Bolqarıstan Respublikasının təhsil sistemi

 

Bolqarıstan Respublikası

       

Ərazisi:                             111 min kv. km

Əhalisi:                             7,4  milyon nəfər

Paytaxtı:                           Sofiya

Dövlət dili:                       bolqar dili

Pul vahidi:                        lev

 

Təhsil sistemi

 

Bolqarıstan Respublikası ənənəvi olaraq yüksək təhsil standartlarına malik ölkə kimi tanınır. Ölkədə təhsilə göstərilən qayğı bütün pillələr üzrə tədrisin keyfiyyətli təşkilinə imkan verir.

Bolqarıstanda ilk təhsil müəssisələri VIII əsrdə fəaliyyətə başlayıb. İlk ali məktəblər də məhz bu dövrdə yaradılıb.

XIX əsrin əvvəllərində oğlanlar, daha sonralar isə qızlar üçün ilk müasir tipli məktəblər yaranmağa başlayıb. Bu məktəblərdə yazı, oxu və riyaziyyat üzrə yalnız ümumi biliklər verilib. 1878-ci ildə "Milli Məktəblər haqqında" müvəqqəti qanun qəbul edilib. Bu qanunun qəbulu ilə kəndlərdə məktəblərin yaranması və təhsilin inkişaf etdirilməsi stimullaşdırılıb.

1998-ci ildən orta təhsil 12 illik, təhsil sistemi 4 pillədən ibarətdir: məktəbəqədər, əsas (ibtidai və orta təhsilin aşağı pilləsi), orta və ali təhsil pilləsi. Məktəbəqədər və ümumi təhsil müəssisələrində tədris bolqar dilində aparılır.

 Məktəbəqədər təhsilə 3-7 yaşlı uşaqlar cəlb olunur. Uşaqlar 7 yaşdan etibarən I sinfə qəbul edilir. Bəzən valideynlərinin istəyi əsasında 6 yaşlı uşaqlar da məktəbə gedə bilərlər. I-IV siniflər ibtidai, V-VIII (bəzən V-VII) siniflər orta təhsilin aşağı, IX-XII (bəzən VIII-XII və ya  XIII) siniflər isə orta təhsil pilləsini əhatə edir.

Qeyd etdiyimiz kimi, əsas təhsil pilləsi ibtidai və orta təhsilin aşağı mərhələsindən ibarətdir. Əsas təhsil pilləsi icbaridir. Dövlət məktəblərində təhsil pulsuzdur.

Sosializm quruluşu dağıldıqdan sonra Bolqarıstanda əhalinin artım tempinin aşağı düşməsi ibtidai və orta təhsil pilləsində şagirdlərin və tədris heyətinin sayının azalmasına səbəb olub. Son 20 ildə ölkə üzrə özəl məktəblərin sayı 10 dəfə artıb, ali təhsil sistemi yenidən təşkil edilib. Ali təhsil sahəsində aparılan islahatlar sayəsində universitetlərə axın güclənib. Həm dövlət, həm də özəl ali təhsil müəssisələrində təhsil ödənişlidir.

XX əsrdə təhsilin forma və məzmunu əsaslı şəkildə yenidən qurulub. Xüsusilə texniki peşə təhsilinin yüksək inkişafı təmin olunub. Məhz bu dövrdən etibarən təhsil sisteminin siyasi təsirdən çıxarılması məsələsinə diqqət ayrılıb. 1979-cu ildə Vahid Orta Politexnik Məktəbi fəaliyyətə başlayıb. Bu məktəbin 12 illik təhsil proqramında əsasən texniki fənlərə diqqət yetirilir.

Xüsusi ehtiyaclı uşaqlara müvafiq təmayüllü məktəbəqədər təhsil müəssisələrində təhsil almaq imkanı yaradılır. Belə təhsil müəssisələrində çalışan işçilər uşaqlara daim nəzarət edir, onların sosial-psixoloji inkişafına yardımçı olurlar.

Fiziki və əqli qüsuru olan uşaqlara dəstək və təhsil vermək məqsədilə ölkədə dövlət tərəfindən maliyyələşən internat-məktəblər şəbəkəsi mövcuddur.

Xüsusi ehtiyaclı uşaqlar ilə işləyən müəllimlər müvafiq sahə üzrə ən azı bakalavr dərəcəsinə malik olmalıdırlar. Onlar həmçinin Təhsil, Gənclər və Elm Nazirliyinin təsis etdiyi ixtisasartırma kurslarından keçməlidirlər.

Təhsil sisteminin əks-mərkəzləşdirilməsi prinsipinin tətbiqi sayəsində əsas, orta və ali təhsil pillələrində adambaşına maliyyələşdirmə modeli tətbiq olunub. Adambaşına maliyyələşmə modeli təhsilalanların sayına görə təhsil müəssisəsinə vəsaitlərin ayrılmasını nəzərdə tutur.

Ölkədə təhsil və elm strategiyasının hazırlanması, tətbiqi, inkişafı məsələlərinə Təhsil, Gənclər və Elm Nazirliyi cavabdehdir.

 

Məktəbəqədər təhsil 

 

Bolqarıstanda məktəbəqədər təhsil dövlət, bələdiyyə və ya özəl təhsil müəssisələrində həyata keçirilir. Məktəbəqədər təhsilə 3-7 yaşlı uşaqlar cəlb olunur.

Əvvəllər bu təhsil pilləsi icbari olmasa da, 2003-2004-cü tədris ilindən uşaqların məktəbəqədər təhsil müəssisələrinin və ya ibtidai məktəblərin nəzdindəki 1 illik məktəbəqədər hazırlıq qruplarında təhsil alması icbaridir. Məktəbəqədər hazırlıq qruplarında uşaqlara hərtərəfli qayğı göstərilir və müvafiq proqramlar əsasında təhsil verilir.

Statistik məlumatlara görə, 2009-2010-cu tədris ilində Bolqarıstanda 2262 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Bu müəssisələrdə 217,8 min nəfər uşağın təlim-tərbiyəsi ilə 19 mindən artıq pedaqoji işçi məşğul olub.

Məktəbəqədər təhsil dövlət, bələdiyyə və ya özəl təhsil müəssisələrində həyata keçirilir. Məktəbəqədər təhsil müəssisələrinin 95 faizi dövlətə məxsusdur. Ancaq son illər özəl məktəbəqədər təhsil müəssisələrinin sayı artmaqda davam edir.

Məktəbəqədər təhsil müəssisələrində təhsil tam günlük, yarımgünlük və ya həftəlik ola bilər. Yarımgünlük bağçalar uşaqların sayı az olan ucqar bölgələrdə fəaliyyət göstərir. Belə bağçalar yalnız uşaqların ibtidai təhsilə hazırlanması üçün cari tələblərinin ödənilməsinə xidmət edir. Tam günlük və ya həftəlik olan məktəbəqədər təhsil müəssisələrinin nəzdində körpələr evi də fəaliyyət göstərir. Bu müəssisələr 10 aylıq - 3 yaş arası uşaqlar üçün nəzərdə tutulur.

Məktəbəqədər təhsil müəssisələrində uşaqlar 3-4, 4-5, 5-6 yaş qrupları üzrə qruplaşdırılır. Lakin bu qruplaşdırma məcburi deyil. Uşaqlar qarışıq qruplarda da oxuya bilərlər. Bir qrupda 12-22 nəfər uşaq təhsil alır.

Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər müvafiq sahə üzrə ən azı bakalavr dərəcəsinə malik olmalıdırlar. Bundan başqa, xüsusi qayğıya ehtiyacı olan uşaqlar ilə işləyən müəllimlər Təhsil, Gənclər və Elm Nazirliyinin təsis etdiyi ixtisasartırma kurslarından keçməlidirlər.

 

Əsas təhsil

 

Qeyd etdiyimiz kimi, əsas təhsil I-VIII sinifləri əhatə edir və icbaridir. Əsas təhsil dövlət məktəblərində, bələdiyyə məktəblərində və ya özəl məktəblərdə həyata keçirilir. Bu təhsil pilləsinə daxil olan ibtidai (I-IV siniflər) və orta təhsilin aşağı pilləsinin (V-VIII siniflər) hər biri 4 il davam edir. Tədris ili sentyabrdan başlayır və may ayının sonlarında başa çatır.

İbtidai siniflərdə şagirdlərin sayı 16-22 nəfər arasında dəyişir. 5 günlük tədris həftəsi tətbiq olunur. Həftədə 4 saat seçmə fənlər keçirilir.

İbtidai təhsil pilləsində proqram üzrə nəzərdə tutulan bütün fənlər bir müəllim tərəfindən tədris olunur. Bu pilləni uğurla başa vuran şagirdlərə müvafiq sertifikat verilir.

Orta təhsilin aşağı pilləsində şagirdlərin sayı bir sinifdə 18-26 nəfər arasında dəyişir. Bu təhsil pilləsində hər bir fənn ixtisas müəllimi tərəfindən tədris edilir. Müəllimlərin həftəlik iş saatının miqdarı 18-30 saat civarındadır.

Dərslər həftədə 5 gün və adətən 2 növbədə - səhər və günorta növbəsində tədris edilir. Tədris ili 2 rübdən ibarətdir. Qiymətləndirmə sistemi 6 ballıq şkala üzrə müəyyən olunur. Ən yüksək qiymət 6, ən aşağı qiymət isə 2-dir.

Əsas təhsil pilləsini uğurla tamamlayan şagirdlər müvafiq sertifikata layiq görülürlər.

 

Orta təhsil

 

Orta təhsil pilləsi IX-XII sinifləri (bəzi ixtisaslaşmış orta məktəblərdə VIII-XII və ya XIII siniflər) əhatə edir. 4 və ya 5 illik (bəzən 6 illik) orta təhsilə ümumi təhsil orta, ixtisaslaşmış və texniki peşə məktəblərində yiyələnmək mümkündür.

Orta məktəblər dövlət, bələdiyyə və özəl qurumların nəzdində fəaliyyət göstərir. Bu məktəblərə qəbul bolqar dili və riyaziyyat imtahanının və əsas təhsil pilləsinin qiymətləri əsasında həyata keçirilir.

Orta məktəbləri bitirən şagirdlər bolqar dilindən və sonuncu tədris ilində tədris olunmuş hər hansı bir fəndən buraxılış imtahanı verirlər. Tədrisin səviyyəsini qorumaq üçün bir sinifdə 22 şagird qruplaşdırılır.

Özəl orta təhsil müəssisələri istisna olmaqla, Bolqarıstanda orta təhsil pulsuzdur. Lakin şagirdlər pulsuz dərsliklərlə təmin olunmurlar. Özəl təhsil müəssisələrində təhsil haqqının həcmi məktəb rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

İxtisaslaşmış orta məktəblərə qəbul, təmayülündən asılı olaraq VII və ya VIII sinfi başa vurduqdan sonra aparılır. Məktəbin təmayülündən (bolqar dili və ədəbiyyatı, xarici dil, riyaziyyat, informatika, təbiət elmləri, humanitar elmlər və s.) asılı olaraq imtahanlar keçirilir. Belə məktəblərdə müvafiq istiqamətlər üzrə daha dərin biliklər əldə etmək istəyən şagirdlər təhsil alır.

Xarici dil təmayüllü məktəblərə qəbul VII sinfi tamamladıqdan sonra həyata keçirilir. Bu məktəblərdə tədris VIII-XII və ya XIII sinifləri əhatə edir.

Bolqar dili və ədəbiyyatı, təbiət elmləri, riyaziyyat, humanitar elmlər, idman, incəsənət təmayüllü məktəblərə qəbul VIII sinfi tamamladıqdan sonra həyata keçirilir. Bu məktəblərdə tədris IX-XII və ya XIII sinifləri əhatə edir.

İxtisaslaşmış məktəbləri bitirən şagirdlər bolqar dilindən və əsas ixtisas fənnindən buraxılış imtahanı verirlər. Yalnız bolqar dili və ədəbiyyatı üzrə ixtisaslaşmış orta məktəblərdə şagirdlər bolqar dili və ədəbiyyatı ilə yanaşı ikinci əsas fəndən də imtahana cəlb olunurlar. Sonuncu tədris ilində hər hansı əsas fəndən orta və illik qiyməti ən azı 5 (çox yaxşı) olan şagirdlər buraxılış imtahanlarından azad edilirlər.

Bolqarıstanda ümumi təhsil kurikulumu fənlər üzrə 8 istiqamətə bölünür: bolqar dili və ədəbiyyatı, xarici dil, riyaziyyat, informasiya texnologiyası, humanitar elmlər və ictimaiyyat, təbiət elmləri və ekologiya, musiqi və incəsənət, fiziki təhsil və idman.

 

Texniki peşə təhsili

 

Bolqarıstanda peşə təhsili və təliminə iki dövlət qurumu - Təhsil, Gənclər və Elm Nazirliyi, eləcə də Əmək və Sosial Siyasət Nazirliyi cavabdehlik daşıyır. Təhsil, Gənclər və Elm Nazirliyi ümumilikdə təhsil, büdcə məsələlərinə, ilkin peşə təhsili və təlimi sisteminin fəaliyyətinin tənzimlənməsinə məsuldur. Əmək və Sosial Siyasət Nazirliyi isə peşə təhsili sisteminin işinin əmək bazarının tələbləri ilə əlaqələndirilməsinə nəzarət edir.

Texniki peşə təhsili müəssisələri sırasına texniki, peşə məktəbləri və peşə kollecləri daxildir. Texniki və peşə məktəbləri statusuna görə dövlət və özəl ola bilər. Lakin statusundan asılı olmayaraq bütün peşə məktəblərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir.

Texniki məktəblərə qəbul VIII və ya IX sinifdən həyata keçirilir. VIII sinifdən qəbul olan şagirdlər üçün təhsil müddəti 5 il, IX sinifdən qəbul olanlar üçün təhsil müddəti 4 il davam edir.

Peşə məktəblərinə qəbul IX sinifdən başlayır. Bu təhsil müəssisələrində tədris 3 illik kurikuluma uyğun olaraq həyata keçirilir.

Texniki və texniki peşə məktəblərində digər tədris formaları, o cümlədən axşam dərsləri və sənaye müəssisələrində təcrübələr təşkil edilir. Axşam dərslərində davamiyyət məcburidir.

Texniki və ya peşə məktəblərini tamamlayanlar müvafiq peşə və ixtisaslara yiyələnirlər. Bununla da onlar birbaşa əmək bazarına daxil olmaq imkanı qazanırlar.

Peşə kolleclərinə qəbul orta təhsil pilləsini tamamladıqdan sonra həyata keçirilir. Peşə kolleclərində təhsil müddəti 2 il davam edir. 

Texniki peşə təhsili müəssisələrində, həmçinin yaşlılar üçün idarəetmə, mexanika, tikinti, kənd təsərrüfatı, nəqliyyat, mehmanxana idarəçiliyi sahəsində axşam və qiyabi kurslar təklif olunur.

 

Ali təhsil

 

Bolqarıstanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 37-si dövlət, 14-ü isə özəl ali məktəbdir. Ali təhsil müəssisələri sisteminə universitetlər, xüsusi ali təhsil məktəbləri və kolleclər daxildir.

Ali təhsil bakalavriatura, magistratura və doktorantura səviyyələrinə bölünür. Bakalavriatura səviyyəsi 4 il, magistratura səviyyəsi isə 1 il davam edir. Doktorantura səviyyəsinin tamamlanması fəlsəfə doktoru elmi dərəcəsinin əldə edilməsi ilə nəticələnir.

Universitetlərdə 4 əsas elm sahəsinin (humanitar elmlər, təbiət elmləri, ictimai elmlər və texniki elmlər) müxtəlif istiqamətləri üzrə ixtisaslı kadrlar hazırlanır. Ali məktəblər elmin inkişafına töhfə vermək üçün geniş tədqiqat potensialına və zəngin maddi-texniki bazaya malikdir. Tələbələr universitetləri istədikləri səviyyədə tərk etmək hüququna sahibdirlər.

Xüsusi ali təhsil müəssisələrində müxtəlif sahələr üzrə ixtisaslı kadrlar hazırlanır. Adətən xüsusi ali təhsil müəssisələrinin adları onların təklif etdiyi ixtisaslaşma sahələrini əks etdirir. Bu ali məktəblər də bütün elmi dərəcələr üzrə kadrlar hazırlamaq hüququna malikdir.

Kolleclərdə nisbətən qısa və peşəyönümlü proqramlar təklif edilir. Kolleclər əvvəllər orta ixtisas təhsili statuslu müəssisələr olsalar da, hazırda bu tədris ocaqları universitetlərin tərkib hissəsi kimi onların maddi-texniki və kadr bazasından istifadə edir. Bundan başqa, öz akademik və maddi-texniki bazası olan müstəqil kolleclər də fəaliyyət göstərir. Həmin kolleclərdə təhsil müddəti 3 ildir.

Dövlət ali təhsil müəssisələrində təhsil haqları Nazirlər Şurası tərəfindən müəyyən olunur. Tələbələr təhsil haqlarını ildə iki dəfə olmaqla hər semestrin başlanğıcında ödəyirlər. Maddi imkanı zəif olan tələbələr təhsil haqqından qanuna uyğun olaraq azad edilirlər. Özəl ali təhsil müəssisələrində təhsil haqları tədris ocaqlarının özləri tərəfindən müəyyən olunur.

Ali təhsil pilləsində tədris ili iki semestrdən ibarətdir. Dərslər oktyabrda başlayıb iyunda qurtarmaqla 9 ay davam edir.

Avropa İttifaqı ölkələrindən olan tələbələr Bolqarıstanda təqaüd proqramları vasitəsilə təhsil ala bilərlər. Təqaüdlər dövlət, ali məktəblər və digər qurumlar tərəfindən verilə bilər.

Təqaüdlər akademik nailiyyətlərə və maddi imkanın zəifliyinə görə də müəyyənləşdirilir. Akademik nailiyyətlərə görə verilən təqaüdlər əvvəlki iki semestrdə alınmış orta qiymətlərə əsasən təyin olunur.

 

Əlavə təhsil

 

Bolqarıstanda əlavə təhsil imkanlarının artırılmasına xüsusi diqqət yetirilir. Fasiləsiz peşə təhsili və təlimi, o cümlədən yaşlıların təhsili sisteminə müvafiq olaraq həm Təhsil, Gənclər və Elm Nazirliyi, həm də Əmək və Sosial Siyasət Nazirliyi cavabdehlik daşıyır.

Son onillik ərzində yaşlıların təhsili sahəsində də nəzərəçarpan inkişaf müşahidə edilməkdədir. Avropa İttifaqına qoşulduqdan sonra bir çox sahələrdə olduğu kimi, fasiləsiz təlim və yaşlıların təhsilinin inkişaf etdirilməsi məsələsi də aktuallaşıb. Lakin Avropa İttifaqının statistikasına görə, yaşlıların (25-64 yaş arası) fasiləsiz təlimə cəlb olunmasının səviyyəsinə görə Bolqarıstan aşağı yerlərdən birini tutur.

2008-ci ildə Milli Fasiləsiz Təlim Strategiyasının qəbul edilməsi məhz bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına yönəlib. Bu sənəddə həm Avropa kontekstində, həm də milli kontekstdə fasiləsiz təlimin inkişaf etdirilməsi məsələləri əksini tapıb.

İnsan Resurslarının İnkişafı üzrə Fəaliyyət Proqramının (2007-2013) da məqsədi insan kapitalının gücləndirilməsi, yüksək məşğulluq səviyyəsinə nail olunması, məhsuldarlığın artırılması, fasiləsiz təlimin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarətdir. Proqram əsas və peşə kompetensiyalarını nəzərə almaqla yaşlıların təhsili üçün geniş imkanlar yaradır və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə xidmət edir.

Bundan əlavə, Peşə Təhsili və Təlimi Aktında ilkin və fasiləsiz peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinin nəzərə alınması məsələləri əks olunub.

Bolqarıstanda dövlət və bələdiyyə mərkəzləri, axşam məktəbləri, peşə məktəbləri və kollecləri, təlim mərkəzləri, məlumat və yardım mərkəzləri, eləcə də ali təhsil müəssisələrində yaşlıların təhsili proqramları tədris olunur. Təqdirəlayiq haldır ki, bir çox şirkətlər və qeyri-hökumət təşkilatları, müxtəlif özəl qurumlar tərəfindən də distant təhsil kursları təklif edilir.

 

Təhsilin idarə olunması

 

Bolqarıstanda 28 regional təhsil idarəsi fəaliyyət göstərir. Regional təhsil idarələri Təhsil, Gənclər və Elm Nazirliyinin regional idarəetmə qurumu olmaqla bölgələrdə dövlət təhsil müəssisələrinin idarə edilməsinə cavabdehlik daşıyırlar.

Bələdiyyə təhsil idarələri isə yerli struktur kimi özünüidarəetmə qurumlarının təhsil siyasətinin həyata keçirilməsində iştirak edirlər.

Məktəblər hüquqi müəssisə hesab edilir. Onların pedaqoji, təşkilati, metodoloji və idarəetmə baxımından müstəqilliyi son zamanlar daha da artıb.

Məktəbin idarəetmə işinə rəhbərliyi məktəb direktoru və pedaqoji şura həyata keçirir. Pedaqoji şura pedaqoji məsələləri müzakirə və həll edən qurumdur. Məktəbin direktoru pedaqoji şuranın verdiyi qərarların icrasını təmin edir.  Məktəbin himayədarlar şurası isə valideynlər və ictimaiyyətlə əlaqələrin yaradılmasına cavabdehdir. Himayədarlar şurasında məktəb direktoru, müəllimlər, valideynlər, iş adamları, ictimai xadimlər təmsil oluna bilərlər. Bundan başqa, məktəblərdə valideyn şurası, sinif şurası və şagird şurası fəaliyyət göstərir.

Dövlət məktəbəqədər təhsil müəssisələrinin, əsas və orta məktəblərin direktorları Təhsil, Gənclər və Elm Nazirliyi tərəfindən təyin olunur. Bələdiyyə məktəbəqədər təhsil müəssisələrinin və məktəblərinin direktorları isə regional təhsil idarələri tərəfindən təyin edilir.

Qeyd etdiyimiz kimi, peşə təhsili və təliminə iki dövlət qurumu - Təhsil, Gənclər və Elm Nazirliyi, həmçinin Əmək və Sosial Siyasət Nazirliyi cavabdehlik daşıyır.

Ali təhsil müəssisələrinin təsis olunması qanunvericiliyə əsasən, parlament tərəfindən həyata keçirilir. Nazirlər Şurasının təklifi əsasında parlamentin ali təhsil müəssisələrini təsis etmək, birləşdirmək və bağlamaq hüququ var.

Ali məktəblərdə təhsil və elm siyasəti Elmi Şura tərəfindən həyata keçirilir. Ali təhsil müəssisələrinə və Elmi Şuraya rektor rəhbərlik edir. Elmi Şura 25-45 nəfər üzvdən, o cümlədən əmək müqaviləsi əsasında işə götürülən akademik heyətdən, tələbələrdən və digər işçilərdən ibarətdir.

 

 Beynəlxalq əlaqələr

 

Avropa İttifaqının yeni üzvü olan Bolqarıstan Avropa vahid təhsil məkanının formalaşdırılmasında fəal iştirak edir. Ölkə Avropa İttifaqının təhsil, elm, təlim sahəsində bir sıra layihələrinə qoşulub. Bu layihələr Bolqarıstan hökumətinin digər ölkələrlə bağladığı ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində həyata keçilir.

Bolqarıstan Avropa Şurasının, YUNESKO-nun, Cənub-Şərqi Avropada Təhsil İslahatı Təşəbbüsü Təşkilatının maliyyələşdirdiyi layihələrdə də uğurla iştirak edir. 1997-ci ildə Bolqarıstan hökuməti diplomların qarşılıqlı tanınmasına dair Lissabonda Avropa Şurasının və YUNESKO-nun konvensiyasını imzalayıb. 1999-cu ilin 19 iyun tarixində Avropa Təhsil Nazirlərinin Müştərək Bəyannaməsini imzalayan 29 ölkədən biri də Bolqarıstandır.

Bolqarıstan Mərkəzi Avropa Mübadilə Proqramı çərçivəsində Albaniya, Xorvatiya, Çexiya, Macarıstan, Makedoniya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Serbiya və Monteneqro kimi ölkələrlə əməkdaşlıq edir. Gücləndirilmiş Qrats Prosesi çərçivəsində Cənub-Şərqi Avropa ölkələri ilə ali təhsil, peşə təhsili və təlimi, ümumi təhsil sahəsində uğurlu əlaqələrə malikdir.

 

 

Bəşarət MƏMMƏDOV,

 

Ramil HÜSEYNOV

 

Yazının hazırlanmasında Bolqarıstanın Təhsil, Gənclər və Elm Nazirliyinin rəsmi məlumatlarından istifadə olunub.

 

 Azərbaycan müəllimi.- 2012.- 1 iyun.- S.6.