Azərbaycanda Almaniya modeli əsasında
pilot
peşə təhsili müəssisəsi yaradılacaq
İyunun 25-də təhsil naziri Misir Mərdanov
Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın
Almaniyanın Ştutqart şəhərindəki fəxri
konsulu Otto Hauzer və ölkəmizin Almaniyadakı fövqəladə
və səlahiyyətli səfiri Pərviz Şahbazovla
görüşüb.
Misir Mərdanov qonaqları səmimi
salamlayaraq onları Təhsil Nazirliyində görməkdən
məmnunluq duyduğunu ifadə edib. Azərbaycanla Almaniya
arasında mövcud olan əməkdaşlığın son
illər daha da genişləndiyini bildirən nazir iki ölkənin
təhsil əlaqələrinin inkişaf etdirilməsinin
mühüm əhəmiyyətini vurğulayıb.
Misir Mərdanov Azərbaycanın
Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin
Azərbaycan-Almaniya təhsil əlaqələrinin səmərəliliyinin
artırılmasında böyük xidmətləri
olduğunu diqqətə çatdırıb və onun bu
istiqamətdə gördüyü işləri xüsusi qeyd
edib. Nazir iki ölkənin təhsil əlaqələri çərçivəsində
artıq peşə təhsili üzrə əməkdaşlığın
yaradıldığını və bu sahədə müəyyən
addımlar atıldığını deyib. Təhsil naziri
hazırda uğurla həyata keçirilən "Kənd təsərrüfatı
üzrə peşə təhsili sisteminin təkmilləşdirilməsi"
(TVİNNİNQ) layihəsini Almaniya ilə peşə təhsili
sahəsində əməkdaşlığın müsbət
nümunəsi kimi nəzərə çatdırıb.
Azərbaycanın Almaniyadakı fövqəladə
və səlahiyyətli səfiri Pərviz Şahbazov iki
ölkənin təhsil sahəsindəki uğurlu əlaqələrindən
və onun daha da möhkəmləndirilməsi istiqamətlərindən
söz açıb. Səfir bu görüşün təhsil
sahəsində qarşılıqlı əlaqələrin səmərəliliyinin
artırılması baxımından mühüm əhəmiyyəti
olacağını inamla vurğulayıb.
Azərbaycanın Almaniyanın
Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi
qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür
edib. Almaniya-Azərbaycan təhsil əlaqələrinin
inkişafına böyük önəm verdiyini bildirən fəxri
konsul ölkəmizdə peşə təhsili sahəsi
üzrə yeni layihənin həyata keçirilməsi təklifi
ilə çıxış edib. Otto Hauzer Azərbaycanda
Almaniya modeli əsasında pilot peşə təhsili müəssisəsinin
yaradılması istiqamətlərindən bəhs edib və
müvafiq layihənin Sumqayıt şəhərində
reallaşdırılacağını açıqlayıb.
Qonaq pilot peşə təhsili müəssisəsində təhsil
müddətinin 3 il olmasının və burada
iqtisadiyyatın kimya, tikinti, mexatronika sahələri üzrə
kadr hazırlığının aparılmasının nəzərdə
tutulduğunu bildirib. Yeni yaradılacaq müəssisənin
mövcud region üçün əhəmiyyətli
olacağını vurğulayan qonaq müvafiq binanın
tikintisi, tədris vəsaitlərinin, kurikulumların
hazırlığı, müəllim heyətinin
ixtisaslaşması, onların Almaniyada təlim kurslarında
iştirakı məsələlərinə toxunub. Otto Hauzer,
həmçinin alman dilində mövcud olan tədris
materiallarının Azərbaycan dilinə tərcümə
edilməsinin zəruriliyindən də söz açıb.
Çıxışının sonunda Otto Hauzer göstərilən
yüksək dəstək üçün təhsil naziri
Misir Mərdanova təşəkkürünü bildirib.
Nazir Almaniyada peşə təhsili
sisteminin inkişafından bəhs edərək bu ölkənin
qeyd olunan sahədəki mövcud təcrübəsindən bəhrələnməyin
vacib olduğunu önə çəkib. Təhsil naziri
ölkəmizdə reallaşdırılması nəzərdə
tutulan layihəni müsbət dəyərləndirdiyini və
müvafiq təşəbbüsü dəstəklədiyini
deyib. Peşə təhsili müəssisəsinin məhz
Sumqayıtda istifadəyə verilməsinə xüsusi önəm
verdiyini açıqlayan nazir bildirib ki, yeni yaradılacaq
müəssisə bu şəhərdəki iri sənaye
obyektlərinin, texnoparkların ixtisaslı kadrlara olan tələbatının
ödənilməsində və onların fəaliyyətinin
genişləndirilməsində böyük rol oynaya bilər.
Misir Mərdanov layihənin daha səmərəli
həyata keçirilməsi və idarə olunması üzrə
işçi qrupunun yaradılmasının əhəmiyyətini
vurğulayıb, bununla bağlı müəyyən addımlar
atılmasının önəminə diqqət çəkib.
Görüşdə peşə təhsili
müəssisəsinin yaradılması üzrə müvafiq
qurumlarla birgə iş aparılması, bu müəssisə
tərəfindən məzunlara veriləcək diplomun
Almaniyada tanınması, treninq kurslarının təşkili
və digər bu kimi məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan
müəllimi.- 2012.- 29 iyun.- S.3.