Tələbələr onun hər dərsini səbirsizliklə
gözləyirlər
Müasir Azərbaycan cəmiyyətinin
və dövlət quruculuğumuzun formalaşmasında təhsil sisteminin və burada
çalışan çoxsaylı dəyərli
ziyalılarımızın xüsusi əməyi
danılmazdır. Bu sahədə
çalışan insanların əməyini, onların elmi-pedaqoji fəaliyyətini və ictimai fikir tariximizdəki yerini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər
Əliyev demişdir: "Təhsil
sisteminin nə qədər dəyərli olduğunu ondan görmək
olar ki, Azərbaycanda
yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik
insanlar var və onlar cəmiyyətin çox
hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın
iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Onlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət
kimi idarə edə bilməzdik. Onları
qiymətləndirmək lazımdır".
Ömrünün 35 ilini şərəfli müəllimlik peşəsinə
bağlayaraq gənc nəslin təlim-tərbiyəsinə
həsr etmiş müəllimlərdən
biri də Azərbaycan Müəllimlər
İnstitutunun Ağcabədi
filialının ümumi elmi
fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim
Tahir Mehdixan oğlu Kərimlidir. 1952-ci il
iyul ayının 29-da qədim Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində anadan olmuş Tahir Kərimli səkkizillik təhsilini
1959-1967-ci illərdə 1-ci Aşıqlı kəndində
almış və təhsilini Beyləqan şəhər 1
nömrəli orta məktəbdə davam etdirərək 1969-cu ildə həmin
məktəbin X sinfini bitirmişdir.
Bir il istehsalatda
çalışdıqdan sonra
1971-1973-cü illərdə həqiqi
hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) ibtidai təhsilin pedaqogikası və
metodikası ixtisası üzrə əyani şöbəsinin
1-ci kursuna daxil olmuşdur. 1973-1977-ci illərdə bu fakültəni "əla" qiymətlərlə
oxuyan Tahir Kərimli nəinki
fakültənin, eyni zamanda
universitetin ictimai-siyasi
həyatında həmişə fəallıq göstərmiş,
tələbə elmi cəmiyyətində və həmkarlar
təşkilatlarında üzv olmaqla mühüm ictimai vəzifələr icra
etmişdir. Təhsilini başa vurduqdan sonra təyinatla işləmək üçün
Şuşa Pedaqoji
Texnikumuna göndərilən Tahir Kərimli gələcək həyatını
birdəfəlik Şuşa şəhəri
ilə bağlamışdır. 1977-1988-ci illərdə Şuşa Pedaqoji Texnikumunda pedaqogika və psixologiya fənlərini tədris etmiş, 1980-1981-ci illərdə Şuşa Mədəni-Maarif Texnikumunda
müəllim vəzifəsində
çalışmış və eyni zamanda qədim Şuşa
şəhərinin ictimai-siyasi həyatında
yaxından iştirak etmişdir.
Bilik, bacarıq və təşkilatçılıq
qabiliyyətini başqa sahələrdə
də göstərmiş Tahir Kərimli
1991-ci ildən pedaqoji universitetin
Şuşa fakültəsinə (sonralar Şuşa
filialı adlandırıldı)
dərs deməyə dəvət olunur.
Bir ildən
sonra, yəni 1992-ci ildə Şuşa şəhəri erməni-rus hərbi
birləşmələri tərəfindən işğal
edildikdən sonra ADPU Şuşa
filialı Ağcabədi rayonunda məskunlaşır.
2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev
"Azərbaycan Respublikasında təhsil sisteminin
təkmilləşdirilməsi haqqında" sərəncam
imzalayır və sərəncama əsasən Şuşa
filialının maddi-texniki
bazasının əsasında AMİ-nin
Ağcabədi filialı yaradılır. Həmin vaxtdan Tahir müəllim əvvəlcə
pedaqogika və psixologiya,
hazırda isə ümumi elmi
fənlər kafedrasına rəhbərlik edir.
AMİ-nin Ağcabədi filialında
müəllim və kafedra müdiri kimi
çalışdığı illərdə
ömrünü gənc nəslin təlim-tərbiyəsinə
həsr edən Tahir müəllim bu illər təkcə
pedaqoji fəaliyyətlə məşğul olmur, həm də
1990-cı illərdən başlayaraq pedaqogikanın tarixinə,
nəzəriyyəsinə, təlim və tərbiyə məsələlərinə,
pedaqoji işin tədqiqinə, məktəbin ailə və
ictimaiyyətlə əlaqəsinə, məktəbşünaslığa,
həmçinin Milli Kurikulumun tətbiqinə və
icrasına aid çoxsaylı monoqrafiyalar, dərsliklər, dərs
və metodik vəsaitlər, proqramlar və məqalələr
nəşr etdirir.
Hələ tələbəlik illərində
tələbə elmi cəmiyyəti xətti ilə bir
sıra maraqlı tədqiqat işlərinə imza
atmış Tahir müəllimin professor M.Muradxanovun rəhbərliyi
ilə işləmiş olduğu "A.S.Makarenkonun pedaqoji
irsinin Azərbaycanda nəşri və tədqiqi" adlı
diplom işi gənc tədqiqatçının ən
uğurlu işi sayılmış, akademik H.Əhmədov və
professor X.Fətəliyev tərəfindən yüksək qiymətləndirilmişdir.
1976-cı ildə professor N.Sadıqovun rəhbərliyi ilə
işlədiyi "İbtidai siniflərdə hərfi
simvolikanın öyrənilməsi metodikası" adlı tədqiqat
işi ali məktəb tələbələrinin 1976-cı
ildə keçirilmiş III Respublika konfransında III dərəcəli
diploma layiq görülmüşdür.
Bu əsərlər içərisində
"Mir Mövsüm Nəvvab Qarabağinin pedaqoji
görüşləri", "M.M.Nəvvabın əsərlərinin
nəşri və tədqiqi tarixindən" və yenə də
"M.M.Nəvvabın təlim-tərbiyəyə aid fikirlərindən
pedaqoji prosesdə istifadə imkanları" adlı monoqrafiya, dərslik və
metodik vəsaitlər respublikanın pedaqoji ictimaiyyətinin rəğbətini
qazanmış əsərlərdir. Tahir Kərimli 30-dan
çox elmi məqalənin müəllifidir. Bundan başqa
"N.Gəncəvinin yaradıcılığında tərbiyə
məsələləri", "M.M.Nəvvabın əsərlərində
sadəlik və təvazökarlıq haqqında",
"M.M.Nəvvabın islam dini və islam əxlaqı" haqqında fikirləri, "Heydər
Əliyev və Azərbaycan milli mənəvi dəyərlərin
inkişafı", "Müasir Azərbaycan gənclərinin
vətənpərvərlik tərbiyəsi məsələləri"
adlı irihəcmli əsərləri də Azərbaycanda
maarifçilik fikrinin inkişafına, gənclərin təlim-tərbiyəsinə
və milli mənəvi dəyərlərin inkişafına həsr
olunmuşdur.
Tahir müəllimin çoxillik, səmərəli,
elmi pedaqoji fəaliyyəti onun 2005-ci ildə "M.M.Nəvvab
Qarabağinin pedaqoji
görüşləri" mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək alimlik dərəcəsi
alması ilə yeni mərhələyə keçir və
bundan sonra o, daha irihəcmli əsərlər nəşr
etdirməyə başlayır.
O, yaxşı pedaqoq, zəhmətkeş alim, səmimi insan olmaqla
yanaşı, həm də kamil xarakterə malik bir şəxsiyyətdir.
O, işlədiyi kollektivlərdə
xüsusi nüfuz sahibi olub və yaxşı mənada ictimai
rəy yarada bilən insanlardan biri kimi həmişə
seçilib. Onun xeyirxah əməllərindən
ətrafı bəhrələnib, tələbələri və
yaxınları bu sadə insanla həmişə fəxr ediblər.
Tahir müəllim üçün
vətən, xalq, bütöv və müstəqil Azərbaycanın
bu günü və gələcəyindən əziz və
müqəddəs olan heç nə yoxdur.
İşlədiyi pedaqoji kollektiv,
dostları və tələbələri yaxşı bilirlər
ki, tələbələri Tahir müəllimin hər dərsini
böyük maraq və həvəslə gözləyirlər.
Çünki Tahir müəllim öz borcunu təkcə təlimata
uyğun olaraq proqram materiallarını tələbələrə
çatdırmaqla kifayətlənməmiş, vaxtilə
keçmiş sovet rejiminin ideoloji tələblərinə
zidd olsa da, xalqımızın tarixi və taleyi ilə
bağlı ciddi problemlərə toxunmuş, gənclərin
öyrənməsi qadağan edilmiş ciddi məsələlərə
aydınlıq gətirmiş, onların əsl vətəndaş
kimi mənəvi cəhətdən formalaşmalarına
çalışmış, onlarda milli şüur, milli
düşüncə və bütövlükdə azərbaycançılıq
ideyasının təşəkkül tapmasında müstəsna
rolu olmuşdur.
Hələ keçən əsrin
90-cı illərində Tahir müəllim ermənilərin
Qarabağda qeyri leqal fəaliyyət göstərən
"Daşnaksütyun" və "Krunq" təşkilatlarının
fəaliyyətlərinə qarşı ciddi mübarizə
aparmış və məsələyə bütün
yaxınlarını, sədaqətinə inandığı və
güvəndiyi tələbələrini də cəlb edə
bilmişdir.
Tahir
müəllim sözü ilə əməli, peşəsi ilə
şəxsiyyəti
üst-üstə düşən insanlardan biridir. Onun ictimai-siyasi fəaliyyəti
də, mədəni-maarif işi və pedaqoji sahədəki fəaliyyəti
də bitkin olub. Həmişə Qarabağdan, gözəl
Şuşadan danışanda da, yazanda da ağlaya-ağlaya, yana-yana söhbət açıb.
Tahir müəllim vətənimizin nadir incisi
Şuşanın qəriblikdə, düşmənin
tapdağı altında göz yaşı
axıtdığını, hələ ki qisası
alınmamış, Qarabağın müdafiəsi uğrunda
gedən döyüşlərdə qanı tökülən
igidlərin narahat ruhlarının bizi son döyüşə
səslədiyini deyir. Milli ruhumuzu və
yaddaşımızı korşalmaqdan və mürgüləməkdən
oyadır, qeyrət qılıncımızı təzələyir.
Tezliklə könlümüzün keçdiyi
Qarabağa özümüzün gedəcəyimizdən
xəbər verir.
Dostları
və həmkarları bu insanda
bütün müsbət keyfiyyətləri
içərisində əsas üç
sahənin birləşdiyini xüsusi qeyd edirlər: Yaxşı tədris təşkilatçısı,
geniş ümumi və
dərin ixtisas biliyinə malik
olan ictimaiyyətçi müəllim və
yorulmaz tədqiqatçı-alim.
Müxtəlif
illərdə Tahir müəllimin əməyi
xalqımız və dövlətimiz tərəfindən həmişə
yüksək qiymətləndirilib. Özünün
dediyi kimi, bu mükafatların içərisində ona verilmiş Azərbaycan
Respublikasının "Qabaqcıl təhsil işçisi"
döş nişanı Tahir
müəllim üçün onun
sadə müəllimlik peşəsinə verilmiş
ən yüksək qiymətdir.
Yuxarıda
qeyd etdiyimiz kimi, Tahir müəllim
1992-ci ildən məcburi Şuşa köçkünü kimi
Ağcabədi rayonunda məskunlaşıb.
Onun rayon ictimaiyyəti
və ziyalıları arasında və bütövlükdə
Qarabağ regionunda çox böyük
hörməti var. Bu da onun daim
əhali arasında olmasından və bütün
ictimai-siyasi və mədəni-kütləvi
tədbirlərdə fəal iştirakı ilə
bağlıdır. O, YAP-ın üzvüdür
və AMİ-nin Ağcabədi
filialının həmkarlar təşkilatına rəhbərlik
edir. Bu istiqamətdə
də əməkdaşların və tələbələrin
asudə vaxtlarının səmərəli təşkili
istiqamətində yadda qalan
tədbirlər hazırlayıb həyata keçirir.
Şərəfli
dövlətçilik tariximiz, ana dilimiz, milli
mənəvi dəyərlərimiz, islam
dininə qarşı məhəbbət və sevgi
Tahir müəllim üçün
tükənməz yaradıcılıq mənbəyi, müqəddəs
inanc yeri olmaqla, həm də onun ilham mənbəyidir. Ona
görə də pedaqoq alim
kimi də, filialın ağsaqqallar
şurasının sədri kimi də, hər
cəhətdən öz müasirlərinə
və gələcək nəsillərə nümunə ola biləcək bir
insandır.
Hər
mənalı insan ömrü bir salnamədir desək yanılmarıq. Bu baxımdan
ömrünün 60-cı baharına qədəm
qoyan Tahir müəllimin
həyatı bütün
cəhətləri ilə aydın, şəffaf və büllur kimi təmiz, saf və durudur. Ömrünün bu müdrik çağında ona
cansağlığı, rahat ailə
xoşbəxtliyi və yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
Əlizadə NƏCƏFOV,
fəlsəfə doktoru,
Ağcabədi
Rayon Ağsaqqallar
Şurasının
sədri,
Şəhla MƏMMƏDOVA,
AMİ-nin
Ağcabədi filialının metodisti
Azərbaycan
müəllimi.- 2012.- 30 mart.- S.7.