Təhsil tariximizi yaşadan mədəniyyət ocağı

Müasir dövrdə mədəniyyətin inkişafının hərəkətverici qüvvələri içərisində muzeylər mühüm əhəmiyyət kəsb edir. Muzey fəaliyyətinin daha interaktiv olması cəmiyyətimiz üçün olduqca vacibdir. Xalqın tarixi, elmi və mədəni abidələrinin, maddi və mənəvi dəyərlərinin qorunması, saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsində muzeylər müstəsna rol oynayaraq tədqiqat və tədris-tərbiyə funksiyalarının vəhdətini yaradırlar.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi bilməyən gənc vətənpərvər ola bilməz". Ulu öndərin bu tövsiyəsinin həyata keçirilməsində müasir dövrdə bəşəri inkişafın hərəkətverici vasitələri içərisində mühüm əhəmiyyət kəsb edən muzeylərin üzərinə böyük vəzifələr düşür.

Muzeylər qədim yunan mifologiyasında insanların mənəvi fəaliyyətinin - poeziya, elm və incəsənətin himayədar ilahələri hesab edilən muzalar məbədi mənasının daşıyıcıları olaraq yalnız estetik zövq verməklə kifayətlənmir, həmçinin tarixi, maddi və mənəvi abidələri komplektləşdirən, mühafizə edən, öyrənən, nümayiş etdirərək təbliğ edən mədəni-maarif müəssisələri kimi öz elmi - ictimai fəaliyyətini, muzey işinin əsas prinsiplərini elmi-tarixi əsaslar üzərində qurur, müasir avadanlıqlarla və eksponatlarla təchiz olunmasını təmin edir, elmi biliklərin yayılmasına xidmət edir.

Muzeylərə təşkil olunan ekskursiyalar yüksək effektivliyə malik olub bir neçə funksiya (dərketmə, ünsiyyət və s.) yerinə yetirir. Ekskursiya aparıcısı elmilik, forma və məzmun vəhdətini gözləməklə muzeyə gələnlərin zəruri məlumatlara yiyələnməsi üçün muzey mühitinin imkanlarından maksimum istifadə etmələrinə şərait yaradır.

Muzeyə ekskursiya zamanı həmin mövzulara dair materialları və eksponatları əyani şəkildə görmək və onlara dair daha geniş məlumat almaq təbliğatla yanaşı, böyüməkdə olan nəslin bilik səviyyəsinin yüksəlməsinə onlarda vətənpərvərlik hissinin aşılanmasına xidmət edir. Ekspozisiya üzrə mühazirələr sanki eksponatları canlandırır, muzeyə gələnləri tarixi hadisələrin səyahətçisinə çevirir.

Azərbaycan xalqı çox zəngin tarixi, ədəbi, elmi və mədəni irsə malikdir. Bunu hamı təsdiq edər ki, keçmişi bilmədən irəliləmək, bu günümüzə və gələcəyimizə xeyir vermək mümkün deyil.

Azərbaycanın tarixi inkişaf yolunun ən mühüm istiqamətlərindən birini təhsil təşkil edir.

Respublikamızın muzeyləri arasında Azərbaycan təhsilinin tarixini yaşadan, görkəmli pedaqoq və maarifçilərimizin həyat və fəaliyyətini işıqlandıran Xalq Təhsili Muzeyinin özünəməxsus yeri vardır.

Xalq Təhsili Muzeyi XKS-nin 27 aprel 1932-ci il tarixli, 651 nömrəli qərarına əsasən 1930-cu ildə təşkil edilmiş pedaqoji sərginin və Pedaqoji muzeyin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinin fəaliyyətinin əsas məqsədi qədim zamanlardan etibarən müasir dövrə qədər Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirmək, bu sahədə elmi-axtarış işi aparmaq, bütövlükdə fasiləsiz təhsil sisteminin bütün pillələrində qazanılmış uğurların, təhsilin yetirdiyi ən görkəmli şəxsiyyətlərin fəaliyyətini təbliğ etməkdir. Muzeyin təbliğat fəaliyyətinin spesifik forması olan ekspozisiyasında müxtəlif dövrlərdə maarifin və bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin, pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsini, müxtəlif növ təhsil müəssisəsinin yaranmasını, qadın təhsilinin inkişafını, bu sahədə aparılan islahatları və təhsilə dövlət qayğısını əks etdirən sənəd və materiallar, nadir dərs vəsaitləri və ləvazimatları, müxtəlif illərə dair dərslik və proqramlar, bütün növ qabaqcıl təhsil müəssisəsinin, o cümlədən məktəbdənkənar müəssisələrin fəaliyyəti və iş təcrübəsi, tədris müəssisələrində istifadə edilən texniki-tədris vasitələri, müəllim, şagird və tələbələrin əl işləri, əyani vəsaitlər, albomlar, maketlər, hədiyyələr və s. nümayiş etdirilməsinin təhsil tarixinin öyrənilməsi və təbliğində müstəsna əhəmiyyətə malikdir.

Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa riayət edən ekspozisiyası altı salonda yerləşdirilmişdir.

I salon qədim zamanlardan başlayaraq Azərbaycanda pedaqoji fikir və təhsil tarixini, II salon XIX əsrin sonu, XX əsrin əvvəllərində təhsil, III salon 1918-40-cı illərdə təhsil, IV salon ali və orta ixtisas təhsilinin inkişafı, V salon 1941-45, 1946-80-ci illərdə uşaq evləri, internat-məktəblərin yaranması və inkişafı, ümumtəhsil, texniki peşə məktəblərinin fəaliyyətinə dair sənəd və materialları əhatə edir.

Muzeyin VI salonu (böyük salon) müstəqillik illərində Azərbaycanda təhsilin inkişafına həsr olunmuş və üç bölmədən ibarətdir. Azərbaycan dövləti və hökumətinin təhsilə göstərdiyi diqqət və qayğı VI salonun ekspozisiyasının əsas istiqamətidir.

Salonda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı naminə fəaliyyətini əks etdirən "Heydər Əliyev və təhsil", Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sahəsində genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi qayğını təcəssüm etdirən materiallar nümayiş etdirilir. Salonun ikinci bölməsində müstəqillik illərində, bütövlükdə Azərbaycan təhsil sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar, statistik məlumatlar, nəşr nümunələri, yeni dərsliklər, maketlər və digər eksponatlar nümayiş etdirilir. Həmin bölmədə Təhsil Nazirliyinin fəaliyyətini əks etdirən sənəd və materiallara, hədiyyələrə xüsusi yer ayrılmışdır. Burada həmçinin pedaqoji kadrlara göstərilən qayğıya və Azərbaycan müəllimlərinin XI-XIII qurultaylarına dair materiallar da nümayiş olunur .

Salonun üçüncü bölməsində nümayiş etdirilən sənəd və materiallar məktəbdənkənar müəssisələrə, uşaq, yeniyetmə və gənclərin mənəvi və estetik tərbiyəsinə həsr edilmlşdir. Vitrinlərdə uşaq, yeniyetmə və gənclərin hazırladıqları tətbiqi sənət nümunələri, müxtəlif əl işlərinə yer verilmişdir.

Azərbaycan təhsilinin təbliğində muzeyin fond materiallarından ekspozisiyada maksimum istifadə edilməsinin, fondda elmi araşdırma və elmi tədqiqatlar aparılmasının, müxtəlif mövzularda səyyar və stasionar sərgilərin təşkil edilməsinin, tədqimat mərasimləri, elmi konfrans və seminarların keçirilməsinin mühüm rolu vardır.

Fəaliyyətdə olduğu illər ərzində muzey kollektivinin səyi nəticəsində xalq maarifinin inkişafına dair çox zəngin materiallar muzey fondunda toplanıb sistemə salınmışdır.

Toplanmış hər bir sənəd, material və eksponat haqqında məlumatlar muzey fondunun xüsusi qeydiyyat kitabına salınıb, muzey texnikasına müvafiq şəraitdə qorunub saxlanılır.

Muzeyin zəngin fondu və kitabxanasında əsas və elmi-köməkçi fond daxil olmaqla minlərlə sənəd, neqativ, fotoşəkil, dərslik və metodik ədəbiyyat toplanmışdır. Onların arasında nadir biblioqrafik ədəbiyyatlar da vardır.

Fond və kitabxana materiallarından pedaqoji fikir və maarifçilik tarixi ilə məşğul olan tədqiqatçılar, təhsil və mədəniyyət işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kinematoqrafiya işçiləri, eləcə də digər mütəxəssislər istifadə edirlər. Bir çox elmi əsərlərin işıq üzü görməsində və pedaqogika sahəsində çalışan alimlərin yetişməsində Xalq Təhsili Muzeyinin də xidmətləri vardır.

1962-1997-ci illərdə muzeydə valideynlər üçün "Ailə və məktəb" və yuxarı sinif şagirdləri üçün "Hər şeyi bilmək istəyirəm" pedaqoji bilikləri yayan Xalq Universiteti fəaliyyət göstərmiş və apardığı işə görə keçmiş İttifaq miqyasında təşkil edilən baxışlarda I və II dərəcəli diplomlarla təltif edilmişdir.

Muzeyin iş təcrübəsi əsasında 1986-cı ildə Bolqarıstanın Qabrova şəhərində Milli Təhsil Muzeyi yaradılmışdır.

Muzeyin ekspozisiyası ilə tanış olmaq məqsədilə ABŞ, Almaniya, Polşa, Hindistan, Suriya, Yəmən, Ukrayna, Gürcüstan, Türkiyə və başqa xarici ölkələrin elm və mədəniyyət xadimləri, İSESKO-nun Baş katibi, xarici ölkələrin Azərbaycandakı səfirləri, Litva Respublikasının təhsil və elm naziri, Avropa Şurasının nümayəndələri və digər xarici qonaqlar gəlmişlər. Eləcə də respublikamızın görkəmli elm və mədəniyyət xadimləri, ümumtəhsil, texniki peşə məktəblərinin şagirdləri, ali təhsil müəssisələrinin tələbə və müəllimləri müntəzəm olaraq muzeyə ekskursiyaya gəlirlər. Ekspozisiya ilə tanış olmaq məqsədilə muzeyə gələn qonaqlar öz təəssüratlarını rəy kitabında qeydlərində açıqlamış, Azərbaycan təhsil tarixinin təbliğində Xalq Təhsili Muzeyinin müstəsna əhəmiyyətini vurğulamışlar.

Müstəqil Azərbaycan Respublikasında elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən islahatlar muzeylərin də işində dəyişikliklərin aparılmasını tələb edir.

Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyi, hüquqi, demokratik dövlət quruculuğu ilə irəlilədiyi bir dövrdə XXI əsrin "təhsil əsri" elan edilməsi muzeyin qarşısında daha geniş vəzifələr qoyur, muzey mühitinin ətraf mühitlə qarşılıqlı əlaqələrinin qanunauyğun vəhdətini yaradır.

Bu gün respublikamızın muzeyləri dövlət qayğısı ilə əhatə olunmuş və daim diqqət mərkəzindədirlər. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 6 mart 2007-ci il tarixli və "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planının təsdiq edilməsi haqqında" 22 may 2009-cu il tarixli sərəncamlarının icrası muzeylərin fəaliyyətinin gələcəkdə daha da təkmilləşdirilməsinə, müasir standartlara uyğun qurulmasına, tarixi, mədəni irsin, maddi mədəniyyət nümunələrinin mühafizəsi və təbliği işinin daha da yüksək səviyyəyə qaldırılmasına təkan verir, maddi-mənəvi irsimizin, tarixi həqiqətlərin təbliği üçün geniş imkanlar yaradır.

Respublikamızda muzey fəaliyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında Xalq Təhsili Muzeyi üçün yeni binanın inşa edilməsi muzey işinə dövlət qayğısının təzahürüdür.

Xalq Təhsili Muzeyi zəngin mütərəqqi ənənələrə, milli mənəvi dəyərlərə beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edən müasir Azərbaycan təhsilinin nailiyyətlərini qoruyub saxlayan muzeyə gələnlərə layiqincə təbliğ edən mədəni-maarif müəssisəsidir.

2006-2007-ci illərdə Xalq Təhsili Muzeyinin iki nəfər əməkdaşının Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı, muzeyin 80 illik yubileyi ərəfəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə muzeyin iki nəfər əməkdaşının "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, on iki nəfər əməkdaşının isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilməsi muzey işçilərinə göstərilən diqqət və qayğının parlaq təcəssümüdür.

 

 

Zülfiyyə ŞİRİYEVA,

Xalq Təhsili Muzeyinin

direktor müavini

Azərbaycan müəllimi.- 2012.- 8 iyun.- S.4.