Millətsevər şair anıldı
Bu il Azərbaycan
ədəbiyyatının korifeylərindən biri,
dünya şöhrətli "Molla Nəsrəddin" ədəbi məktəbinin
təməlçilərindən olan millətsevər
şair və pedaqoq
Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi
tamam olur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük
Azərbaycan şairi Mirzə Ələkbər
Sabirin 150 illik yubileyinin qeyd olunması
haqqında sərəncamına uyğun olaraq ölkəmizin hər yerində bu müqtədir sənətkara həsr olunmuş tədbirlər keçirilir.
Belə
tədbirlərdən biri də bu günlərdə işlədiyim Ucar rayonundakı Qazyan kənd
1 nömrəli məktəbdə təşkil olunmuşdu.
Dəryada
duran qocaman dağ timsallı şairin
yubileyinə həsr etdiyimiz ədəbi-bədii
tədbirdə məktəbin müəllim və şagirdləri,
sabirsevərlər, poeziya həvəskarları
iştirak edirdilər.
Yubiley tədbirini məktəbin
direktoru Ramiz Zeynalov açaraq ölkəmizdə təhsilə, elm və mədəniyyətə, maarifə, ədəbiyyat
və incəsənət xadimlərinə göstərilən
dövlət qayğısından, möhtərəm Prezidentimizin sərəncamları ilə
müxtəlif dövrlərdə yaşayıb yaratmış qüdrətli sənətkarlarımızın
yubileylərinin keçirilməsindən söz
açdı. Bildirdi ki,
belə sənətkarlardan biri də satirik şairimiz Mirzə Ələkbər
Sabirdir. Onun 150 illik yubileyinin qeyd olunması barədə möhtərəm
Prezidentimizin xüsusi
sərəncam imzaladığını diqqətə
çatdıran direktor həmin sərəncamda
M.Ə.Sabirin şəxsiyyətinə,
yaradıcılığına yüksək qiymət verildiyini, onun çoxəsrlik
poeziyamızın parlaq ənənələrini
layiqincə yaratmaqla bərabər, ədəbiyyatımızı
keyfiyyətcə yeni mərhələyə
yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən
söz ustası kimi səciyyələndirildiyini
söylədi.
R.Zeynalov "Sabir
və Azərbaycan məktəbi" mövzusundakı
çıxışında ustad şairimizin müəllimlik fəaliyyətindən,
onun uşaq və gənclərimizin
tərbiyəsilə bağlı dəyərli fikirlərindən
söz açaraq bildirdi ki, Sabirin
cismanı yoxluğundan yüz
il ötsə də, tarixə qovuşmuş illər bu vətən oğlunu bizlərə daha
da yaxınlaşdırmış və
doğmalaşdırmışdır. Ustad
müəllimimizin ən böyük
amalı gənc nəsildə nəcib insani
sifətlər tərbiyə etmək, onları elm öyrənməyə, maariflənməyə
çağırmaq idi. Böyük
Sabirin bir çox misraları çoxdan
xalq arasında atalar
sözlərinə çevrilmişdir.
Məktəbin
tarix müəllimi Qəhrəman Əliyev
şairin xalqı ağır vəziyyətdən
qurtarmaq üçün
Cəlil Məmmədquluzadənin dediyi kimi, özünü "Molla Nəsrəddin" meydanına ataraq nərilti və gurultu"
qoparmasından danışdı. O qeyd etdi ki, Sabir
"Molla Nəsrəddin" satirik jurnalında müxtəlif imzalarla
çıxış etsə də, ən çox
"ağlar-güləyən" imzasından istifadə etmişdir. Bu ad onun satirasının əsas
ruhunu təşkil edirdi:
ağlaya-ağlaya güldürmək,
gülə-gülə ağlatmaq!
Azərbaycan
dili və ədəbiyyat müəllimi
Rühəngiz Əliyeva isə öz
çıxışında Sabirin geridə
qalmış Azərbaycan qadınının savadlanması, dünyagörüşünün genişlənməsi
üçün söz
silahından nə cür istifadə etməsi
barədə çoxlu nümunələr
gətirdi.
Sonra söz
məktəbin şagirdlərinə verildi.
Uşaqlar Sabirin
şeirləri əsasında hazırladıqları səhnəcikləri
təqdim etdilər. Onbirinci sinif şagirdi
Nigar Nuri sevimli şairimiz Zəlimxan
Yaqubun ölməz sənətkara həsr
etdiyi "Qeyrət qalası" şeirini, doqquzuncu sinif şagirdi Aybəniz Əliyeva
şairin "Çatlayır, Xanbacı,
qəmdən ürəyim" satirasını, ibtidai sinif şagirdləri
isə Sabirin uşaqlar
üçün yazdığı "Yaz günləri", "Cütcü",
"Uşaq və buz",
"Yalançı çoban" və
s. şeirlərini söylədilər.
Yaqut ZEYNALOVA
Azərbaycan
müəllimi.-2012.- 30 mart.- S.9.