Peterburqda oxumuş tələbələrimiz

(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında)

 

Giriş yerinə

 

Əlimərdan bəy Topçubaşov/Topçubaşı XIX yüzilin sonu - XX yüzilin ilk yarısında Azərbaycanın mədəni, ictimai və siyasi həyatında çox böyük rol oynamış ən nəhəng şəxsiyyətlərimizdən biridir. Məhəmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev... kimi azmanlarımızla birgə onun da Azərbaycan dövlətçiliyinin yaranıb möhkəmlənməsində müstəsna xidmətləri vardır. Bu gün Azərbaycanda və bir sıra xarici ölkələrdə Əlimərdan bəylə bağlı sanballı araşdırmalar aparılır, çox dəyərli kitablar nəşr edilir. O, haqqında yüzlərcə cild kitablar yazılmağa layiq bir soydaşımız, yurddaşımızdır, ona görə də oxucularımız bu yazıdan da onun haqqında geniş bilgi almağı uma bilər. Bu gözləntini duyduğumdan sevimli oxuculara xatırlatmaq istəyirəm ki, "Azərbaycan müəllimi"ndəki silsilə yazılardan məqsədimiz haqqında danışılan şəxslərin bütün yaşamını və işlərini əhatə etmək deyil, yalnız arxiv bəlgələrinə söykənməklə onların tələbəlik dönəmini işıqlandırmaqdır. Əlimərdan bəy haqqında yazı da bu baxımdan istisna deyil.

Ə.b.Topçubaşov haqqında yazılan kitab və məqalələrdə onun soykökü və atası haqqında çox dolaşıq, bir-birinə uyuşmayan düşüncələr dolaşmaqdadır. Təəssüf ki, yanlış bilgilər nəinki sıravi oxucunu, hətta araşdırıcıların özlərini belə çaşdırır. Bu deyiləni göz önündə tutaraq bu iki məqamı doğru-düzgün işıqlandıracaq iki bəlgəni Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq oxuculara təqdim edəcəyəm. Onlardan birini Tiflisdən - Gürcüstan Mərkəzi Tarix Arxivindən 2008-ci ildə gətirmişəm, ikincisi isə Əlimərdan bəyin tələbə şəxsi işindədir.

Başqa bir xatırlatma. 1880-90-cı illərdə oxumuş tələbələrimizin bir çoxunun, o sıradan Ə.b.Topçubaşovun Sankt-Peterburq arxivindəki şəxsi işlərində fotoları yoxdur. Ancaq bu yazıda Əlimərdan bəyin başqa qaynaqdan götürülmüş fotosunu veririk. Həmin fotoda solda Əli bəy Hüseynzadə və ortada Əlimərdan bəy Topçubaşovun olması şübhə doğurmur, sağdakı tələbənin kimliyi isə bilinmir. Məncə, o, Nəsir bəy Tahirovdur, çünki o da bu iki yurddaşıyla eyni vaxtda Peterburq Universitetində oxuyub, üstəlik, Əlimərdan bəylə birgə hüquq fakültəsini bitirib. Ancaq dediyimi qəti təsdiqləmək üçün əlimdə məntiqdən başqa bir tutalğa olmadığına görə Nəsir bəy haqqındakı yazıda bu fotodan yararlanmadım.

 

3. Topçubaşov Əlimərdan bəy Əliəkbər bəy oğlu

 

(4.5.1863, Tiflis-7.11.1934, Paris)

(SPb. MTA, f.14, s.3, iş 24308, 1884-cü il)

 

Topçubaşovların kökü - 164 illik haqsızlığa son

 

Görkəmli alim, Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov (1790-1869) da, Əlimərdan bəy Topçubaşov da eyni qanın daşıyıcılarıdır, eyni soyun törəmələridir. M.C.Topçubaşov çalışdığı Rusiya Xarici İşlər Nazirliyi (XİN) Asiya İdarəsinə 1848-ci ildə müraciət edərək onun zadəgan mənşəyinin təsdiqlənməsini xahiş edib və dediyinə sübut kimi gürcü çarı Georginin 1799-da onun atası Əlimərdan bəyə verdiyi fərmanı və gürcü çar oğullarının şəhadətnaməsini təqdim edib. Təəssüf ki, məsələni araşdıran komissiya Mirzə Cəfər bəyin (deməli, yerdə qalan bütün Topçubaşovların da) zadəgan deyil, "Zaqafqaziyanın müsəlman bəylərindən" olduğu haqqında qərar çıxarıb. İndiyədək M.C.Topçubaşovdan yazanların, demək olar ki, əksəriyyəti bu mövzuya toxunub, ancaq onların heç biri həmin sənədləri görmədiyinə görə komissiyanın qərarının doğru, yaxud yanlış olması haqqında fikir söyləyə (əslində sovet dönəmində bu çox da önəmli məsələ sayılmırdı) bilməyiblər.

Aradan 164 il keçəndən sonra Topçubaşovların əsil-nəsəbi məsələsinə bir də qayıdır və Mirzə Cəfər Topçubaşovun XİN-ə təqdim etdiyi həmin sənədlərin surətini Tiflis arxivindən taparaq Azərbaycan oxucusuna ilk dəfə çatdırıram. Bu bəlgələr Topçubaşovların gerçəkdən ZADƏGAN OLDUĞUNU şübhə yeri qoymadan təsdiqləməkdədir. Məqalədə çox yer aparmaması üçün burada yalnız çar oğullarının şəhadətnaməsini verirəm. Gürcücədən ruscaya çevrilmiş həmin bəlgəni Azərbaycan türkcəsinə də mən çevirmişəm.

 

Şəhadətnamənin dəqiq mətni:

 

"İndi Əlimərdan bəy Əliəkbər bəy oğlu, onun oğlu Mirzə Cəfər və onun əmisi oğlanları Ağaməhəmməd və Ağahəsən bizdən onların zadəgan əsil-nəsəbi haqqında şəhadətnamə istədiklərinə görə biz, aşağıda qol çəkənlər bu doğru şəhadətnaməni veririk ki, onların əcdadlarını İran şahları Xarəzmdən (görünür, gürcücədən tərcümədə yanlışlığa yol verilib - əslində "Xorasan" olmalıdır. - Ə.T.) Tiflisə tsixeli (yəni qala qoruyucuları) deyilənlərlə birlikdə köçürüblər, ancaq gürcü çarları onların əcdadlarını köçürülənlər üzərində başçı qoyublar və onlar başqaları qarşısında imtiyazlardan yararlanıblar. Türklər Tiflisi tutan zaman isə Əlimərdan bəyin atası Əliəkbər bəy yenidən Xorasana qayıdıb, ancaq sonra rəhmətlik çar İrakli orada bulunduğu zaman onu yenidən Tiflisə gətirib və Əliəkbər bəy topçuluğu bildiyinə görə topçubaşı vəzifəsinə təyin edilib; həmin vəzifəyə Gürcüstanda əsil-nəcabətli zadəganlardan başqa heç kim təyin edilmirdi. Sonra çar İrakli Azxuri adlı yerdə Türklərə qələbə çaldıqda həmin Əliəkbər döyüşdə onun qarşısında həlak olub. Həmin topçubaşı Əliəkbər bəy həlak olduqdan sonra çar İrakli onun yetim qalmış oğullarını: Əlimərdan bəyi, Hacıağa və Ağahüseyni öz sarayına qəbul edib, onlar çar qulluqçuları, yəni pajlarla birgə tərbiyə olunublar. Ağaməhəmməd xan Tiflisi aldıqda isə həmin Əlimərdan bəy bütün ailəsiylə birgə əsir götürülüb. Gəncəli Cavad xan onları pulla ondan (Ağaməhəmməd şah Qacardan - Ə.T.) alıb, özü də onunla (Əlimərdan bəylə - Ə.T.) qohum olub, yəni onun qızı ilə evlənib, ona fəxri nazir rütbəsi verib. Yuxarıda yazılanlara görə biz Əlimərdan bəyin, onun oğlu Mirzə Cəfərin (professor Mirzə Cəfər Topçubaşovun - Ə.T.) və onun əmisi uşaqlarının (adları yuxarıda yazılıb) zadəgan olduğuna şəhadət edirik və bu haqda öz qolumuzu çəkməklə gerbli möhürümüzü basırıq.

Oktyabr 1818-ci il.

Qol çəkənlər:

General-leytenant, senator və kavaler çar oğlu David

Çar oğlu Farnavaz

Çar oğlu İoann

Çar oğlu Baqrat

Çar oğlu Teymuraz (Möhür)

 

Bu tərcümənin Xarici İşlər Nazirliyinin Asiya İdarəsində c-b kollej müşaviri, ekstraordinar professor Mirzə Cəfər Topçubaşovun xahişi ilə edildiyi xəzinə möhürü basılmaqla təsdiqlənir.

12 fevral 1837-ci il. 359.

Qol çəkdi: direktor müavini Saken

Doğrudur: direktor (qol) (Möhür)".

Bu sənəd sonrakı bütün Topçubaşovların, o sıradan Əlimərdan bəyin də zadəganlığını açıq-aydın təsdiqləyir. Ancaq nə yazıqlar ki, onun atası Əliəkbər bəyin Mirzə Cəfərlə qohumluğunu tam dəqiqləşdirən bəlgələr hələlik əldə yoxdur. Buna baxmayaraq, fikrimcə, "bizim" Əliəkbər bəy Mirzə Cəfərin atası Əlimərdan bəyin qardaşı Ağahüseynin oğludur. Bəs niyə Hacıağanın deyil, Ağahüseynin? Çünki Hacıağa sonralar İrəvana gedib və içində akademik Mustafa bəy Topçubaşovun (1885-1981) da bulunduğu Topçubaşovların yeni bir qolunu yaradıb.

 

Doğum haqqında şəhadətnamə

 

Əlimərdan bəy Topçubaşovun şəxsi işindəki sənədlər arasında, təbii ki, onun doğum haqqında şəhadətnaməsi önəmli yer tutur. Həmin bəlgənin türkcə bölümünü dilini dəyişmədən veririk:

"Tarixi-məsihiyyənin [min] səkkiz yüz yetmişiminci ilində aprel ayının altısında bu şəhadətnamə verilir Əlimərdan bəy Topçubaşova ol xüsusda ki, o, padparuçik Əliəkbər bəy Topçubaşovun sülbi (qanuni) oğludur, onun mənkuheyi-şəriyyəsi (şəriətlə nikahda olduğu arvadı) Sevər xanım Məhəmmədhəsən bəy Vəkilovun qızından tarixi-məsihiyyənin [min] səkkiz yüz altmış üçüncü ilində may ayının dördündə islam dininin Əli məzhəbində təvəllüd tapıbdır.

Bu şəhadətnamənin istihcamı üçün (içində yazılanlara görə) öz dəsti-xəttimlə onu imza və padşahlıq möhürü ilə məmhur etdim (möhürlədim).

Yazıldı Tiflis şəhərində.

Şeyxülislami-məmaliki-Qafqaz Axund Əhməd Hüseynzadə".

Əlimərdan bəyin anasının adını ilk dəfə bu şəhadətnamədən öyrənirik.

 

Mərhum podporuçik Əliəkbər bəy Topçubaşovun əmək dəftəri

 

25 mart 1870-ci ildə tərtib edilmiş əmək dəftərində Əlimərdan bəyin atasının həyatı və qulluğu ilə bağlı indiyədək bəlli olmayan bir çox məqamlar əksini tapıb.

Əmək dəftərinin ümumi hissəsindən öyrənirik ki, podporuçik Əliəkbər bəy Topçubaşov 1820-ci ildə doğulub, Tiflis vilayətinin bəylərindəndir, müsəlmandır, ata-anasının evində tərbiyə olunub, Qafqaz ordusundadır, üstündə "Mərdliyə görə" yazılmış, Anna lentində boyundan asmaq üçün qızıl medalla (1847) və 1853-1856-cı illər müharibəsi xatirəsinə bürünc medalla təltif edilib.

Əmək dəftərinin qulluqla bağlı bölümündə bunlar göstərilib: Əliəkbər bəy Əlahəzrət konvoyunun (qoruma güclərinin) Zaqafqaziya atlı müsəlman alayında vəkil rütbəsində xidmətə başlayıb - 3.5.1843, yenə orada süvari təyin edilb - 20.4.1845, kornet rütbəsinə yüksəldilib - 16.6.1849, Don alaylarına iki dəfə ezam edilib - 4.7.1850; 16.10.1851, dağlılara qarşı işlərdə seçildiyinə görə Ən yüksək iltifata layiq görülüb (yəni çar ona təşəkkür edib), Türklərə qarşı əməliyyatlarda seçildiyinə görə podporuçikliyə yüksəldilib - 4.11.1853, Qafqaz ordusuna təyin edilib - 7.10.1858, ölüb - 7.5.1868.

O, aşağıdakı yürüşlərdə iştirak edib:

3 may 1843-cü ildən atlı müsəlman alayının tərkibində Tiflisdən Varşavaya, 1851-ci ildə ləzgi dəstəsinin tərkibində 15 apreldən dağlılara qarşı, 21.4.1851-ci ildə Çardaqlı kəndində quldurlar dəstəsinin məhv edilməsində.

Əliəkbər bəydən çar hakimiyyəti Türklərə qarşı da yararlanıb. O, 1853-cü ildə Axaltsıx dəstəsinin tərkibində 25 oktyabrdan 31 dekabradək, 1854 və 1855-ci illərdə 1 yanvardan 31 dekabradək Türklərə qarşı yürüşlərə qatılaraq bu müddətdəki bütün işlərdə və irəliləmələrdə iştirak edib, ancaq yaralanmayıb, kontuziya almayıb, Ən yüksək buyruğa əsasən və öz rəhbərliyindən özəl tapşırıqları olmayıb, məhkəməyə düşməyib.

Sənədin surətini Qafqaz Hərbi Dairəsi Qərargahı rəisinin köməkçisi Pavlov verib.

Sənədin aşağısında bu məzmunda kiçik bir qeyd də var: "Bu surət Qafqaz Hərbi Dairəsi Qərargahından 155-ci piyada Quba alayının poruçiki Vəkilova onun xahişiylə verilib ki, mərhum podporuçik Əliəkbər Topçubaşovun uşaqlarının məktəblərə verilməsi haqqında ərizəsinə əlavə edilsin". Deməli, Əlimərdan bəyin ali məktəbdə oxumasına onun dayıları/dayısı uşaqları da çalışıblar.

 

Təqaüdü niyə kəsildi?

 

Əlimərdan bəy 1884-cü ilin avqustunda Sankt-Peterburq İmperator Universitetinin tarix-filologiya fakültəsinə girib. 25 aprel 1885-ci ildə o, rektora ərizə yazaraq hüquq fakültəsinə dəyişdirilməsini və ona təqaüd verilməsini xahiş edib. İlk xahişinə əməl edilib - hüquq fakültəsinə keçirilib, ancaq təqaüd haqqındakı xahişi rədd edilib. İndiyədək Qafqaz təqaüdüylə oxumuş tələbəyə, universitetin nizamnaməsinə əsasən, bundan sonra həmin təqaüdün verilməsi dayandırılıb.

 

Akademiklər Takayşvili və Marrın tələbə yoldaşı

 

Əlimərdan bəy Topçubaşovun tələbə yoldaşları kimlər olsa yaxşıdır - sonralar görkəmli akademiklər kimi çar Rusiyasında və Sovetlər Birliyində böyük şöhrət qazanmış Takayşvili və Marr! Bu faktı onun şəxsi işindəki başqa bir bəlgədən öyrənirik.

Rusiya Xalq Təhsili Nazirliyi Qafqaz Tədris Dairəsinin (QTD) hamisi 1 iyun 1886-cı ildə Tiflisdən Peterburqa 3233 saylı bir məktub göndərərək soruşub:

"Tabeliyinizdəki universitetdə indi Qafqaz tələbələrinin boş yeri varmı? Qafqaz təqaüdçülərindən olan bu tələbələr növbəti kurslara keçiblərmi, keçiblərsə hansı kurslara: a) tarix-filologiya fakültəsində (sənəddə yanlış olaraq: institutunda) Yefimi Takayşvili, Nikolay Yeqorov və Əlimərdan bəy Topçubaşov, b) fizika-riyaziyyat fakültəsində Vasili Qriqoryev və Konstantin Davidov və Şərq dilləri fakültəsində Nikolay Marr".

Oxucularımız üçün qısa arayış.

Yevfimi (Ekvtime) Semyonoviç Takayşvili (1863-1953) görkəmli tarixçi, filoloq, arxeoloq və Gürcüstanda muzey işinin banisi, ictimai xadimdir. Əlimərdan bəylə eyni vaxtda Peterburq Universitetini bitirib. Bütün Gürcüstanı gəzərək tarixi-memarlıq abidələrini öyrənib, arxeoloji qazıntılar aparıb, qədim gürcü əlyazmalarını toplayıb. Gürcüstan Tarix və Etnoqrafiya Cəmiyyətini qurub. Tiflis Universitetinin yaradıcılarındandır. Gürcüstan Demokratik Respublikası Müəssislər Məclisinin üzvü olub. Sovet hakimiyyəti qurulunca Gürcüstanın milli sərvətlərini dənizlə Batumdan Fransaya aparıb, mühacirətdə onları qoruyub və zənginləşdirib. 1944-ün dekabrında Stalin general Şarl de Qollla danışıqlar apararaq ondan şəxsən xahiş edib ki, Gürcüstanın sərvəti özünə qaytarılsın. 1945-in aprelində Takayşvili həmin kolleksiyanın üstündə vətənə qayıdıb. Gürcüstana dönüncə o, Tiflis Universitetinin professoru, 1946-da Gürcüstan Akademiyasının həqiqi üzvü seçilib. Ancaq çox keçmədən ev dustağı edilib və ömrünün sonunadək beləcə yaşayıb.

Nikolay Yakovleviç Marr (1865-1934) Rusiya və sovet şərqşünas və qafqazşünası, filoloq, tarixçi, etnoqraf və arxeoloqdur. Rusiya İmperator Elmlər Akademiyasının (1912), sonra SSRİ EA-nın akademiki və vitse-prezidenti olub. İnqilabdan sonra "dil haqqında yeni təlim" və "Yafəs nəzəriyyəsi" adlı nəzəriyyələriylə böyük səs-küy qoparıb. Həmin nəzəriyyələrə qarşı çıxanlar ciddi cəzalandırılıb. Sonralar bu nəzəriyyələri Stalin alt-üst edib və uzun müddət onun adını belə çəkmək yasaqlanıb.

Yeri gəlmişkən, Qafqaz Tədris Dairəsinin hamisi 30 dekabr 1886-da da Ə.b.Topçubaşova təqaüd verilməsinə çalışdı, ancaq universitet rəhbərliyini yola gətirmək mümkün olmadı.

 

GÜZƏŞT

 

Hüquq fakültəsi 7-ci semestrinin tələbəsi Ə.b.Topçubaşov 27 avqust 1887-də universitetin Tələbələr müfəttişinə ərizə yazaraq 1887/88-ci dərs ilinin birinci yarısında mühazirələri dinləmək üçün vəsait ödəməkdən onu azad etmək üçün universitetin İdarə Heyəti qarşısında vəsatət qaldırmağı xahiş edib. Ərizənin üzərindəki dərkənarda tələbənin ödəncdən azad edildiyi göstərilib.

 

Universitetdən qovulubmuş

 

Sankt-Peterburq Universitetinin İdarə Heyəti 22 dekabr 1887-ci ildə Əlimərdan bəyə yəqin ki, onun xahişiylə 10638 saylı belə bir arayış verib:

"Bunu təqdim edən Əlimərdan bəy Topçubaşov podporuçik oğludur, 4 may 1863-cü ildə doğulub, Məhəmmədiyyə dinindəndir, Tiflis birinci gimnaziyasında təhsilini bitirdikdən sonra kamal attestatı alıb, oradan görünür ki:

1) gimnaziyada oxuduğu bütün müddət ərzindəki müşahidəyə görə, davranışı əla olub, dərslərə getmək və onları hazırlamaq, eləcə də yazı işlərini yerinə yetirmək intizamı xeyli kafidir, çalışqanlığı xeyli kafidir və biliyə həvəsi xeyli kafidir;

2) aşağıdakı qiymətləri alıb: şəriət - 5 (əla), rus dili və ədəbiyyatı - 5 (əla), məntiq -, latın dili - 4 (yaxşı), yunan dili - 3 (kafi), riyaziyyat - 3 (kafi), fizika və riyazi coğrafiya - 4 (yaxşı), coğrafiya - 3 (kafi), fransız dili - 4 (yaxşı), alman dili - 5 (əla).

İmperator S.-Peterburq Universiteti tələbəliyinə 1884-cü ilin avqust ayında daxil olub və 1884-85-ci dərs ilinin birinci yarımilində tarix-filologiya fakültəsində, 1884-85-ci dərs ilinin ikinci yarısında və 1885-86-cı, 1886-87-ci dərs illərində və 1887-88-ci dərs ilinin birinci yarısında hüquq fakültəsində mühazirələri dinləyib, universitet kursunu keçmək hesabında zaçot verdiyi altı, zaçot vermədiyi bir yarımil var".

Sənədin sonunda tələbənin 17 dekabr 1887-ci ildə universitetdən qovulduğu göstərilir. Səbəb - tələbə iğtişaşlarında iştirak. Ancaq görünür, bu tələbə başqalarından qeyri-adi istedadıyla seçildiyinə görə təhsil nazirinin göstərişinə əsasən yenidən bərpa edilib.

Bundan sonra ortaya başqa əngəl çıxıb - iğtişaşlar üstündə qovulduğuna görə universitet rəhbərliyi ona siyasi səbatlılığı haqqında arayış vermir, bunsuz da haradasa işə düzəlmək mümkün deyil. Əlacı kəsilən Əlimərdan bəy birbaşa təhsil nazirinə ərizə yazaraq yardım istəyib. Nazirin işə qarışmasından sonra rektor 17.12.1888-də geri çəkilib və məzuna bu haqda 13 yanvar 1889-da 220 saylı arayış verib.

 

Elmlər namizədi dərəcəli hüquqşünas

 

Əlimərdan bəyin şəxsi işində bir çox başqa sənədlər də var, ancaq onların hamısından bir qəzet məqaləsində danışmaq mümkünsüzdür. Yalnız bir bəlgə var ki, ondan yan keçmək olmaz, o da 13 yanvar 1889-da verilmiş diplomdur. Burada SPb. Universitetinin Şurası başqa mətləblərlə yanaşı bunu da bildirir ki, 25 yaşlı Əlimərdan bəy Topçubaşov hüquq fakültəsinin tam kursunu bitirib (18 fəndən "əla", yalnız 2 fəndən "yaxşı" qiymət alıb) və hüquq fəkültəsi onu elmlər namizədi adına layiq görüb, universitet Şurası da bu adı 28 noyabr 1888-ci ildə təsdiqləyib, ona görə də Topçubaşova elmlər namizədinə aid olan bütün hüquq və imtiyazlar verilir.

 

(Silsilənin ardı var)

 

 

Ədalət TAHİRZADƏ,

Bakı Avrasiya Universitetinin professoru

adalet_tahirzade@yahoo.com

 

Azərbaycan müəllimi.- 2012.- 16 mart.- S.4.