Professor İbrahim Yıldırımdan ərməğan 

 

İstanbulda sevimli bir dostumuz yaşayır - Amasya doğumlu Azərbaycan Türkü, Türkiyədə plastik cərrahlığın ən məşhur ustalarından biri olan Prof. Dr. İbrahim Yıldırım! O, qardaş ölkədə öz sahəsi üzrə şöhrət qazanmış ən ünlü cərrahlardan biridir. Yeri gəlmişkən, 1980-ci illərin sonu-1990-cı illərin başlanğıcında o, Azərbaycana gələrək Qarabağ müharibəsində burnunu, qulağını, çənəsini... itirmiş onlarca igid döyüşçümüzü yenidən ilkin görkəminə qaytarıb, o hərc-mərclik illərində Azərbaycana Türkiyədən başqa xarici dövlətlərdən yardım edilməsi üçün əlindən gələn fədakarlığı göstərib. Ancaq mən onu həkim, cərrah kimi deyil, ...tarixçi kimi tanımışam. Doğrudur, o, ən qədim çağlardan Türk plastik cərrahlığının tarixi haqqında çox qiymətli bir monoqrafiya yazıb, ancaq İbrahim bəyi mənə tanıdan onun təəssübkeş bir Azərbaycan Türkü olaraq, orta əsrlərdən günümüzədək Türkiyəmizdə yurdlaşmış soydaşlarımızın tarixini araşdırmasıdır. 2007-də Amasyada keçirilən böyük bir simpoziumda o, "Azərbaycandan Amasyaya daşınan Türk kültürü şirvanlilar" adlı çox geniş olduqca dəyərli bir məruzə edib. İndi İstanbul Universitetində oxumuş azərbaycanlılar haqqında ciddi araşdırma üzərində çalışır.

İbrahim bəy o qədər maraqlı şəxsiyyətdir ki, onun haqqında geniş məqalələr yazılmasına ehtiyac var, ancaq burada onun özündən deyil, bir neçə gün öncə mənə göndərdiyi, Azərbaycanın təhsil tarixi üçün çox önəmli olan bir fotodan söz açmaq istəyirəm. Yeri gəlmişkən, İbrahim bəy mənim "Azərbaycan müəllimi"ndəki bütün yazılarımı oxuyaraq xoş sözlərini bildirib indi gördüyünüz fotonu da həmin məqalələrlə tanışlıqdan sonra göndərib. İlk dəfə olaraq "Azərbaycan müəllimi" qəzeti oxucularının gördüyü həmin foto haqqında geniş bilgini İbrahim bəyin özü əlavə məktubda yollayıb.

Fotoda 1930-cu illərin başlanğıcında İstanbul Universitetində oxumuş azərbaycanlı tələbələr təsvir olunub. Onlar gənc dosent Əhməd Cəfəroğlu (1899-1975) ilə birgə İstanbulda indiki Professorlar Evinin pilləkənində dayanıblar.

Öndə solda oturan tələbə görkəmli şairəmiz Nigar Rəfibəyli’nin böyük qardaşı, hörmətli yazıçımız Anar’ın dayısı Kamil Arran’dır. Onun sağındakı soyadı bilinməyən Hüseyn bəy’dir. 

Onların arxasındakı sırada ayaq üstə duranlar: sağda Gəncə’li Səlim Rəfiq Rəfioğlu, yanındakı xanım sonradan fizika üzrə professor olan Dilşad Yanar, onun yanında böyük bacısı Sürəyya Yanar, onun yanındakı qaraşın gözəl liseydə İbrahim Yıldırımın tarix müəllimi olmuş Aliyə Aşurbəyli, onun yanındakı isə Əhməd Cəfəroğlu’nun bacısı oğlu Saleh Gəncə’dir (o, sonralar yüksək kimya mühəndisi olaraq uzun illər Kabataş Kişi Liseyində kimya müəllimi işləyib).

Arxa sırada Sürəyya Yanarın arxa tərəfindəki isə gənc Əhməd Cəfəroğlu’dur. Başqaları tanınmır. Qəzetimizin oxucularından kimsə kimisə tanısa, bizə bildirməsini xahiş edirik.

Sonrakı günlərdə İbrahim bəylə sürəkli yazışmalarımız fotodakı insanlar haqqında yeni bilgiləri ortaya qoydu.

Görkəmli professorun yazdıqlarından öyrəndik ki, Dilşad Yanar Sürəyya Yanar bacıları özəlliklə Cümhuriyyət illərində Azərbaycan tarixində şərəfli iz buraxmış, Parlamentdə qanunvericilik şöbəsinin rəisi işləmiş, sonra Türkiyəyə mühacirət etmiş Hüseyn bəy Mirzəcamalov’un - Hüseyn Camal Yanar’ın (1884-1974) bacısı Xeyrənnisa xanım’ın qızlarıdır.

Yaxın çevrəsinin "Hüsü dayı" dediyi Hüseyn Camal Yanar 1910-cu ildə Kiyev Universitetini bitirib. O, heç evlənməyib.

Prof. Dr. Dilşad xanım’ın son yeri Ege Universiteti idi. O, Prof.Dr. Kamil Sokullu ilə ailə qurduğu üçün soyadı "Sokullu" olub. Çox sonra ayrılıblar. Onun haqqında geniş bilgi əldə etmək mümkündür.

İstanbulda yaşayan Sürəyya xanım İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib. Azərbaycanlı olan Prof. Dr. Məhəmməd Qarabağlı ilə ailə qurub. Prof. Qarabağlı fizikdi. İkisi Amerikada vəfat edib. Oğullarının adı CemTdir, işlə məşğul olduğu bilinmir.

Dilşad Sürəyya xanımların Amerikada yaşayan böyük bacıları da varmış; özü , əri professor imiş. Bu xanım, deyəsən, tarix professoru olub. Bir zaman Türkiyəyə tez-tez gəlib-gedirmiş, sonrakı taleyi bilinmir.

İbrahim bəy yazır: "Bu üç bacının atalarının Quba valisi ya xanı olduğu söylənirdi. Kübar əsil bir ailə idi. Demək ki, ailə Qubadan Türkiyəyə köçmüş burada oxumuşlar".

İbrahim bəyin dediklərinə bir neçə əlavəm var.

Sonralar dünya şöhrətli türkoloq kimi tanınmış Əhməd Cəfəroğlu’nun şəxsiyyətiylə maraqlananlar prof. Vilayət Quluyev’in onun haqqında yazdığı dəyərli məqaləni ("Zerkalo" qəzeti, fevral-mart 2011) oxuya bilərlər.

Hüseyn Camal Yanarın bacısı Xeyrənnisa xanım’ın əri Talıbxan bəy Talıbxanbəyov olub. O, Şamaxı Quba qəzalarının polis rəisi işləyib, sonra Türkiyəyə mühacirət edib.

Kamil Arran haqqında bilgi almaq istəyənlərə prof. Rafael Hüseynov’un "Rəfibəylilər" "Yurdun adındakı can" kitablarını oxumağı tövsiyə edirik.

Səlim Rəfiq Rəfioğlu Gəncədəndir, Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü naziri Musa bəy Rəfiyev’in (1888-1938) yaxın qohumudur, tanınmış ədəbiyyatşünasdır.

Aliyə Aşurbəyli isə professor Sara xanım Aşurbəyli (1906-2011) ailəsinə mənsubdur.

 

 

Azərbaycan müəllimi.- 2012.- 30 mart.- S.4.