Təlim
kurslarının təşkili barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihənin (TSİİL) "Pedaqoji
kadrların ixtisasartırma təhsilinin müasirləşdirilməsi"
2-ci komponentinin icra planına uyğun olaraq, 2012-2013-cü tədris
ilində respublikanın ümumtəhsil məktəblərinin
V siniflərində dərs deyəcək müəllimlərin
yeni fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri
və praktik hazırlığını təmin etmək məqsədilə
ƏMR
EDİRƏM:
1. 2012-2013-cü tədris ilində Naxçıvan
MR-in, respublikanın şəhər və rayonlarının
dövlət ümumtəhsil məktəblərinin V siniflərində
dərs deyəcək müəllimlər üçün fənn
kurikulumlarının tətbiqi üzrə 2012-ci il iyun-sentyabr
aylarında 60 saatlıq (10 günlük) təlim kursları təşkil
edilsin.
2. Təlim kurslarının proqramı təsdiq edilsin
(əlavə olunur).
3. Nəzərə alınsın ki:
3.1. Naxçıvan MR-də təlim
kursları Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin
əməkdaşlarının keçirdiyi "Öyrədənlərin
öyrədəni" kurslarında iştirak edərək təlimçi
sertifikatı almış yerli mütəxəssislər tərəfindən
aparılır.
3.2. Respublikanın şəhər və
rayonlarında təlim kursları TSİİL çərçivəsində
keçirilmiş tenderlər nəticəsində uyğun
iqtisadi regionlar üzrə bu təlimləri keçirmək
hüququ qazanmış təşkilatlar tərəfindən
aparılır (siyahı əlavə olunur).
3.3. Bilavasitə Təhsil Nazirliyinin
tabeliyində olan ümumi
təhsil müəssisələrinin 2012-2013-cü tədris
ilində V siniflərdə dərs deyəcək fənn
müəllimləri həmin müəssisələrin yerləşdikləri
ərazilərdə, məcburi köçkün
məktəblərinin müəllimləri isə məskunlaşdıqları
şəhər və rayonlarda təşkil
edilən təlim kurslarına cəlb olunurlar.
3.4. Təlim
kursunu uğurla başa vurmuş müəllimlərə
Təhsil Nazirliyi tərəfindən
müəyyən edilmiş vahid formada sertifikat
verilir.
3.5.
Ümumtəhsil məktəblərinə yeni
işə qəbul olunan və V siniflərdə
dərs deyəcək müəllimlər üçün
2012-ci ilin sentyabr
ayı ərzində təlim kursları təşkil edilə
bilər.
4. Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər
Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələri:
4.1.
2012-2013-cü tədris ilində təlim kurslarına cəlb olunacaq fənn müəllimlərinin
siyahısını dəqiqləşdirsinlər, V siniflərdə
daha səriştəli və yüksək
peşəkarlıq səviyyəsinə malik
fənn müəllimlərinin işləməsini təmin
etsinlər.
4.2. Təhsil Nazirliyinə müntəzəm olaraq məlumatların verilməsini təmin
etmək məqsədi ilə təlim kurslarının təşkili
üzrə təhsil şöbəsinin (idarəsinin) əlaqələndiricisini
və kurs keçirilən məktəblərə
təhkim olunan məsul şəxsləri
müəyyənləşdirsinlər.
4.3. Təhsil şöbəsinin (idarəsinin) əlaqələndiricisinin,
kurs keçirilən məktəblərə
təhkim olunan əməkdaşlarının,
hər bir fənn üzrə təlim
kurslarına cəlb edilən müəllimlərin
siyahısını əmrlə təsdiq etsinlər və əmrin
surətini Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və
kadrların idarə olunması şöbəsinə təqdim
etsinlər.
4.4. Fənlər üzrə təlim kurslarını həyata
keçirən təşkilatla birlikdə 2012-ci ilin iyun-sentyabr aylarında
keçiriləcək kursların cədvəlini tərtib
etsinlər, məşğələlərin keçirilməsi
üçün nəzərdə tutulmuş məktəblərdə lazımi
şəraitin yaradılmasını, hər bir
təlim otağının zəruri texniki
vasitələrlə (kompüter (noutbuk), proyektor) təchiz
olunmasını təmin etsinlər.
4.5. Təlim kursları keçirilən məktəblərə
təhkim olunan əməkdaşların səlahiyyətlərini
müəyyənləşdirsinlər və təlim məşğələlərinin
keçirilməsi, yekunda müəllimlərə
sertifikatların verilməsi prosesində təlimçilərin
işinə müdaxilənin yolverilməz olduğunu
onların nəzərinə çatdırsınlar.
4.6. Təlim
kurslarının yekunu barədə sertifikat almış müəllimlərin
adlı siyahısı əlavə olunmuş
geniş hesabatı 2012-ci il
sentyabrın 15-dək Təhsil Nazirliyinə təqdim etsinlər.
5. Məcburi köçkün rayonlarının təhsil
şöbələri (E.Şükürova,
Z.İbrahimov, M.Bağırov, A.Həşimova,
M.Vəliyev, V.Həsənova, M.Şükürov,
A.Allahverdiyeva, Ş.Yusifov,
T.Əliyev) ümumtəhsil məktəblərinin yerləşdiyi
ərazilər üzrə 2012-2013-cü tədris ilində V
siniflərdə dərs deyəcək müəllimlərin
təlim kurslarında müntəzəm iştirakına ciddi nəzarət etsinlər.
6. Təhsil
Problemləri İnstitutu (A.Mehrabov)
Naxçıvan MR-in ümumtəhsil məktəblərində
2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək
müəllimlər üçün yeni fənn kurikulumlarının tətbiqi
üzrə təlim kurslarının təşkili və
keçirilməsində təhsil şöbələrinə
və yerli təlimçilərə
əməli köməklik göstərmək üçün
Kurikulum Mərkəzinin əməkdaşlarının
Naxçıvan MR-ə ezam
olunmasını təmin etsin.
7. Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması
şöbəsi (F.Qədirov), TSİİL üzrə əlaqələndirici
qrupun direktoru
(E.Rüstəmov) təlim kurslarının təşkili,
keçirilməsi və yekunlaşdırılmasında təhsil
orqanlarına və təlimləri keçirən təşkilatlara
əməli köməklik göstərilməsi üzrə
müvafiq tədbirlərin yerinə
yetirilməsini təmin etsinlər.
8. Monitorinq və qiymətləndirmə
şöbəsi (T.Hacıyeva) təlim kurslarının monitorinqinin həyata keçirilməsi üçün əməkdaşların rayon və şəhərlərə ezam olunmasını və monitorinqin
nəticələrinə dair
arayışın müzakirəyə təqdim
olunmasını təmin etsin.
9. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) bu əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, həmçinin təlim kurslarının nəticələrinin
kütləvi informasiya vasitələrində
işıqlandırılmasını təmin etsin.
10. Ümumi
şöbə (X.Fərəcov)
əmrin əlavələri ilə birlikdə
çoxaldılıb təhsil orqanlarına göndərilməsini
təmin etsin.
11. Əmrin icrasına nəzarət
Strateji təhlil, planlaşdırma və
kadrların idarə olunması şöbəsinin müdiri F.Qədirova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
25 may
2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 1 iyun.- S.2.