Akkreditasiya
Şurasının növbəti iclası
İyunun
28-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının
növbəti iclası keçirilib.
İclasda
Azərbaycan Dövlət Aqrar Universiteti, Ağdaş Dövlət
Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və
Humanitar Kolleci və Bakı Humanitar Kollecinin
akkreditasiyasının nəticələri müzakirə
olunub.
İclasda
Azərbaycan Dövlət Aqrar Universitetində
aparılmış akkreditasiyanın nəticələri
haqqında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin
müdiri Həbib Zərbəliyev məlumat verib. Şöbə
müdiri bu təhsil ocağının ümumi fəaliyyətindən,
təhsil proqramları üzrə hazırlığın məzmunundan,
kadr təminatından bəhs edib. H.Zərbəliyev qeyd olunan
təhsil müəssisəsi üzrə yaradılmış
Akkreditasiya Komissiyasının universitetdə tədrisin təşkili
vəziyyətini ətraflı təhlil etdiyini bildirib və
komissiyanın gəldiyi qənaətlə şura üzvlərini
tanış edib.
Ağdaş Dövlət Humanitar
Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri,
Bakı Texniki Kollecinin tədris işləri üzrə
direktor müavini Fərrux Məmmədov təhsil müəssisəsinin
fəaliyyətinin statusuna uyğunluğundan söz
açaraq son 5 ildə məzunların ümumi göstəriciləri,
aparılmış test sorğusunun nəticələri barədə
məlumatları təqdim edib. O, kollecin fəaliyyətinin
daha səmərəli təşkili üçün
Akkreditasiya Komissiyasının təklif və tövsiyələrini
nəzərə çatdırıb.
Daha
sonra Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci
üzrə aparılmış araşdırma barədə
çıxış etmək üçün söz
Akkreditasiya Komissiyasının sədri, Bakı Sosial
İqtisad Kollecinin tədris hissə müdiri İbad Əsədova
verilib. İ.Əsədov kollecdə mütəxəssis
hazırlığının keyfiyyəti və digər
göstəricilər üzrə komissiyanın gəldiyi qənaəti
iştirakçıların diqqətinə
çatdırıb.
Bakı
Humanitar Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri,
Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının dosenti
Xatirə Həsənzadə bu təhsil müəssisəsinin
fəaliyyət istiqamətlərindən, tədris şəraitindən,
maddi-texniki bazasından bəhs edib, həmçinin kollecin
pedaqoji heyətinin fəaliyyəti haqqında məlumat verib.
Təhsil
naziri Misir Mərdanov təhsil müəssisələrinin
akkreditasiyasının keçirilməsinin ölkəmizdə
təhsilin keyfiyyətinin daha da artırılmasına xidmət
etdiyini vurğulayıb və müvafiq məsələlərlə
bağlı fikirlərini bildirib.
Sonra qeyd olunan təhsil müəssisələri
üzrə akkreditasiyanın nəticələrinə dair
şura üzvlərini maraqlandıran suallar
cavablandırılıb, bir sıra rəy və təkliflər
səsləndirilib.
Akkreditasiya
Şurasının iclasında müəyyənləşdirilmiş
meyarlar üzrə tələblərə uyğunluğu nəzərə
alınaraq, Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti
"yaxşı", digər üç kollecin fəaliyyəti
isə "kafi" qiymətləndirilib və bu təhsil
müəssisələrinin müvafiq ixtisaslarının
akkreditə olunması barədə qərar qəbul edilib.
Azərbaycan
müəllimi.- 2012.- 29 iyun.- S.3.