Azərbaycanın on bir ali
təhsil müəssisəsi ilə Türkiyənin Hacəttəpə
Universiteti arasında əməkdaşlıq protokolu
imzalandı
İyunun 22-də Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycanın bir sıra aparıcı universitetləri
ilə Türkiyənin Hacəttəpə Universiteti
arasında elmi əməkdaşlıq və mübadilə
protokollarının imzalanması mərasimi keçirildi.
Təhsil Nazirliyində təşkil
olunmuş imzalanma mərasimində təhsil nazirinin müavini
Qulu Novruzov, Hacəttəpə Universitetinin rektoru, professor Murat
Tuncerin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə
də Azərbaycanın bir sıra aparıcı ali təhsil
müəssisələrinin rəhbərləri iştirak
edirdilər.
Mərasim
iştirakçılarını salamlayan təhsil nazirinin
müavini Qulu Novruzov Azərbaycanın 20 illik müstəqillik
tarixində ilk dəfə qardaş Türkiyənin bir ali məktəbi
ilə Azərbaycanın aparıcı universitetləri
arasında müvafiq protokolların eyni vaxtda
imzalandığını bildirdi. İmzalanacaq sənədləri
yüksək qiymətləndirən nazir müavini onların
20 il ərzində Türkiyə ilə təhsil sahəsində
yaradılmış əməkdaşlığa yeni təkan
verəcəyinə əmin olduğunu söylədi.
Q.Novruzov təhsil naziri Misir Mərdanovun
salamlarını qonaqlara çatdıraraq Azərbaycanda həyata
keçirilən təhsil islahatlarından söz
açdı, ali təhsil sahəsinin inkişafı istiqamətində
görülmüş işlərə toxundu. Azərbaycan
2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra ali təhsildə
islahatların uğurla aparılması, xüsusən də
ali təhsildə keyfiyyətin yüksəldilməsi, tələbələrin
biliyinin qiymətləndirilməsi, yeni ali təhsil standartlarının
yaradılması üçün xarici ölkələrlə
əməkdaşlığa ciddi ehtiyac
yarandığını deyən nazir müavini bu ehtiyacı
nəzərə alan ölkəmizin ali təhsil müəssisələrinin Avropa İttifaqı çərçivəsində
bir sıra xarici ölkə universitetləri ilə ikitərəfli
əməkdaşlıq əlaqələri qurduqlarını,
çoxsaylı müqavilələr imzaladıqlarını
diqqətə çatdırdı.
Nazir müavini ali təhsilin müasir tələblər
səviyyəsinə qaldırılması üçün
dünyanın qabaqcıl universitetləri ilə
yanaşı, Türkiyə ali məktəblərinin də təcrübəsindən
faydalanmağa ehtiyac olduğunu bildirib, universitetlərarası
əlaqələrin genişləndirilməsinin əhəmiyyətini
xüsusi qeyd etdi.
Son illər Azərbaycanda vüsətlə
aparılan iqtisadi islahatlar nəticəsində ciddi iqtisadi
inkişaf əldə olunduğuna diqqət çəkən
Qulu Novruzov iqtisadi inkişafın
davamlılığını,
dayanıqlılığını təmin etmək
üçün dünyanın ən qabaqcıl
texnologiyaları ilə davrana bilən yüksək
ixtisaslı, rəqabətqabiliyyətli mütəxəssis
kadrların hazırlanmasına hazırda ölkəmizdə
böyük önəm verildiyini, Azərbaycan Prezidenti
İlham Əliyev cənablarının təşəbbüsü
və tapşırığı
ilə ölkədə neft gəlirlərini insan
kapitalına çevirmək üçün strategiya
reallaşdırıldığını, bu strategiya çərçivəsində
təhsilə, o cümlədən də ali təhsilə
ciddi investisiyalar yatırıldığını,
dünyanın ən qabaqcıl universitetlərində kadr
hazırlığının həyata keçirilməsinə
başlandığını söylədi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə bu məqsədlə təsdiq olunmuş xaricdə təhsil
üzrə Dövlət Proqramının uğurla həyata
keçirildiyini bildirən nazir müavini proqram çərçivəsində
5 min azərbaycanlı tələbənin dünyanın
nüfuzlu universitetlərinə göndəriləcəyini və
indiyədək 1200 nəfərin göndərildiyini nəzərə
çatdırdı. Artıq azərbaycanlı gənclərin
dünyanın ən nüfuzlu universitetlərində oxumaq
imkanlarının daha da genişləndiyini söyləyən
Q.Novruzov bununla bərabər, ölkəmizdə qardaş
Türkiyənin ali məktəblərinə də kifayət
qədər maraq olduğunu vurğuladı.
Azərbaycanda olmaqdan məmnunluğunu
ifadə edən Hacəttəpə Universitetinin rektoru,
professor Murat Tuncer ölkələrimiz arasındakı
münasibətlərin təhsil sahəsindəki əlaqələrin
inkişafında mühüm rol oynadığını qeyd
etdi. Azərbaycanın bir sıra aparıcı universitetləri
ilə Hacəttəpə Universiteti arasında imzalanacaq elmi əməkdaşlıq
və mübadilə protokollarını yüksək dəyərləndirən
rektor bu əməkdaşlığın hər iki tərəf
üçün faydalı olacağına
inandığını söylədi. Professor Murat Tuncer rəhbərlik
etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək
bildirdi ki, 6 kampusu olan Hacəttəpə Universitetində
hazırda 36 min nəfərdən çox tələbə təhsil
alır. Universitetin 3485 nəfərlik professor-müəllim
heyəti vardır. Burada təhsil alan tələbələrin
791 nəfərini əcnəbi tələbələr təşkil
edir ki, onlardan da 101-i Azərbaycandan gələnlərdir.
Universitetdə 13 fakültə, 14 institut, 6 məslək
yüksək okulu, 2 yüksək okul, 41 araşdırma və
tədqiqat mərkəzi və Hacəttəpə Universitet Xəstəxanası fəaliyyət göstərməkdədir.
Rektor çıxışının sonunda əməkdaşlığın
gələcək inkişafına hərtərəfli dəstək
göstərəcəklərini diqqətə
çatdırdı.
Azərbaycanla
Türkiyə arasındakı münasibətlərdən, təhsil
müəssisələrinin qarşılıqlı əlaqələrindən söz açan Bakı Dövlət Universitetinin
rektoru, akademik Abel Məhərrəmov və Naxçıvan
Dövlət Universitetinin rektoru,
akademik İsa Həbibbəyli
ölkələrimizin ümumi mənafeyi
naminə təhsil
sahəsində əməkdaşlığın genişləndirilməsinin
zəruriliyini qeyd etdilər.
Mərasimin
sonunda Hacəttəpə Universiteti
ilə Bakı Dövlət Universiteti, Azərbaycan
Dövlət Neft Akademiyası,
Naxçıvan Dövlət Universiteti,
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan
Dövlət Pedaqoji Universiteti,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti, Bakı Musiqi
Akademiyası, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman
Akademiyası arasında elmi əməkdaşlıq
və mübadilə protokolları imzalandı.
Yusif
ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 29 iyun.- S.4.