Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiya iclasında 2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin V siniflərində işləyəcək müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərin təşkili ilə bağlı məsələ geniş müzakirə olunaraq qeyd edilmişdir ki,  ümumi təhsil sistemində həyata keçirilməkdə olan məzmun islahatları, o cümlədən yeni fənn kurikulumlarının, qiymətləndirmə sisteminin tətbiqi, müasir təlim metodlarının təlim prosesində istifadəsi pedaqoji kadrların ixtisasının artırılması zərurətini yaratmışdır. Bununla əlaqədar respublikanın bütün ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri xüsusi proqram əsasında fənn kurikulumlarının tətbiqi üzrə ixtisasartırma təhsilinə cəlb olunmuşdur. 2010-cu ildən başlayaraq ixtisasartırma təhsili sahəsində yeni modelin tətbiqi və modul-kredit sisteminə keçidlə əlaqədar tədbirlər həyata keçirilməkdədir.

Belə ki, 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili məqsədilə Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində respublikanın bütün rayon və şəhərlərini əhatə etməklə 12 iqtisadi zona üzrə təlimlərin həyata keçirilməsi nəzərdə tutulmuş və bu məqsədlə keçirilmiş tenderin nəticələrinə əsasən 4 təşkilat: "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", "İnkişaf" Elmi Mərkəzi, "Azad Müəllimlər Birliyi", "Şəxsiyyətin inkişafı və yeni pedaqoji texnologiyalar üzrə İctimai Birlik" təlim kurslarını keçirmək hüququ qazanmışdır. 2010-cu ilin iyun-sentyabr aylarında 112 təlim  mərkəzində yaradılmış 355 qrupda 109 təlimçi tərəfindən 7778 nəfər ibtidai sinif müəllimi 6 günlük (36 saat) təlim kursundan keçmiş, əldə etdikləri bilik və bacarıqların səviyyəsinə uyğun olaraq onlara sertifikatlar verilmişdir.

6 günlük təlim kursunun müəllimlərə müvafiq bilik və bacarıqların aşılanması üçün kifayət etmədiyi nəzərə alınaraq, 60 saatlıq (10 günlük) tədris planı və proqram hazırlanıb təsdiq edilmişdir. 2011-2012-ci dərs ilində 1-ci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək üçün təlim kurslarını təşkil edəcək təşkilatları müəyyənləşdirmək məqsədilə 2011-ci ilin yanvar-may aylarında tender keçirilmişdir. Tender komissiyasının qərarına əsasən respublikanın bütün rayon və şəhərləri əhatə edilməklə 9 iqtisadi zona üzrə təlimləri keçirmək hüququnu Abşeron, Aran, Dağlıq Şirvan və Yuxarı Qarabağ iqtisadi zonaları üzrə "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", Bakı şəhəri və Lənkəran iqtisadi zonaları üzrə "İnkişaf" Elmi Mərkəzi, Gəncə-Qazax iqtisadi zonası üzrə "Azad Müəllimlər Birliyi", Şəki-Zaqatala iqtisadi zonası üzrə "Yaşlıların Təhsili Assosiasiyası" İctimai Birliyi, Quba-Xaçmaz iqtisadi zonası üzrə "Təhsilin humanistləşdirilməsi İctimai Birliyi" qazanmış və təlim kurslarını təşkil etmişlər. 2011-ci ilin iyul-avqust aylarında 79 təlim mərkəzində, 444 qrupda 10417 ibtidai sinif müəllimi təlim kursundan keçmiş, kursu müvəffəqiyyətlə bitirən 10391 nəfərə sertifikat verilmişdir. Onlardan 5538 nəfəri I dərəcəli, 4853 nəfəri isə II dərəcəli sertifikat almışdır. Naxçıvan  Muxtar  Respublikasında  ibtidai  sinif  müəllimləri üçün təlimlər Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzi tərəfindən təşkil edilmiş, 358 ibtidai sinif müəllimi müvafiq təlim kurslarından keçərək sertifikat almışdır.

Son 4 ildə ümumilikdə 35 mindən çox ibtidai sinif müəllimi fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçərək müvafiq bilik və bacarıqlara yiyələnmiş, bununla da ibtidai siniflərdə işləyən müəllimlərin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə keçirilən təlimlər bir ixtisasartırma dövrü üçün başa çatdırılmışdır.

12.07.2011-10.08.2011-ci il tarixlərində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Respublika Milli Valideyn-Müəllim Assosiasiyası tərəfindən ibtidai sinif müəllimləri üçün keçirilən təlim kurslarının monitorinqi aparılmışdır. Monitorinq 18 regionda 24 təlim mərkəzini əhatə etmişdir. Monitorinq zamanı təlimlərin təşkili vəziyyəti, davamiyyət, təlimlərin proqrama uyğun keçirilməsi, İKT-dən istifadə, təlimçilərin bacarıqları, təlim iştirakçılarının fəallığı, əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilmiş, müvafiq sorğular və təhlillər aparılmışdır.

Monitorinqin nəticələrinə dair Təhsil Nazirliyinə təqdim olunmuş hesabatdan aydın olmuşdur ki, təlimlər proqrama uyğun aparılmış, təlimçilər peşəkarlıq və səriştəlilik nümayiş etdirmiş, təlim iştirakçıları kurslarda fəal iştirak etmişlər.

Monitorinq zamanı aşağıda qeyd olunan nöqsanlar da aşkar edilmişdir:

1. "Yaşlıların Təhsili Assosiasiyası" İctimai Birliyi tərəfindən keçirilən təlim kurslarında bəzi təlimçilərin peşəkarlıq və səriştəlilik səviyyəsinin kifayət qədər olmaması müşahidə edilmişdir.

2. "Müasir Təlim və Tədrisə Yardım Mərkəzi" və "Azad Müəllimlər Birliyi" təşkilatlarının keçirdiyi təlim kurslarında bəzi təlimçilər tərəfindən neqativ hallara yol verilməsinə cəhd olmuş, lakin bu hallar monitorinq zamanı aşkar olunaraq aradan qaldırılmışdır.

3. Təlimlərə cəlb olunmuş müəllimlərin siyahılarında uyğunsuzluq müəyyən edilmişdir (Zaqatala RTŞ, Balakən RTŞ).

4. "Azad Müəllimlər Birliyi" tərəfindən keçirilmiş təlimlərdə tam iştirak etməyən müəllimlərə sertifikatların verilməsi hallarına yol verilmişdir.

5. Təlimlərə cəlb olunan müəllimlərin siyahılarının dəqiqləşdirilməsi, təlim mərkəzlərinin müəyyənləşdirilməsi və onların zəruri texniki avadanlıqlarla təchizi və s. məsələlərin həllində bir sıra rayonların yerli təhsil orqanları tərəfindən gecikmə və laqeydlik hallarına yol verilmişdir.

6. Bəzi təhsil şöbələri tərəfindən təyin edilən əlaqələndiricilər öz funksiyalarını icra etmək əvəzinə, təlimləri keçirən təşkilatların və təlimçilərin işinə yersiz müdaxilələr etmiş, müəllimlərin təlim kurslarından yayınması, siyahıda adı olmayanların kursa cəlb edilməsi kimi neqativ hallara şərait yaratmışlar.

7. Bir sıra hallarda təlim kursunu keçirən təşkilatlar və ayrı-ayrı təlimçilər yerli təhsili idarəetmə orqanlarının əlaqələndiriciləri ilə razılaşma əsasında təlim kurslarının müqavilə şərtlərinə zidd olan  hərəkətlərə yol vermişlər.

Monitorinqin nəticələri barədə məlumat əsasında 2 nəfər təlimçi ("Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", "Azad Müəllimlər Birliyi") təlimlərdən kənarlaşdırılmışdır. Eyni zamanda yuxarıda qeyd olunan nöqsanlar barədə təlim keçirən təşkilatların və müvafiq rayon təhsil şöbələrinin rəhbərlərinə həmin nöqsanların qarşısının alınması və aradan qaldırılması barədə xəbərdarlıq edilmişdir.

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində 2012-2013-cü tədris ilində ümumtəhsil müəssisələrinin V siniflərində dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə müvafiq hazırlıq işləri aparılır. Təlim kurslarının düzgün planlaşdırılması və təşkili məqsədilə Təhsil Nazirliyinin 31.10.2011-ci il tarixli, 46-25-93-24/16 nömrəli məktubu (müvafiq forma əlavə edilməklə) yerli təhsil orqanlarına göndərilmişdir. Həmin məktubda ümumtəhsil məktəblərinin rəhbərləri tərəfindən V siniflərdə dərs deyəcək müəllimlərin optimal sayının müəyyənləşdirilməsi üzrə bir sıra tələblər müəyyənləşdirilmişdir. Təlimlərə cəlb ediləcək müəllimlərin sayının həddən artıq çox olması riskini azaltmaq məqsədilə 2012-2013-cü tədris ilində fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçəcək müəllimlərin tərkibi müəyyənləşdirilərkən təlim dili nəzərə alınmaqla, fənn müəllimlərinin aşağıdakı sayda siyahıya daxil edilməsi məqsədəuyğun hesab edilmişdir: Ana dili, riyaziyyat və xarici dil fənlərindən hər bir məktəb üzrə ən çoxu 2 müəllim; Azərbaycan tarixi, informatika, həyat bilgisi, texnologiya, təsviri incəsənət, musiqi və fiziki tərbiyə fənlərinin hər birindən hər bir məktəb üzrə 1 müəllim. Yeni fənn kurikulumlarının tətbiqinə keçidin ciddi məsuliyyət tələb edən proses olduğunu nəzərə alaraq, V siniflərdə kifayət qədər səriştəli və yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin dərs aparması, paralel siniflər olduqda belə, imkan daxilində dərslərin həmin müəllimlərə verilməsi tövsiyə olunmuşdur. Nəzərdə tutulan müəllimlər təlim kursunu müvəffəqiyyətlə bitirdikdən sonra ehtiyac yaranarsa, V siniflərdə uyğun ixtisas üzrə işləyəcək digər müəllimlərə fənn kurikulumunun tətbiqinə dair zəruri bilik və bacarıqların çatdırılması məqsədilə dərs ilinin əvvəlində, eləcə də ilboyu seminarlar, nümunəvi dərslər, digər metodiki tədbirlər təşkil etməlidirlər. Təlim kursları rayon və şəhərlərdə müəllimlərə yaxın olan mərkəzlərdə (məktəblərdə) təşkil ediləcəkdir. Bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin V siniflərində dərs deyəcək fənn müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin müəllimləri isə məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunacaqlar.

Təhsil Nazirliyi tərəfindən müəyyən təhlillər aparılmış və 2012-2013-cü illərdə V siniflərdə işləyəcək və təlimlərə cəlb ediləcək fənn müəllimlərinin təxmini sayı müəyyənləşdirilmişdir. 5 iqtisadi zona üzrə keçiriləcək təlimlərə ilkin hesablamalara görə altmış minədək müəllimin cəlb olunacağı proqnozlaşdırılmışdır. Təlimlərin təşkili ilə əlaqədar yerli təhsil orqanları da məsuliyyət daşıyırlar. İlk növbədə, V siniflərdə işləyəcək müəllimlərin dəqiq sayının müəyyənləşdirilməsi və onların siyahısının hazırlanaraq qeyd olunan tarixdə nazirliyə təqdim edilməsi əsas vəzifələrdəndir.

Qeyd etmək lazımdır ki, 2008-ci ildə ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarını keçirmək üçün 50 nəfər təlimçi olmuşdursa, 2011-ci ildə təlimçilərin sayı 200 nəfərə çatdırılmışdır. 2012-ci ildə təlimlərdə iştirak edəcək fənn müəllimlərinin sayının xeyli artması ilə əlaqədar daha 500 nəfər təlimçinin hazırlanması üçün Təhsil Nazirliyi YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinə müraciət etmişdir və bu istiqamətdə müvafiq tədbirlər artıq həyata keçirilməkdədir.

Kollegiya müəllimlərin ixtisasartırma təhsilinin müasir tələblər səviyyəsində təşkili ilə bağlı qarşıda duran aşağıdakı vəzifələri müəyyənləşdirmişdir:

1. İxtisasartırma  üzrə  yeni  modelin tətbiqi ilə əlaqədar dövlət sifarişi əsasında yeni maliyyələşmə mexanizmi hazırlanmalı və təsdiqinə nail olunmalıdır.

2. Təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ayrı-ayrı kateqoriyaları üçün ixtisasartırma təhsilinin minimum həddini, ixtisasartırma modullarını və modullar üzrə təlim proqramlarının siyahısını əhatə edən Kurikulum Çərçivəsi təsdiq olunmalıdır. 

3. Modul-kredit əsaslı ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və onların tətbiqinə icazə verilməsini təmin etmək üçün nazirliyin müvafiq struktur bölmələri ilə əlaqəli işləyən xüsusi komissiya və ekspert qrupları yaradılmalıdır.

4. İxtisasartırma təhsili üzrə proqramların təqdim edilməsi, qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi mexanizmini əks etdirən Sənədin təsdiqinə nail olunmalıdır.  

5. 2012-2013-cü tədris ilində V siniflərdə fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçəcək müəllimlərin siyahıları hazırlanmalıdır.

6. Təlimlərlə əlaqədar təşkilati işlər yüksək səviyyədə həyata keçirilməli, o cümlədən təlimləri həyata keçirəcək təşkilatların potensial imkanları, onlarla müqavilə bağlayan təlimçilərin bacarıqlarının obyektiv qiymətləndirilməsi aparılmalıdır. 

7. Məktəb direktorları üçün "Yeni fənn kurikulumlarının tətbiqinin idarə olunması" mövzusunda 5 günlük (30 saatlıq) təlim kurslarının keçirilməsi ilə əlaqədar təşkilati işlər yerinə yetirilməlidir.

Qeyd olunanları nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. 2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin V siniflərində işləyəcək müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərin təşkili barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiya qərarı rəhbərlik və icra üçün qəbul edilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri:

2.1. 2012-2013-cü tədris ilində V siniflərdə dərs deyəcək fənn müəllimlərinin siyahısını dəqiqləşdirsinlər, həmin siniflərdə səriştəli və müasir tələblər baxımından yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin işləməsini təmin etsinlər.

2.2. Təlim kurslarına cəlb edilən müəllimlərin siyahısını müvafiq forma üzrə tərtib etsinlər və nazirliyə təqdim etsinlər.

2.3. Təlim kurslarını həyata keçirəcək təşkilatla birlikdə 2012-ci ilin iyun-avqust aylarında kursların səmərəli keçirilməsi üçün müvafiq təlim mərkəzlərində lazımi şəraitin yaradılması, hər bir təlim otağının zəruri texniki vasitələrlə (kompüter, noutbuk, proyektor) təchizatı ilə bağlı müvafiq tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etsinlər.

3. Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin və məcburi köçkün rayonlarının təhsil şöbələrinin rəhbərləri 2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək fənn müəllimlərinin məktəblərin yerləşdiyi ərazi üzrə təşkil ediləcək mərkəzlərdə təlim kurslarına cəlb edilmələrini təmin etsinlər.

4. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov):

4.1. 2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin V siniflərində işləyəcək fənn müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə 60 saatlıq (10 günlük) təlim kurslarının təşkili ilə əlaqədar işləri davam etdirsin.

4.2. 2012-2013-cü tədris ilində V siniflərdə fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçəcək müəllimlərin siyahılarının hazırlanması və təlim kurslarının keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər planının hazırlanmasını və həyata keçirilməsini təmin etsin.

4.3. Təlim kurslarını keçirəcək təşkilatlara və onların təlimçilərinə əməli köməklik göstərilməsini, kursların keçirilməsinə nəzarət üçün əməkdaşların və monitorinq qruplarının rayon və şəhərlərə ezam olunmasını nəzərdə tutsun. 

4.4. Təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ayrı-ayrı kateqoriyaları üçün ixtisasartırma təhsilinin minimum həddini, ixtisasartırma modullarını və modullar üzrə təlim proqramlarının siyahısını əhatə edən Kurikulum Çərçivəsinin işlənib hazırlanmasını və təsdiqə verilməsini təmin etsin.

4.5. Modul-kredit əsaslı ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və onların tətbiqinə icazə verilməsini təmin etmək üçün nazirliyin müvafiq struktur bölmələri ilə əlaqəli işləyən xüsusi komissiyanın və ekspert qruplarının yaradılmasına dair təkliflər hazırlayıb təqdim etsin.

4.6. Təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ayrı-ayrı kateqoriyaları üçün ixtisasartırma təhsili üzrə proqramların təqdim edilməsi, qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi mexanizmini əks etdirən sənədin işlənib hazırlanmasını və təsdiqə verilməsini təmin etsin.

5. TSİİL üzrə əlaqələndirici qrupun direktoru (E.Rüstəmov):   

5.1. Respublikanın ümumi təhsil müəssisələrinin V siniflərində işləyəcək müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili ilə əlaqədar məsləhətçi təşkilatların seçilməsi üzrə tenderlərin keçirilməsini təmin etsin.

5.2. Məktəb direktorları üçün "Yeni fənn kurikulumlarının tətbiqinin idarə olunması" mövzusunda 5 günlük (30 saatlıq) təlim kurslarının keçirilməsi ilə əlaqədar təşkilati işləri yerinə yetirsin.

5.3. Təlimlərlə əlaqədar təşkilati işlərin yüksək səviyyədə həyata keçirilməsi, o cümlədən təlimləri həyata keçirəcək təşkilatların potensial imkanlarının, onlarla müqavilə bağlayan təlimçilərin bacarıqlarının obyektiv qiymətləndirilməsi üçün bütün zəruri tədbirləri görsün.

6. İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu (E.Rüstəmov) layihə çərçivəsində 2012-ci ildə ayrılacaq vəsait hesabına 2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin V siniflərində dərs aparacaq müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının keçirilməsi ilə bağlı müvafiq xərclər smetasının hazırlanmasını və təsdiq üçün rəhbərliyə təqdim olunmasını təmin etsinlər.

7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu (E.Rüstəmov) ixtisasartırma üzrə yeni modelin tətbiqi ilə əlaqədar dövlət sifarişi əsasında maliyyələşmə mexanizminin hazırlanıb təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsinlər.  

8. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzi (Ə.Abbasov) Naxçıvan MR-in ümumtəhsil məktəblərində 2012-2013-cü tədris ilində V sinifdə işləyəcək fənn müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi, təlim kurslarının təşkili, keçirilməsində yerli təhsil şöbələrinə və təlimçilərə əməli köməklik göstərmək üçün Mərkəzin əməkdaşlarının 2012-ci ilin iyul-avqust aylarında Naxçıvan MR-ə ezam olunmasını nəzərdə tutsun.

9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

24 fevral 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 2 mart.- S.2.