"Şəxsiyyətin qüdrəti" kitabının təqdimat mərasimi keçirildi

 

 İyunun 6-da AMİ-nin Ağcabədi filialında Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş "Şəxsiyyətin qüdrəti" kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, professor X.Məmmədov bildirdi ki, ulu öndərin anadan olmasının 89-cu ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlər sırasında bu gün təqdimatına toplaşdığımız "Şəxsiyyətin qüdrəti" kitabının özünəməxsus yeri var. Ümummilli liderimiz Heydər Əliyevin "Şəxsiyyətin qüdrəti" kitabı öz oxunaqlılığı, tədqiqatının dolğunluğu, mövzusunun aktuallığı ilə diqqəti cəlb edir.

Ulu öndərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kitabın təqdimat mərasimi açıq elan edildi.

Sonra məruzələr dinlənildi. "Heydər Əliyev sosial-iqtisadi inkişaf strategiyasının banisidir" mövzusunda məruzə edən filialın ümumi elmi fənlər kafedrasının müdiri T.Kərimli kitabın ictimai-siyasi əhəmiyyətindən, ulu öndərimiz haqqında respublikamızın adlı-sanlı elm adamlarının və siyasi xadimlərinin fikirlərindən bəhs etdi. Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafında həyata keçirdiyi islahatlar, neft strategiyası, uğurlu daxili siyasət mexanizmi məruzəçinin nitqində geniş şəkildə öz əksini tapdı. Məruzəsinin sonunda T.Kərimli ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyətini öyrənmək baxımından gərəkli mənbə sayılan "Şəxsiyyətin qüdrəti" kitabının araya-ərsəyə gəlməsində böyük rolu olan siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlıya minnətdarlığını ifadə etdi.

 "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda məruzə edən humanitar fənlər və tədrisi metodikası kafedrasının baş müəllimi M.Səlimov bildirdi ki, "Şəxsiyyətin qüdrəti" kitabında Heydər Əliyevin bilavasitə azərbaycançılıq ideologiyasının formalaşmasındakı xidmətləri haqqında müfəssəl məlumatlar verilir.

O, məruzəsinin sonunda kitab müəllifini dərin siyasi əhəmiyyətə malik əsərlər toplusunun işıq üzü görməsi münasibətilə təbrik etdi və ona yeni yaradıcılıq uğurları arzuladı.

"Azərbaycan dilinin inkişafında Heydər Əliyev dühasının rolu" mövzusunda məruzə edən filialın ana dili, ədəbiyyat və tədrisi metodikası kafedrasının müdiri  Ə.Əliyev bildirdi ki, müzakirəsinə toplaşdığımız bu kitab Azərbaycan xalqını dünya arenasında tanıdan, fenomen şəxsiyyət, əvəzsiz siyasi xadim Heydər Əliyev və onun çoxşaxəli ictimai-siyasi fəaliyyəti haqqında yazılmış ən sanballı əsərlərdən biridir.

Məruzəçi, eyni zamanda Heydər Əliyevin ana dilimizin konstitusion hüquqlarının tanınmasında, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində tarixi xidmətlərindən danışdı.

Sonra YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov, yazıçı-publisist Ziyəddin Sultanov, filialın dosenti Məhəmməd Hüseynov çıxış edərək kitabın böyük maddi-mənəvi dəyərindən, siyasi əhəmiyyətindən bəhs etdilər. Bir cəhət xüsusilə vurğulandı ki, Heydər Əliyev haqqında yazılan "Şəxsiyyətin qüdrəti" kitabında ulu öndərimizin çoxcəhətli fəaliyyəti ayrı-ayrılıqda təhlil olunmuş, işıqlandırılmışdır. 

 

 

ƏDALƏT

 

Azərbaycan müəllimi.- 2012.- 8 iyun.- S.5.