Erməni-daşnak
birləşmələrinin türk-müsəlman əhalisinə
qarşı soyqırımları
Bir əsrə
yaxındır erməni ideoloqları və onların
havadarları dünyanı inandırmaq istəyirlər ki,
1915-ci ildə Osmanlı ərazisində "zavallı"
erməni xalqına qarşı dövlət səviyyəsində
qırğın törədilmişdir. SSRİ
dağılana qədər bu təbliğat bilavasitə
Türkiyə Respublikasına qarşı yönəlmiş,
dolayı yolla bu məsələdə bütün türk-
müsəlman dünyası
günahlandırılırdı. Çar Rusiyasının
Osmanlı dövlətinə nifrəti SSRİ dövlətinin
siyasətində və təbliğatında davam etdirilməyə
başladı. Beləliklə, XX əsrin 60-cı illərində
bu yalançı təbliğat ayaq tutaraq yeriməyə
başladı.
Əslində
soyqırımına məruz qalan kimlər olmuşdur?
Birinci
Dünya müharibəsi ərəfəsində Osmanlı
dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər
paşa Ərzurumda erməni liderləri ilə
görüşündə yəqin etdi ki, ermənilər
müharibə başlanacaq təqdirdə Osmanlı dövlətini
müdafiə etməyəcəklər. Çünki
çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən
asılı olaraq osmanlı ərazisində erməni muxtar
dövlətinin yaradılmasına təminat verməklə,
Osmanlı dövlətinin tərkibində olan erməniləri
Türkiyəyə qarşı müharibəyə cəlb edə
bilmişdi. Birinci Dünya müharibəsi ərəfəsində
II Nikolayın Qafqaza gəlişi və ermənilərə
osmanlılara qarşı əməkdaşlıq təklif etməsi
məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki
nitqini: "Qoy, rus bayrağı altında üzən gəmilər
Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət
etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə
Osmanlı ərazisində öz müstəqil dövlətini
qura bilsin!" kəlmələri ilə bitirdi. Beləliklə,
II Nikolayın bu qərəzli və təhrikedici
çıxışı ermənilərin Rusiya tərəfindən
Türkiyəyə qarşı müharibədə iştirak
etməsini təmin etdi. Türk torpaqlarının
işğalına və əhalisinin məhv edilməsinə
hazırlaşan erməni ideoloqları erməni kilsəsindən
xeyir-dua aldılar.
Məlum
olduğu kimi, 1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz
istiqamətində Osmanlı sərhədlərini keçdi.
Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə
hər iki tərəf böyük itki verdi. Lakin
Sarıqamış yaxınlığındakı
döyüşdə bir tərəfdən sərt
qış, o biri tərəfdən rus ordusunun daha
güclü hazırlığı türklərdən 90 min əsgər
və zabitin əsir alınması ilə nəticələndi.
Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin
türklərə qarşı qırğın törətməsi
üçün şərait yaratdı. Rus ordusunun tərkibində
xidmət edən ermənilərlə yerli ermənilər birləşərək
heç bir günahı olmayan yüz minlərlə dinc əhalini
qətlə yetirir və onları öz dədə-baba
yurdlarından didərgin salırdılar. Erməni
ideoloqlarının uzun illər boyu təbliğ etdikləri
"Böyük Ermənistan" planının
reallaşması üçün şərait
yaranmışdı. Ermənilərin yerli əhaliyə
qarşı bu münasibəti Osmanlı dövlətini
müəyyən müdafiə tədbirləri görməyə
məcbur etdi. Belə ki, 1915-ci il mayın ortalarında Van,
Bitlis və Ərzurumdan erməni əhalisi döyüş
meydanından uzaqlaşdırıldı. Bununla da türklərin
rus və ingilislərə qarşı döyüşlərində
ermənilərin neytrallığı təmin edildi. Eyni
zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi
türklərə və digər müsəlmanlara ermənilərə
qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş
verdi.
Antantanın
təbliğat maşını və erməni millətçiləri
sübut etmək istəyirlər ki, Birinci Dünya müharibəsi
illərində Osmanlı ərazisində bir milyondan artıq
erməni öldürülmüşdür. Bunun
üçün fakt kimi müharibəyə qədər
Osmanlı ərazisində ermənilərin 2,5 milyon nəfər
olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin
rəsmi məlumatına görə müharibəyə qədər
bu ərazidə 1.300 min erməni yaşayırdı. Göstərilən
əhalinin yalnız yarısı döyüş əməliyyatları
gedən ərazidə yaşayırdı. Müharibə
dövründə yarım milyon erməni Türkiyədən
Qafqaza və başqa yerlərə köçmüş,
150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət
etmiş və ehtimal etmək olar ki, ölən əhalinin
sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin
içində təkcə köçürmə nəticəsində
ölənlər yox, aclıqdan, soyuqdan ölənlər və
itkin düşənlər də vardır. "Tayms" qəzeti
yazır: "Bu bir danılmaz həqiqətdir ki, müharibə
illərində osmanlı ərazisində iki milyon türkün həyatına son
qoyulmuşdur".
Erməni
ideoloqları dünyanı inandırmaq istəyir ki, guya
1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt
paşa erməni əhalisinin dövlət səviyyəsində
qırılması haqda yazılı göstəriş
vermişdir. Bu günə qədər erməni ideoloqları
həmin sənədin əslini fakt kimi heç kimə
göstərə bilmirlər. Ona görə ki, belə sənəd
ümumiyyətlə yoxdur.
1919-cu il
Paris sülh konfransı dövründə Osmanlı rəhbərlərinin
gizli yazışmaları diqqətlə yoxlanıldıqdan
sonra ermənilərin kütləvi surətdə
öldürülməsi haqqında heç bir sənəd və
əmr tapılmadı. Əksinə, Avropadan gələn məmurlar
belə faktla rastlaşdılar ki, köçürülən
erməni əhalisinin təhlükəsizliyini təmin etmək
üçün Osmanlı dövləti tərəfindən
onlarla əmr və göstəriş verilmişdir.
Osmanlı ərazisində
müsəlman əhalisinə qarşı ilk
soyqırımı 1915-ci il martın 14-də Van şəhərində
erməni dəstələri tərəfindən törədildi.
İki gün ərzində şəhərin müsəlman əhalisi
qılıncdan keçirilərək onlara olmazın əzablar
verildi. Osmanlı ərazisini işğal edən rus ordusunun
himayəsi altında "Erməni Van dövləti"
yaradıldı. Van soyqırımından sonra erməni və
rus birləşmələrinin Bitlis vilayətinə
hücumları başladı. Mosula qədər böyük
bir ərazi erməni daşnak qüvvələrinin
işğalı altına düşdü. 1915-ci il iyulun
ortalarına qədər Van ərazisinə 250 min erməni
köçürüldü. Halbuki, bu ərazidə 50 mindən
artıq erməni yaşamamışdı.
1915-ci il
iyulun ortalarından etibarən ermənilərin bu ərazilərdə
törətdikləri cinayətlərin sayı-hesabı yox
idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks
hücumu nəticəsində geri çəkilən rus-erməni
ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri
tərk etməyə başladı. 200 minlik erməni əhalisi
rus ordusunun müşayiəti ilə Cənubi Qafqaz istiqamətinə
üz tutdu. Düzdür, bir çox yerlərdə bu əhali
kürdlərin hücumlarına məruz qaldı.
Çünki kürdlər də erməni
soyqırımına məruz qalanlardan idilər.
Birinci
Dünya müharibəsi illərində erməni-osmanlı
münasibətlərinə dair həm obyektiv baxımdan, həm
də sənədlərin əksəriyyəti qeyri-müsəlman
müəlliflərinə məxsus olduğuna görə
ABŞ Konqresi kitabxanasında saxlanılan "Bristolun sənədləri"
diqqəti cəlb edir. Bu külliyyatda qeyd olunur ki, "dəqiq
statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər
ərzində 600 minə yaxın erməni həlak
olmuşdur. 1,5-2 milyon erməninin ölümü ilə
bağlı fikirlər fərziyyədən başqa bir
şey deyildir. Müharibə gedən ərazidə
insanların ölümü və itkin düşməsi adi
bir haldır". Bristolun sənədlərində göstərilir
ki, qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına
son qoyulmuşdur. Türklərin ölümü və
öldürülməsi ermənilərin ölümündən
daha faciəli olmuşdur.
Yuxarıdakı
faktlardan belə nəticəyə gəlmək olar ki, I
Dünya müharibəsi illərində Osmanlı ərazisində
soyqırımına məruz qalan ermənilər yox, yerli
türk əhalisi olmuşdur.
Erməni
daşnaklarının həyata keçirdiyi
soyqırımı siyasəti təkcə Osmanlı ərazisində
deyil, Azərbaycan ərazisində də mərhələli
şəkildə geniş miqyas almışdır. Bakıda
soyqırımı planı hələ 1917-ci ildən
"Daşnaksütyun" partiyası və Erməni Milli
Komitəsi tərəfindən hazırlanırdı. Onlar dəfələrlə
müsəlmanları bolşeviklərə qarşı
silahlı çıxışa təhrik etməyə cəhd
göstərmişdilər. Ermənilərin məqsədi
bolşeviklərin əli ilə müsəlman əhalisini
cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi
və müsəlman məhəllələrinin
darmadağın edilməsi planlı surətdə mütəşəkkil
erməni hərbi hissələri tərəfindən şəhərin
hər yerində qabaqcadan müəyyənləşdirilmiş
sistem üzrə həyata keçirilirdi.
Təhqiqat
Komissiyası tərəfindən şahid kimi dindirilmiş
Bakı şəhərinin sakini A.N.Kvasnikin ifadəsində
deyilir: "Müsəlman əhalisinin əvvəlcə
Bakı şəhərində, sonra isə onun ətraflarında
cismən məhv edilməsi, onların əmlakının və
bütün var-dövlətlərinin qarət olunması və
siyasi üstünlüyün ermənilərin əlinə
keçməsi ermənilərin müsəlmanlara
qarşı təşkil etdikləri qanlı qəsd
idi."". (ARDA, f.1061, siy.1, iş 95, vər.2).
Azğınlaşmış və vəhşiləşmiş
erməni quldurlar dinc azərbaycanlı əhalini
qırıb-çatmaq üçün ən amansız
üsullara əl atırdılar. Fövqəladə Təhqiqat
Komissiyasının üzvü A.Y.Kluge bu komissiyanın sədrinə
yazırdı: "Yaxşı silahlanmış, təlim
keçmiş erməni əsgərlər çoxlu miqdarda
pulemyotların müşayiəti ilə hücum edirdilər...
ermənilər müsəlmanların evlərinə soxulur, bu
evlərin sakinlərini qırır, onları qılınc və
xəncərlərlə doğram-doğram və
süngülərlə deşik-deşik edir, uşaqları
yanan evin alovları içərisinə atır,
üç-dörd günlük çağaları
süngünün ucunda oynadır, öldürülən
valideynlərin südəmər körpələrinə rəhm
etmir, hamısını öldürürdülər" (ARDSPİHA,
f.277, siy.2, iş 16, vər.20).
Təhqiqat
Komissiyasının sənədlərinə əsasən məlum
olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11
min nəfərədək türk-müsəlman
öldürülmüşdür. Onların çoxunun meyitləri
tapılmamışdır. Çünki şahidlərin dediklərinə
görə, ermənilər meyitləri od-alova
bürünmüş evlərə, dənizə və
quyulara atırdılar ki, cinayətin izini itirsinlər.
(ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18). Sənədlərdən
məlum olur ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş
və əmlak müsadirə olunmuşdur. Xalqın bir
çox ziyarətgahları və
tarixi abidələri dağıdılıb yerlə-yeksan
edilmişdir. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir.
Daşnaklar Bakıda dünya memarlığının incilərindən
sayılan "İsmailiyyə" binasına od vurub
yandırmışdılar (ARDSPİHA, f.277, siy.2, iş 13-16,
vər.25-26).
Mart
talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə
yanaşı erməni ziyalıları, gəncləri də
iştirak edirdilər. Təhqiqat Komissiyasının
materiallarında göstərilirdi ki, "erməni əhalisinin
bütün siniflərini təmsil edən nümayəndələr
bu "müharibə"də iştirak etməyi özlərinə
borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər,
kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin
bütün təbəqələri öz "vətəndaş
borcu"nu yerinə yetirirdi" (ARDA, f.100, siy.2, iş 791, vər.791).
"Nikolay
Buniatov" paroxodu komandirinin köməkçisi Kazım
Axundov yazır: Martın 25-dən Nikolayev küçəsindəki
meyitlərin yığışdırılmasına
başladıq. Onların arasında süngülərlə
didik-didik edilmiş və qılıncla tikə-tikə
doğranmış 3 müsəlman gimnaziyaçısının,
11 gimnaziyaçı qızın, 1 rus qadının, 3-5
yaşlarında 3 müsəlman oğlan
uşağının, 8 rus kişinin, 19 İran təbəəli
müsəlman qadınının və müxtəlif peşə
sahibləri olan 67 azərbaycanlının meyitləri var idi.
Bundan başqa, "Vulkan" cəmiyyətinin köhnə yanalma
körpüsünə müsəlman kişilərin,
qadın və uşaqların 6748 meyiti gətirilmişdi.
Axundov öz tanışı texnik Vladimir Sokolovu "Kərpicxana"
deyilən yerə aparmışdı. Burada o, 3 fotoşəkil
çəkmişdi. Birinci şəkildə başında
güllə yarası, bədənində beş süngü
yarası olan və sağ körpücük
sümüyünə qılınc zərbəsi endirilmiş
qadın meyiti təsvir olunmuşdur. Onun sağ
döşü üstündə hələ sağ olan
körpə uzanmışdır. Anasının
döşünü əmən bu körpənin
ayağında süngü yarası vardır.
İkinci
şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı
uşaq təsvir edilmişdir. Mismarın başından
aydın görünür ki, onu divara daşla vurmuşlar.
Daş elə oradaca idi.
Üçüncü
şəkildə 13-14 yaşlı qızın meyitidir.
Biçarənin bədənindən görünür ki, onu
bir dəstə kişi (əgər bu alçaqlara
"kişi" demək mümkündürsə) zorlamışdır.
Axundovla
Sokolov 4-cü evə daxil olduqda onlar dəhşətli bir mənzərə
görmüşdülər: geniş bir otağın
döşəməsi üstündə 22-23 yaşlı bir
qadının, iki qarının, 9 yaşlı qızın, 8
yaşlı oğlanın və südəmər körpənin
meyitləri var idi. Körpənin əl-ayağını itlər
gəmirib yemişdi. Təsvir olunan mənzərə Sokolova
elə ağır təsir göstərmişdi ki, o daha
fotoşəkil çəkə bilməmişdi.
Qədim Azərbaycan
şəhəri Şamaxı
dəhşətli talan və vəhşiliklərə məruz
qalmışdır. Şamaxı şəhəri və
Şamaxı qəzası üzrə ermənilərin törətdikləri
vəhşiliklər haqqında 7
cild, 925 vərəqdən ibarət təhqiqat
materialları toplanmışdı. Burada bədnam S.Lalayevin
başçılıq etdiyi əsgərlər və T.Əmirovun
dəstəsi azğınlaşaraq müsəlmanları
soyub-talayır və qırırdılar. Şamaxının
müsəlmanlar yaşayan hissəsinin hamısına od
vurulmuşdu. 13 məhəllə məscidi və məşhur
müqəddəs ocaq - Cümə məscidi
yandırılmışdı. Bu məscid müsəlmanlara həm
bir qibləgah, həm də qədim
abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc
adamı qətlə yetirmişdi (ARDA, f.1061, siy.1, iş 108, vər.8-10).
Şamaxıda
böyük hörmət sahibi olan axund Cəfərquluya
olmazın işgəncələr verilmişdi. Ermənilər
ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət
verərək, bu allah bəndəsinin saqqalının tüklərini
bir-bir yolmuş, dişlərini, gözlərini
çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər.
Ermənilər axunda pənah gətirmiş
saysız-hesabsız qadın və uşağı da
öldürmüşdülər. Hacı axundun tamamilə
yandırılmış evinin həyətində sonralar Təhqiqat
Komissiyasının üzvləri tərəfindən
çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi.
Qafqaz-İslam ordusu 1918-ci ilin iyulunda Şamaxını ermənilərdən
azad edərkən meyitlərin iri sümüklərini
yığıb basdırmışdılar. Komissiya üzvləri
1918-ci ilin oktyabr və noyabrında bu barədə
hazırladığı məruzədə qeyd edirdilər ki,
həyətdə hələ də çürümüş
meyitlərin qalıqları qalmaqdadır (ARDSPİHA, f.277,
siy.2, iş 16, vər.18). Şamaxı qəzasının
müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də
bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin
hədd-hüdudu yox idi.
1919-cu il
martın 30-da "Azərbaycan" qəzetində Fövqəladə
Təhqiqat Komissiyasının
"Çağırış"ı dərc edilmişdir.
Komissiyanın sədri Ə.Xasməmmədovun
imzaladığı bu sənəddə deyilirdi:
"Şamaxının yalnız xarabalıqları
qalmışdır. Şəhərin müsəlman hissəsindəki
bu xarabalıqlarda məscidlərin ən qədimi 800 ildən çox tarixi olan
Cümə məscidinin ancaq yanıb qaralmış minarələri
görünür, şəhərin on beş minlik müsəlman əhalisindən
sağ qalanlar isə bütün Zaqafqaziyaya
dağılmış, əllərində qoltuq ağacı və
bellərində torba qapı-qapı düşüb dilənirlər
ki, acından ölməsinlər. Adlarını
"bolşevik" qoyan qaçaq-quldur dəstələrinin
əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi
türk qoşunları Azərbaycana gəldikdən sonra
öz el-obalarına qayıtmışdır. Onlar
qayıdıb gəldikdə əsrlərdən bəri
yaşadıqları ocaqlarını yandırılmış
və yerlə-yeksan edilmiş halda görmüşlər".
Fövqəladə
Təhqiqat Komissiyasının Şamaxı qəzasının
ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatlarının
- şahid ifadələri, zərərçəkənlərin
dindirmə protokolları, rəsmi idarələrin əhalinin
sayı və əmlaklarının dəyəri haqqında məlumatları,
ölən və yaralananların siyahısı və s. əsasında
53 kənd üzrə tərtib olunmuş yekun aktlarında
ayrı-ayrı kəndlər üzrə öldürülənlərin
sayı və hər bir kəndə dəymiş ümumi zərərin
miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə
əsasən Şamaxı qəzasının
53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə
yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri
qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə
dəyən ümumi maddi zərər o dövrün qiymətləri
ilə 339.5 milyon manat,
Şamaxı şəhərinin azərbaycanlı əhalisinə
vurulmuş ziyan orta hesabla bir
milyard manatdan çox olmuşdur (ARDA, f.1061, siy.2, iş 85,
87,100).
Əvvəlcədən
qurulmuş plana görə, daşnak-bolşevik qoşunu
Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil
olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə
xəbərdar edilmiş, onlara xeyli əlavə silah və
sursat göndərilmişdi. Quba qəzasında
qırğınlar əvvəlcədən
düşünülmüş və buna geniş
hazırlıq işləri görülmüşdü.
Bakıdan
böyük bir silahlı dəstə ilə Qubaya gələn
Amazasp və onun əlaltıları küçədə qarşılarına
çıxan bütün adamları ucdantutma gülləyə
tutur, yerə yıxılmış yaralıların bədənlərini
tüfənglərin süngüləri ilə
deşik-deşik edir, gözlərini ovurdular.
Yaxınlıqdakı meşəyə qaça bilməyənlər
evlərinə girib qapıları bağlamışdılar.
Onları evlərindən zorla çıxarır, yerindəcə
güllələyir və yaxud qabaqlarına qatıb meydana
aparırdılar. Bir neçə saatın ərzində
yüzlərlə insan qətlə yetirildi.
Amazasp Quba
camaatını meydana yığıb bildirdi: "Mən minlərlə
türkün başını kəsən Ərzurum ermənisiyəm.
200-dən çox türk kəndini yandırıb xaraba
qoymuşam. Uzun müddət türklərlə
vuruşmuşam, erməni xalqının mənafeyini
müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm.
Əgər müqavimət göstərsəniz,
hamınızı bir nəfər kimi qıracağam".
Şahidlərdən biri yazır: "Amazasp daşnak dəstəsinə
bələdçilik edən qubalı erməni Harun Hayrapetovu
yanına çağırdı və ona nəsə dedi.
Harun cibindən bir siyahı çıxarıb oxumağa
başladı. Həmin siyahıda Qubanın
varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin
adamların dalınca silahlı əsgərlərindən bir
neçə nəfərini göndərdi. Silahlı əsgərlər
həmin ailələrdən altı nəfərlə geri
qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin
4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin
başlarını kəsdilər. Qadınları
uşaqlarının qanını içməyə məcbur
etdilər. Onlar şivən qoparıb daşnakların
üstünə atılanda qarınlarını süngülərlə
deşdilər. Sonra qılıncla bədənlərini tən
ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə
Amazasp əsgərləri cərgə ilə
düzdürüb əliyalın, günahsız əhaliyə
atəş açmağı onlara əmr etdi. Yüzlərlə
adam qırıldı. İnanmaq olmurdu ki, insan-insana
qarşı bu qədər vəhşilik törətsin".
"Mən sizin qanınızı içəcəyəm"-deyən
Amazasp siyahıda adları çəkilən adamların
mülklərini odlayıb külə döndərmək
üçün əmr verdi. Bütün bu hərəkətləri
ilə o, son dərəcə qəddar və qaniçən
olduğunu sübuta yetirirdi.
Amazasp
Bakıdan mənfur Şaumyan rejimindən belə bir
tapşırıq almışdı: Quba qəzasında
bütün müsəlmanları qırıb məhv etmək,
onların yaşayış məntəqələrini
dağıtmaq, sonra isə bu qırğını sünni və
şiə məzhəbləri arasında toqquşma kimi qələmə
vermək.
Təhqiqat
materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də
Qubaya girən
daşnak-bolşevik birləşmələrinin sayı
5 mindən artıq olmuşdur. Ona görə də onlar
silahsız dinc əhaliyə azğınlıqla divan tuta
bilmişdilər. Həmin azğınlığın
miqyasını təsəvvür etmək üçün
iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın
öldürüldüyünü xatırlamaq kifayətdir. Bu
rəqəm Quba şəhər əhalisinin beşdə biri
demək idi.
Qırğının
canlı şahidlərindən biri yazır: Ermənilər
dindarları Qubanın mərkəzinə gətirdilər. Bu
döyülən insanlar qəzanın ən hörmətli
ağsaqqalları sayılırdılar. Amazasp hamının
tanıdığı Quba ermənisi Harunu
çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər
və şiələr hərəsi bir tərəfə
çəkilib üz-üzə dursunlar. Elə o cür də
durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib
dedilər ki, onsuz da sizin hamınızı
qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə
əməl etsin. Sünnilər və şiələr
növbə ilə bir-birilərinə güllə atsın.
Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli
çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi
Məhəmməd, o birisi isə şiələrin
ağsaqqalı Məşədi Mirsadıq idi. Onların
heç biri erməni silahını əlinə almaq istəmirdi.
Qundaqla başlarını yarıb onları tüfəng
götürməyə məcbur etdilər. İkisi də
tüfənglərini qaldırıb bir-birlərini nişan
aldı. Hamı məəttəl qalmışdı. Nisbətən
cavan olan Məhəmməd heç kimin gözləmədiyi
halda geri döndü və bir daşnakı yerə sərdi.
Qarışıqlıqdan istifadə edən Məşədi
Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən
yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin
çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin
qollarını kəsdilər, sonra ayaqlarını.
Başını kəsib süngüyə keçirdilər
və hamı görsün deyə yuxarı qaldırdılar.
Məşədi Mirsadığın gözlərini
çıxarıb, qollarını sındırdılar və
boynunu qırdılar. Həmin gün daşnaklar məscidi
dağıdıb, həm sünnilərdən, həm də
şiələrdən 20-dən çox din xadimini qətlə
yetirdilər". A.Novatski məsələni dəqiqləşdirmək
üçün qeyd edir ki, müsəlmanların dini heysiyyətınə
toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə
Quba, Qusar və Xaçmaz ərazisində
26 məscidi yandırmışdılar.
Amazaspın
vəhşilikləri nəticəsində 1918-ci ilin ilk
beş ayı ərzində Quba
qəzasında üst-üstə 16 mindən çox insan məhv
edilmişdir. Ayrı-ayrı mənbələrə və
şahidlərin dediklərinə əsasən,
qırğın zamanı 12 minədək ləzgi, 4 mindən
çox azəri türkü və tat əhalisi
öldürülmüşdü. 1918-ci ilin
qırğınları zamanı daşnak-bolşevik birləşmələri
Quba qəzasında 162 kəndi
dağıtmışdılar ki, bunlardan 35-i hazırda
mövcud deyildir.
Lənkəranda olan "Dikaya diviziya"nı tərksilah
etmək üçün dəniz vasitəsilə bolşevik
dəstələri göndərilmişdi. Bunların
hamısı Erməni Milli Şurasının göstərişi
ilə edilirdi. Bolşevik əsgərləri yolda
qabaqlarına çıxan müsəlman kəndlərini
dağıdıb talayırdılar. Astara bolşevik əsgərləri
tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin
əksəriyyəti yaşayış yerlərini tərk etməyə
məcbur oldu. Xəzər dənizi sahilində
Qızılağac ilə Lənkəran arasındakı
müsəlman kəndləri "Aleksandr Candar" paroxodu tərəfindən
top atəşinə tutuldu. Yanvarda başlanan bu
qırğınlar martda daha da şiddət etdi.
Osmanlı
qoşunlarının Bakını azad etməsindən bir az əvvəl
Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək
yerli əhaliyə divan tutmağa başladı. Ermənilər
bu bölgədə yüzlərlə ev dağıtdılar
və minlərlə günahsız insanın həyatına
son qoydular. 1918-ci ilin yanvarından 1919-cu ilin avqustunda
"Molokan qiyamı" yatırılana qədər bu
bölgədə erməni və rus birləşmələri
tərəfindən 2 min insanın həyatına son
qoyulmuşdu.
1918-1920-ci
illərdə erməni vəhşiliklərindən ən
çox ziyan çəkən Azərbaycan bölgələrindən
biri də Zəngəzur qəzası olmuşdur. Daşnak
qüvvələrinin təcavüzü nəticəsində
bu qəzanın Şuşa ilə əlaqələri tamamilə,
Cəbrayıl qəzası ilə qismən kəsilmişdi.
Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də
ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki
silahlı quldur dəstələri ilə yanaşı bu qəzada
general Andranikin erməni əsgərlərindən ibarət
yaxşı təşkil olunmuş nizami qoşunları da var
idi. Andranik erməni hökumətinin
tapşırığı ilə Azərbaycan ərazisinə
soxularaq müsəlman əhalisindən tələb edirdi ki,
ya Ermənistan hökumətinə tabe olsunlar, ya da qəzanın
ərazisini tərk etsinlər. Guya bu ərazi Ermənistan
Respublikasına daxildir. Qəzanın çox zəif
silahlanmış müsəlman
əhalisi Andranikin bu tələblərini rədd etdiyinə
görə ermənilər həmin əhaliyə qarşı
görünməmiş vəhşiliklər törətdilər.
Fövqəladə
Təhqiqat Komissiyasının məruzəsində
Zəngəzur qəzasında
115 müsəlman kəndinin ermənilər tərəfindən
dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur.
Dağıdılmış bütün kəndlərin
adları bu sənədlərdə sadalanır.
Dağıdılan
bu 115 kənd üzrə 3257
kişi, 2276 qadın və 2196 uşaq
öldürülmüş, 1060 kişi, 794 qadın və 485
uşaq yaralanmışdır. Nəticədə təkcə
Zəngəzur qəzasında komissiyanın məruzəsi
hazırlanana qədər 10068 nəfər azərbaycanlı
öldürülüb və ya şikəsi edilmişdir.
Erməni millətçilərinin
azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşiliklləri
1920-ci ilin əvvələrində daha amansız bir şəkil
aldı. 1920-ci ilin yanvarından Zəngəzurda baş verən
bütün hadisələrin bilavasitə təşkilatçısı
məhz Ararat Respublikasının özü idi. Burada da əsas
məqsəd Zəngəzur qəzasını tamamilə
müsəlmanlardan təmizələyərək Paris sülh
konfransı dövlətlərinin əli ilə buranı Ermənistanın
tərkibinə daxil etmək idi. Bu təmizləmə əməliyyatlarında
erməni quldur dəstələri ilə yanaşı Ararat
Respublikasının on mindən yuxarı nizami qoşun dəstələri
iştirak edirdi.
Ermənilərin
irimiqyaslı hücumları ilə əlaqədar 1920-ci il
yanvarından Azərbaycan Respublikasının Parlamentinə,
hökumətinə müxtəlif partiya fraksiyalarının rəhbərlərinə
Zəngəzurdan çoxlu həyəcanlı xəbərlər
daxil olurdu.
Erməni
millətçilərinin Zəngəzurdakı
dəhşətli cinayətləri və onlara layiqli cavab
verilməməsi azərbaycanlı əhali arasında
ümidsizlik doğururdu. 1920-ci il yanvar ayının 23-də Cəbrayıldan
müəllim Hüseyn Axundzadənin vurduğu təkrar
teleqramda deyilirdi: "Zəngəzur müsəlmanları tərəfindən
başınız sağ olsun. Nə qədər zəngəzurlular
ağladılarsa da, nalələri Zəngəzur
dağları, dərələri və obalarından kənara
çıxmadı. Qarı arvadların namusu təhqir
olunmuş, məsum balaların başsız bədənləri
qırmızı qanlarına bulaşmış çöllərdə
qalıblar. Qızlar və gəlinlər ermənilərin əlinə
keçmiş, onların namuslarına təcavüz
edilmişdir. Zəngəzurda düşmənə müqavimət
göstərən çox az kişi qalıb. Lakin onlar da tam
ümidsiz vəziyyətdədirlər. Üzümüzü
Azərbaycan dindarlarına çevirir, onları Zəngəzurdakı
qardaşlarımızın, bacılarımızın, məsum
balaların məlumanə şəkildə şəhid
olmalarına qarşı kömək, kömək deyə
yalvarışlarına cavab verməyə
çağırırıq". (ARDA: f. 895, siy. 1, iş 299,
vər. 8-12 ).
1918-ci ilin
avqustunda İğdır və Eçmiədzin qəzalarında
azərbaycanlıların qırğını Dronun rəhbərliyi
altında həyata keçirilirdi. Onun göstərişi ilə
bu regionda azərbaycanlıların 60-dan çox kəndi
dağıdılmış, yandırılmış, əhalisinə
qarşı ən sərt tədbirlər
görülmüşdü.
Çəmbərəkənd
(Krasnoselo) rayonunun Ağbulaq, Ardanış, Bəriyabad,
Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Gölkənd
(Qaraqoyunlu), Toğluca, Çaykənd, Cıvıxlı, Cil,
Şorca və başqa kəndlərə hücum etmiş
Andranikin quldur dəstəsi əhalini qırmış, kəndi
dağıtmış, xalqın var-dövlətini talan edib
aparmış, əhalinin bir qisminə ağır işgəncələr
vermiş, qaça bilməyənləri, qocaları, qadın
və uşaqları vəhşicəsinə qılıncdan
keçirmişdir. Eçmiədzin rayonunda 1918-ci ildə azərbaycanlılar
sayca üstünlük təşkil etsələr də, bu
rayonun əksər kəndləri ermənilərin vəhşiliyinə,
işgəncələrinə məruz qalmışdılar.
1918-ci ilin
martına qədər İrəvan
qəzasının 199 azərbaycanlı
kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə
Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi
bütünlüklə yerlə-yeksan edilmişdir. 1919-cu ilin
axırında isə Zəngibasarın bir neçə kəndi
istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən
Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi
vəhşicəsinə öldürülmüş, sağ
qalanlar canlarını xilas edərək başqa yerlərə
qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana
pənah gətirmişlər.
Quqark
rayonunun Vartanlı kəndində isə faciə belə
başlandı: Aprel ayının ortalarında iclas keçirmək
adı altında azərbaycanlıları bir komaya
yığırlar. Təxminən 1200-1500 adam bu komaya
toplaşır. Keşiş Vahan iclası açır, bir
neçə kəlmə ilə bu iki xalqın bir kənddə
mehriban yaşaması haqqında fikir söyləyir. Bir qədər
sonra silahlı ermənilər içəri daxıl olub
keşişi bayıra çıxarır, komanın
qapısına bağlayaraq damından içəriyə saman
qarışıq neft töküb camaatı yandırmağa
başlayırlar. Uşaq, qoca, qadın
qışqırtısı ərşə dayanır,
tüstüdən boğulanlar, özlərini itirənlər
qapıya hücum çəkirlər. Əliyalın
xalqın müqaviməti nəticəsiz qalır.
Yerevan
şəhərinin şimal-şərqində yerləşən
Kotayk rayonu ərazisində də 1918-ci ildə erməni quldur
dəstələri azərbaycanlılara qarşı geniş
soyqırımı həyata keçirdilər. 1918-ci ilin məlum
hadisələrinə qədər bu rayonda yaşayan əhali
arasında azərbaycanlılar üstünlük təşkil
edirdi. Lakin həmin dövrdə rayonun Avdallar, Artiz,
Aşağı Qaxt, Başkənd, Bozkosa, Qayaxaraba,
Qaraçala, Qaraçörək, Qızqala, Qurbağalı,
Damagirməz, Dəlləkli, Əkərək, Zər, Yelqovan,
Yellicə, Kamal, Kənxan, Kərpicli, Küzəcik,
Göykilsə, Güllücə, Nurnus, Oxçu qalası, Təzəxarab,
Çobangörükməz və s. kəndlərindən azərbaycanlı
əhali böyük işgəncələrlə
qovulmuşdur. Onların əksəriyyəti Andranikin və
daşnak hökumətinin silahlı erməni dəstələri
tərəfindən öldürülmüşdür.
Andranikin quldur qoşununun və daşnakların 1918-1920-ci illərdə
azərbaycanlılara qarşı apardıqları
soyqırımı nəticəsində indiki Ermənistan ərazisində,
yəni Qərbi Azərbaycan
torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi,
təxminən 565 min nəfəri vəhşicəsinə
qırılmış, yaxud öz dədə-baba
torpaqlarından qovulmuş, didərgin
salınmışdır. Erməni müəllifləri
özləri bu faktı təsdiq edirlər. Tarixçi
Z.Korkodyan "Sovet Ermənistanının əhalisi 1831-1931-ci
illər" kitabında göstərir ki, 1920-ci ildə Ermənistanda
Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən
bir qədər çox türk
azərbaycanlı qalmışdı. 1918-ci ildə "İrəvan quberniyasında 211, Qars
vilayətində 92 Azərbaycan kəndi
dağıdılmış, yandırılmış və
talan edilmişdi. İrəvan azərbaycanlılarının
çoxsaylı müraciətlərindən birində
göstərilir ki, qısa müddət ərzində bu tarixi
Azərbaycan şəhərində (İrəvan) və onun
çevrəsində 88 kənd dağılmış, 1920 ev
yandırılmış, 132 min azərbaycanlı məhv
edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri
vəhşiliklər, daşnak hakimiyyəti dövründə
yürüdülən "türksüz Ermənistan"
siyasəti nəticəsində İrəvan
quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı
ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə
enmişdir. 1920-ci il aprelin 27-də XI Qırmızı
Ordunun Bakını, sonra isə Azərbaycanın bütün
bölgələrini işğal etməsi Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək
üçün Azərbaycan Xalq Cümhuriyyətinin
gördüyü tədbirləri başa
çatdırmağa imkan vermədi. Ermənistan sovetləşən
Zəngəzur qəzası daxil olmaqla həmin ərazilər
Sovet Ermənistanına bağışlandı. Beləliklə,
1918-1920-ci illərdə türk-müsəlman əhalisinə
qarşı həyata keçirilən qətllər və
kütləvi insan qırğını təsadüfi hadisə
deyil, "Daşnaksütyun" partiyasının
"Böyük Ermənistan" yaratmaq planını
reallaşdırmaq yolunda atılan addım və
soyqırımı siyasəti olmuşdur.
Xalqımıza
qarşı 1918-ci ildə törədilən mart
soyqırımı kimi faciəli bir tariximizin
saxtalaşdırılması və ört-basdır edilməsini
təkcə tarixi bir anın unudulması kimi qəbul etmək
olmaz. Mart hadisələrinin saxtalaşdırılması
xalqımıza qarşı tarixən düşmən
münasibət bəsləyən erməni xislətinin gizlədilməsi
oldu. Bu isə özlüyündə XX əsr tariximizdə
yeni-yeni qanlı səhifələrin açılmasına gətirib
çıxardı ki, bunlardan aşağıdakılara diqqəti
cəlb etmək yerinə düşər:
- 1920-ci
ilin aprel işğalı ilə Azərbaycan Milli hökuməti
devrildi, bolşevik bayrağı altında ermənilər Azərbaycanda
faktiki olaraq ikinci dəfə hakimiyyəti ələ
keçirdilər. Nəticədə respublikada nəinki
ziyalılara, hətta milli baxışlı kommunistlərə
də divan tutuldu, milli adət-ənənələrimiz ayaq
altına atıldı, bütün bu işlərin
icraçıları ermənilər oldu.
- bu gün
müstəqil Azərbaycanın ən ağır probleminə
və xalqın ən ağır dərdinə çevrilən
Qarabağ məsələsinin əsası 20-ci illərdə
qoyuldu.
-
bolşevik cildinə girən daşnaklar Zəngəzur
torpaqlarını zorla Azərbaycandan qoparmağa nail oldular.
-
otuzuncu illərin repressiyalarında erməni xisləti
üçün yaranmış fürsətdən məharətlə
istifadə edildi.
-
1947-53-cü illərdə yüz minlərlə
soydaşımız öz ata-baba torpaqlarından (Qərbi Azərbaycan)
didərgin salındı.
- 1990-cı ilin yanvar faciəsi,
1992-ci ilin fevralında Xocalı soyqırımı, 1992-ci ildən
başlayaraq Şuşa, Laçın, Kəlbəcər,
Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan,
ümumiyyətlə, 20 faiz torpaq itkisi erməni məkrinin, ən
əsası isə mart soyqırımının
unudulmasının bilavasitə nəticəsidir.
- 1918-ci ilin martında erməni
vəhşiliyindən canını qurtarıb Bakını tərk
edən soydaşlarımızın qaçqın həyatı
qan yaddaşımıza həkk olunsaydı, fikrimizcə, bu
gün biz bir milyon insanı qaçqınlıq taleyini
yaşamağa məcbur edən erməni məkri
qarşısında aciz qalmazdıq.
Nəhayət,
Ü.Hacıbəyovun 1919-cu ildə mart
soyqırımının ildönümü ilə əlaqədar
yazdığı "31 mart" adlı məqaləsindən
bu gün üçün də aktuallığını
saxlayan bir fikri xatırlamaq yerinə düşər:
"Bugünkü vəzifəmiz o qara günləri yaddan
çıxarmamaq və buna görə də həmişə
və hər an hər şeyə hazır olmalıyıq.
Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən
qorumaq və məmləkətimizi şərəflə
yaşatmağa çalışmaqdır".
Anar İSGƏNDƏROV
Azərbaycan müəllimi.- 2012.- 30
mart.- S.6.