"Tələbə-məzun"
dövlət elektron məlumat sisteminin təqdimatı olub
Martın
28-də "Kempinski Hotel-Badamdar"
mehmanxanasında Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) tərəfindən yaradılmış
"Tələbə-məzun" dövlət elektron məlumat sisteminin
təqdimatı olmuşdur.
TQDK-nın
sədri Məleykə Abbaszadə Prezident
İlham Əliyevin 2010-cu il
23 fevral tarixli fərmanı
ilə təsdiq edilmiş "Tələbə-məzun"
dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"yə uyğun olaraq yaradılan bu sistemin əhəmiyyətindən
danışmışdır. Bildirmişdir ki, bu fərman
informasiya-kommunikasiya texnologiyalarından
(İKT) istifadəni nəzərdə tutmaqla
təhsilin daha səmərəli idarə
olunmasına və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli
dərəcədə sürətləndirilməsinə xidmət
edəcəkdir.
Sistemə
Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinin
qoşulduğunu deyən M.Abbaszadə bildirmişdir ki, tələbə
və məzunlar haqqında məlumatlardan bir
sıra dövlət orqanları, o
cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya, Maliyyə, Təhsil və
Müdafiə nazirlikləri, digər qurumlar
istifadə edəcəkdir. TQDK-nın
ünvanına şəhər və rayon
təhsil şöbələrindən Azərbaycan vətəndaşlarının
qəbul imtahanlarında iştirak etmələri,
tələbələr sırasında olub-olmamaları
haqqında minlərlə sorğu daxil olur. Ənənəvi
qayda ilə işlədikdə
sorğuları cavablandırmaq insan
resurslarından səmərəsiz istifadəyə və zaman itkisinə gətirib çıxarır. Sistem bu və buna bənzər bütün
problemləri aradan qaldıracaqdır.
Rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf
etdirilməsi və təhsildə İKT-nin
tətbiqinin dünya standartları səviyyəsinə
çatdırılması ölkəmizdə prioritet
istiqamətlərdən biridir.
"Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2011-ci il 23 may tarixli fərmanı
ölkədə İKT-nin
inkişafına təkan vermişdir.
Dövlət orqanlarının təhsil sistemi
ilə informasiya mübadiləsi İKT-dən
istifadə etməklə daha effektiv həyata keçirilə bilər. Təqdim
olunan bu sistem "e-hökumət"in əsas istiqamətlərindəndir
və təhsilin inkişafında mühüm
rolu olacaqdır.
Tədbirdə
sistemin strukturu və informasiya təminatı barədə məlumat
verilmişdir. Bildirilmişdir ki, sistem tələbə-məzun
məlumat bazasından və bu bazaya məlumatların daxil
edilməsi, dəyişdirilməsi, mühafizə edilməsi,
axtarışların aparılması və digər əməliyyatların
həyata keçirilməsini təmin edən texniki-proqram
kompleksindən ibarətdir. Sistemə giriş
TQDK-da yerləşən mərkəzi
serverdən idarə olunan korporativ
şəbəkə vasitəsilə mümkün
olacaqdır. Məlumat bazaları da
TQDK-nın serverində yerləşdiriləcəkdir.
Sözügedən korporativ şəbəkəyə
isə İnternet infrastrukturu
vasitəsilə qoşulmaq mümkün olacaqdır. Sistem
administratoru kimi TQDK təyin
olunmuşdur. Sistemin informasiya təminatı həm TQDK, həm də
ali və orta ixtisas təhsili müəssisələri tərəfindən
həyata keçiriləcəkdir.
Sistemin istifadəçiləri
müxtəlif səviyyəli məlumata
çıxış statusuna malik olacaqlar. Mərkəzi
icra hakimiyyəti orqanları isə daha geniş miqyaslı məlumat
almaq imkanına malik
olacaqdır.
Tədbirdə
mövzu ilə bağlı
çıxışlar dinlənilmişdir.
AzərTAc
Azərbaycan
müəllimi.- 2012.- 30 mart.- S.2.