Kitablar da dost kimidir,
çalışın etibarlısını
seçin
Ali məktəblərə
daxil olmaq üçün xüsusi
hazırlığa həmişə
ehtiyac olub. Çox az sayda
abituriyent qəbula müstəqil şəkildə hazırlaşa
bilir. Gündəlik dərslərə yaxşı hazırlaşmaq
qəbul imtahanlarını
uğurla vermək üçün kifayət
deyil. İllərlə
öyrəndiklərini sistemli
şəkildə təkrarlamaq,
nəzəri bilikləri
məsələ həllinə
tətbiq edə bilmək, testlərə tez
və doğru cavab vermək... Bütün bunlar indiki abituriyentin
qarşısında duran
əsas vəzifələrin
yalnız bir hissəsidir. Mükəmməl bir vəsait bu vəzifələrin yerinə
yetirilməsində abituriyentlərin
əsl yardımçısı
ola bilər. Akademik Z.Əliyeva adına liseyin
riyaziyyat müəllimi
Ə.Məmmədlinin bu
günlərdə çapdan
çıxmış "Riyaziyyat-I hissə:
9-11-ci sinif şagirdləri
və abituriyentlər
üçün vəsait"
adlı kitabı da elə bu
məqsədlə yazılmışdır.
Məzmununa, "hesab,
cəbr və analizin başlanğıcı,
birləşmələr və
ehtimal nəzəriyyəsinin
elementləri" daxil
olan vəsait
TQDK-nın Azərbaycan
Respublikası ali məktəblərinə keçirdiyi
qəbul imtahanlarının
riyaziyyat proqramına uyğun hazırlanmışdır.
Kitabda nəzəri biliklər sistemli şəkildə, yığcam
və sadə dillə
şərh olunmuşdur.
Hər paraqrafda nəzəri
hissə həlli ilə verilmiş misallarla möhkəmləndirilmişdir.
Vəsait müəllifin öz
oxucuları ilə
"canlı söhbəti"
ruhunda yazılmışdır.
Qəbul imtahanları zamanı bütün mövzulara aid testlərə
tez və doğru cavab vermək yolları vəsaitdə ayrı-ayrı
nümunələr üzərində
nümayiş etdirilmişdir.
Kitab orta məktəblərin riyaziyyat müəllimləri,
repetitorlar, IX-XI sinif şagirdləri və abituriyentlər üçün
çox faydalıdır.
Azərbaycan müəllimi.- 2012.- 29 iyun.- S.15.