Azərbaycanlı müəllimlərin
layihəsi beynəlxalq forumda uğur qazanıb
"İnnovativ müəllimlər" müsabiqəsinin
ölkə üzrə qalibləri Avropa Təhsildə
Əməkdaşlıq Forumunda Azərbaycanı
layiqincə təmsil ediblər.
Məlumat üçün qeyd edək
ki, "Microsoft" şirkətinin
təşəbbüsü olan "İnnovativ müəllimlər"
müsabiqəsi hazırda dünyanın 100-dən artıq
ölkəsində reallaşdırılır. Müsabiqənin
təşkilində məqsəd hər ölkədə
qabaqcıl, yenilikçi müəllimləri
araşdırıb üzə çıxarmaq, onları əvvəl
yerli, sonra isə müxtəlif regional müsabiqələr
vasitəsi ilə bir araya gətirərək təcrübə
mübadiləsinə şərait yaratmaqdır.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində Təhsil
Nazirliyi və "Microsoft-Azərbaycan" tərəfindən
birgə həyata keçirilən "Təhsildə Əməkdaşlıq
Proqramı"nın tərkib hissəsi olan tədbirə
"Ultra", "Mədəd", HP və AzEduNet kimi təşkilatlar
da dəstək verir. Bu müsabiqə öhdəsinə Azərbaycanın
təhsil sistemində çalışan innovativ orta məktəb
müəllimlərinin şəbəkəsini yaratmaq,
onların informasiya texnologiyalarından istifadəsini təkmilləşdirmək
və şagirdlərin XXI əsr vərdişlərinə yiyələnməsinə
şərait yaratmaq vəzifələrini götürüb.
Seçim və final olaraq 2 mərhələdə təşkil
edilən müsabiqəyə ötən ilin noyabrından start
verilib.
"Təhsildə Əməkdaşlıq
Proqramı"nın rəhbəri Emin Axundovun verdiyi məlumata
görə, müsabiqəyə təqdim olunan 400 layihədən
25-i finala vəsiqə qazanıb və onlardan 6-sı qalib
seçilib. Həmin layihələrin 9-u Bakıdan, digərləri
isə bölgələrdən
olub. 2 layihə I yerə, 2 layihə II yerə, 2 layihə
isə III yerə layiq görülüb. Müəllimlər
layihələrini münsiflər heyətinə onlayn təqdim
ediblər.
Müsabiqənin 2 əsas qalibi 19-22 mart
tarixlərində Portuqaliyanın Lissabon şəhərində
keçirilən Avropa Təhsildə Əməkdaşlıq
Forumunda Azərbaycanı təmsil edib.
"Microsoft" korporasiyasının keçirdiyi forumda 40
ölkədən gələn müəllimlərin 80-dən
artıq layihəsi təqdim olunub. Azərbaycanlı nümayəndələr - Azərbaycan
Dillər Universitetinin müəllimi
Gülbəniz Camalova və
Bakıdakı 55 nömrəli tam orta məktəbin müəllimi Nailə Həsənova
tədbirdə ekologiya, Bakı Avropa Liseyinin müəllimi
Kəmalə Cəfərzadə isə millətlərarası
mədəni dialoq mövzusunda
innovativ layihələrlə iştirak ediblər.
Müxtəlif
ölkələrdən gəlmiş iştirakçılar 3
gün ərzində öz
layihələrini təqdim ediblər. Həmin günlərdə
eyni zamanda "Microsoft" korporasiyasının məsul əməkdaşları
ilə görüşlər keçirilib,
müsabiqənin Avropa və dünya turlarının qaliblərinin təqdimatları
dinlənilib, təhsil müəssisələrinə ekskursiyalar təşkil edilib.
Forumda 6 nominasiyanın hər biri üzrə 4 layihə qalib
seçilib. Gülbəniz Camalova və Nailə Həsənovanın
"Gəlin planetimizi birlikdə qoruyaq" innovativ tədris
layihəsi "Sinifdənkənar tədris" nominasiyası
üzrə II yerə layiq görülüb.
Layihənin ən önəmli xüsusiyyəti orta məktəb və universitet
müəllimlərinin pedaqoji fəaliyyətlərinin
keyfiyyətinin artırılmasına xidmət etməsidir.
Layihə çərçivəsində əldə edilmiş təcrübə pedaqoji
fakültələri olan ali
məktəblərdə müvəffəqiyyətlə tətbiq
edilə bilər. Lissabonda keçirilən forum
rəsmi və bədii hissədən ibarət böyük bir tədbirlə
başa çatıb. Sonda
qaliblərə sertifikatlar təqdim olunub. Qeyd edək ki, adıçəkilən müəllimlər
Ümumdünya Təhsildə Əməkdaşlıq
Forumunda qaliblər sırasında
Avropanı təmsil edəcəklər. Forum
bu ilin noyabr
ayında Yunanıstanın Afina şəhərində
keçiriləcək. Müəllimlərimizə
bu səfərdə
də böyük uğur
qazanmağı arzulayırıq.
Hicran ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 30 mart.- S.7.