Kibertexnologiyalara aparan beynəlxalq əməkdaşlıq

 

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının suveren Azərbaycan Respublikasını təhlükəsiz, stabil, ekoloji dayanaqlı, dinamik inkişaf edən iqtisadiyyata malik dünya dövlətlərindən birinə transformasiya olunması perspektivlərinin hədəf və istiqamətlərinin hər biri bu və ya digər dərəcədə Azərbaycan vətəndaşının təhsili ilə bağlıdır.

Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmiz üçün prioritet istiqamətlərdən biridir. "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğunlaşdırılması, cəlbediciliyin və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə söykənən iqtisadiyyatın tələblərinə uyğun kadr potensialının formalaşdırılmasıdır. 

Dövlət Proqramının icrası istiqamətində Azərbaycan Texniki Universitetində genişmiqyaslı tədbirlər planı həyata keçirilir, vahid təhsil məkanı formalaşdırılır, təhsil xidmətlərinin mobilliyi təmin olunur, yeni təhsil standartları və təhsilin təşkilini reqlamentləşdirən normativ sənədlər işlənir.  Bu gün İKT tətbiqi üzrə elmi-metodiki bazanın təkmilləşdirilməsi, elektron təhsil məkanının formalaşdırılması günün əsas tələbi olaraq qalır. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir:

* Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi;

* Elektron təhsil texnologiyalarının genişləndirilməsi;

* Təhsildə idarəetmə strukturlarının informasiyalaşdırılması;

* Kadr potensialının gücləndirilməsi;

* Normativ-hüquqi bazanın təkmilləşdirilməsi.

Ali ixtisas təhsili sisteminin Boloniya prosesi kontekstində modernləşdirilməsinin, təhsilin keyfiyyətinin yüksəldilməsi və nəticələrinin tanınmasının əsas istiqamətlərindən biri də tədris prosesində və idarəetmə strukturlarında  müasir informasiya texnologiyalarının tətbiqidir. Son illərdə mühəndis hazırlığında elektron təhsil kontentlərinin yaradılması, kafedra və laboratoriyaların müvafiq aparat-proqram vasitələri ilə təmin olunması, istehsalın texnoloji hazırlığı məsələlərinin həllində müasir proqram komplekslərindən: Uniqraphiqs, Catya, Pro/E, SolidWorks, İnventor, Solid Edge, AutoCAD və s. geniş istifadə edilməsi bu istiqamətdə atılan  tutarlı addımlardır.

     Elektron təhsil (E-Learning) informasiya-sənaye ölkələrində gələcəyin təhsili sayılır. İnformasiya-kommunikasiya texnologiyaları tədrisdə tədqiqat və ya əyani vasitə obyektləri olmaqla yanaşı, təhsilin keyfiyyətinin yüksəldilməsi vasitəsi kimi də ənənəvi kağız və kitabxana texnologiyalarının imkan vermədiyi informasiyanın əldə edilməsinə və işlənməsinə imkan yaratmalıdır. Təhsildə yeni tədris texnologiyaları açıq və distant təhsil üçün tədris vasitələrinin, elektron dərsliklərin, təhsil portallarının yaradılmasını, multiagentli-multimedia və hiper-media texnologiyalarından istifadəni, animasiya texnologiyaları vasitəsilə tədris materiallarının əyanilik dərəcəsinin  artırılmasını, telekonfrans texnologiyaları vasitəsilə respublika və beynəlxalq miqyaslı telekonfranslarda iştirak etməyi və s. əhatə edir. 

Təhsildə informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri isə universitetlərin idarə olunmasının avtomatlaşdırılmış sistemi olan - "Elektron universitet" (EU) layihəsində öz əksini tapmışdır. "Elektron universitet" anlayışı faktiki olaraq  təhsilin distant və onlayn formalarının inkişafının yeni mərhələsini əhatə edir, təhsil müəssisəsinin potensial sifarişçisi olan tələbələrin təhsil problemlərinin iqtisadi əlverişli üsullarla həlli və təhsil xidmətlərini kiberüsullarla həyata keçirmək imkanları yaradır.            

AzTU-da təhsilin informasiyalaşdırılmasının vacib atributlarından biri kimi "Elektron universitet" yaradılması istiqamətində lazımi bazanın formalaşdırılması məqsədilə 2009-cu ildən işçi qrup fəaliyyət göstərir. İşçi qrup tərəfindən "Elektron universitet" sistemi ətrafında geniş informasiya axtarışı həyata keçirilmiş, dünyanın bir sıra aparıcı universitetlərinin, o cümlədən Bauman adına MQTU (Rusiya), Qazaxıstan Milli Texniki Universiteti, "Elektron universitet" İnternet saytı, Koreya Politexnik Universiteti (Koreya), Frayberq Dağ Akademiyası Texniki Universiteti (Almaniya), Qrenobl Akademiyasının (Fransa) EU layihələri öyrənilmiş və  təhlil olunmuşdur:

Prototip layihələrin təhlili nəticəsində Elektron AzTU konsepsiyasının baza prinsipləri və həll edilməli olan əsas məsələlər müəyyənləşdirilmişdir.

* Vahid informasiya mühitinin formalaşdırılması. Müxtəlif növ verilənlər bazalarının qarşılıqlı informasiya əlaqəsini təmin edən vasitələrin yaradılması;

* Universitetin fəaliyyətini əks etdirən,  təhlil edən və həmçinin vahid informasiya mühiti əsasında universitetin idarə olunması ilə əlaqədar qərar qəbul etməyə imkan verən analitik sistemin tətbiqi;

* Mövcud tədris proseslərinin təkrar araşdırılması və avtomatlaşdırılmış informasiya sistemlərinə adaptasiya olunması;

* Universitetin ayrı-ayrı funksional bölmələrinin avtomatlaşdırılması.     

E-AzTU-nun işlənməsi üçün  Bauman adına MQTU-nun Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülmüş "Elektron universitet" layihəsi və Koreya Politexnik Universitetinin "Elektron universitet" layihəsi prototip kimi seçilmişdi. Məqsəd Azərbaycanla Rusiya təhsil sistemlərinin identik xüsusiyyətlərindən və Koreyanın qabaqcıl elektron təhsil texnologiyalarından istifadə etməklə  Azərbaycan Texniki Universiteti üçün spesifik olan yeni bir layihə yaratmaq idi. MQTU-nun və AzTU-nun rektorları səviyyəsində qurulmuş işgüzar münasibətlər layihə rəhbərləri və mütəxəssislər səviyyəsində davam etdirilərək uzunmüddətli və geniş əməkdaşlıq imkanlarını nəzərdə tutan ikitərəfli çərçivə sazişinin bağlanması ilə nəticələndi. Koreya təhsil sistemi ilə qurulmuş münasibətlər isə Koreya Politexnik Universitetinin rektorunun rəhbərliyi ilə təhsilin müxtəlif sahələrini, o cümlədən də İKT-ni təmsil edən mütəxəssislər qrupunun AzTU-ya səfəri çərçivəsində irimiqyaslı əməkdaşlıq strategiyasının, o cümlədən də gələcək EU layihəsinin və tələbə-müəllim mübadiləsinin konturlarını müəyyənləşdirdi. Bu gün artıq KPU-nun bir nəfər professoru AzTU-da təcrübə keçır.

Aparılmış məqsədyönlü fəaliyyət əsasında Koreya Respublikasının Xarici İşlər və Ticarət nazirlikləri və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında "Azərbaycan Texniki Universitetinin elektron idarə sistemi" layihəsi üzrə 12 oktyavr 2011-ci ildə qrant sazişi imzalandı. Beləliklə, E-AzTU layihəsinin həyata keçirilməsi istiqamətində minimum proqram reallaşdı, KOİKA-nın elan etdiyi müsabiqədə AzTU-nun təqdim etdiyi EU layihəsinə üstünlük verildi. Layihənin müddəti iki il səkkiz ay, büdcəsi isə 2 miliyon ABŞ dolları təşkil edir. Layihə Azərbaycan Texniki Universiteti üçün akademik idarəetmə, portal, veb server, Elektron poçt, qrup təminatı sistemləri və Elektron təhsil kontentlərinin yaradılmasını nəzərdə tutur.

Onu da qeyd etmək yerinə düşərdi ki, Koreya Respublikasının təhsil və İT müəssisələri ilə AzTU arasında işgüzar və dinamik əlaqələrin yaranmasında Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi - KOİCA-nın xüsusi rolu vardır. Son illərdə KOİCA Azərbaycanda bir sıra irimiqyaslı layihələr, o cümlədən də: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SPMDK) ilə "Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması" layihəsi; dövlət qurumlarında çalışan bakalavr və ya daha yüksək dərəcəli şəxslər üçün müxtəlif istiqamətlər üzrə təqaüdlü magistr proqramlarının təşkili; Bakı buxtası üzərindən inşa olunacaq körpünün layihələndirilməsi və s. layihələr  həyata keçirir.

"Azərbaycan Texniki Universitetinin elektron idarə sistemi" layihəsi Koreya Respublikasında KOİCA tərəfindən elan edilmiş müsabiqənin qalibi olan Nongshim Data Sistem-NDS şirkəti tərəfindən icra edilir. NDS, Koreyada qida məhsullarının  istehsalı və informasiya texnologiyaları sahəsində aparıcı şirkətlərdən biri hesab edilir. Layihənin imzalandığı ilk gündən Koreyanın NDS şirkətinin və AzTU-nun mütəxəssisləri arasında, AzTU üçün daha əlverişli EU platformasının seçilməsi, mövcud şəraitə adaptasiya olunması və asanlıqla müşayiət olunması istiqamətində intensiv qarşılıqlı fəaliyyət həyata keçirilir. Layihənin proqramı çərçivəsində ilkin hazırlıqların həyata keçirilməsi, AzTU-nun təhsil sistemi ilə tanışlıq və layihə tapşırığının dəqiqləşdirilməsi məqsədilə koreyalı mütəxəssislər artıq iki dəfə (noyabr 2011 və fevral 2012) AzTU-da olmuş və yerli mütəxəssislərlə birgə nəzərdə tutulan işləri yerinə yetirmişlər.

Layihənin müvəffəqiyyətlə müşayiət olunmasını təmin etmək üçün tələb olunan bilik və vərdişlər əldə etmək məqsədilə AzTU-nun layihəyə cəlb olunmuş mütəxəssislərindən bir qrupu, universitetin rektoru, professor Havar Məmmədovun rəhbərliyi altında layihənin proqramı çərçivəsində bu gunlərdə bir həftə müddətində Seul şəhərində, Koreyanın İT üzrə aparıcı şirkətlərində AzTU-nun rəhbər işçiləri üçün  təşkil olunmuş təlim kurslarında iştirak etmişlər.

İşgüzar səfərin ilk günündə nümayəndə heyətini KOİCA-nın Asiya departamentinin direktoru, cənab Heung-yul Choi qəbul etdi. Giriş sözündə cənab  Heung-yul, Choi Koreya və Azərbaycan dövlətləri arasındakı iqtisadi əlaqələrdən, KOİCA-nın Azərbaycanda yerinə yetirdiyi layihələrdən və "Azərbaycan Texniki Universitetinin elektron idarə sistemi" layihəsinin hazırkı vəziyyətindən danışdı. Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov cavab nitqində İKT-nin  Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, KOİCA-nın Azərbaycanda gördüyü işlər və "Azərbaycan Texniki Universitetinin elektron idarə sistemi" layihəsinin hazırkı vəziyyəti haqqında məlumat verdi. Professor H.Məmmədov həmçinin Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti üçün  yaradılmış şəraitə görə KOİCA-nın rəhbərliyinə təşəkkürünü  bildirdi.

Daha sonra KOİCA-nın inzibati binasında Koreya dövlətinin yaranma tarixindən, inkişafından və Koreya xalqının mədəniyyətindən bəhs edən mühazirələr dinlənildi, video çarxlar nümayiş etdirildi.

Mayın 1-də nümayəndə heyəti Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyində səfir Rövşən Cəmşidov tərəfindən qəbul edildi. Rövşən müəllim nümayəndə heyətini salamlayaraq ölkələrimiz arasındakı əlaqələrin genişlənməsindən və inkişafından danışdı, Azərbaycan-Koreya əməkdaşlığına dair statistik faktlar söylədi. Səfir Rövşən Cəmşidov "Azərbaycan Texniki Universitetinin elektron idarə sistemi" layihəsinin yerinə yetirilməsində, habelə Koreyada keçirilən treninqlərdə nümayəndə heyətinə uğurlar arzuladı. Səfirliyin layihənin yerinə yetirilməsinə hər cür dəstək verəcəyi barədə AzTU-nun rektoru, professor H.Məmmədova zəmanət verdi. Cavab nitqində AzTU-nun rektoru, professor H.Məmmədov Azərbaycanın uzaq Koreya Respublikasında dalğalanan möhtəşəm bayrağını görməkdən qürur duyduğunu söylədi, səfirliyimizin Azərbaycan vətəndaşlarına və ayrı-ayrı təşkilatlarına yüksək peşəkarlıqla xidmət etdiyinə görə səfir başda olmaqla hər bir əməkdaşa minnətdarlığını bildirdi. Səfir  Rövşən Cəmşidov bundan sonra da AzTU ilə Koreya Respublikasının uyğun ali məktəbləri arasında əməkdaşlığın yaradılmasında, beynəlxalq elmi-tədris layihələrdə iştirakı zamanı dəstəklənməsində və tələbə-müəllim mübadiləsində yardımçı olacaqlarını bildirdi.

NDS şirkətində  nümayəndə heyəti üçün "Azərbaycan Texniki Universitetinin elektron idarə sistemi" layihəsinin yerinə yetirilməsinin vacib mərhələləri üzrə treninqlər keçirildi. Treninqlər çərçivəsində  layihənin əsas modulları "Akademik idarə sistemi", "Qrup proqram təminatı sistemi" və "Layihənin texniki təminatı" ilə əlaqədar mövzularda mühazirələr dinlənildi, məruzələr ətrafında geniş müzakirələr aparıldı, NDS şirkəti tərəfindən AzTU-ya göndəriləcək avadanlıqların analoqlarına baxış keçirildi, onların parametrləri və kompanovkası ilə bağlı bəzi məsələlər dəqiqləşdirildi. 

Nümayəndə heyətinin Koreya Politexnik Universitetinə səfəri xüsusi maraq doğurdu. AzTU nümayəndə heyətinin şərəfinə təşkil edilmiş qəbulda hər iki rektorun ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivlərinə dair çıxışları dinlənildi, universitetlər arasındakı əlaqələrin hazırkı vəziyyətindən razılıq ifadə edildi və hər iki tərəf üçün maraq kəsb edən, yeni layihələr ətrafında əməkdaşlığın genişləndirilməsi qərara alındı. Professor Havar Məmmədov AzTU üçün Asiya modeli əsasında müasir texnoparkın yaradılmasının vacib əhəmiyyət daşıdığını və bu sahədə KPU ilə əməkdaşlığın AzTU üçün çox önəmli olduğunu  vurğuladı. Görüşdə həmçinin tələbə-müəllim mübadiləsi barədə də təkliflər səsləndi.

Qeyd etmək lazımdır ki, KPU Koreyanın aparıcı universitetlərindən biridir. KPU universitet məzunlarının işlə təminlik göstəricisinə görə (70,1%) ölkənin digər universitetləri arasında birinci yeri tutur.Universitetdə təhsil, elm və istehsalatın inteqrasiyası istiqamətində geniş proqram həyata keçirilir. Onu demək kifayətdir ki, 2000-ci ildə KPU-nun əməkdaşlıq etdiyi şirkətlərin sayı 273 olduğu halda, 2010-cu ildə 3320 olmuşdur. 2013-cü ildə isə 5000 olacağı planlaşdırılır. Nümayəndə heyəti KPU-da "Təhsil və istehsalatın inteqrasiya mərkəzi", "Engineering mərkəzi", "Texno-innovasiya parkı", İngilis dili kafesi və digər maraq kəsb edən qurumlarla tanış oldu və gələcək əməkdaşlıq obyektlərinin müəyyən olunması istiqamətində fikir mübadiləsi apardı.

Layihədə təmsil olunan rəhbər işçilər üçün təlim kurslarının proqramına  Koreyada yüksək texnologiyaların (Hi-tech) daşıyıcı və yaradıcıları: Smart & Green Technologi İnnovator-ETRİ; Samsung Electroniks, Kiberuniversitet, "Digital" sərgi pavilyonu və s. şirkətlərdə də qəbullar daxil edilmişdi.

Nümayəndə heyəti üçün Kiberuniversitetdə istifadə olunan asinxron tədris texnologiyaları, xüsusilə də elektron təhsil kontentlərin yaradılma texnologiyaları, interaktiv rejimdə müəllim-tələbə dialoqunun qurulması və təhsilin nəticələrinin qiymətləndirilməsi böyük maraq doğurdu. Distant tədris texnologiyalarının tətbiqi hər bir fənn üzrə elektron təhsil kontentlərinin yaradılmasını tələb edir. Tədris kontentinə hər bir ixtisas üzrə tədris planı, fənn proqramları, əsas və əlavə ədəbiyyatlar, tədris-metodiki kartlar, elektron mühazirələr, imtahan sualları (testlər), laboratoriya və kurs işlərinə aid metodiki göstərişlər daxil edilməlidir. Kiberuniversitetdə təhsil kontentləri, fənn müəlliminin iştirakı ilə, multimedia vasitələri ilə təchiz edilmiş xüsusi studiyada yazılır, qonşu  studiyada dizayn olunur və formatlaşdırılaraq İnternet şəbəkəsinə çıxarılır.

Elektron tədris kontentlərinin işlənməsində pedaqoji və psixoloji proseslərin ümumi prinsipləri və elektron dərslikdən istifadənin səmərəlilik şərtləri nəzərə alınır. Elektron dərslik həm konkret fəaliyyətin, həm də tədris prosesinin informasiya modeli olaraq: informasiya, transformasiya, sistemləşdirici, özünə nəzarət, alınmış biliyin mənimsənilməsi, biliyin artırılması, inteqrasiya etmə, kordinasiya etmə, tədrisin fərdiləşməsi və diferensiasiyası funksiyalarını yerinə yetirməlidir. Elektron dərslik bir sistem kimi tədris prosesinin mərhələlərini yerinə yetirmək üçün vacib olan aşağıdakı pedaqoji-texnoloji tələblərə cavab verməlidir:

* Vacib informasiyanı tez tapmaq üçün "bilik ağacına", hipermətn istinadlarına və lüğətə malik olmalıdır;

* İnformasiya yüksək dəqiqliklə strukturlaşmalı və kursun mövzusu ətrafında seçilmiş fraqmentlərlə tamamlanmalıdır;

* Kursun sxemi tədris materiallarının strukturunu başa düşməyə imkan verməli, dərsliyin məzmununu qısaca olaraq mətni-qrafiki şəkildə təqdim edə bilməlidir;

* Elektron dərsliyin ayrı-ayrı fraqmentlərini müəyyən  qrafiki obrazlarla  təqdim etməklə onun yadda saxlanması prosesi sadələşdirilməlidir;

* Hər bir mövzunun sonunda tədris materiallarının necə qavrandığını yoxlamağa imkan verən test sistemi olmalıdır;

* Test nəzarətində hər bir tələbənin buraxdığı səhvlər kəmiyyət və keyfiyyət baxımından qeydiyyata alınmalıdır;

* Tələbə "Elektron müşahidəçi" vasitəsilə verilmiş mövzunun hansı hissəsini mənimsədiyini, hansı məsələlərin isə diqqətdən kənarda qaldığını öyrənə bilməlidir;

* Tədris materiallarını ildən-ilə yeniləşdirmək imkanlarına malik olmalıdır;

* Dərslik saytından çıxmadan seçilmiş informasiyanın surətini çıxarmaq, redaktə etmək və çap edə bilmək imkanları olmalıdır;

* Mətn və illüstrasiyalar tədris tapşırığı əsasında qurulmuş konstruksiyadan asılı olmalıdır;

* Mühazirənin sonunda verilmiş məşğələ və misallar, mövzunun mənimsənilməsinə yönəlmiş müxtəlif növ nəzəri və praktiki fəaliyyətin stimullaşdırılmasına və təşkilinə xidmət etməlidir. 

Kiberuniversitetin rəhbərliyi  ilə Azərbaycan nümayəndə heyəti arasında təcrübə mübadiləsi əsasında aparılan müzakirələrdə tətbiq olunan onlayn texnologiyalarının, yaradılmış elektron təhsil kontentlərinin AzTU-da tətbiqi istiqamətində əməkdaşlığın yüksək səmərə verəcəyi vurğulandı  və bu istiqamətdə bağlanacaq gələcək müqavilənin şərtləri dəqiqləşdirildi.

Səfər müddətində nümayəndə heyətinə geniş mədəni proqram da təklif olunmuşdur. Belə ki, AzTU-nun əməkdaşları Milli Assambleyanın fəaliyyətinə dair ekskursiyada, qədim məbədgahlarda və SeulTourda gəzintilərdə olmuş, Koreya Milli Teatrında tamaşaya baxmışlar.

Səfərin yekununda Azərbaycan Texniki Universitetindən ezam olunmuş bütün əməkdaşlar rəhbərlər üçün təlim kurslarının xüsusi sertifikatları ilə təltif olundu.

 

 

Mustafa BABANLI,

AzTU-nun beynəlxalq

əlaqələr üzrə prorektoru,

texnika elmləri  doktoru,

professor,

 

Həsən HÜSEYNOV,

AzTU-nun kafedra müdiri,

texnika elmləri doktoru,

professor, layihənin meneceri

 

Azərbaycan müəllimi.- 2012.- 15 iyun.- S.5.