Qədim və zəngin Azərbaycan mətbəxini sevdirən insan

 

Bəzən insanın taleyində uşaqlıq dövrünün adi bir məişət həvəsi onun gələcək ömür yolunun müəyyənləşdirilməsində mühüm amilə çevrilir. Uşaqlıq adəti vərdişə, vərdiş isə taleyə biçilir. 1942-ci il fevral ayının 6-da Azərbaycanın dilbər guşələrindən olan füsunkar və əsrarəngiz, zümrüd rəngli meşələr qoynunda yerləşən qədim Şəkidə (Nuxa) sadə bir sənətçi ailəsində dünyaya göz açmışdı Əhməd-Cabir Əhmədov.  Ailədə səkkiz uşaq olsalar da, nədənsə anası daim onunla həmdəm olan Əhməd-Cabirə daha çox ev işləri buyurardı.

 

Balaca Əhməd uşaqlıqdan anasına ev işlərinə kömək etməkdən usanmazdı. Təndirə çırpı salar, xəmir yoğurar, xörəklərin hazırlanmasında evə canla-başla kömək edərdi. Onun mətbəxə həvəsini görən  atası İsmayıl kişi Əhməd-Cabiri orta məktəbi bitirən kimi 1958-ci ildə Bakı Ticarət Kulinar Şagirdliyi Məktəbinə qənnadıçı ixtisasını öyrənmək üçün paytaxta göndərir. Təhsil illərində ixtisasına mükəmməl yiyələnən Əhməd-Cabir məktəbi bitirən kimi yenidən doğma Şəkiyə yeyinti kombinatına qənnadıçı usta kimi qayıdır.

Şəki həm də Azərbaycanın qədim və zəngin mətbəx mədəniyyətinin simvoludur. Bu şəhərdə yaşayıb işləyən adam istər-istəməz həmin məişət mədəniyyətinin daşıyıcısına çevrilir. Gənc Əhməd-Cabir də öz işi ilə yanaşı, 3 nömrəli orta məktəbdə də şagirdlərə qənnadıçılıq peşəsinin sirlərini öyrədirdi. O, 1961-ci ildə ordu sıralarına çağırılanda  əsgər yeməkxanasında aşpaz kimi çalışdı. 1964-cü ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin əmtəəşünaslıq fakültəsinə daxil olaraq bu təhsil ocağını "Ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdi. Elmə olan həvəsi Əhməd-Cabiri 1968-ci ildə istehsalatdan ayrılmaqla aspiranturada təhsilini davam etdirməyə sövq etdi. 1973-cü ildə "Azərbaycanda becərilən zəfəranın əmtəəşünaslıq xassələrinin öyrənilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Elə həmin ildən də Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əvvəlcə assistent, sonra baş müəllim, dosent, dekan,  kafedra müdiri vəzifələrində işləyib. Ümumiyyətlə, 30 ildən artıq bir dövrdə həmin təhsil ocağında rəhbər vəzifələrdə çalışır. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının qərarı ilə ərzaq malları əmtəəşünaslığı kafedrasında professor vəzifəsini daşıyan Əhməd-Cabir Əhmədov bu günədək həmin təhsil ocağında kafedra müdiridir. İlk elmi məqaləsini hələ III kursda ikən yazan Əhməd-Cabir müəllim elmi-pedaqoji fəaliyyəti dövründə ərzaq malları əmtəəşünaslığı və qida məhsullarının texnologiyası ilə bağlı çox dəyərli tədris metodiki vəsaitlərin, proqram, monoqrafiya, dərsliklərin müəllifidir. 1970-ci ildə Azərbaycanın qida sektoruna aid "Şəki şirniyyatı" kitabı ilə yaradıcılığa başlayan Əhməd-Cabir müəllimin bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada 60-dək kitabı saxlanılır. 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasında ərzaq məhsullarına aid 72 məqaləsi nəşr olunmuşdur. Hələ təkcə "Azərbaycan kulinariyası" kitab-albomu müxtəlif illərdə 4-5 dəfə 3 dildə - Azərbaycan, rus və ingilis dillərində işıq üzü görmüşdür. Gənc ailənin ensiklopediyası seriyasından "Dadlı və ləzzətli xörəklərin sirri", "1001 şirniyyat", "Azərbaycan şərbətləri və sərinləşdirici içkilər", "Evdə konservləşdirmə", "Azərbaycan kulinariyasının inciləri", "Ədviyyələr və qatmalar", "Müasir Azərbaycan mətbəxinin xörəkləri", "Azerbaydjanskaya kuxnya", "Ədviyyələr və tamlı qatmalar", "Azərbaycan üzümündən qidalı məhsullar", "Azərbaycan çayı", "Tortların hazırlanması", "Azərbaycan çörəyi" kitabları Əhməd-Cabir müəllimə  geniş oxucu rəğbəti qazandırmışdır. Son illər Əhməd-Cabir müəllim yaradıcılığında publisistikaya da yer ayırmışdır. 2007-2008-ci illərdə nəşr olunmuş "Hacı İsmayıl - 100" və "50 il əmək cəbhəsində" kitabları ilə nəsr sahəsində də qələmini sınayan alim bir çox hekayələr də yazmış və dövri mətbuatda nəşr etdirmişdir. Əhməd-Cabir Əhmədov elmi-pedaqoji işi ilə yanaşı, Azərbaycan Jurnalistlər Birliyinin fəal üzvlərindən biri kimi "Qızıl Qələm" media mükafatına layiq görülmüşdür. 2002-ci ilin iyununda isə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə elmdə və təhsildə səmərəli fəaliyyətinə görə ona "Əməkdar müəllim" fəxri adı verilmişdir.

Ölkəmizin qida sənayesi sektorunda liderlik edən "Azərsun-Holdinq" şübhəsiz ki, belə bir mütəxəssisin elmi tövsiyələrindən bəhrələnməyə bilməzdi. 2003-cü ildən digər işləri ilə yanaşı, "Azərsun-Holdinq"də qida sənayesinin elmi əsaslarının proqramlaşdırılmasında, qida istehsalında müşavir kimi Əhməd-Cabir Əhmədovun xidmətləri vardır. Dəfələrlə Azərbaycan mədəniyyətinə və təhsilinə dəstək verən "Azərsun-Holdinq" şirkəti bu dəyərli alimin kitablarının çap sponsoru olmuşdur ki, həmin kitablar da təhsil ocaqlarımızda oxuyan tələbələrin dərs vəsaiti və qadınlarımızın mətbəxdə sevimli öyrənc yerinə çevrilmişdir.

Əhməd-Cabir Əhmədov gözəl bir ailə başçısı kimi 2 oğul atası və 5 nəvənin sevimli babasıdır. Tale elə gətirmişdir ki, atası İsmayıl kişi Şəkidən Bakıya köç edəndə Təzə Pir məscidində Qafqaz Müsəlmanları Ruhani İdarəsində çalışmışdır. İslami dəyərlərə olan sadiqliyi 2006-cı ildə ona müqəddəs Həcc ziyarətini də qismət etmişdir. Artıq neçə illərdir ki, "Qurani-Kərim"də qida maddələri və qidalanmanın islami şərtləri" adlı monoqrafiya üzərində işləyir. 46 çap vərəqi həcmində yazdığı "Azərbaycan mətbəx ensiklopediyası" kitabı da bu günlərdə işıq üzü görəcəkdir.

Ömür karvanının müdriklik zirvəsində 70-ci baharını yaşayan Əhməd-Cabir müəllim şərəfli ömrü ilə əslində çox məhsuldar alim, zəhmətkeş mütəxəssis kimi gəncliyimizin örnəyinə çevrilmişdir. Daim axtarışlar aparan, yazan, yaradan, qələmini bir dəqiqə belə yerə qoymayan Ə.Əhmədovun taleyində Azərbaycan nəsrinin korifeylərindən olan Qılman İlkin kimi şəxsiyyətin kürəkəni olmaq qisməti də həyatının uğur açarına çevrilmişdir. Əhməd-Cabir və Xumar xanım cəmiyyətə ağıllı və savadlı övladlar bəxş etmişdir. Hər bir insanın özündən sonra həyatdakı izi onun yaratdığı əsərlər, gördüyü işlər və cəmiyyətə bəxş etdiyi övladlardır. Bu mənada Əhməd-Cabir müəllim xoşbəxt ata, qayğıkeş müəllim və məhsuldar alimdir ki, onun yaratdığı əsərlərdən bəhrələnirlər.

70 illik yubileyi münasibətilə biz də Əhməd-Cabir müəllimi səmimi-qəlbdən təbrik edir, ona şirin nemət olan cansağlığı, elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılığında böyük uğurlar arzulayırıq. Azərbaycanın qədim və zəngin mətbəxinin dünyada tanıdılmasında bundan sonra da ona yeni yaradıcılıq müvəffəqiyyətləri diləyirik.

 

 

Mirvari RƏHİMZADƏ,

əməkdar journalist

 

Azərbaycan müəllimi.- 2012.- 2 mart.- S.7.