Yarımçıq qalan müəllim ömrünün
xatirə işığında
Müəllim! Hamıdan ötrü əziz, müqəddəs olan varlıq. Bu insanın
ömrü işığa, istiliyə dönüb qətrə-qətrə axır,
başqalarının gözünə ziya,
qoluna güc, dilinə
taqət verir, onları gələcək
qələbələrə səsləyir. Bu ömürdən dərs
dediyi şagirdlərin hamısına pay düşür, özü də bu pay əziz bir xatirəyə
dönüb daim
yaşayır. İnsan ömründə
mərhələyə dönən anlar,
dəqiqələr, günlər, illər zaman-zaman
yaşayır, öz təkrarı ilə
hansı əziz xatirənisə yada
salır. Bu tarix insan yaddaşına pozulmaz
naxışlarla yazılır, bir ömrün salnaməsinə çevrilir.
Belə
hadisələrdən biri də məhz bu günlərdə Şabran
şəhər R.Yusifov
adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə
böyük təntənə ilə qeyd edilən
bir insanın doğum
günüdür.O insanın ki, artıq dünyasını dəyişib,
iş yoldaşlarına, rəfiqələrinə,
şagirdlərinə, övladlarına və nəvələrinə
sevgi, məhəbbət dolu
çələng bəxş edən müəllim, ana, böyük bacı, nəhayət,
qayğıkeş bir insan
kimi xatirələrdə dərin iz buraxmışdır.
Məktəbin
pedaqoji kollektivi,rayon
ictimaiyyətinin nümayəndələri çox həzin,
kövrək hisslərlə əziz bir
insanın doğum gününə
toplaşmışdılar. Məktəbin geniş akt zalında böyük
pedaqoq və müəllim, tərbiyəçi
və yaxın sirdaş, fəal ictimaiyyətçi
və məktəb direktoru, mehriban ana və qayğıkeş
ailə başçısı Sədaqət Əziz qızı Əsgərovanın
ömür yolundan bəhs
edən xatirə şəkilləri, fotostendlər, medal və fəxri fərmanlar düzülmüşdü.
Səhnədə yanan şamlar yarımçıq qalan
bir ömrün şam kimi əridiyinə
elə bil bir nişanə
idi. Zalda sakitlik, bir səssizlik hökm sürürdü.
Bu səssizliyi
K.Xasıyevanın ifa etdiyi "Ana həsrəti"
musiqisinin lent
yazıları pozurdu. Gözlərdə yaş, ürəklərdə bir
nisgil...
Tədbiri
məktəbin direktoru R.Hüseynov
açaraq dedi: "Ömrünün çox
hissəsini elmə, təhsilə, insanlara
xidmətə həsr edən bu insan heç vaxt
yorulmamışdır. Şagirdlərinə sevə-sevə
biliklərin sirrini aşılamış,
fəal ictimaiyyətçi olmuşdur. Sədaqət müəllim
həqiqətən də mənəviyyatca zəngin bir ömür
yaşamış, fədakar bir insan kimi mənalı həyat
yolu keçmişdir.
Biz onun xatirəsini daim yaşadacaq,
yarımçıq qalmış işlərini davam etdirəcəyik".
S.Əsgərovanın
həyat və fəaliyyəti haqqında məktəbin təşkilatçı
müəllimi G.Rzayeva məlumat verdi. Onun məktəblə
bağlı həyatından lent
yazıları nümayiş etdirildi. S.Əsgərova 1985-ci ildə Şabran şəhər 2 nömrəli orta məktəbə direktor
təyin edilmiş, ömrünün
sonuna kimi bu çətin və şərəfli
işdə çalışmışdır. "Sevil" qadınlar məclisi rayon
şöbəsinin sədri, Şabran bələdiyyəsinin
üzvü, şəhər və rayon sovetlərinin deputatı, iki
dəfə respublika qadınlar
qurultayına, iki dəfə isə respublika müəllimlər qurultayına
nümayəndə seçilmişdir. S.Əsgərova
respublikanın "Əməkdar müəllimi" fəxri adina və "Tərəqqi" medalına layiq görülmüşdür.
Sədaqət
müəllim 23 il 2 nömrəli məktəbin
qapılarından içəri girib.Onun gənclik
illəri bu divarlar
arasında keçib. Qara
saçlarına burada dən düşüb.Gözünün nurunu qətrə-qətrə əridib ağ kağız kimi
beyinlərə. Tale alın
yazısından başlayır, deyirlər. Hər kəs öz qismətini yaşayır. Sədaqət
müəllimin də qismətinə tale
gözəl ailə, ağıllı, tərbiyəli övladlar bəxş edib.
3 qızı, 1 oğlu, 3 nəvəsi var. S.Əsgərova elinin,
obasının hörmətli-izzətli bir
xanımı,gözəl keyfiyyətlərə malik bir ziyalı idi. Bu gün
haqqında söylənilən gözəl fikirlərdən bir daha aydın oldu ki, o,
ölməmişdir, onu sevənlərin,
tanıyanların qəlbində yaşayır.
Sədaqət
müəllimi sevənlər, onun doğum gününə
yığışan yaxın dostları öz
xatirələrini söylədilər. Məktəb-liseyin dil-ədəbiyyat
müəllimi, illərlə Sədaqət
müəllimlə çiyin-çiyinə
çalışmış, həm də sinif
yoldaşı olmuş Həqiqət Əzimova
həzin xatirələri ilə
tədbir iştirakçılarını daha
da kövrəltdi. Məktəbin həmkarlar
təşkilatının sədri Z.Cəbrayılova, dil-ədəbiyyat
müəllimi S.Niknajad, müəllim Ş.Eminova və başqaları
çıxış edərək Sədaqət Əsgərova
haqqında dəyərli fikirlərlə onu
bir daha yad etdilər.
Məclisin
qonaqları, Şabran Rayon
İcra Hakimiyyətinin məsul işçisi M.Quliyeva, təhsil
şöbəsinin metodisti F.Əsgərova,
"Respublika" qəzetinin bölgə
müxbiri A.Tağıyev və
başqaları Sədaqət müəllimlə bağlı
xatirələrdən danışaraq onun pedaqoq, məktəb rəhbəri və ictimai xadim kimi fəaliyyətini yüksək
dəyərləndirdilər.
Sonra söz
məktəblilərə verildi. 9-cu sinif şagirdləri
kamanın həzin sədaları
altında Sədaqət müəllimə
həsr olunmuş şeirlər söylədilər.
Onun doğum
günündə iştirak edən nəvələri,
məktəbin şagirdləri Mehriban və Bahar da öz şeir
töhfələri ilə nənələrini yad
etdilər. Sədaqət müəllimin tədbirdə
iştirak edən ailə üzvləri: ömür - gün
yoldaşı, məktəbin idman müəllimi
Adil
Ağayev,qızları Fərzanə və Tünzalə
söz alaraq
analarının xatirəsini əziz tutduqlarına, onun doğum gününü bu gün təntənəli qeyd
etdiklərinə görə məktəb rəhbərliyinə
və tədbirə toplaşanlara öz minnətdarlıqlarını bildirdilər.
Bu gün rahat uyu, ana!
Sənin yolunu bir
müəllim kimi qızın Fərzanə
şərəflə yerinə yetirir.
Tədbir
kövrək, həzin musiqi sədaları
ilə sona çatdı. Xatirə şəkilləri çəkildi.
Bütün pedaqoji kollektiv, yaxınları gül-çiçək
dəstələri ilə onun qəbrini
ziyarət etdilər.
G.RZAYEVA,
Şabran
şəhər R.Yusifov adına
2
nömrəli texniki fənlər təmayüllü
tam
orta məktəbin məktəbdənkənar
və
sinifdən-xaric işlər üzrə təşkilatçısı
Azərbaycan
müəllimi.- 2012.- 29 iyun.- S.5.