Müasir və qeyri-ənənəvi təlim üsullarından istifadə

 

Ölkəmizdə təhsil sahəsində islahatlar getdiyi bir zamanda müəllimdən təlimə yeni yanaşma  nümayiş etdirmək tələb olunur. Çünki müəllim düşünən, yaradıcı, özünə inamlı, problemin həlli yolunu tapan, qərar vermə bacarığı olan və qərarın doğruluğunu anlayan şagirdlər yetişdirməlidir. Bu günün şagirdləri sabahın şəxsiyyətləridir. Onların mənəvi zənginliyi isə təhsilin keyfiyyətindən asılı olduğundan hər zaman çalışıram ki, öz işimi dövrün tələblərinə uyğun qurmaqla təlimin yüksək səmərəliliyinə nail olum. Bunun üçünibtidai sinif müəllimi olaraq öz işimə daha ciddi yanaşır, dərslərimdə qarşıya qoyulan məqsədə çatmaq üçün müxtəlif üsulformalardan, müasir təlim texnologiyalarından istifadə edirəm.

Xüsusən həyat bilgisi fənninin tədrisində şagirdin intellektual səviyyəsini, yaradıcı təfəkkürünü inkişaf etdirəcək metodpriyomlara üstünlük verirəm. Məsələn, həyat bilgisi fənnində "Dövlət orqanları" mövzusunu tədris edərkən ayrılıb-birləşmə üsulundan istifadə edirəm. Bunun üçün sinif qruplara ayrılır. Aşağıdakı suallar yazılmış vərəqlər bütün qruplara paylanılır:

1. Hansı əsas dövlət orqanlarını tanıyırsınız?

2. Dövlət orqanlarının fəaliyyətini sadə formada izah et.

3. Dövlət orqanlarını fərqləndir.

4. Cəmiyyətin idarə edilməsində dövlət orqanlarının rolu.

Qrup üzvləri  sualları öz aralarında bölərək cavablandırmağa çalışırlar. 10 dəqiqədən sonra eyni suala cavab hazırlayan sagirdlər qrup şəklində birləşib, başqa qrup üzvlərinin köməyi ilə öz məlumatlarını genişləndirirlər. Məsələn, 1-ci suala cavab axtaranlar birləşərək, yazdıqları məlumatları paylaşır və beləliklə, hər kəs əlavə məlumat əldə edə bilir. Sonra onlar yerlərinə qayıdaraq məlumatı qrupun başqa üzvlərinə çatdırırlar. Bütün qrup üzvləri bu cür ayrılıb-birləşmə apararaq cavablarını genişləndirirlər.

Sonda qruplara test paylanaraq qiymətləndirilir.

Bu üsulu tətbiq etməklə  şagirdlərin bir-birindən öyrənmə bir-birini öyrətməyə dəstək vermələrinə nail oluram.

"Ekologiya nədir" mövzusunu tədris edərkən "dayanacaq" adlı üsuldan istifadə edirəm. Bunun üçün sinif 3 qrupa ayrılır. Qruplara "Ekologiyanı qorumaq hamımızın borcudur" başlıqlı kağızlar paylanılır.

1-ci qrupa tapşırılır ki, bu baslığa mətn yazsınlar. 2-ci qrupa şüar yazmaq, 3-cü qrupa tələblər hazırlamaq tapşırılır.

1-ci qrup ekologiya, onun qorunması haqqında bildiklərini mətn şəklində yazır.

1-ci qrup.

Ekologiyanı qorumaq hamımızın borcudur (mətn).

İnsan fəaliyyəti nəticəsində canlı cansız təbiətdə dəyişikliklər baş verir. Ağacların qırılması meşələrin azalmasına, avtomobillərin, zavodların tüstüsü havaya zərərli maddələrin düşməsinə  səbəb olur. Meşələrin azalması atmosferdə oksigenin azalmasına gətirib çıxarır. Tüstü nəticəsində havaya qalxan zərərli maddələrin canlı orqanizmlərə düşməsi bir çox canlıların nəslinin  kəsilmə təhlükəsi yaradır.

2-ci qrup.

Ekologiyanı qorumaq hamımızın borcudur (şüar)

1. Havanı zəhərləməyin!

2. Ağacları kəsməyin!

3. Suları çirkləndirməyin!

4. Yer kürəsini qoruyaq!

3-cü qrup.

Ekologiyanı qorumaq hamımızın borcudur(tələb)

1. Dincəldiyin yerləri zibilləmə.

2. Zibili yaxınlıqdakı zibil qabına at.

3. Meşədə ocaq qalama.

4. Hərəmiz bir ağac əkək.

Qruplar işləyəndən 5 dəqiqə sonra yerlərini dəyişərək yoldaşlarının işini davam etdirirlər.

Beləliklə, bütün sinif problemin həllində iştirak edir.

Bu üsul uşaqları birlikdə çalışma, bir-birlərini tanıma, qaydalara riayət etmə bacarıqlarına yiyələndirir, xüsusi qabiliyyətlərinin üzə çıxmasına səbəb olur.

 

 

Ahu ƏLİYEVA,

Bakıdakı 100 nömrəli

tam orta məktəbin ibtidai sinif müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 22 iyun.- S.4.