Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

 

Fevralın 24-də Azərbaycan Dillər Universitetində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. İngilis dilinin üslubiyyatı və nitq mədəniyyəti kafedrasının müəllimi İradə Səmədovanın təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Tədbiri giriş sözü ilə ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev açaraq, respublikamızda, eləcə də bütün türk dünyasında Xocalı soyqırımını anım mərasimlərinin keçirildiyini bildirdi. Xocalı soyqırımını misli olmayan faciə kimi xarakterizə edən prorektor bu soyqırımı dəqiqliklə öyrənməyin və gənc nəslə aşılanmasının vacibliyini qeyd etdi. Bildirdi ki, Xocalı soyqırımının anım mərasimləri bütün il boyu keçiriləcək.

1 saylı ingilis dili fakültəsinin tələbələri ingilis dilində "Qarabağ dünən və bu gün" mövzusunda çıxış etdilər və Xocalı soyqırımı haqqında məlumat verdilər. Daha sonra soyqırımı özündə əks etdirən videoslayda baxış oldu.

ADU-nun tarix kafedrasının əməkdaşı, əslən Xocalıdan olan Ramin Quliyev faciə günü gördüyü və yaddaşına həkk olunmuş dəhşətli anları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Xocalıdan çıxarkən 7 yaşı olduğunu deyən R. Quliyev öz yaxınlarının, qohumlarının çoxunu faciə günü itirdiyini qeyd etdi. Bildirdi ki, 27 ailənin hər birindən yalnız 1 nəfər salamat qalıb: "Onları tərcüməçi ilə təmin edib xarici ölkələrə göndərmək lazımdır ki, gördükləri, şahidi olduqları tükürpərdici hadisələri dünyaya yaysınlar. Belə olarsa, dünya ictimaiyyətində erməni vəhşiliyi haqqında aydın təsəvvür yaranar".

Sonra ADU-nun Ülvi Bünyadzadə adına muzey-lektoriyasının rəhbəri Könül Yaqubova Zeynab Kazımovanın "Xocalı" şeirini söylədi.

ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək Xocalı şəhidlərinə rəhmət dilədi. Əmin olduğunu bildirdi ki, soyqırımına məruz qalmış insanların qanı yerdə qalmayacaq, dünya ictimaiyyəti bu soyqırımına kəskin münasibət göstərəcək.

 

***

 

Bakıdakı 304  nömrəli məktəb-liseydə  Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının  anım mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə məktəb-liseyin foyesində şagirdlərin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr etdikləri  rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular. Dövlət himni ifa olundu. Üçrəngli Dövlət bayrağı "Koroğlu" operasının uvertürasının sədaları altında səhnəyə gətirildi.  Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru İradə Hüseynova Xocalının işğal edilməsi ilə bağlı bəzi tarixi faktları xatırlatdı. Qeyd olundu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni yaraqlıları Xankəndində yerləşən 366-cı alayın köməyi ilə Xocalıya hücum etdilər. Öz hökumətindən kömək görməyən silahsız Xocalı sakinləri vəhşicəsinə öldürüldü, şikəst edildi, əsir götürüldü.  Beləliklə, XX əsrin ən dəhşətli faciəsi baş verdi. O dövrdə hakimiyyətdə olanların xalqımızın başına gətirilən müsibətlərə  laqeyd münasibət  bəslədiyini təəssüf hissi ilə xatırladan İradə Hüseynova bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə ölkəyə rəhbərlik etməyə başladıqdan sonra Xocalı faciəsinə siyasi qiymət verilməsinə nail oldu.

Tədbirin aparıcıları Xocalı faciəsinin 20-ci ildönümü  ilə əlaqədar məktəb-liseydə  görülən işlər barədə iştirakçılara məlumat verdilər.

Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar məktəb-liseyin yuxarı sinif şagirdlərinin beynəlxalq təşkilatlara ünvanladıqları müraciəti dinlənildi. Müraciətdə qeyd olundu ki, ermənilərin dünyaya özlərini yazıq göstərərək törətdikləri cinayətləri, vəhşilikləri kölgədə qoymaları və bir çox beynəlxalq təşkilatların bu hadisəyə göz yumması bizi çox təəssüfləndirir. Biz 304 nömrəli məktəb-liseyin şagirdləri dünyanın ziyalılarını, siyasətçilərini 1992-ci ilin fevralında Azərbaycan  xalqına qarşı törədilmiş soyqırımına qiymət verməyə çağırırıq!

 Xocalı faciəsinə həsr olunmuş "Xocalı fəryadı" adlı  ədəbi-bədii kompozisiya göstərildi. Tədbirin sonunda Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı əsrin faciəsini əks  etdirən  film nümayiş olundu. 

 

***

 

Bakı Sənaye-Pedaqoji Kollecində   Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş "Xocalı qisasa çağırır bizi" adlı ədəbi-bədii gecə  keçirildi. Əvvəlcə tədbir iştirakçıları kollecin foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət fotosərgi ilə yaxından tanış oldular.  Dövlət himni ifa olundu.  Üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi. Vətənimizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan gecənin aparıcıları Xocalı faciəsi haqqında geniş məlumat verdilər.

Kollecin direktoru Vidadi Orucov  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində misli görünməyən ən qanlı faciələrdən biri olan Xocalı soyqırımından danışdı. Bildirdi ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni qəsbkarlarının və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır.

Tələbələr həmin  gecə dinc əhalinin başına gətirilən müsibətlərdən,  azğınlaşmış erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri vəhşi hərəkətlərindən, faciədən  ürəkağrısı ilə söz açdılar. 

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin lentə aldığı Xocalı soyqırımı, erməni daşnaklarının vəhşiliklərini, amansızlıqlarını əks etdirən videogörüntülər göstərildi.

Sonda kollecin tələbələri "Xocalı qisasa çağırır bizi"  ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

 

***

 

Sumqayıt şəhərindəki  3 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Müəllimlərin, şagirdlərin, valideynlərin və veteranların iştirakı ilə keçən tədbiri giriş sözü ilə məktəbin direktoru Tirmə Qurbanova açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum edərək burada yaşayan dinc sakinlərə qarşı törətdikləri misli görünməmiş vəhşiliklərdən danışıb.

Tədbirdə Qarabağ müharibəsi veteranı Tofiq Mikayılov, şəhər təhsil şöbəsi veteranlar şurasının sədri, qabaqcıl maarif xadimi Məşdi Zeynalov, gənclərin çağırışaqədərki hərbi rəhbəri Mübariz Muradov, 13 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, Qarabağ müharibəsi veteranı Asif Yusifov, 25 nömrəli tam orta məktəbin veteran müəllimi Qalib Heydərli çıxış edərək ermənilərin zaman-zaman xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətdiklərini və  XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, amansızlığı və qəddarlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu vəhşiliklərin ən qanlı səhifəsi olduğunu vurğulayıblar.

Mərasimdə məktəbin məzunları Fuad Qəhrəmanov, Turan Xəlilov, Həzi Ağayev tərəfindən hazırlanmış "Qarabağ" filmi nümayiş etdirilib. Sonra məktəbin özfəaliyyət kollektivinin üzvləri "Xocalı fəryadı" tamaşasını göstəriblər. Məktəbin 1"a" və 1"c" sinif sagirdləri Xocalı faciəsi ilə bağlı seir və bayatılar söyləyiblər.

Sonda tədbir iştirakçıları məktəbin foyesindəki "Şəhidlər guşəsi"nin önünə tər çiçəklər düzüblər.

 

***

 

Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar "Xocalı faciəsi unudulmayacaq" adlı tədbir keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimi Afərim Abdulovanın rəhbərliyi ilə V "c" sinfinin hazırladığı anım tədbirində məktəbin bütün müəllim və şagird kollektivi iştirak edib. Aparıcılar Elroman Əlizadə və Selcan Cahangirova Xocalı qətliamı ilə bağlı tükürpərdici faktları bir daha xatırladıblar.

Aytac Axundova, Şövqi Əlili, Ruhiyyə Əliyeva, Elşad İbrahimov o dəhşətli gecəni əks etdirən səhnəcikləri ifa ediblər.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Əliyeva öz çıxışında şagirdləri Milli Qəhrəman Mübariz İbrahimov kimi cəsur, qorxmaz olmağa, vətən sevgisini hər zaman önə çəkməyə, xocalıların və bütün şəhidlərimizin qisasını almağa çağırıb.

Tanınmış şairlərin vətənpərvərlik ruhunda yazdıqları şeirlərdən seçmələri isə Fərid Mustafayev, Mehriban Kərimova, Məhəmməd Manafov, Ağakişi Sadiqov və b. səsləndirib.

Tədbir direktor Əlibala Paşayevin "Mən inanıram ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq, xocalıların günahsız tökülən qanlarını yerdə qoymayacaq" - sözləri ilə başa çatıb.

 

***

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında  Bakıdakı 201  nömrəli tam orta məktəbin şagirdlərinin ifasında  "Dünya hara baxır görən?" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Öncə  kitabxananın direktoru Firuzə Quliyeva Xocalı soyqırımı haqqında geniş məlumat verib. Proyektorla Xocalı şəhərinin tarixi, mədəniyyəti haqqında və Azərbaycanın Milli  Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi kadrlar göstərilib.

Tədbirin sonunda şagirdlərə  "Göy qurşağı" jurnalı hədiyyə olunub. 

 

 

Azərbaycan müəllimi.- 2012.- 2 mart.- S.7.