sosial mühiti dəyişdirir. Bu
gün məktəb qarşısında duran mühüm ictimai sifariş sosial cəhətdən fəal insan yetişdirməkdir. Sosial cəhətdən fəal
insan isə cəmiyyətdə gedən pozitiv dəyişikliklərin ötürücüsüdür:
sosial adaptasiya (uyğunlaşma bacarığı) və fəallıq,
yenilikləri asanlıqla öyrənmə, problem
həll etmə belə insanın kompetensiyalarındandır.
Təəssüflə
qeyd etmək lazımdır ki, müasir məktəb yerli icma üçün
əvvəlki "mədəniyyət mərkəzi" statusunu itirməkdədir. Bayramların təşkili,
görkəmli şəxsiyyətlərlə
görüşlər, müxtəlif yarışlar, maraq klubları
hələ də aktual olsa da, çox
zaman insanları məktəbə cəlb
etmək üçün yetərli olmur.
Valideynlər,
himayədarlar və məktəb arasında açıq
ünsiyyət, əlaqə bütün məktəb
icmasının inkişafı üçün
çox mühüm amildir. Məktəb və ailələr
arasında yaxşı qarşılıqlı anlaşma bir çox problemlərin mümkün
qədər tez, onların daha
ciddi şəkil almalarından öncə
müəyyənləşdirilməsinə və həllinə
imkan verir.
Açıq ünsiyyət və qarşılıqlı əlaqələr
həmçinin valideynlərin
də müxtəlif mövzularda təlimatlandırılmasını
asanlaşdırır.
"Səmərəli
məktəb" layihəsi çərçivəsində
həyata keçirilən fəaliyyətlərdən biri və iştirakçıların qənaətinə
görə, ən maraqlı və faydalısı ibtidai sinif müəllimləri,
məktəb psixoloqu və valideynlər üçün "Ünsiyyət vərdişləri"
adlı təlimlər
idi. Təlimin adı "Ünsiyyət vərdişləri"
olsa da, bu 2 günlük təlimlər əslində uşaq tərbiyəsi, ailədə pozitiv iqlim, ailədaxili
münasibətlər və s. kimi aktual pedaqoji
və psixoloji problemləri imkan daxilində işıqlandırdı.
Bu fəaliyyət "Səmərəli
məktəb" layihəsinin 3 komponentinin
- Məktəb daxilində müəllimlərin fəaliyyəti
və peşəkarlıq səviyyəsinin yüksəldilməsi,
Tədrisin və şagird nailiyyətlərinin
keyfiyyətinin yüksəldilməsi, Məktəb mühitinin inkişaf
etdirilməsi və inklüziv tədris üsulları komponentlərinin
qovşagında yer alaraq,
real fəaliyyət göstərən məktəb
icması yaratmaq və fəal və məsul valideynlər
yetişdirmək ideyasına
xidmət edirdi.
Əlbəttə, məktəb icmasını
formalaşdırmaq, fəal və məsul valideynlər
yetişdirmək
üçün başqa
imkanlardan da istifadə
etmək olar. Lakin məhz uşaq tərbiyəsi
mövzusunu seçib,
onu valideynlər, bir qrup müəllim və məktəb psixoloqu üçün təlim
formatında təqdim etmək,
bizcə, ən məqbul və məhsuldar üsul
idi. Çünki çox zaman psixologiya sahəsində xüsusi
savadı və səriştəsi olmayan valideyn hər gün
cürbəcür psixoloji problemlərlə üzbəüz
qalır. Həll olunmayan, yaxud səhv çözülən problemlər
yığılaraq valideynlərlə övladlar
arasında dağa çevrilir,
gələcək münasibətlərin normal
qurulmasına mane olur.
Övladı üçün hər şeyin yaxşısını arzulayan ata və ana məhz məlumatsızlıq üzündən
yanlış addımlar atırlar, ailədə pozitiv iqlim yaratmaq
istəsələr də, nəticədə neqativ
şəraitlə üz-üzə qalırlar. Ailədə
anlayış tapmayan uşaq
isə məktəbdə nailiyyət qazanmağa
motivasiyası olmayan şagirdə çevrilir. Bu, artıq məktəb
üçün problemdir.
Digər tərəfdən, məktəbdən
vaxtlı-vaxtında uşaq tərbiyəsi
ilə bağlı lazımi məsləhət və təlim
alan valideyn məktəbin
bir öyrənən və öyrədən
icma olmasına inanır və tədricən
özü bu
icmanın fəal üzvünə çevrilir.
Bu gün haqqında çox danışdığımız, amma yetərincə dəstəkləmədiyimiz
"ömürboyu öyrənmə"
ideyasını da bu yolla həm valideynlərə, həm də
şagirdlərə çatdırmaq mümkündür.
Valideyninin məktəbə təlimə getdiyini və bu təlimdən
sonra onun daha inamlı və səriştəli
davrandığını görən şagirdin məktəbə,
öyrənməyə olan həvəsinin
necə artacağını təsəvvür edin.
"Zəkalar"
liseyində analoji təlimlərin ikinci günü valideynlərdən
birinin etirafından: "Dünən təlimdən
sonra evdə oğlumun
emosional və sərt
davranışına burada öyrəndiklərimə
əsasən, yəni hissləri qəbul edərək reaksiya verdim. Oğlumun cavab
reaksiyası mənim üçün
gözlənilməz oldu: o,
axır ki, mənim onu
sevdiyimi hiss etdi!!! Problem də
öz-özlüyündə, həmişəki hay-həşirsiz
həll olundu. Bir qədər
sonra isə oğlum məndən
soruşdu: "Ana, sən
bu gün başqa cür
davranırsan. Sənə nə olub?".
Təlimin
gündəliyinə "Ünsiyyət mədəniyyəti
və ünsiyyət vərdişləri", "Uşağa necə kömək edək ki, hisslərinin əsiri olmasın", "Uşaqla əməkdaşlıq etməyin
yolları", "Cəzalandırmanın alternativi",
"Uşağın sərbəstliyini necə həvəsləndirməli",
"Uşağı
necə tərifləməli", "Utancaqlıq", "Uşaq şıltaqlığı" kimi mövzular daxil edilmişdi. Mövzulardan
hər biri iştirakçılar tərəfindən
böyük maraqla
qarşılandı. İlk baxışda hamıya bəlli olan mətləblər psixoloji
oyunlar zamanı tamam başqa rakursdan
açıldı və hər bir
iştirakçı özünə lazım olan
informasiyanı aldı. Təlimlərin interaktiv
formatı da iştirakçıların
böyük marağına səbəb oldu. Uzun-uzadı və cansıxıcı nəzəriyyə
ilə dolu mühazirə dinləyəcəklərini
gözləyən iştirakçılar rollu
oyunlardan və qrup
müzakirələrindən daha çox şey mənimsədiklərini
qeyd etdilər.
Layihə
məktəblərində
"Ünsiyyət vərdişləri" mövzusunda təlimləri anons
edərkən, bu təlimlərə
valideynləri və himayədarları dəvət etməyi xahiş etmişdik. Valideyn və himayədar dedikdə hər iki cinsdən ailə üzvləri nəzərdə
tutulur. Ancaq
reallıqda biz auditoriyada
ancaq anaları və nənələri gördük. İki nəfər
babanın iştirak etdiyi
Bakıdakı 164 nömrəli tam orta məktəb istisna təşkil
edirdi. Məlumdur ki,
uşağın tərbiyəsinə ailədəki hər bir valideyn (və ya himayədar) məsuldur. Ancaq
bizdə yaranmış stereotip bu işi
bütünlüklə ananın (nənənin) üzərinə
qoyur. Həmin stereotipin
nəticəsi idi ki,
təlimlərə ancaq qadınlar qoşulmuşdular. Sevindirici
haldır ki, demək olar,
hər bir layihə məktəbində iştirakçılar
təlimi qiymətləndirmə vərəqlərində belə
təlimlərə ataları da cəlb
etməyi xahiş edirdilər.
Təlimlərə
dəvət olunmuş ibtidai
sinif müəllimləri və məktəb
psixoloqu xüsusi
tapşırıq almışdılar: bu
təlimlərin məzmununa və formatına mütəxəssis
kimi fikir vermək, təlimi
daha da səmərəli
etmək üçün təkliflər
irəli sürmək,
eyni məzmunda təlimləri müstəqil
şəkildə məktəbin digər müəllimlərinə,
sinif rəhbərlərinə və
valideynlərə keçmək. Qeyd edək
ki, təlim materialları hər bir məktəbin işçi
qrupuna və ya elektron ünvanına ötürülmüşdür.
Əlbəttə,
hazır materialla işləmək, işin nəticələrini müşahidə
və müsahibə vasitəsilə izləmək o qədər də əmək tələb etmir. Məktəb psixoloqunun və sinif rəhbərlərinin,
eləcə də uşaq və valideynlə işləyən hər bir şəxsin buna oxşar mövzularda təlimlər
təşkil etməsi, bunun üçün müstəqil şəkildə
materiallar toplaması, təlim işini planlaşdırması və s. səmərəli məktəb modelindən
gözlədiyimiz ən böyük nəticələrdəndir.
Məktəb valideynlərin psixoloji və
pedaqoji savadlanmasını
qarşısına bir məqsəd kimi qoysa, bu, məktəbin böyük uğurlarından biri
olar.
Təlim
materialları hazırlanarkən amerikalı mütəxəssislər
Adelya Faber və Elayn Mazlişin "Uşaqlarla necə danışaq ki, onlar bizə qulaq assınlar və onlara
necə qulaq asaq ki, bizimlə danışsınlar" və
"Uşaqlarla necə danışaq ki, onlar dərs oxusunlar" adlı kitablarından istifadə olunmuşdur. Təlim materiallarını saf-çürük edərkən bu mövzularda
informasiyanın Azərbaycan dilində yox
dərəcəsində olması diqqətimizi çəkdi.
Həmin problem təlimlər
zamanı məktəb psixoloqları tərəfindən də
qaldırıldı. Əsasən nəzəri psixologiya kitabları ilə tanış olan məktəb psixoloqları Azərbaycan
dilində çap olunmuş
bu cür praktik vəsaitlərə böyük
ehtiyac olduğunu dedilər.
Buradan başqa bir paradoksal problem qaynaqlanır və təcili həllini
gözləyir. Paradoks ondadır ki, valideynlər və müəllimlər
uşaqların bir və ya
bir neçə xarici
dil bilməsini hərarətlə dəstəkləyirlər.
Özləri isə xarici dil
öyrənməyə səy göstərmirlər. Müasir
dövrdə bir və ya
bir neçə xarici
dil bilmək birbaşa
peşəkarlığın yüksəldilməsi deməkdir.
Sirr deyil ki, ingilis və ya rus dillərini bilən
müəllim İnternet vasitəsilə çox geniş informasiya dənizinə baş
vura bilər. Azərbaycan dilində
peşəkar İnternet səhifələrinin
az və tərtibat cəhətdən kasad olması müəllim və məktəb
psixoloqu qarşısında böyük maneədir. Bu baxımdan "Azərbaycan dilinin
qloballaşma şəraitində
zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət
Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin may ayının
23-də verdiyi Sərəncam böyük ümidlər doğurur.
Məlum olduğu kimi, sərəncam qısa müddət ərzində
(noyabr ayının 1-dək) Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət
Proqramı layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etməyi
müvafiq qurumlara həvalə
etmişdir. Sərəncamda
həmçinin qeyd olunur
ki, "Azərbaycan dilində İnternet resursların qıtlığı,
elektron və interaktiv
dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə
cavab verməməsi narahatlıq doğurur". Bu
Dövlət Proqramının reallaşması Azərbaycan məktəbinin inkişafına şəksiz ki, öz töhfəsini
verəcəkdir. Ancaq unutmaq
lazım deyil ki,
keyfiyyətli tərcümə fəaliyyəti elm və texnikanın sürətli
inkişafı ilə ayaqlaşa bilmir. Bu gün
cərəyan edən yeniliklərlə vaxtında
tanış olmaq artıq zərurətdir.
Və bu zərurət müasir müəllimi
bir və ya bir neçə əcnəbi dil
bilmək kompetensiyasından azad etmir.
Təlimlər
12 layihə məktəbində həyata keçirildi.
Hər məktəbdə təlimlərə məktəb
psixoloqu, 4 nəfər ibtidai
sinif müəllimi və 15 nəfər valideyn cəlb etmək
planlaşdırılmışdı. Bununla
belə, Lənkəran 4 nömrəli tam
orta məktəbdə 22 nəfər iştirak etdiyi halda, Bakı şəhər 225 nömrəli
tam orta məktəbdə
cəmi 9 nəfər iştirakçı var
idi. Təlimləri uzun
illər təhsil sahəsində iş təcrübəsi
olan peşəkar psixoloqlar
İradə Məmmədova və Bahar Kərimova
həyata keçirdilər. Narahatlıq doğuran
hal budur ki, təlimlərin məzmunundan və
formasından razı qalan müəllimlər
və məktəb psixoloqları növbəti mərhələdə
bu cür təlimləri
özləri təşkil etməkdə tərəddüd edirlər. Onlara
estafeti davam etdirməyi
təklif edəndə, bir çoxları
bunun üçün
xüsusi bilik və
bacarıqları olmadığını, bu
işin məhz peşəkar psixoloq tərəfindən
aparılmasının məqbul olduğunu
dedilər. Belə vəziyyət demək olar
ki, bütün məktəblərdə
simptomatikdir və müəllimlərin
"total tənbəlliyindən" xəbər
verir. Müəllimlər bu
tipli təlimlərə həvəslə
gəlsələr də, sonradan özləri
həmkarları üçün təlim
keçməkdə tərəddüd edirlər və yeni-yeni təlimlərin "kənardan" gətirilməsini
istəyirlər. Məsələnin digər aspekti
isə məktəbin öz müəllimi
tərəfindən keçirilən təlimə həmin məktəbin
digər müəllimlərinin etimadının
olmamasıdır. Məktəblərdə belə bir stereotip
formalaşmışdır ki, mütərəqqi
ideyalar, yeni yanaşmalar ancaq kənardan
gələ bilər. Bütün bu sadaladığımız bu
gün aktual olan "həmkara dəstək"
ideyasının reallaşmasına mane olan faktorlardır.
"Səmərəli
məktəb" layihəsinin işçi
qrupu bütün bu deyilənləri
ümumiləşdirərək aşağıdakı qənaətə
gəlmişdir:
- Real fəaliyyət göstərən məktəb
icması formalaşdırmaq üçün
valideynləri yeni üsullarla
cəlb etmək lazımdır. Valideynlər üçün
təlimlər, psixoloji yardım və məsləhətlər
bu iş üsullarından
biri ola bilər;
- Məktəb
ata və babaların tərəfdaşlığa
cəlb edilməsində xüsusilə maraqlı
olmalıdır;
- Məktəb
psixoloqunun işi daha rəngarəng və daha
praktik şəkildə
qurulmalıdır;
-
Müəllimlərdə xarici dil öyrənmək xofunu
yox etməyə çalışmaq, əcnəbi
dil bilməklə peşəkarlıq
arasındakı sıx təması göstərmək lazımdır;
- Məktəblərdə
"həmkara dəstək" ideyası təbliğ
olunmalıdır; təlim keçmiş,
hər hansı ixtisasartırma kursunda olmuş müəllim öz
öyrəndiklərini həmkarlarına da
ötürməlidir. Bu prosesdə öyrədən
də, öyrənən də qazanır (latın müdrik kəlamında deyildiyi
kimi, "Docendo discimus" - "Öyrədərək
öyrənirik");
- Ömürboyu öyrənmə
yanaşmasının əsl mahiyyəti həm müəllimlər,
həm valideynlər, həm də şagirdlər üçün
açılmalıdır;
- Məktəb
daxili inkanları hesabına, kənardan
layihələr gözləmədən inkişaf
etmək yolunu tutmalıdır.
Sonda qeyd
edək ki, "Səmərəli məktəb"
layihəsinin fəaliyyəti, iş
istiqamətləri, istinad etdiyi
materiallar
haqqında sm11.edu.az elektron səhifəsində
məlumat almaq olar.
Vəfa
YAQUBLU,
"Səmərəli
məktəb" layihəsinin əlaqələndiricisi
Azərbaycan
müəllimi.- 2012.- 13 iyul.- S.3.