Təhsilin keyfiyyəti
innovasiyaların düzgün tətbiqindən başlayır
Bu barədə Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda 7-9 iyun 2012-ci il tarixlərdə
keçirilmiş II Beynəlxalq elmi konfransda müzakirələr
aparıldı
Konfrans
başlamazdan əvvəl iştirakçılar və qonaqlar
Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin abidəsi önünə əklil
qoydular. Akademik Zərifə xanım Əliyevanın da abidəsi
ziyarət edildi. Şəhidlər xiyabanında isə vətənimizin
azadlığı uğrunda həlak olanların məzarları
ziyarət olundu. Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutunda yeni
yaradılmış Heydər Əliyev muzey-lektoriyası, həmçinin
institutun fəaliyyətilə tanışlıqdan sonra öz
işinə başlayan "İnnovasiya, təhsilin keyfiyyəti
və inkişaf" mövzusunda II Beynəlxalq elmi
konfransı giriş sözü ilə institutun rektoru,
fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov
açaraq konfrans iştirakçılarını,
respublikamızda fəaliyyət göstərən diplomatik
missiyaların nümayəndələrini, elm və təhsil
sahəsində tanınmış mütəxəssisləri
və digər dəvətliləri salamladı. Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi, Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu,
Ukrayna Təhsil Menecmenti Universiteti, Rusiya Federasiyasının
İvanovsk Vilayət Təhsilin İnkişafı
İnstitutu, Böyük Britaniyanın Esseks Universiteti, Azərbaycan
Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji
Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Kiyev
Vilayət Pedaqoji Kadrların Diplomdansonrakı Təhsil
İnstitutu, Minsk Vilayət Təhsilin İnkişafı
İnstitutu, Belarus Diplomdansonrakı Təhsil Akademiyası və
digər ali məktəblərin təmsil olunduğu Təşkilat
Komitəsinə göstərdikləri fəaliyyətlərinə
görə təşəkkür etdi. O, qeyd etdi ki,
"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf"
mövzusunda I elmi konfrans 2010-cu ilin noyabr ayında Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda keçirilmişdir. Asəf müəllim
keçirilməsi artıq ənənəyə
çevrilmiş bu konfransların əhəmiyyətindən
söz açdı. Bildirdi ki, ixtisasartırma təhsilinin
problemlərinə həsr edilmiş elmi konfranslar həm də
əməkdaşlıq etdiyimiz Rusiya, Belarus və Ukrayna
respublikalarında mütəmadi olaraq keçirilir. Biz institut
olaraq həmin konfranslarda da əsas təşkilatçı
kimi fəal iştirak edirik. Əldə edilən təcrübə
bir daha təsdiqləyir ki, Avropa təhsil sisteminə
inteqrasiya yolunda qarşılıqlı əməkdaşlıq,
təcrübə mübadiləsi və onların tədris
prosesində tətbiqi uğurlu nəticələr verir.
İnformasiya cəmiyyəti şəraitində qarşımıza yeni problemlər
çıxır ki, onları da ancaq birgə geniş əməkdaşlıq
çərçivəsində həll etmək
mümkündür. Elə bugünkü konfransın məram
və məqsədi də bundan ibarətdir. Məlumdur ki, hər
bir dövlətin inkişafı təhsilin keyfiyyətindən
asılıdır. Lakin bir reallığı da nəzərdən
qaçırmaq olmaz ki, təhsilin keyfiyyətinə dövlətin
iqtisadi inkişafının səviyyəsi də həlledici
təsir göstərir. Bütün bunları müstəqil Azərbaycan Respublikasının
timsalında görə bilərik. Memarı ümummilli
liderimiz Heydər Əliyev olan Azərbaycan Respublikası
bütün çətinliklərə, xüsusilə Ermənistan-Azərbaycan
münaqişəsinə baxmayaraq, son illərdə sürətlə
inkişaf edir və inkişaf tempinə görə dünyada
lider dövlətlərdən biridir. Bunu təkcə biz deyil,
aparıcı beynəlxalq təşkilatlar da təsdiqləyir.
Məhz bu yüksəlişin nəticəsində son illərdə
təhsilimiz keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur. Təhsilin maddi-texniki bazası da
sürətlə inkişaf edir. Belə ki, son səkkiz ildə
2200-ə qədər orta məktəb binası yenidən
tikilib, əsaslı təmir edilmiş, kompüterləşdirilmiş,
demək olar ki, bütün ali məktəblərin, həmçinin
orta ixtisas məktəblərinin maddi-texniki bazası gücləndirilmişdir.
Konfrans iştirakçıları və qonaqlar
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində və
160 nömrəli Klassik Gimnaziyada olarkən bizdə fəxarət
doğuran bu uğurların bir daha şahidi oldular.
Bütün bu proqramların icrası isə birbaşa ölkədə
mövcud olan kadr potensialından asılıdır. Ölkəmizdə
intellektual potensialın inkişafı istiqamətində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənabları
çoxsaylı sərəncamlar imzalamışdır. Təsdiq
edilmiş Dövlət Proqramına əsasən, 2007-2015-ci
illərdə 5000 azərbaycanlı gənc dünyanın
aparıcı ali təhsil ocaqlarında ölkəmizə gərəkli
ixtisaslar üzrə təhsil alaraq yüksək ixtisaslı
kadr kimi fəaliyyətlərini davam etdirəcəklər. Bu
da qara qızıl kapitalını insan kapitalına
çevirmək istiqamətində atılan mühüm
addımlardandır.
Azərbaycanın
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının on qeyri-daimi üzvündən biri
seçilməsi, böyük 20-liklərin iclasına dəvət
almış 10 ölkədən biri olması, həmçinin
"Eurovision-2012" mahnı müsabiqəsinə yüksək
səviyyədə ev sahibliyi etməsi və beləliklə də
beynəlxalq aləmdə ölkəmizin gündən-günə
artan nüfuzu bütün sahələrdə olduğu kimi,
elmin və təhsilin inkişafına da öz müsbət təsirini
göstərir. Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutunda da təhsilin
inkişafı istiqamətində innovasiyalar tətbiq olunur. Əldə
etdiyimiz uğurlar ölkənin pedaqoji ictimaiyyəti, həmçinin
Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir
ki, bu da bizə fəaliyyətimizə mənəvi stimul
verir. Son dörd ildə institutun professor-müəllim heyəti
tərəfindən ölkəmizdə və xaricdə nəşr
edilən elmi jurnallarda 600-dən çox elmi əsərin
çap etdirilməsi (institut yarandığı 1939-cu ildən 2007-ci ilə qədər
cəmi 110 elmi əsər çap edilmişdir), xarici ölkələrin 30-a qədər ali məktəbi ilə
əməkdaşlığın həyata keçirilməsi,
7 beynəlxalq elmi konfransın əsas təşkilatçılarından
olması ölkəmizin Prezidenti möhtərəm İlham Əliyev
cənabları tərəfindən uğurla aparılan xarici
və daxili siyasət nəticəsində mümkün
olmuşdur. Bu əməkdaşlıq nəticəsində həyata
keçirilən II Beynəlxalq elmi konfrans da inanırıq
ki, uğurla öz işini başa çatdıracaqdır. Bu
işdə bütün iştirakçılara müvəffəqiyyətlər
arzulayıram.
Sonra Azərbaycan
Respublikası təhsil nazirinin müavini Qulu Novruzov
çıxış edərək iştirakçılara təhsil
naziri, professor Misir Mərdanovun salamlarını
çatdırdı və qeyd etdi ki, innovativ metodların tətbiqi
təhsilin bütün pillələrinə müsbət təsir
göstərir. Öz işinə başlayan II Beynəlxalq
konfrans müzakirə olunan və qəbul edilən qərarlarla
bu istiqamətdə beynəlxalq əməkdaşlığın
daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir.
Plenar
iclasda Belarusun Azərbaycandakı səfiri Nikolay
Patskeviç, Ukraynanın Azərbaycandakı səfirliyinin I
katibi Anatoliy Maykovskiy, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin
müavini Şaiq Əsgərov, Azərbaycan Respublikası Təhsil
Şurasının sədri, professor Əjdər Ağayev,
Minsk Vilayət Təhsilin İnkişafı İnstitutunun
prorektoru Marina Krasnova, Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müavini Vüsal
İsmayılov, Təhsil Problemləri İnstitutunun direktoru,
professor Abdulla Mehrabov və başqaları
iştirakçılara təbriklərini
çatdırıb, uğurlar arzuladılar.
Təbrik
çıxışlarından sonra professor Asəf Zamanov
"İnnovasiyalar keyfiyyətin yüksəlməsinə xidmət
etməlidir", Ukrayna Təhsil Menecmenti Universitetinin rektoru, professor Viktor
Oleynik "Ukrayna diplomdansonrakı pedaqoji təhsilinin modernləşdirilməsi:
mahiyyəti və həyata keçirilmə şəraiti",
Kiyev Vilayət Pedaqoji Kadrların Diplomdansonrakı Təhsil
İnstitutunun rektoru, professor Nataliya Klokar "Avropaya inteqrasiya
şəraitində pedaqoji kadrların peşə səriştəliliyinin
formalaşdırılması" və Ukrayna Pedaqoji Elmlər
Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, professor Valeriy Bıkov "İnformasiya cəmiyyəti
çağırışı və təhsilin
informasiyalaşdırılmasının müasir istiqamətləri"
mövzularında məruzələr etdilər. Plenar iclas məruzələrin
müzakirəsi ilə başa çatdı. Sonra konfrans
işini 5 bölmədə - innovasiyalar və ənənələr:
təhsilin keyfiyyəti; təhsilin idarə edilməsi:
reallıqlar və perspektivlər; təhsilin keyfiyyətinin
qiymətləndirilməsinin metodologiyası və
texnologiyası; təhsilin keyfiyyətinin modernləşdirilməsinin
psixoloji və sosial-iqtisadi aspektləri; müasir tədrisin
problemləri - bölmələrində iki gün davam etdirdi.
İyunun 9-da keçirilən yekun iclasda bölmə rəhbərlərinin
hesabatı dinlənildi və müvafiq qərar qəbul
edildi. Qərara əsasən "İnnovasiya, təhsilin
keyfiyyəti və inkişaf" mövzusunda III Beynəlxalq
elmi konfransın 2014-cü ilin aprel ayında Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda keçirilməsi müəyyənləşdirildi.
Konfransın
işinə yekun vuran həmsədrlər - professor Asəf
Zamanov və professor Viktor Oleynik çıxış edərək
görülən işlərin nəticələri
haqqında məlumat verdilər. Onlar konfransın işində
göstərdikləri yüksək fəallığa görə
iştirakçılara və təşkilatçılara
minnətdarlıqlarını bildirdilər, gələcək
fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda konfrans iştirakçılarına
sertifikatlar təqdim edildi.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 15 iyun.- S.3.