Bakıda "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi"
mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib
İyunun 27-də "Hilton Baku"
otelində Təhsil Nazirliyi, Azərbaycan
İqtisadçılar İttifaqı, Azərbaycan Milli Elmlər
Akademiyasının İqtisadiyyat İnstitutu və Kooperasiya
Universitetinin birgə təşkilatçılığı
ilə "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin
yüksəldilməsi" mövzusunda beynəlxalq
elmi-praktiki konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə
ölkənin 60-dan çox ali təhsil müəssisəsinin,
nazirlik və şirkətlərin nümayəndələri,
Milli Məclisin deputatları, sahibkarlar, elmi işçilər
və gənc tədqiqatçılar, həmçinin
müxtəlif ölkələrdən dəvət olunmuş
tanınmış iqtisadçı alimlər iştirak
etmişlər.
Azərbaycan Kooperasiya Universitetinin
rektoru, Milli Məclisin deputatı, professor Eldar Quliyev tədbirdə
çıxış edərək bildirmişdir ki, bu gün
Azərbaycan regionda lider dövlətlərdən və
dünyada sürətlə inkişaf edən ölkələrdən
biridir. Respublikanın iqtisadiyyatı ildən-ilə dinamik inkişaf
edir. Azərbaycan nəinki regionda, həm də Avropa məkanında
öz layiqli yerini tutmuşdur.
Ötən
ilin sonlarında respublikamızın
müstəqilliyinin bərpasının 20 illiyinin
qeyd edildiyini, müstəqilliyin
hər bir dövlət, hər bir xalq üçün
əvəzsiz sərvət olduğunu
söyləyən E.Quliyev müstəqilliyin
ilk illərində xalqımızın
üzləşdiyi çətinliklərdən də söz açmışdır.
Bildirilmişdir ki, yalnız 1993-cü ildə ümummilli
lider Heydər Əliyevin xalqın təkidli
tələbi ilə yenidən hakimiyyətə
qayıdışından sonra ölkədə
hərc-mərcliyə son qoyulmuş,
siyasi sabitlik bərpa olunmuş, ölkənin bütün
sahələrdə inkişafı istiqamətində
islahatların aparılmasına başlanmışdır. Ulu öndərin müdrik siyasəti nəticəsində
qısa vaxtda ölkənin siyasi-iqtisadi həyatında mühüm
irəliləyişlər baş vermiş, xalqın rifah
halı yaxşılaşmış, ölkəmiz bir çox beynəlxalq təşkilat
və qurumların tamhüquqlu üzvü qəbul edilmişdir.
E.Quliyev demişdir
ki, son illər ölkəmizdə
həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin
əldə olunmasına şərait yaratmışdır.
Xüsusilə son onillikdə Azərbaycanda
makroiqtisadi sabitliyə, dinamik
iqtisadi artıma nail olunmuş, yoxsulluğun
azaldılmasında və əhalinin sosial
rifah halının yüksəldilməsində
ciddi uğurlar
qazanılmışdır. Bütün bunlarla yanaşı, sərbəst
bazar iqtisadiyyatı institutlarının
yaradılması, sahibkarlıq təşəbbüskarlığına
söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi
ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açır.
Hazırda
Azərbaycanın yeni inkişaf
mərhələsinə qədəm qoyduğunu
vurğulayan E.Quliyev bildirmişdir ki, bu mərhələnin əsas hədəfi
çoxşaxəli, səmərəli və innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə
qabaqlayıcı inkişaf trendinin təmin
olunması, əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə
çatdırılması, habelə elmin,
mədəniyyətin inkişafında, ictimai
həyatın bütün istiqamətlərində
yeni nailiyyətlərin əldə
olunmasıdır.
Ölkənin
perspektiv inkişafının hədəf
və istiqamətlərinin müəyyən edilməsi məqsədi
ilə "Azərbaycan -2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin
müvafiq sərəncamını
xatırladan E.Quliyev
vurğulamışdır ki, konfransın keçirilməsində əsas
məqsəd bu mühüm
işdə respublikanın iqtisadçı alim
və mütəxəssislərinin iştirakının təmin
edilməsidir.
Təhsil
naziri Misir Mərdanov
tədbirdə çıxış edərək konfransın
əhəmiyyətindən danışmışdır. Azərbaycanın müstəqilliyinin bərpasından
20 il keçdiyini
xatırladan nazir demişdir
ki, hazırda bu yol Prezident İlham
Əliyevin gərgin səyləri nəticəsində uğurla davam etdirilir. İyirmi il hər hansı bir
dövlətin tarixində o qədər də
böyük zaman deyildir. Lakin bu illərdə müstəqil Azərbaycan
dövlətinin atdığı addımlar yüz
illərə bərabərdir.
Müstəqilliyin
bərpasından sonra əldə olunan nailiyyətlərdən bəhs edən
M.Mərdanov bildirmişdir ki,
Azərbaycanın BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin
beynəlxalq aləmdə getdikcə artan nüfuzunun göstəricisidir.
Qazanılan
uğurların köklü əsasları
olduğunu qeyd edən
M.Mərdanov vurğulamışdır ki,
bu gün müstəqil
respublikamızda dövlətimizin
başçısının rəhbərliyi altında elmi surətdə əsaslandırılmış
və Azərbaycan Prezidenti tərəfindən
təsdiq olunmuş çoxsaylı Dövlət proqramları
həyata keçirilir. Bu
proqramların hazırlanmasında Azərbaycanın və
dünyanın tanınmış alim və
mütəxəssisləri iştirak edirlər.
Dünyanın aparıcı iqtisadçı alimləri
ölkəmizin dinamik inkişafını
məhz bu proqramların
hazırlanmasında və həyata keçirilməsində
görürlər.
Təhsil
sahəsində son illərdə 16
Dövlət proqramının hazırlandığını,
dövlətimizin başçısı və hökumətimiz
tərəfindən təsdiq olunduğunu
diqqətə çatdıran M.Mərdanov bu
proqramlarda nəzərdə tutulan bütün məsələlərin
ardıcıl olaraq həyata keçirildiyini,
bu prosesin gələcəkdə
də davam etdiriləcəyini qeyd etmiş, konfransın
işinə uğurlar
arzulamışdır.
Konfransda müvafiq
dövlət strukturlarının, o
cümlədən Milli Məclisin əlaqədar
komitə sədrlərinin, nazirliklərin, elm
və təhsil müəssisələri nümayəndələrinin,
beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələri
təmsil edən alimlərin, mütəxəssislərin,
ekspertlərin
mövzu ilə bağlı məruzələri
dinlənilmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, Azərbaycan
İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə
"Milli iqtisadiyyatın artımı və
səmərəlilik problemi: əsas meyllər,
gələcəyə baxış konsepsiyası barədə
düşüncələr" mövzusunda
məruzəsində bildirmişdir ki, dövlət
müstəqilliyimizin bərpasından sonra
respublikamızda yeni iqtisadi
sistem yaradılmış, ölkənin iqtisadi inkişaf modeli formalaşmışdır. Məhz bu səbəbdən qlobal
maliyyə böhranından ən az əziyyət
çəkən ölkələrdən biri
Azərbaycan olmuşdur. Hazırda
adambaşına düşən büdcə xərcləri
1500 manatdan çoxdur.
Bu isə ölkədə sosial-iqtisadi
islahatların uğurla həyata keçirildiyini, əhalinin rifahının durmadan yaxşılaşdırıldığını
bir daha təsdiq edir.
Tədbirdə
akademik Asəf Nadirovun
"Regionların sosial-iqtisadi
inkişafı problemləri" mövzusunda
məruzəsi dinlənilmişdir. Vurğulanmışdır
ki, ötən əsrin 70-80-ci illərində
ulu öndər Heydər Əliyevin düşünülmüş, müdrik siyasəti nəticəsində Azərbaycan
böyük inkişaf
yolu keçmişdir.
Azərbaycan regionlarının sosial-iqtisadi
inkişafının ilkin mərhələsi
məhz həmin illərə təsadüf edir.
İnkişafın ikinci mərhələsi
2004-cü ildən başlanmışdır. Üçüncü
mərhələ isə 2013-2023-cü illəri əhatə
edəcəkdir. Hazırda ölkədə fəaliyyətdə
olan iki mindən
artıq sənaye müəssisəsinin 43 faizdən çoxu regionların payına düşür.
Dövlət
Sosial Müdafiə Fondunun
sədri Səlim Müslümovun "Azərbaycanda
pensiya-sığorta sistemində islahatlar:
gələcəyə baxış" mövzusunda
məruzəsində diqqətə
çatdırılmışdır ki, Azərbaycan
Respublikasında 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları
haqqında" Qanunla üçpilləli
pensiya sistemi qəbul olunmuşdur.
Bu, ümummilli lider Heydər Əliyev
tərəfindən müəyyən edilmiş
əhalinin sosial müdafiəsinin dövlət
siyasətində daim ön
plana çəkilməsi prinsipinin
əyani təzahürüdür. 2011-ci ilin
iyulun 1-dən əvvəlki sistemlə təyin
olunmuş pensiyalar
yenidən hesablanmış və 900 minədək adamın əmək
pensiyası orta hesabla
40 faiz artırılmışdır.
Türk dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının prezidenti Hayrettin İvgin
"Müstəqillikdən sonra Türkiyə-Azərbaycan
iqtisadi əlaqələri" mövzusunda məruzəsində bildirmişdir ki, Azərbaycan
ilə Türkiyənin iqtisadi əlaqələri
uğurla inkişaf edir və bu əlaqələr
iki ölkə arasında idxal-ixracı xeyli artırmışdır. İndiyədək
ölkələrimiz arasında müxtəlif sahələri əhatə
edən 140-dan çox müqavilə
imzalanmışdır.
H.İvgin ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
neft strategiyasının hazırda uğurla davam etdirildiyini, Azərbaycanın Cənubi Qafqazda siyasi nüfuzunun getdikcə artdığını
vurğulamışdır.
Tədbirdə
Milli Məclisin aqrar
siyasət komitəsinin sədri Eldar İbrahimovun "Aqrar sahənin
inkişafında kooperasiya və inteqrasiya", AMEA İqtisadiyyat
İnstitutunun direktoru,
professor İsa
Alıyevin "Azərbaycanın sosial-iqtisadi
inkişaf perspektivlərinə qlobal mühitdən baxış", Auditorlar Palatasının sədri Vahid Novruzovun
"İqtisadiyyatın inkişafında və səmərəliliyin
artırılmasında auditin rolu və əhəmiyyəti", Vergilər
Nazirliyi Baş
İdarəsinin rəisi Akif Musayevin "Modernləşdirmə və aktiv vergi siyasəti",
italiyalı professor Sante
de Angelisin
"İtaliya-Azərbaycan iqtisadi əlaqələri"
və digər mövzularda məruzələr
dinlənilmişdir.
Sonda konfrans
iştirakçıları adından Prezident
İlham Əliyevə müraciət qəbul
olunmuşdur.
İyunun 28-də altı müvafiq bölmə və elmi
istiqamətlərdə işini davam etdirən konfrans həmin
gün başa
çatmışdır.
Azərbaycan müəllimi.- 2012.- 29 iyun.- S.3.