İstedadlı alim, böyük müəllim,
xeyirxah insan
Biz keçmişimizi xatırlamasaq,
gənclərimizə yaxşı
nümunə olmarıq,
üstəlik bizi də xatırlamazlar
Həyatının
və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamları ilə
bağlı məlumatları hörmətli
oxucularımızla paylaşdığımız
fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İsgəndər oğlu Çəndirlinin
anadan olmasının 85 ili tamam olur. Əslində, 85 rəqəmi
yuvarlaq bir rəqəm olmadığından, bir qayda olaraq,
dünyasını dəyişən insanlar üçün
yubiley kimi qeyd olunmur. Lakin Hüseyn müəllimin
yaşamış olduğu həyatı və elmi-pedaqoji fəaliyyətini
fikrimdə canlandırdığımda, bu məqalənin
yazılıb, geniş oxucu kütləsinə, xüsusilə
də elmi-pedaqoji fəaliyyətlə məşğul olan gənclərimizə
bir nümunə olaraq çatdırılmasına
böyük ehtiyac olduğu qənaətinə gəldim.
Kimdir
Hüseyn müəllim və onun nümunə olacaq məziyyətləri
nədir suallarının, onu Dilarə bacıdan (Hüseyn
müəllimin ömür-gün yoldaşı) sonra ən
yaxşı tanıyanların bəlkə də birincisi kimi,
çünki uşaqlığımdan Hüseyn müəllimi
yaxından tanımamla bərabər, 1962-ci ildə aspiranturaya
daxil olduğumdan 1995-ci ildə Türkiyəyə
çalışmağa dəvət olunana qədər təxminən
bizim görüşmədiyimiz, eləcə də müxtəlif
xarakterli məsələlər barəsində fikir mübadiləsi
etmədiyimiz həftələr olmamışdır - deyə
bilərəm. Üstəlik qeyd etdiyiniz illər arasında
Sovetlərin müxtəlif elm mərkəzlərindəki
çoxsaylı toplantılarda (Moskva, Leninqrad, Novosibirsk,
Tiflis, Aşqabad, Nalçik və s.) Hüseyn müəllimlə
birlikdə iştirak etmiş, eyni mehmanxanada və ya
yataqxanada, evdə qalmış
və hər zaman bir-birimizdən qardaş münasibəti
görmüşdük. Burada yazılanlar ya şəxsən
gördüklərim, ya da birbaşa Hüseyn müəllimin
mənə danışdıqları şəkildə
açıqlanmaqdadır.
Hüseyn
İsgəndər oğlu Çəndirli
20 mart 1927-ci ildə, Qazax
mahalında ana Kürün
sahilində yerləşən və yaxın tariximizə Qaçaq Kərəm (XIX əsrin sonları və
XX əsrin əvvəllərində Azərbaycan, Rusiya, İran və
Türkiyədə qaçaqçılıq-xalq qəhrəmanlığı
edib, nahaq qan tökməmiş və dünya
qaçaqları arasında mərdliyi, ədaləti, səxavəti,
kişiliyi ilə seçilən, eləcə
də öz əcəli ilə Haqqın
rəhmətinə qovuşmuş olan tək qaçaq), İsrafil ağa (bir kəndin bəyi olan bu igid, mərd və səxavətli
şəxsiyyət, eyni zamanda Gəncəbasarın
bəylər bəyi olmuş), Səməd
Ağa Ağamalı oğlu
(böyük dövlət xadimi,
eyni zamanda latın əlifbasına
türk dünyasında mərhaba deyən
böyük şəxsiyyət), İlyas Abdullayev (Ali Sovetin Rəyasət Heyətinin
sədri və böyük alim), Hüseyn
Hacıyev (II Dünya müharibəsində
vuruşa-vuruşa Berlinə qədər
gedən qəhrəman polkovnik), Hüseyn Arif (xalq şairi) kimi böyük şəxsiyyətlər
bəxş edən qədim Qıraq Kəsəmən kəndində
dünyaya gəlmişdir.
Yeddiillik təhsilini Qıraq Kəsəmən
kənd orta məktəbində tamamlayan kiçik Hüseyn Qazax Pedaqoji Texnikumuna daxil olmuş və
buranı qırmızı diplomla bitirdikdən
sonra doğma məktəbinə
riyaziyyat müəllimi olaraq
təyin olunmuşdur (1944). Əslində o, ibtidai sinif
müəllimi peşəsinə yiyələnmişdi. Ancaq onun
fitri istedadını və ehtiyacı nəzərə alan Ağstafa Rayon Maarif Şöbəsi yuxarı sinif riyaziyyatını ona
etibar etmişdi. Əsgərlik
yaşında olan kişi
müəllimlər müharibədə olduğundan,
gənc və qabiliyyətli Hüseyn
müəllim məktəbimizin göz bəbəyinə
və yol göstərici qüvvəsinə
çevrilmişdi. Bu qəbildən bir haşiyə. Birdən sinfimizdəki (I sinif, 1945) qızlardan biri
"pulumu oğurlayıblar" deyərək,
yüksək səslə ağlamağa
başladı. Bunu görən rəhmətlik
sinif müəllimimiz Gülbarı müəllim
əsəbiləşərək işə qarışdı
və uşaqlara "pulu
götürən qaytarmasa,
çantalarınızı və ciblərinizi axtaracam", - deyə xəbərdarlıq etdi. Amma pulu
qaytaran olmadı. Bu arada sinifdə bir az səs-küy də yüksəlmişdi.
Birdən qapı açıldı və Hüseyn
müəllim içəri girdi. Əhvalatı
öyrənib, özünəməxsus təmkinlə: - "Uşaqlar, baxın indi
ciblərinizi və çantalarınızı axtarıb, pulu tapacam, ancaq
pulu götürən özünə bir "oğru" ləqəbi
almış olacaq və məktəbdə,
eləcə də kəndimizdə pis vəziyyətə
düşəcək. Gəlin belə edək. Ortaya yığışıb, bir-birinizi sıxışdıraraq rəqs edin və pulu götürən,
onu gizlicə yerə atsın", - dedi. Belə də etdik. Bir də baxdıq ki, pul yerdədir. Beləcə, gənc
müəllimin "pedaqoji tapıntısı"
sayəsində pul da
tapıldı, ən önəmlisi isə uşağın qüruru qırılmaqdan qurtarıldı. (Bu sətirləri yazarkən ağlıma Maykl Monteynin 1580-ci ildə
yazmış olduğu "Dənəmələr"
əsərində deyildiyi "cəza dərman
kimi olmalıdır" fikri gəlir. Gənc bir kənd
müəllimində bu cür
ustalığın, ancaq onun
fitri istedadından irəli gəldiyi
düşünülə bilir. Yoxsa o, Monteyni oxumuşdu,
deyə bilmərik).
Hüseyn müəllimin riyazi istedadı qısa müddətdə rayona yayılmışdı. Qonşu
kəndlərin bəzi riyaziyyat müəllimləri
həll edə bilmədikləri məsələləri Hüseyn müəllimə gətirirdilər.
Aydındır ki, istedadlı bir gənc natamam ali təhsillə kifayətlənə bilməzdi.
Bu fikir onu o zaman
mövcud olan Azərbaycan
Qiyabi Pedagoji İnstitutuna gətirir. Qırmızı diplomuna görə imtahansız qəbul olunur və bir il oxuyur. Lakin
təhsilin səviyyəsi riyaziyyat elminə
bağlı böyük fikirləri olan gənc Hüseyni təmin
etmir. Bu da onu, Azərbaycan Dövlət
Universitetinin (indiki
BDU) mexanika-riyaziyyat fakültəsinə (əyani)
girməyə sövq edir.
Ancaq buna gənc Hüseynin nə maddi durumu, nə də rusca
bilməməsi imkan vermirdi
(o zamanlar qəbul
imtahanlarında rus dilindən
yazılı və şifahi olmaqla çox ciddi iki imtahan
var idi). Universiteti hədəfləyən
gənc Hüseyn son bir il maaşından qənaət
edərək pul toplamış və
1949-cu ilin sentyabr ayının
əvvəlində universitetin prorektoru işləyən, gözəl müəllim,
xeyirxah insan və
istedadlı riyaziyyatcı alim Maqsud Cavadovun (sonralar AMEA-nın müxbir
üzvü, 1902-1972) qəbuluna getmiş, təhsil
durumunu və rus dilindən
imtahandan keçməyə gümanı
olmadığını anlatdıqdan sonra,
heç bir hüququ olmadan yanvar ayına qədər dərslərə davam etməyə və birinci
semestr imtahanlarına buraxılması xahişini etmiş və əgər
imtahanları yüksək qiymətlərlə verərsə,
universitetə qəbul olunması istəyini də bildirmişdir. Maqsud müəllim bir az düşünüb, hər
şeyi gözə alaraq
buna razılıq vermiş.
Xoşbəxtlikdən Maqsud müəllim
birinci kursda analitik həndəsə dərsi keçirmiş. İlk iki həftədə dərsin əvvəlində
tələbə olmaq istəyən
Hüseyndən keçən dərsi soruşan Maqsud müəllim, aldığı
ağıllı və dolğun cavablardan o qədər
razı qalmış ki, təxminən sentyabr ayının 20-də onun
universitetə qəbul olunması, təqaüdlə təmin
olunması və sinif nümayəndəsi
təyin olunması barədə sərəncam
imzalamışdır (vəzifə sahibində
insanlığa və yaxşı mənada
özünə güvənə bax!).
Bu
etimadı şərəflə doğruldan
Hüseyn, İ.V.Stalin
adına təqaüd və qırmızı diplomla
universiteti bitirdikdən (1954) sonra görkəmli alim-Azərbaycanda o zamanki adı ilə hesablama riyaziyyatının, yəni tətbiqi
riyaziyyatın bünövrəsinin atılmasında və inkişaf etməsində əvəzsiz xidmətləri
olan, böyük maarifçi və qayğıkeş insan (bu
qayğıkeşliyinə görə tələbələr
və aspirantlar onu sevəcənliklə
"Papulya" deyə
adlandırırdılar) akademik Əşrəf
Hüseynovun (1907-1980) elmi
rəhbərliyində aspiranturaya daxil olmuşdur. Aspirantura
dönəmində uzun axtarış və
araşdırmalardan sonra Hüseyn
müəllim özünə araşdırma sahəsi olaraq "Qeyri-xətti məsələlərin
Furye metodu ilə
araşdırılması" sahəsini seçmiş
və bu sahədə bir
növ Fərhad kimi təkbaşına
külüng çalmışdır.
Belə ki, bu
sahə Əşrəf müəllimin məşğul
olmadığı bir sahə idi (bu, Əşrəf
müəllimin böyüklüyünə və elmi səviyyəsinə xələl gətirmir),
üstəlik riyaziyyatcılar arasında "qeyri-xətti məsələlərə
Furye metodu tətbiq oluna bilməz" deyə bir
fikir formalaşmışdı (məşhur
rus alimi S.K.Qodunov "Uravneniya matematiçeskoy fiziki"
kitabında yazır: Təəssüflər olsun
ki, diferensial tənliklərin
həllində çox yayğın olan Furye metodu
universal deyil, sadəcə
bir sıra xüsusi
şəkli olan xətti məsələlərin
həllinə tətbiq oluna bilir. Yəni qeyri-xətti məsələlərin
həllinə tətbiq oluna bilmir. Bu fikrin
əksinə olaraq, Hüseyn
Çəndirli riyaziyyat tarixində ilk olaraq Furye
metodunun
qeyri-xətti məsələlərin həllinə tətbiq
oluna bildiyini, həllin
təqribi olaraq tapılması və
buraxılan xətanın qiymətləndirilməsi
yollarını göstərmişdir. Bu
sahədə "Furye metodunun bəzi qeyri-xətti məsələlərin
həllinə tətbiqi" mövzusunda
namizədlik (1958, Bakı) və "Kvazi-xətti hiperbolik tip tənliklər
üçün qarışıq məsələ"
mövzusunda doktorluq
(1970, Tiflis) dissertasiyalarını müdafiə
etmişdir. Hüseyn
müəllimin elmi
çalışmaları hər zaman elmi ictimaiyyət tərəfindən, o cümlədən dünya
şöhrətli akademiklər - A.N.Tixonov
və V.A.İlyin (Moskva)
tərəfindən çox yüksək
qiymətləndirilmişdir. Bu gəbildən bir haşiyə.
Bir gün Hüseyn müəllim mənə dedi ki, namizədlik
müdafiəsindən sonra Maqsud müəllimə, mənim bu günə gəlməyimdə onun böyük köməyinin
olduğunu deyərək təşəkkür
etmək istədiyimdə, "Elə, demə Hüseyn,
bizə ediblər, biz etmişik, sizlər də etməlisiniz" dedi (bu bir
insanlıq dərsi idi və əlində
imkan olan hər kəs
üçün nümunədir).
Hüseyn müəllimin namizədlik
müdafiəsindən sonra bilavasitə və
ya bilvasitə onun təsiri
və ya rəhbərliyi ilə qeyri-xətti
məsələlərin həllinə Furye
metodunun tətbiqi
ilə əlaqədar çox sayda dissertasiyalar müdafiə olunmuş
və olunmaqdadır. Bu sahədə Hüseyn müəllim
Azərbaycanda bir növ
məktəb yaratdı, deyə bilərik (diqqətinizə təqdim
edilən yazı geniş oxucu
kütləsi üçün nəzərdə
tutulduğundan, Hüseyn
müəllimin bütün elmi araşdırmaları, bilavasitə və ya bilvasitə onun yetişdirmiş olduğu
tələbələr, eləcə də onların
araşdırmaları üzərində
ayrıca dayanmağı ehtiyac görmədik.
Bu,
ayrı bir araşdırma mövzusudur).
Hüseyn müəllim Özbəkistan
Respublikası üçün də çox sayda elmlər
namizədi yetişdirmişdir. Onun
açdığı cığırı genişləndirərək
gedən və müxtəlif ölkələrdə
yaşayıb yaradan tələbələrinin
(Azərbaycan, Özbəkistan, Türkiyə, Rusiya
və sair) araşdırmaları
dünyanın sayılan riyaziyyat
jurnallarında çap olunmuş
və olunmaqdadır.
Hüseyn müəllimin çox güclü hafizəsinin
olması ilə bərabər, həm də çox
güclü riyazi duyum və ümumiləşdirmə qabiliyyəti
var idi. Bu da onun müxtəlif riyazi toplantılarda söylənən hər
hansı bir riyazi fikrin və ya yeni tərif edilən bir riyazi anlayışın ideyasının haradan qaynaqlandığını və nəticəsinin
təxmini olaraq nə ola
biləcəyini hiss etməsinə səbəb
olurdu. Bu, fikrimcə, Hüseyn müəllimin
fitri istedadı ilə bərabər, həm
də onun çox kitab oxuması, xüsusilə də riyazi analiz, analitik həndəsə, xətti cəbr və
funksional analizi klassikləşmiş kitablardan
vaxtında çox gözəl
öyrənmiş olması ilə əlaqədar idi. Hüseyn müəllim
öz yetişdirmələrinin də hərtərəfli
hazırlıqlı olmasını istəyirdi. Bunda elmi seminarların rolunun çox böyük olduğunu nəzərə alaraq
öz elmi
seminarını müntəzəm olaraq,
hər həftənin üçüncü
günü axşam saat altıda davam etdirirdi (vaxtaşırı seminar
iştirakçılarımız üçün
birlikdə gəzintilər və qonaqlıqlar da
təşkil edirdik. Bu tədbirlərdə həm
dincəlirdik, həm də lazım gəldiyində elmi söhbətləri davam
etdirirdik. Üstəlik, hər zaman Hüseyn müəllim
özünü bizlərdən biri kimi aparırdı).
Hüseyn müəllim eyni
zamanda çalışdığı sahədə
tələbələrinə çox sayda ümumiləşdirmələr və ideyalar söyləyib, onların gerçəkləşdirilməsi
üzərində çalışmalarını istəyirdi.
Təəssüflər olsun ki, biz tələbələri
onun istədiklərinin yalnız bir hissəsini həyata keçirə bildik.
Hüseyn müəllim, sözün əsl mənasında müəllim
idi. Belə ki,
istər tələbələrlə, istərsə də
tabeliyində olan insanlarla
(Hüseyn müəllim universitetin
Hesablama Mərkəzinin direktoru
və uzun müddət kafedra
müdiri vəzifələrini də icra etmişdir) iş prinsipini qorxu deyil,
qarşılıqlı hörmət və bir-birini
anlamaq əsasında qurar,
kimsəyə səsini yüksəltməzdi. Tələbələr
və Hüseyn müəllimin tabeliyində
çalışanlar onun tələblərini
qorxudan deyil, utanmamaq, yəni onu üzməmək
üçün məsuliyyətlə
yerinə yetirərdilər. Hüseyn
müəllim ən çətin məsələləri və
mürəkkəb ideyaları belə, onu
dinləyənlərin anlaya biləcəyi
çox sadə bir
şəkildə izah edə bilirdi. Hüseyn müəllim cavanları və onlarla işləməyi çox
sevirdi. Həmişə onların irəli
getməsinə və ya irəli çəkilməsinə
çalışırdı. Bu sevginin nəticəsi idi ki, 1969-cu ildə özünün
qurmuş olduğu
kafedranın rəhbərliyini könüllü
olaraq gənclərə həvalə etmişdi (1994).
Bir insan olaraq Hüseyn müəllim
həmişə öz yerini
bilmiş və ləyaqətini qorumuşdur. Bu səbəbdən
də həmişə hər cür dedi-qodudan uzaq durmuş, o zamanlar mövcud olan müxtəlif növ qruplaşmalara və çəkişmələrə
heç qoşulmamışdır. O, öz ləyaqətini bilən adamlara
da çox hörmətlə
yanaşırdı. Bu qəbildən bir haşiyə. Azərbaycanın ilk riyaziyyat professorlarından
biri olan böyük maarifçi Məmməd
bəy Əfəndiyevi (1887-1977) Hüseyn
müəllim çox sevirdi.
Bir dəfə Hüseyn
müəllimdən soruşdum ki, niyə Məmməd bəy təqaüdə
çıxıb məsləhətçi işləyir,
axı onun sağlığı yerindədir
və özü istəməsə kimsə
onu təqaüdə göndərməzdi.
Bununla maraqlandınızmı?
Cavabında Hüseyn müəllim dedi ki, maraqlandım və
soruşdum. Öz istəyi
ilə çıxıb, səbəbini də belə izah etdi: Bir
dəfə dərs anlatdığım zaman
"diferensial" sözü
yadıma düşmədi. Bunu
xatırlayana qədər xeyli vaxt keçdi. Düşündüm və təqaüdə
çıxmaq qərarına gəldim. Mən tələbələrin
yanında öz ləyaqətimi
aşağı sala bilməzdim ki (bu, eyni
zamanda Məmməd bəyin bir bəylik-öz ləyaqətini yüksək
tutmaq nümunəsi idi).
Burada Məmməd bəyin bu alicənab hərəkətini diqqətə
alıb, bir məsələ üzərində
durmağın faydalı olacağı düşüncəsindəyəm.
Fikrimcə, vəzifəsini layiqincə yerinə yetirə bilən
bir insanı yaşına görə
işindən ayırmaq doğru deyil. Bu məsələdə
yaş deyil,
sağlıq çox önəmlidir. Buna da sağlıq mütəxəssisləri qərar
verməlidir (bu barədə yuxarıda
adıçəkilən kitabında Monteyn
belə yazır: - İnsanı yaşına görə kənara
atmağı doğru saymıram. Məncə,
insan işinə, gücünə layiqincə
davam edə bildiyi qədər
davam etməlidir. Bundan
başqa, XVII əsr osmanlı şairi S.Əhməd yazır:
Sadəcə yaş ilə insan baş olmaz,
Kişidən
iş sorular, yaş sorulmaz).
Hüseyn müəllimin
sözlüyündə ancaq yaxşı sözlər var idi,
pis sözlərə və pis fikirlərə isə yer yox
idi. Hətta
mən şahidi olmuşam
ki, yetişməsində Hüseyn
müəllimin də əməyi olan biri, onun elmi
işləri barəsində ədalətsiz şeylər
söyləmiş, lakin Hüseyn
müəllim ona cavab
verməyi belə uyğun görməmiş
və "sonra anlar"
demişdir.
Hüseyn müəllim həm də
bir el-oba
sevdalısı və təbiət vurğunu
idi. O, doğulduğu
Qıraq Kəsəmən kəndini, eləcə də Dilarə
bacının doğulduğu Buzovna qəsəbəsini çox
sevirdi. İşdən kənar
vaxtlarını Buzovnadaki evində
keçirməyi üstün tuturdu (bir az
vaxt tapan kimi Qıraq Kəsəmənə də getməyi
unutmurdu). Çox vaxt ikimiz
aramızdaki hər cür fikir
alış-verişini Xəzərin Buzovna
sahilində gəzişərək edirdik
və bu ikimizi də
təmin edirdi.
Hüseyn müəllimin ailəsi bir "riyaziyyatçılar" ailəsidir.
Belə ki, onun ömür-gün yoldaşı və dörd övladının hamısı BDU-nun mexanika-riyaziyyat
fakültəsinin məzunlarıdırlar.
Anadan olmasının 85 illiyi ilə əlaqədar olaraq
bu istedadlı alim, böyük müəllim və xeyirxah insanı hörmət və məhəbbətlə
anır, uca Tanrıdan rəhmət diləyir
və nur içində yatmasını arzu edirik.
Hüseyn XƏLİLOV,
Rizə Universitetinin professoru,
Türkiyə
Azərbaycan
müəllimi.- 2012.- 16 mart.- S.6.