Hidayətin arzusu dünya olimpiya çempionu olmaqdır

 

Heydərov Hidayət Minayət oğlu 1997-ci il aprelin 4-də Bakıda  anadan olub. Uşaq yaşlarından idmana böyük həvəsi olan Hidayət 6 yaşından Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində cüdo ilə məşğul olur. O, Bakının Nizami rayonundakı  277 nömrəli idman təmayüllü tam orta məktəbin IX sinif şagirdidir. 

 

- Hidayət, idmanı sənə sevdirən oldu?

- Balaca vaxtlarımda həmişə nadinc  uşaq olmuşam. Küçəyə çıxanda fikir vermədən güclü-gücsüz məhəllə uşaqları ilə döyüşürdüm. Gücüm çatmasa da, davadan qorxmurdum. Cüdo ilə bərabər futbola da marağım olub. Məhəllədə uşaqlarla futbol oynayardıq. Qohumlarımız atama deyirdi ki, bu uşağı idman məktəbinə qoyun. Bu mənim ürəyimcə idi. Həmişə arzu etmişəm ki, güclü tanınmış idmançı olum. Böyük uşaqların idmanla məşğul olduğunu görəndə qəlbimdən  belə bir hiss keçirdi ki,  kaş mən onlar kimi idman çantamı götürüb məşqlərə gedəydim. Şükürlər olsun ki, indi artıq valideynlərimin müəllimlərimin sayəsində mən idmanla çox ciddi məşğul oluram.

- Səncə, yaxşı idmançı olmaq üçün etmək lazımdır?

 - Güclü idmançı olmaq üçün həmin idman növünə olan həvəs böyük olmalıdır. Heç vaxt ruhdan düşməmək,  həmişə inadla, yorulmadan çalışmaq lazımdır. Məqsədə, arzuya çatmaq üçün mübarizə aparmalısan. Güclü rəqiblərdən qorxmamalısan.

- Uğurların barədə deyə bilərsən?

- 2008-ci 2009-cu illərdən uğurlarım artmağa başladı. 2008-ci ildə cəmiyyətlər arasında Bakı çempionatında qələbə qazandım. 2009-cu ildə 60 kq çəki dərəcəsində iki dəfə  Azərbaycan çempionu olaraq  beynəlxalq turnirlərə vəsiqəni özümə təmin etdim. 2010-cu ildə Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə II yerə çıxdım. 2011-ci ildə Türkiyənin Ankara şəhərində 8 ölkənin idmançılarının  iştirakı ilə  keçirilən Avropa kuboku uğrunda  turnirdə  I yeri tutdum. Yığma komandanın tərkibində 5 dəfə Avropa kuboku beynəlxalq turnirlərdə iştirak etmişəm. Həmin yarışların üçündə I yerə çıxaraq qızıl medal əldə etdim, ikisində isə  V yerlə kifayətlənməli oldum.  Ən  böyük arzum hər birimiz üçün müqəddəs olan üçrəngli bayrağımızı dünya olimpiya yarışlarında zirvələrə qaldıraraq ölkəmizi layiqli təmsil etməkdir. 

Yığma komandanın üzvü, əməkdar məşqçi, təcrübəli müəllim Tərlan Həsənov yetirməsi barədə deyir:

- Hər bir müəllim kimi mən yetirməmin uğurlarına ürəkdən sevinirəm. Hidayət səkkiz ildir ki, cüdo ilə məşğul olur.  Uşaq yaşlarından  idmana böyük həvəs göstərir. O, bir dəfə olsun məşq buraxmır. Nizam-intizamlı bir idmançıdır. Yarışlarda çalışır ki, etdiyi səhvləri bir daha təkrarlamasın. Daim uğursuz fəndinin üzərində çalışır. Hidayəti digər idmançılardan fərqləndirən odur ki, o, çətin hallarda döşəkdə müqavimətini saxlaya bilir. Onun üçün güclü gücsüz rəqib yoxdur. Heç bir rəqibdən çəkinmir. Onda psixoloji gərginlik olmur, yarışlarda çox sərbəst olur. Hidayət  bu ildən  yeniyetmələrin Avropa kubokuna qatılmalıdır. Ancaq o, keçən ildən buna addım atıb. O,  yeniyetmə Avropa idmançıları arasında öz çəkisində birinci yerdədir.  Bu yaxınlarda keçiriləcək Avropa çempionatında iştirak edəcək. Onu gələcəkdə dünya olimpiya çempionu kimi görmək arzusundayam. Bu işdə ona uğurlar arzulayıram. 

Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Rüfət Eyyubov:

- Hidayət böyüyün kiçiyin yerini bilən idmançıdır. Həmişə təlim-tərbiyəsi ilə digərlərindən fərqlənir. Məşqlərə ciddi yanaşır. Artıq bu günə kimi kifayət qədər beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqli təmsil edib. İstəyir ki, erməni idmançısı ilə rəqib kimi döşəyə çıxsın. Deyir ki, erməni idmançısını yüksək ustalıqla məğlub etsəm rahatlıq taparam. 

Ayaz Süleymanov, Bakıdakı 277  nömrəli idman təmayüllü tam orta məktəbin direktoru:

- Hidayət Heydərov  təhsilinə elə bu məktəbdə  başlayıb. Nizam-intizamı tərbiyəsi ilə müəllimlərinin hörmətini qazanıb. O, idmanla bərabər dərslərindən yaxşı nəticələr əldə edir. Onun şəkli məktəbin həm idman, həm şərəf lövhəsini bəzəyir. O, çox  vətənpərvərdir. Azərbaycanın tarixi ilə daha yaxından maraqlanır.  Məktəbdə keçirilən vətənpərvərlik mövzusunda inşa yazı müsabiqələrində həmişə fərqlənir.  Məktəblərarası  idman yarışlarında,  hərbi-idman oyunlarında  oxuduğu məktəbin adını uca edir. Vətənimizi Hidayət  kimi ləyaqətlə təmsil edən, üçrəngli dövlət bayrağımızı beynəlxalq turnirlərdə zirvələrə qaldıran gənclərimizlə təkcə onların valideynləri deyil, hamımız fəxr edirik. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2012.- 22 iyun.- S.7.