İxtisasartırma kurslarında yeni təlim strategiyasına əsaslanan "açıq dərs"lər

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və BPKİYİ-nin birlikdə təşkil etdikləri ixtisasartırma kurslarına kimya müəllimləri də cəlb edilmişdir. Bu il iyunun 4-dən Bakıdakı 190 nömrəli tam orta məktəbdə aparılan kurslara mühazirəçi kimi Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin əməkdaşları pedaqoji elmlər üzrə fəlsəfə doktoru Akif Əliyev və bu sətirlərin müəllifi dəvət edilmişdir. Üç qrupda təşkil olunan kursun gedişində kimya fənn kurikulumunun məzmunu və mahiyyəti, təlim strategiyası, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı məlumatların verilməsi əsas məqsəd olmuşdur. 

Kursların gedişində BPKİYİ-nin dekanı Polad Mədədov,  təbiət elmləri kafedrasının müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Yusif Alıyev, qrupun rəhbəri, kafedranın dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Aydın Əhmədzadə nəzarətçi və mühazirəçi kimi iştirak etmişlər.

Məşğələlərin aparılmasında hər bir mühazirəçi öz bilik və bacarığına əsaslanaraq dinləyicilərinin istək və tələblərini təmin etməyə çalışmışdır. Bu baxımdan biz kurs məşğələlərinin ilk həftəsində kimya fənn kurikulumunun  əhəmiyyətindən, onun xarakterik xüsusiyyətlərindən nümunələr əsasında müəllimləri tanış etmişik. Məsələn, ümumi təlim nəticələri, siniflər üzrə təlim nəticələri, məzmun xətləri və məzmun standartlarının məzmunu haqqında nümunələr əsasında məlumat verilmişdir. Məşğələlərin gedişində müəllimləri daha çox maraqlandıran təlim strategiyası ilə əlaqədar yeni metodik məsələlərlə tanışlıq oldu.  Belə məlumatların verilməsi kimya müəllimlərinin qabaqcıl təcrübəsinə əsaslanırdı. Eyni zamanda təlim prosesinin yeni üsul və formaları haqqında məlumatların verilməsinə də  çalışılmışdır. Müəllimlər lazımi məlumatlara yiyələndikdən sonra kimyadan fəal təlimin təşkili, mərhələlər üzrə  dərs nümunələrinin hazırlanması və sınaqdan keçirilməsi qənaətinə gəldik.

Bu məqsədlə hər bir qrupda 4-5 nəfərdən ibarət kiçik qruplar təşkil edildi. Qruplarda deyiləcək dərslərin mövzuları müəyyən olundu. Mövzuların cari planlaşması tapşırığını alan müəllimlər yeni dərsin əsas məqsədini,  təlimin nəticələrini, forma və üsullarını, dərsin əyaniləşdirilməsində lazım olan resursları müəyyənləşdirdilər, şagirdlərin tədqiqat aparmaları məqsədi ilə qabaqcadan vərəqləri hazırladılar.

Dinləyicilər fəal təlimin təşkili və aparılması ilə bağlı müəyyən qədər məlumatlandırıldıqdan sonra üç mövzu üzrə nümunəvi dərsin  yerinə yetirilməsi onlarla razılaşdırıldı.

Dərsləri 221 nömrəli tam orta məktəbin kimya müəllmi Sənubər Axundova, 177 nömrəli tam orta məktəbin kimya müəllimi Rəna Musayeva və 226 nömrəli tam orta məktəbin kimya müəllimi Fəridə Haqverdiyeva apardılar. "Açıq dərs"lərin uğurla nəticələnməsini təmin etmək məqsədi ilə hər bir müəllimlə hazırlıq işləri aparılmış, metodiki məsləhətlər verilmişdi.

221 nömrəli tam orta məktəbin kimya müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Sənubər Axundova "Karbonun allotropik şəkildəyişmələri, onların xassələri, tətbiqi" mövzusuna aid dərsi 70 nəfər kimya müəlliminin qarşısında çox böyük bacarıqla, müasir dərsin təşkili və quruluşuna aid metodikpedaqoji tələblər nəzərə alınmaqla apardı. Müəllim karbon  elementinin   atomunun quruluşunudövri sistem cədvəlindəki yerini məlum biliklər əsasında xarakterizə etdi. Onun valent elektronlarının Kvant qəfəslərində elektroneytral və həyəcanlanmış vəziyyətlərini məlum biliklərə əsaslanmaqla yada saldı. Sinifdə aparılan sual-cavabları əyaniləşdirmək məqsədi ilə  lazım olan sxem və cədvəllər kompüterlə ekrana verilirizahat aparılırdı.

Müəllim karbonun allotropik şəkildəyişmələrini oksigenin allotropik şəkildəyişməsi  ilə müqayisəsini Venn diaqramını kompüterlə lövhəyə ötürməklə fərqli və oxşar cəhətlərini izah etdi. Karbonun allotropik şəkildəyişmələrinin bəzi nümunələrini təbii vasitələrlə, hamısının şəkillərini və xassələrini göstərən cədvəli  isə kompüterlə ekrana verdi və üzərində izahat apardı. Dərsin gedişində maraq doğuran məqamlardan biri  müəllimin kolbada olan distillə suyuna az miqdarda lakmus əlavə etməklə rəngli məhlul hazırlaması, bunun da üzərinə ağac kömürünün bir neçə qırıntısını daxil edib kolbanı çalxalamaqla rəngin itməsini nümayiş etdirməsi oldu. Bu,  kömürün adsorbsiya (uduculuq) xassəsinin olmasını göstərən təcrübə idi. Daha sonra müəllim karbonun bütün allotropik şəkildəyişmələrindən müxtəlif sahələrdə istifadə olunmasını əks etdirən məlumatları nümayiş etdirdi. Dərsin gedişində müəllimin və müdavimlərin birlikdə fikir mübadiləsi aparmaları fəal dərsin uğurla nəticələnməsinə səbəb oldu.

Paytaxtdakı 177 nömrəli tam orta məktəbin kimya müəllimi, pedaqoji fəaliyyətində uğurlarına görə dəfələrlə müxtəlif diplomlara layiq görülmüş Rəna Musayevanın "Hidrogen kimyəvi element və bəsit maddə kimi. Hidrogenin alınması" mövzusunda dərsi də maraqla dinlənildi. Mövzunun tədrisini təmin edən  resurslar təşkil edilmişdi.

Dinləyicilərin diqqətini yeni dərsin mövzusuna yönəltmək üçün müəllim sinfə qabaqcadan hazırladığı sxemi nümayiş etdirdidedi: "Sxemdə verilən məlumatlara əsasən üstü örtülən elementin adını deyin". Cavablar müxtəlif olsa da müəllim onları ümumiləşdirdi və bu elementin və bəsit maddənin ətraflı öyrənmələrini bildirdi.

Fəal dərsin gedişində  mövzunun məqsədinin reallaşmasını təmin edən tapşırıqlar əsasında vərəqləri hazırlanmış və qruplara təqdim edilmişdi. Hidrogenin izotoplarının sayı qədər kiçik qruplara verilən tapşırıqlarda  hidrogenin kimyəvi element və bəsit maddə kimi xarakter xüsusiyyətləri, onun izotopları haqqında və alınma üsulları əhatə edilmişdi. Hidrogenin alınmasına aid təcrübələr nümayiş etdirildi. Əlavə olaraq qələvi metalların su ilə reaksiyasından alınmasına aid bir təcrübə İnternetdən götürülmüşdü. Təcrübə çox maraqlı idi: şüşə ampulada ribidiumsezium  metallarının qarışığına vertolyotdan suya salınır və ampula sındırılırdı. Sudan elə bir fəvvarə qalxırdı ki, sanki  suda atom bombası partladılırdı. Bu, metalın daha aktiv olması ilə əsaslandırıldı. Təcrübələrdə hidrogenin alınmasını müəllim alınan hidrogeni alova yaxınlaşdırdıqda fit səsi ilə yanmasını qeyd etdi. Təcrübələrin aparılması  müəllimlərin marağına səbəb olmuşdu. Ona görə ki, əksər müəllimlər məktəbdə  kimya kabinetinin,  lazımi reaktiv və avadanlıqların olmamasından kimya dərslərində heç bir təcrübə göstərə bilməmələrini qeyd edirdilər. Məktəblərdə lazımi təchizatlı kimya kabinetləri olarsa hər bir kimya müəllimi belə maraqlı dərslər təşkil edə bilər.

Rəna müəllimin təşkil etdiyi dərsin gedişində onun apardığı hazırlıq işləri, təcrübələrin aparılması, müdavimlərin fəallığının  təşkili onun yüksək  pedaqoji təcrübəyə malik olduğunu nümayiş etdirə bildi. Dərsin sonunda kiçik qruplarda müəllimlərin fəallığı qabaqcadan hazırlanmış cədvəl əsasında qiymətləndirildi.

Növbəti nümunə dərsini  "Oksidlər, təsnifatı, adlandırılması və alınması" mövzusunda 226 nömrəli məktəbin kimya müəllimi Fəridə Haqverdiyeva verdi. Müəllim sinfin təşkilindən sonra keçən dərslə əlaqədar suallarla sinfə müraciət etdi. Cavablara əsaslanaraq  "qeyri-üzvi birləşmələrin ən mühüm sinifləri"nə hansı birləşmələrin daxil olduğunu dinləyicilərdən soruşdu.

Müəllim mövzu ilə bağlı hazırlanmış vərəqlərini kiçik qruplara payladı. Aparılan tədqiqatlar əvvəl qrup daxilində, sonra qruplar arasında müzakirə olundu. Növbə ilə qrupun liderləri onlara tapşırılmış suallara cavablarını lövhədə qeyd etdilər və lazımi izahatlarını verdilər. Müəllim bəzi oksidlərin alınmasına aid təcrübələri göstərdi, bəzi oksidlərin nümunələrini nümayiş etdirdi. Lövhədən BİBÖ cədvəli asıldı və öyrənənlərin mövzu ilə bağlı nəyi bildiklərini, nəyi öyrənmək istədiklərini və nəyi öyrəndiklərini qeyd etmələri tapşırılırdı.

İxtisasartırma kurslarında təcrübəli müəllimlərin fəal təlimin prinsiplərinə əsaslanan müasir dərs nümunələrinin təşkili və gedişini tələb olunan qaydalarda aparmaq müdavimlərin çox böyük maraqlarına səbəb olmuşdur. Bu, nümunə dərslərinin sonunda keçirilən müzakirələrdə də özünü göstərmişdir. Müzakirədə Yusif Alıyev, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, 49 nömrəli məktəbin kimya müəllimi  Sevda Axundova,  192 nömrəli məktəbin müəllimi Allahverdi Alıyev və başqalarının çıxışlarında "açıq dərs"lərin təşkilinin əhəmiyyətli olduğu qeyd edildi və digər fənn müəllimlərinin kurslarında da belə metodik işlərin təşkilinin nəzərdə tutulması tövsiyə edildi.

 

 

Mürşüd FƏRƏCOV,

pedaqoji elmlər üzrə

fəlsəfə doktoru, dosent

 

Azərbaycan müəllimi.- 2012.- 27 iyul.- S.3.