Söz sırası analitik ifadə vasitəsi kimi

 

Ünsiyyət yaratmaq üçün insanlar müxtəlif məqsədli fikirlər ifadə etməli olurlar, bu və ya digər həyat faktı haqqında məlumat verir, onun haqqında soruşur, yaxud da onu əhatə edən aləmdən aldığı təsirə cavab olaraq öz hiss-həyəcanlarını bildirirlər. Bütün bunlar ünsiyyət zamanı cümlələr vasitəsilə ifadə edilir. Cümlə müəyyən qrammatik quruluşa və intonasiyaya malik olmalı, nisbətən bitmiş bir fikir ifadə etməlidir. Ünsiyyət prosesində işlədilən cümlələr fikri ifadə etmək məqsədinə və qrammatik quruluşuna görə qruplaşdırılır. Cümlə ünsiyyətin yaranmasına xidmət edir. Buna müvafiq olaraq da ünsiyyətdəki məqsədinə görə cümlənin dörd növü ayırd edilir: nəqli, sual, əmr, nida. Quruluşuna görə isə cümlənin iki növü müəyyən edilir: sadə və mürəkkəb. Cümlə söz və söz birləşmələri vasitəsi ilə formalaşır.

 

Söz birləşmələri ən azı iki əsas nitq hissəsindən ibarət olub hissələrinə bölünə bilən vahid bir məfhum bildirir. Cümlənin yaranmasında istifadə edilən söz birləşmələri dilin morfoloji-qrammatik strukturundan asılı olaraq yanaşma, uzlaşma, idarə əlaqələri ilə bir-birinə bağlanır. Qeyd etmək lazımdır ki, dünya dillərinin əksəriyyətində söz birləşmələri, bir qayda olaraq, yuxarıda göstərilmiş sintaktik əlaqələr zəminində formalaşır. Bu baxımdan ingilis dili də müstəsnalıq təşkil etmir. Dillər arasında mövcud olan fərq sintaktik əlaqələrdən hər birinin işlənmə miqyasında müşahidə edilir. Sintaktik əlaqələrin müxtəlif dillərdə işlənmə miqyası təsadüfi olmayıb, hər bir konkret dilin morfoloji quruluşu ilə şərtlənir. Zəngin morfoloji quruluşa malik olan dillərdə söz birləşmələrinin komponentləri arasında uzlaşma və idarə əlaqələri, morfoloji quruluşu zəngin olmayan dillərdə isə, əsasən, yanaşma əlaqəsi işlənir. Müasir ingilis dili analitik quruluşa malik olduğundan bu dildə söz birləşmələri əksərən yanaşma əlaqəsi vasitəsilə formalaşır. Yanaşma əlaqəsi zəminində mövcud olan söz birləşmələrində tabe söz tabeedici sözdən ya əvvəl, ya da sonra gəlir.

A vacant seat - a seat vacant - boş yer

Uzlaşma əlaqəsi söz birləşməsinin komponentləri arasında sintaktik əlaqələrin elə növüdür ki, tabe söz tabeedici sözlə eyni morfoloji formada olur. Uzlaşma hər iki komponent arasında cinsə və kəmiyyətə görə olur. Müasir ingilis dilində cins kateqoriyasına görə uzlaşma yoxdur və hal kateqoriyası çox zəifdir. Bu səbəbdən də uzlaşma əlaqəsinin işlənmə miqyasının çox məhdud olduğunu deyə bilərik. Müasir ingilis dilində uzlaşma əlaqəsi ancaq birinci komponenti say və this, that işarə əvəzliklərindən biri, ikinci komponenti isə isim olan söz birləşmələrində müşahidə edilir. Yəni tabeedici söz təkdədirsə tabe söz təkdə, cəmdədirsə cəmdə uzlaşır.

this book - bu kitab

these  books - bu kitablar

Nümunələrdən də gördüyümüz kimi, birinci birləşmədə tabeedici söz mövqeyində olan book - kitab sözü tək formada olduğu üçün tabe söz olan this - bu işarə əvəzliyi də tək formadadır. Əksinə, ikinci nümunədə books - kitablar sözü cəm formada olduğu üçün these - bunlar sözü də cəm formadadır.

Tabeedici sözün tabe sözün müəyyən formada işlədilməsini tələb etdiyi əlaqəyə idarə əlaqəsi deyilir. Bu, ingilis dilində ən az rast gəlinən əlaqədir. İngilis dilində şəxs əvəzliklərinin feldən və sözönülərdən sonra obyekt halında işlədilməsini idarə əlaqəsinə misal göstərmək olar.

to visit us - bizə baş çəkmək

with me - mənimlə

Qrammatik-morfoloji kateqoriyaların çox zəif olduğu müasir ingilis dilində həm söz birləşmələri, həm də cümlələr arasındakı qrammatik əlaqələr əsasən söz sırası ilə ifadə edilir. Qeyd edək ki, dildə söz sırasının sabitlik və sərbəstlik məsələsi ismin qrammatik kateqoriyaları, xüsusən ismin hal kateqoriyası ilə sıx surətdə bağlıdır. İsmin hal kateqoriyası zəif olan, yaxud heç olmayan dillərdə söz sırası sabitləşmək məcburiyyətində qalır, ismin hal kateqoriyasının funksiyasını daşımalı olur, sözlər arasındakı qrammatik əlaqələri ifadə edir.

Müasir ingilis dilində söz birləşmələri komponentlərinin sərbəstliyinə görə də təsrif edilir. Komponentləri qeyri-sərbəst olan birləşmələrdə komponentlərin yerdəyişməsi mənanın dəyişməsinə, bəzən isə tamamilə itməsinə səbəb olur. Belə söz birləşmələrində onu təşkil edən sözlər bir-birindən asılı,  sözlərdən biri aparıcı, digəri ona tabe vəziyyətdə olur.

a country teacher - kənd müəllimi

the boy`s courage - oğlanın cəsarəti

Sərbəst söz birləşmələrinin isə tərkibində aparıcı komponent olmur. Belə söz birləşmələrində onu təşkil edən sözlər sərbəst olur. Məsələn:

boys and girls - oğlanlar və qızlar

girls and boys - qızlar və oğlanlar

Bu söz birləşməsində komponentlərin yerdəyişməsi, yəni söz sırasının pozulması mənaya xələl gətirməyib.

Müasir ingilis dilində elə söz birləşmələri var ki, nitq prosesində formalaşır, dildə hazır vəziyyətdə, klişe şəklində olur.

to fall in love - vurulmaq

Qeyd etmək lazımdır ki, bu növ söz birləşmələri frazeoloji birləşmələr adlanır və onlar qrammatikanın deyil, dilçiliyin ayrıca bir bölməsi olan frazeologiyanın tədqiqat obyekti hesab edilir. Məlumat üçün deyək ki, bu növ birləşmələrdə söz sırası pozula və komponentlərin arasına başqa sözlər daxil ola bilməz.

İngilis dili analitik dil olduğu üçün söz birləşmələrində olduğu kimi cümlədə də söz sırası çox böyük əhəmiyyətə malikdir. Müasir Azərbaycan dilindən fərqli olaraq müasir ingilis dilində söz sırası sabitdir. Cümlədə söz sırasının sabitlik, yaxud sərbəstlik dərəcəsi həmin dilin qrammatik, konkret desək, morfoloji quruluşundan asılıdır. Dildə morfoloji quruluş nə qədər zəngin olsa, söz sırası da bir o qədər sərbəst olar. Morfoloji quruluş zəif olduqda isə söz sırası sabit olur. Sintaktik əlaqənin söz sırası ilə ifadə edilməsi bəzilərinə görə, bu dildə danışmağın asanlığını təmin edən başlıca səbəbdir. Əslində bunun tam əksidir. Həm cümlədə, həm də söz birləşmələrində sözlər arasında sintaktik əlaqənin söz sırası ilə ifadə edilməsi lazım olan mənanı əldə etmək üçün sözləri düzgün, yerli-yerində işlətmək zərurəti yaradır. Əks təqdirdə cümlənin, söz birləşməsinin semantikası dəyişir. Müasir ingilis dilində söz sırası cümlə tərtib etməklə yanaşı iki əlavə funksiya da daşıyır: sintaktik-semantik və stilistik.

Məsələn, bir sıra hallarda cümlədə mübtəda ilə vasitəsiz tamamlığın yerdəyişməsi həm cümlə üzvlərinin sintaktik funksiyasını, həm də cümlənin semantikasını dəyişir.

The teacher teaches the pupil. - Müəllim şagirdi öyrədir.

The pupil teaches the teacher. - Şagird müəllimi öyrədir.

Yuxarıda verilən birinci və ikinci cümləni müqayisə etdikdə məlum olur ki, həmin vahidlərin arasında mövcud olan sintaktik və semantik fərq yalnız üzvlərin yerdəyişməsinə əsaslanır. Belə ki, birinci cümlədə mübtəda funksiyasında çıxış edən teacher sözü ikinci cümlədə vasitəsiz tamamlıq, birinci cümlədə vasitəsiz tamamlıq funksiyasında olan pupil sözü isə ikinci cümlədə mübtəda olmuşdur. Bu yerdəyişmə cümlənin mənasına da xələl gətirmiş, sözlərin yerdəyişməsi sayəsində bu cümlələrdə bir-birinə daban-dabana zidd məna çaları əldə edilmişdir. Müqayisə olunana həmin cümlələr arasında fərqlər - sintaktik və semantik eyni bir səbəbin, söz sırasının dəyişməsinin nəticəsidir.

İngilis dilində cümlənin məqsədə görə bütün növlərində söz sırası xeyli sabitdir, xüsusən də əmr, nida və sual cümlələrində. Nəqli cümlələrdə də, bir qayda olaraq, cümlə baş üzvlərlə - mübtəda və xəbərlə başlayır, sonra müvafiq olaraq ikinci dərəcəli üzvlər işlədilir. Hər bir cümlə üzvünün sabit işlənmə yeri olmasına baxmayaraq bəzən üslub xətrinə hər hansı bir cümlə üzvü mübtədanın önünə keçə bilər. Çünki Azərbaycan dilindən fərqli olaraq ingilis dilində məntiqi vurğu xəbərin deyil, mübtədanın önünə düşür. Bu zaman cümlədə və ya söz birləşməsində sözlərin yerdəyişməsi sintaktik-semantik anlamda dəyişiklik yaratmasa da, fərqli söz sırası üslub fərqi əmələ gətirir. Məsələn:

I shall bring my sister with me. - Mən bacımı özümlə gətirəcəyəm.

My sister I shall bring with me. Mən özümlə bacımı gətirəcəyəm.

The lost hopes  -  puç olmuş ümidlər

The hopes lost -ümidlər puç olmuş

Nümunə  kimi verilən cümlə və söz birləşmələrini hər iki versiyada müqayisə edərkən görürük ki, onlar arasında nə sintaktik, nə də semantik fərq var. Hər iki halda eyni bir fakt haqda hökm yürüdülür. Birinci cümlə və söz birləşməsi adi danışıqda, ikinci cümlə və söz birləşməsi isə emosional-pafoslu nitqdə işlənir. Bu fərq söz sırasına əsaslandığı üçün deyə bilərik ki, söz sırası ingilis dilində komponentlərin mövqeyindən asılı olaraq sintaktik-semantik rol oynaması ilə yanaşı, stilistik mahiyyət də kəsb edir.

Yuxarıda sadaladıqlarımızın yekunu olaraq deyə bilərik ki, sintetik formalarla zəngin dillərdən fərqli olaraq analitik quruluşa malik olan ingilis dilində söz sırası həm söz birləşmələrinin, həm də cümlələrin formalaşmasında böyük əhəmiyyət daşıyır. İngilis dilini öyrənənlər və dili tədris edənlər bu faktı diqqət mərkəzində saxlamalıdırlar.

 

 

Mədinə HACIYEVA

 

Azərbaycan müəllimi.- 2012.- 30 mart.- S.9.