Peterburqda oxumuş tələbələrimiz

(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında)

 

Gərəkli bir-iki söz

 

Bu silsilədən olan məqalələri yalnız Sankt-Peterburq arxivindən götürdüyüm materiallar üzərində qurmağı düşünürdüm. Ancaq Nəsir bəy Tahirova çatanda gördüm ki, bu, özünü o qədər doğrultmur, çünki haqqında danışılacaq tələbənin şəxsiyyəti toplumuza maraqlıdır əldə onunla bağlı başqa bəlgələr var. Belə olduqda yazı niyə dar çərçivəyə salınsın?

Azərbaycanda bu günədək Nəsir bəy Tahirovdan danışan ayrıca bir məqalə yazılmayıb. Buna bəlkə dözmək olar. Ancaq onun atası - Zaqafqaziya şeyxülislamı Axund Mirzə Həsən bəy Tahirzadənin həyatının qaranlıqlar içində qalması isə dözülməzdir. Buna görə əlinizdəki məqalədə Azərbaycan arxivlərindən götürdüyüm bəlgələrdən əlavə bilgilərdən yararlanmağı qərara aldım.

Qarabağda - Şuşada yetişərək ad-san qazanmış Tahiroğulları - Tahirzadələr/Tahirovlar soyu çox qol-budaqlıdır. Ancaq onların şərəfli tarixi özlərinə layiq genişliklə öyrənilmədiyinə görə bu gün həmin soyadı daşıyan insanlar arasında nəinki bağlar qopub, hətta onlar qohum olduqlarını belə bilmirlər. Doğrudur, görkəmli araşdırıcı Ənvər Çingizoğlu (Fərəcov) Qarabağın bir çox soyları kimi Tahiroğullarının da tarixini ortaya qoymaq üçün xeyli zəhmət çəkib və dəyərli "Tahirovlar" məqaləsini yazıb ("Soy" dərgisi, 2008, 3), ancaq təbii ki, bir yazıda belə geniş bir mövzunu əhatə etmək mümkünsüzdür.

Xatırladım ki, damarlarında eyni qanı daşıyan soydaşlarımız arasında Əziz bəy Tahirov, Fatma xanım Kəminə, Rəsul bəy Tahirov, Əliş bəy Tahirov, keçmiş xarici işlər naziri Tahirə xanım Tahirova, "Pravda" qəzetinin Azərbaycan üzrə keçmiş müxbiri Leonid Tahirovbir çox başqa görkəmli aydınlarımız var.

Bu yazıdakı sənədlərin mətnində düz mötərizə [ ] içərisində verilən sözlər və adi mötərizə içərisindəki aydınlatmalar müəllifindir.

 

2. Tahirov Nəsir bəy Axund Mirzə Həsən bəy oğlu

(5 fevral 1864, Şuşa-?)

(SPb. MTA, f.14, s.3, 23773, 1884-cü il)

 

 

İki tələbədən birincisi

 

Araşdırıcı Ənvər Çingizoğlunun bildirdiyinə görə, Tahiroğullarının ulu babası Güney Azərbaycanın Sərab vilayətinin Gərmərud mahalında yaşamış Məhəmmədtahir bəydir. Onun törəmələri sonralar Qarabağa gələrək Şuşa şəhərində, Cavanşir mahalının Kəngərli və Qapanlı kəndlərində yerləşiblər. Şeyxülislam Axund Mirzə Həsən bəy Tahirzadə də həmin Məhəmmədtahirin soyundandır.

1884-cü ildə Sankt-Peterburq İmperator Universitetinə yalnız iki Azərbaycan Türkü qəbul olunmuşdu: Nəsir bəy Mirzə Həsən bəy oğlu Tahirov və Əlimərdan bəy Əliəkbər bəy oğlu Topçubaşov. Maraqlıdır ki, onların ikisiuniversitetin fizika-riyaziyyat fakültəsində oxusa da sonradan hüquq fakültəsinə dəyişilərək oranı bitirib.

Nəsir bəyin tələbə şəxsi işi daha əvvəl açıldığına görə yazmağa öncə ondan başlayırıq.

 

Doğum haqqında şəhadətnamə

 

Rusiya ali məktəblərində oxumuş bütün tələbələrimizin şəxsi işlərində hökmən doğum haqqında şəhadətnamə də var. Eyni səhifədə həm türkcə (təbii ki, ərəb qrafikasında), həm də rusca yazılmış şəhadətnaməni şəxsən ya Zaqafqaziya şeyxülislamı (şiələr üçün), ya da müftisi (sünnilər üçün) imzalayaraq təsdiqləyir. Şeyxülislam Axund Əhməd Hüseynzadənin (Əli bəy Hüseynzadənin babası) imzaladığı sənəddə oxuyuruq ki, bu şəhadətnamə Nəsir bəy Mirzə Həsən bəy oğlu Tahirova ondan ötrü verilib ki, o, gerçəkdən həmin Mirzə Həsən bəyin öz qanuni arvadı Səlma xanım Seyid Əli qızından 5 fevral 1864-cü ildə doğulmuş oğludur və həmin adı ona Şuşa qəzasının keçmiş qazısı, rəhmətlik Mirzə Əbülqasım verib.

Doğrudur, burada tələbənin adı "Nəsir" yazılıb, ancaq onun əsl adı bəzi sənədlərdə "Nəsrullah" göstərilib; deməli, "Nəsir" həmin adın qısaltmasıdır.

 

Kamal attestatı

 

Bu sənəd Nəsir bəyin yaşamının bir anına işıq salmaq baxımından da maraqlıdır. Orada Nəsir bəy Tahirovun bəy silkindən olduğu, 5 fevral 1864-də Şuşada doğulduğu, Kronştadt gimnaziyasında 3 il, Tiflis 1-ci gimnaziyasında 6 il oxuduğubir il də VIII sinifdə olduğu göstərilib. Qiymətləri "3" və "4"-dür.

Soruşula bilər ki, Nəsir bəyin Kronştadtdaişi var ki, orada 3 il oxuyub? Məncə, çox da baş sındırmağa dəyməz - atasının xidmətiylə bağlı olaraq gənc gimnazistPeterburqa tabe bu şəhərdə ailəsiylə birgə yaşayıb.

 

Nəcabət haqqında şəhadətnamə

 

Bu bəlgə də bir çox baxımdan maraq doğurur. Öncə ana dilimizdə - türkcə yazılmış, sonra rusca kiçik əlavələr edilmiş sənədin bizim dilimizdəki mətnini qısaltmadan və dilinə toxunmadan verirəm: "1872-minci ilin sentyabr ayının 18-minci günündə biz, zeyldə (aşağıda) dəsti-xətt yazan Qarabağ vilayətinin xanzadə və məlikzadə və bəyzadələri bu şəhadətnaməni Nəsir bəy Mirzə Həsən bəy oğlu Tahirova verirük bu üzrə ki, müşarileyh (haqqında danışılan şəxs) Qarabağın qədimül-əyyamda xan əsrlərindən sahibi-ehtiram və nəcib bəylərinin nəslindəndir, necə ki, onun ocağını cənab müstətab (çox hörmətli) imperatorzadeyi-əfxəm (daha böyük imperator oğlu) canişini-Qafqaz tərəfindən təyin olunan bəy kamisyəsi dəxi nəslənbədnəsl (nəsilbənəsil) bəylərinin cümləsindən hesab edübdir, lihaza (buna görə) bu qövlümüzün (dediyimizin) istehkamı (təsdiqi) üçün həmin şəhadətnaməyə qol yazduq.

 

Mən Ağa bəy Cavanşir qol yazdım.

Mən Kərim ağa Cavanşir [qol yazdım].

Mən Abbas bəy Cavanşir qol yazdım.

Mən Paşa ağa Cavanşir [qol yazdım].

Mən Abbasqulu ağa Xancan ağa oğlu [qol] yazdım.

Mən İsgəndər bəy Əmiraslan bəy oğlu qol yazdım.

Mən Qasım ağa Cavanşir qol yazdım.

Qubernski sekredar Hüseyn bəy Usubov".

 

Sənədin sonundakı rusca əlavədə şahidlərə bunlar da artırılıb: kollej katibi Haşım bəy Vəzirov, Fərəc bəy Vəlibəyov, Əsəd bəy Behbudov, kollej qeydiyyatçısı Cavad bəy Əliyev, quberniya katibi Mehdi bəy Camalov, kollej qeydiyyatçısı Cəfər bəy Vəzirov.

Bu şəhadətnaməni gerçəkdən 14 nəfərin imzalamasını 29 sentyabr 1872-ci ildə Şuşa şəhər polis pristavının köməkçisi poruçik Rəfibəyov təsdiqləyib.

 

Fakültədən fakültəyə

 

Bunu xatırladım ki, Nəsir bəy 1884-cü ildə Qori Müəllimlər Seminariyasını bitirib. Elə həmin il də sənədlərini Sankt-Peterburq Universitetinə verərək oraya qəbul olunub. 29 sentyabr 1884-cü ildə rektora yazdığı ərizədə xahiş edib ki, məni hüquq fakültəsinin 1-ci kursundan fizika-riyaziyyat fakültəsinə keçirin. Arzusuna əməl edilib. Ancaq yeni fakültənin 2-ci kursundaykən hansı səbəbdənsə yenidən hüquq fakültəsinə dönmək istəyib və 17 dekabr 1885-ci ildə bu haqda rektora ərizə verib. Görünür ki, özünü nümunəvi tələbə kimi tanıtdığına görə universitet rəhbərliyi onun nazı ilə oynayıb və bu istəyini də gerçəkləşdirib. Beləliklə, o, sonadək hüquq fakültəsində oxuyaraq oranı bitirib.

 

Qafqaz təqaüdü

 

Tiflisdə yerləşən Xalq Təhsili Nazirliyinin Qafqaz Tədris Dairəsi dövlət xəzinəsi hesabına oxumaq üçün hər il Qafqazın yerli xalqlarının nümayəndələrindən öncədən müəyyənləşmiş sayda Rusiyanın ali məktəblərinə göndərirdi. Şərt də bu idi ki, məktəbi bitirənlər hökmən qayıdıb Qafqazda bir neçə il işləməliydilər.

XTN Qafqaz Tədris Dairəsinin hamisi (popeçiteli) 8 fevral 1887-ci ildə Sankt-Peterburq İmperator Universitetinin rektoruna yazdığı 853 saylı məktubda bildirir: "Zaqafqaziya Şeyxülislamı Axund [Mirzə Həsən bəy] Tahirov onun oğlu, Siz əlahəzrətin rəhbərlik etdiyi universitetin hüquq fakültəsinin 2-ci kurs tələbəsi Nəsir bəy Tahirova Qafqaz təqaüdü verilməsi xahişi ilə mənə müraciət edib.

Bununla bağlı olaraq Siz əlahəzrətdən acizanə xahiş etməklə şərəflənirəm ki, Nəsir bəy Tahirovun uğurları və davranışı haqqında mənə məlumat verəsiniz və onun Qafqaz təqaüdü təyin edilməsinə layiq olub-olmaması haqqında fikrinizi bildirəsiniz".

Rektor bu məsələyə çox tez baxıb və cəmi iki həftədən sonra - 23 fevral 1887-də cavab yazaraq bildirib ki, etirazım yoxdur. Bu razılıqdan sonra Nəsir bəy təhsilini, əlbəttə, Qafqaz təqaüdüylə, yəni xəzinə hesabına davam etdirib.

 

Siyasi səbatlılıq haqqında... şəhadətnamə

 

Unutmayaq ki, Nəsir bəyin universitetdə oxuduğu dönəmdə Rusiya mühitində mütləqiyyətə qarşı ciddi etirazlar vardı və ali məktəb tələbələri inqilabi düşüncələrin başlıca daşıyıcılarıydı. Bu üzdən də universitet məzunlarına dövlət müəssisələri ehtiyatla yanaşır, onlardan ali məktəbdə özlərini necə aparmaları haqqında arayış tələb edirdi. SPb. Universitetinin rektoru hüquq fakültəsini bitirmiş Nəsir bəy Tahirova 11 aprel 1890-cı ildə bu məzmunda bir şəhadətnamə də vermişdi ki, universitetdə oxuduğu müddətdə ondan qanunazidd heç bir hərəkət, yaxud hakimiyyətin qoyduğu qaydalara sayğısızlıq görünməyib.

1893-cü ildə verilmiş bir vəsiqədə Nəsir bəyin Tiflis Dairə məhkəməsində işlədiyi göstərilir. Təəssüf ki, onun sonrakı həyatı haqqında əlimizdə bilgilər yoxdur. Ənvər Çingizoğlunun mənə bildirdiynə görə, Nəsir bəy 1918-ci ildə - Cümhuriyyət dönəmində Azərbaycanda da məhkəmə sistemində çalışıb. İnanmaq istərdik ki, tarixçilərimiz bu boşluğu dolduracaq, ilk hüquqşünaslarımızdan olan Nəsir bəy Tahirovun həyatının sonrakı dövrünü də öyrənəcəklər.

 

Şeyxülislam Axund Mirzə Həsən bəy Tahirzadə

 

Nəsir bəyin atası haqqında bir çox qaynaqlarda səpələnmiş bilgilər var. Bu yazıda şeyxülislamın AR Tarix Arxivindən götürdüyüm şəxsi işində (fond 290, siyahı 1, iş 421) saxlanılan qulluq siyahısındakı qeydləri oxuculara çatdıracağam. Məncə, bu qaynaqda yazılanlar həm doğruluq və dəqiqlik, həm də Mirzə Həsən bəyin həyatını daha geniş biçimdə əhatə etmək baxımından başqalarından daha üstün, daha önəmlidir.

Mirzə Həsən bəyin 4 dekabr 1893-cü ildə tərtib edilmiş qulluq siyahısından aşağıdakıları öyrənirik.

Çini olmayan Axund Mirzə Həsən bəy Mirzə Nəsir bəy oğlu Tahirzadə Zaqafqaziya şeyxülislamı və Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədridir, 56 yaşı var, Məhəmmədiyyə dinində, Əli məzhəbindədir. Fərqlənmə nişanları, yəni orden-medalları yoxdur. İldə 1.800 manat maaş alır ki, bunun 200 manatını Tiflis Müsəlman Məktəbinin ştatlı baxıcısı olaraq həmin məktəbin nizamnaməsinə uyğun olaraq alır. Bəy rütbəsi var. İrsi malikanəsi yoxdur. Şuşada üçmərtəbəli daş evi var.

Təbrizdə "Talibiyyə" ali ruhani mədrəsəsində təhsil alıb və elmlərin tam kursunu bitirib.

8 aprel 1859-cu ildə Şuşa qəzası rəisinin vəsatəti və c-b Bakı hərbi valisinin təsdiqi ilə Cavanşir qəzası Qapanlı kəndinin mollası təyin edilib.

Zaqafqaziya Şiə Ruhani İdarəsinin çağırışıyla həmin idarədə imtahan verib və axund alimlik dərəcəsi attestatına layiq görülüb (6 avqust 1873).

Qafqaz canişininin təqdimatına Əlahəzrət imperatorun ali təsdiqləməsinə əsasən Əlahəzrətin özəl konvoyu (qoruma gücləri) Qafqaz eskadronu leyb-qvardiyası 4-cü müsəlman bölüyünün axundu təyin edilib (21 avqust 1873).

Canişinin dəvətiylə Əlahəzrət imperatorun paj (saray qulluqçuları) korpusunda müsəlman pajların şəriət müəllimi təyin edilib (23 yanvar 1874).

Sankt-Peterburq Universiteti Şərq dilləri fakültəsində keçirilmiş seçkiyə əsasən, rektorun icazəsiylə 25 oktyabr 1878-ci ildən 4 may 1879-cu ilədək fars dili müəllimi olub, ildə 1.000 manat mühazirəçi maaşı alıb (25 oktyabr 1878).

Əlahəzrətin konvoyunda müəyyən edilmiş dörd illik axundluq müddətini başa vurduğuna görə Əlahəzrət onu qulluqda saxlanılmaqla ildə 300 manat təqaüdlə mükafatlandırıb (27 aprel 1879).

Zaqafqaziya şeyxülislamının vəsatətinə c-b Gəncə valisinin sərəncamına əsasən Əlahəzrət konvoyunun axundu vəzifəsindən müəyyən maaşla Şuşa qəzasının qazısı vəzifəsinə dəyişdirilib (11 avqust 1880).

Şuşa real məktəbi direktorunun vəsatətinə və c-b Gəncə valisinin icazəsinə əsasən 3 aprel 1882-ci ildən 5 sentyabr 1885-ci ilədək ildə 600 manat maaşla həmin məktəbdə şəriət müəllimi və fars və "Aderbican" dilləri müəllimi işləyib (3 aprel 1882).

Ciddi-cəhdlə çalışdığına görə c-b Qafqaz Tədris Dairəsi hamisinin təqdimatıyla 150 manat pulla mükafatlandırılıb (12 may 1884).

Şuşa real məktəbində şəriət, fars və "Aderbican" dilləri müəllimi işlədiyi zaman həmin məktəbin şurası onu sentyabr 1883-cü ildən 5 sentyabr 1885-ci ilədək xeyriyyə cəmiyyətinin xəzinədarı seçib (1883).

Qafqazda mülki hissə üzrə baş rəisliyin təqdimatına və Əlahəzrətin razılığına əsasən Zaqafqaziya şeyxülislamı və Şiə Ruhani İdarəsinin sədri seçilib (5 sentyabr 1885). Eyni zamanda Tiflis Şiə Müsəlman Məktəbində oranın nizamnaməsinə uyğun olaraq xəzinədən maaş almaqla ştatlı baxıcı kimi saxlanılıb.

1887-ci ildə Azərbaycan türkcəsini təbliğ etmək, eyni zamanda bu dili öyrənmək istəyən ruslara yardım niyyəti ilə rusca "Samouçitel tatarskoqo yazıka ili rukovodstvo" ("Türk dilini öyrənmə qılavuzu, yaxud Türk dili rəhbəri") adlı dərslik hazırlayıb. 1890-cı il iyunun 12-də Tiflis şəhərinin baş senzoru həmin kitabın çapına icazə verib.

Qafqazda mülki hissə üzrə c-b baş rəisin sərəncamına əsasən, Dəftərxananın 31 may 1888-ci il 5371 saylı təliqəsinə uyğun olaraq Zaqafqaziya diyarında Şiə Ruhani İdarəsinə tabe olan müsəlman idarələrində 1888-ci ilin 4 iyulundan 30 noyabrınadək və 1889-cu ilin 12 aprelindən 14 dekabrınadək yoxlamalar aparıb və Əsasnamənin 86-cı maddəsinin tələbinə əsasən təftişin nəticələri haqqında hesabat təqdim edib.

Axund Mirzə Həsən bəy Tahirzadə şeyxülislam vəzifəsindəykən 21 iyun 1893-cü ildə qəflətən vəfat edib və Tiflisdəki müsəlman məzarlığında basdırılıb. Sonralar gürcülər həmin qəbiristanlığı yer üzündən sildiyinə görə onun da məzarı qalmayıb.

Tahiroğulları soyunun iki görkəmli nümayəndəsi olan ata-oğul haqqında bilgilərimiz bunlarla sona çatır.

 

 

(Ardı var)

 

Ədalət TAHİRZADƏ,

Bakı Avrasiya Universitetinin professoru

Tel.: +994-50-612-68-13

adalet_tahirzade@yahoo.com

 

Azərbaycan müəllimi.- 2012.- 8 mart.- S.4.