"Nizami Gəncəvinin ictimai-fəlsəfi lirikası" mövzusunda elmi-praktik konfrans

Mayın 18-də Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvinin ictimai-fəlsəfi lirikası" mövzusunda elmi-praktik konfrans keçirildi. Universitetin tələbə-müəllim heyətinin iştirak etdiyi konfransda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək rəhbərlik etdiyi universitetdə ədəbi tədbirlərin keçirilməsinin bir ənənə halını aldığını bildirdi. N.Gəncəvinin Azərbaycan ədəbiyyatının incilərindən biri olduğunu deyən S.Seyidov bu yaxınlarda İtaliyada Heydər Əliyev Fondunun dəstəyi ilə dahi şairə abidə ucaldıldığını qeyd etdi.

Rektor Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzaladığını diqqətə çatdırdı. Ölkədə ədəbi mühitin inkişafına və öyrənilməsinə dövlət qayğısından danışan S.Seyidov N.Gəncəvinin yaradıcılığı ilə bağlı aparılan tədqiqatların bu günədək davam etdiyini, onun zəngin irsinin hələ də elmi tədqiqatlarda öz əksini tapdığını və bundan sonra da onun yaradıcılığı ilə bağlı araşdırmalara ehtiyac olduğunu vurğuladı. O, N.Gəncəvinin Azərbaycan şairi olmaqla yanaşı, bəşəriyyətin də ədəbi incilərindən biri olduğunu qeyd etdi. Rektor "Nizami Gəncəvi böyük mütəfəkkir, filoloqöz dövrünün dahi filosofudur", - dedi.

Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Mətanət Abdullayeva "Nizami yaradıcılığında sufi eşq yolunun təqdimi" mövzusunda məruzə ilə çıxış etdi. Sufizm barəsində məlumat verən M.Abdullayeva N.Gəncəvi yaradıcılığında sufizmlə bağlı olan məqamlara toxundu. Dosent şairin "Yeddi gözəl" poemasında sufi ədəbiyyatının xüsusiyyətlərinin geniş yer aldığını bildirdi.

Sonra "Nizaminin eşq fəlsəfəsi"ndən ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Aytən Hacıyeva danışdı. A.Hacıyeva bəşər və cəmiyyətin kamilləşməsi istiqamətində Nizami əsərlərinin əhəmiyyətinə toxundu. O, şairin əsərlərində insan mənəviyyatını zənginləşdirən məqamlardan bəhs etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, professor İsmayıl Kazımov "Nizami Gəncəvidə sözün estetik meyarları" mövzusunda çıxış etdi. İ.Kazımov şairin yaradıcılığında sözə verilən dəyərdən, onun əsərlərindəki bədii emosional zənginlikdən söhbət açdı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Mahmud Allahmanlı isə çıxışında "Nizami Gəncəvi poeziyasının folklor qaynaqları"ndan bəhs etdi.

 

 

Şakir CƏFƏROV

Azərbaycan müəllimi.- 2012.- 1 iyun.- S.5.