"İldən-ilə
böyüyən ailəmizlə Qafqazdan dünyaya"
İyunun
20-də Qafqaz Universiteti özünün 20 illik fəaliyyəti
dövründə 15-ci buraxılışını qeyd etdi.
Bu münasibətlə universitetin geniş həyətində
"İldən-ilə böyüyən ailəmizlə
Qafqazdan dünyaya" devizi altında "Məzun-2012"
gecəsi təşkil olunmuşdu.
Tədbirdə
təhsil nazirinin müavini Qulu Novruzov, Türkiyənin ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç,
"Çağ" Öyrətim İşlətmələri
Şirkəti İdarə Heyətinin sədri Ənvər
Özərən, Milli Məclisin deputatları,
tanınmış iş adamları, Türkiyənin və
ölkəmizin ali təhsil müəssisələrindən
nümayəndələr, ziyalılar, valideynlər və b.
iştirak edirdilər.
Gecə
ulu öndər Heydər Əliyevin və Mustafa Kamal
Atatürkün, hər iki ölkənin azadlığı
uğrunda mücadilələrdə həlak olanların xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanla
Türkiyənin dövlət himnlərinin ifası ilə
başlandı.
Sonra tədbirin
aparıcıları rəmzi diplomlarını almaq
üçün məzunları səhnəyə dəvət
etdilər. Qeyd olundu ki, bu il universitetin mühəndislik
fakültəsindən 46, iqtisadiyyat və idarəetmə
fakültəsindən 135, pedaqoji fakültəsindən 146,
magistratura pilləsindən isə 100 tələbə olmaqla
bütövlükdə 427 tələbə məzun olur.
Fakültə dekanları məzunlara fəxri diplomları təqdim
etdikdən sonra universitetin rektoru, professor Ahmet Saniç təbrik
nitqi söylədi.
Rektor
bildirdi ki, bu ali təhsil ocağı ümummilli lider Heydər
Əliyevin əsəridir. O uca insan Türkiyə universitet
modelini Azərbaycana gətirmək üçün 1993-cü
ildə bu universitetin fəaliyyətə başlamasına dəstək
vermişdir. Ahmet Saniç çıxışında bir
dünya universiteti olma yolunda sürətlə inkişaf edən
Qafqaz Universitetinin 47 fərqli ölkədə işləyən
və təhsil alan məzunları ilə qürur duyduğunu
dilə gətirdi, onların sırasına qoşulan builki məzunları
təbrik etdi. Sonra valideynlərə, müəllimlərə,
məzunlara ürək sözlərini söyləyən
rektor minbir zəhmətlə böyüdüb boya-başa
çatdırdıqları övladlarını beş il
öncə Qafqaz ailəsinə təslim edən valideynlərə
oğul və qızlarının yüksək bilik,
bacarıq və vətən sevgisi ilə həyata
atılmaları münasibəti ilə
gözaydınlığı verdi. Çəkdikləri zəhmətin
bəhrəsini görən müəllim heyətinə minnətdarlığını
ifadə etdi. Tədbirin səbəbkarları olan məzunlara
isə rektor Azərbaycan xalqına ləyaqətlə xidmət
etməyi, bitirdikləri universitetin şərəfini qorumağı,
elmi biliklərini birləşdirib daha böyük nailiyyətlər
əldə etməyi tövsiyə və arzu etdi.
Mərasimdə
çıxış edən təhsil nazirinin müavini Qulu
Novruzov məzunlara təbriklərini çatdırdı,
onların məzun olmasını xoşbəxt gələcəyə
doğru atdıqları addımın başlanğıcı
kimi dəyərləndirdi.
Nazir
müavini məzun verdiyi 15 il ərzində Qafqaz Universitetinin
on illiklər boyu tarixi və ənənələri olan ali məktəblər
sırasında özünü təsdiq etməyi, əmək
bazarında yerini tapmağı və cəmiyyətdə
özünə müsbət imic qazanmağı bacardığını
vurğulayaraq, Qafqaz Universitetinin məzunlarının səsinin
dünyanın ən aparıcı universitetlərindən, məşhur
şirkətlərindən gəldiyini, Azərbaycanda iqtisadi
quruculuğa öz töhfələrini verdiyini diqqətə
çatdırdı, bu gün məzun olanların da
onların yolu ilə gedəcəyinə şübhə etmədiyini
söylədi. Qulu Novruzov məzunların müəllimlərini,
valideynlərini də təbrik edib onlara ən xoş sözlərini
çatdırdı, növbəti pillələrdə təhsillərini
davam etdirəcək məzunlara uğurlar arzuladı.
Türkiyənin
ölkəmizdəki səfiri Hulusi Kılıç,
"Çağ" Öyrətim Şirkəti İdarə
Heyətinin sədri Ənvər Özərən təbrik
çıxışlarında bu günü tarixi gün
adlandırıb, Qafqaz Universitetinin etimada sədaqət yolunda
daha bir uğuru kimi dəyərləndirdilər. Məzunları
təbrik edən natiqlər "Çağ" Öyrətim
Şirkətinin, Qafqaz Universitetinin ölkəmizdəki uğurlu fəaliyyətindən,
şirkətin təhsil müəssisələri şagirdlərinin
və Qafqaz Universiteti tələbələrinin
qazandıqları uğurlardan söz açdılar,
keçirdikləri tədbirlərə toxundular. Xüsusən
də bu ilin may ayında Türkiyədə keçirilmiş
ənənəvi Türk dili olimpiadasında azərbaycanlı
məktəblilərin uğurlu çıxışları və
qazandıqları qələbələr qeyd olundu.
Çıxış edənlər universitetin məzunlarını
təbrik edib onlara tövsiyə və arzularını
bildirdilər.
Sonra
2011-2012-ci tədris ilində beynəlxalq və respublika fənn
olimpiadalarında, müxtəlif bilik və layihə
yarışlarında fərqlənmiş tələbələrə,
şagirdlərə, universitetdə qrup, bölmə,
fakültə, universitet birincisi olmuş tələbə və
məzunlara xatirə hədiyyələri verildi. Xatirə hədiyyələrini
təqdim edən iş adamları, millət vəkilləri məzunlara
həyatda uğurlar arzuladılar.
Məzun
gecəsi tələbələrin ifasında bədii proqramla
başa çatdı.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 22 iyun.- S.3.