Peterburqda  oxumuş  tələbələrimiz

 

(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında)

 

9. İsrafilov Əbumüslüm Cəbrayıl bəy oğlu

 

(15.4.1885, Dərbənd şəhəri -?)

 

(SPb. MTA, f.14, s.3, 59691, 1911-ci il)

 

Doğum şəhadətnaməsi

 

Anamız Azərbaycanın 5 min ildən artıq yaşı olan ən qədim şəhərlərindən biri Dərbəndin yetirmələri Piter ali məktəblərində ən müxtəlif ixtisaslara yiyələnərək vətənə qayıdır, xalqını maarifləndirməyə, ona fayda verməyə çalışırdılar. Sankt-Peterburq Mərkəzi Tarix Arxivində araşdırdığımız növbəti həmin dərbəndli balalarından birinindir. Kimliyini öyrənməkçün öncə doğum şəhadətnaməsini gözdən keçirirəm. Oxuyuram: bu sənəd 1 fevral 1897-ci ildə Dərbənd ruhani məhkəməsindən Dərbənd sakini Əbumüslüm bəy’ə o haqda verilib ki, o, kollej asessoru Mirzə Cəbrayıl bəy İsrafilov’un qanuni arvadı Sona xanım Göbək qızı’ndan 15 aprel 1888-ci ildə doğulmuş qanuni oğludur. Şəhadətnaməni Dərbənd ruhani məhkəməsinin qazısı Hacı Molla Məhəmmədsadıq Pişnamaz təsdiqləyib.

Tarixi gerçəkliyi düzgün göstərməkçün burada əksini tapmış bir məqama münasibət bildirməyə borcluyam. Kollej asessoru mülki çini çar Rusiyasında dərəcələr haqqındakı cədvəldə VIII dərəcəli məmurlara verilirdi o, hərbidəki mayor rütbəsinə bərabərdi. Bu çini alanlara şəxsi zadəganlıq (bəylik) adı imtiyazları verilir, ancaq bu imtiyazlar onun övladlarına keçmirdi. Buna görə Əbumüslümün rəsmi sənəddə "bəy" adlandırılması hüquqi baxımdan doğru deyildi - bu adı yalnız onun atası daşıya bilərdi.  

 

Teymurxanşura məktəbinin yetirməsi

 

Dərbənddə yaşayanların çoxu orta təhsilini əsasən ya Bakıda, ya da Teymurxanşura’da (bu Türk şəhərinin adını 1922-dən Buynaksk ediblər) alırdı. Əbumüslüm İsrafilov da Teymurxanşuranı seçənlərdəndi. Onun arxivdəki şəxsi işində Teymurxanşura real məktəbini bitirməsi haqqında iki şəhadətnamə var.

24 iyun 1909 tarixli şəhadətnamədə bildirilir ki, Əbumüslüm İsrafilov Teymurxanşura real məktəbində 1 sentyabr 1897-ci ildən 9 iyun 1904-cü ilədək oxuyaraq 6 sinfin tam kursunu bitirib onun attestatının əsli həmin məktəbin dəftərxanasında saxlanılır. 9 iyun 1905 tarixli şəhadətnamədə isə Ə.İsrafilovun adıkeçən məktəbdə əlavə - 7-ci  sinfi bitirdiyi qeyd olunub. 

 

Şərqşünas olmaq istəyi

 

Artıq real məktəbi başa vurmuş Ə.İsrafilov 24 sentyabr 1905-ci ildə Xalq Təhsili Nazirliyinə yazdığı ərizədə SPb. İmperator Universiteti şərqşünaslıq fakültəsinin ərəb-fars-Türk-tatar bölməsinə qəbul olunmasını xahiş edir, çünki bu dillərin hamısıyla tanışdır bir neçə Dağıstan ləhcəsini bilir. Bu ərizədən az sonra o, həmin fakültəyə sərbəst dinləyici kimi götürülüb.

 

Sərbəst dinləyicidən pektora ərizələr

 

Əbumüslüm İsrafilovun 7 sentyabr 1906-da SPb. Universitetinin rektoruna yazdığı ərizədə 1905-də real məktəbi qurtardıqdan sonra sərbəst dinləyici kimi qəbul edilərək mühazirələri dinlədiyi şərqşünaslıq fakültəsində yenidən oxumağa ona icazə verilməsini xahiş edib. Deməli, bu müddətdə onun oxumasında fasilə yaranıbmış.

16 sentyabr 1909-da rektora ünvanladığı ikinci diləkçəsində 4 semestr oxuduğunu, ancaq yalnız 1-ci semestrin pulunu ödədiyini bildirir, 5-ci semestrə keçmək istədiyini deyərək 3 semestr üçün yalnız universitetin pulunu keçirməsinə, müəllimlərin qonorarını isə təhsil ili boyunca ödəməsinə icazə verilməsini xahiş edir. Rektora 10 avqust 1910-da yazdığı üçüncü ərizədən aydınlaşır ki, ona bu icazə verilməyib. Oradan bilinir ki, o, şərqşünaslıq fakültəsində 4 semestr sərbəst dinləyici olub özündən asılı olmayan səbəblər üzündən (təhsilhaqqını ödəyə bilmədiyinə görə) təhsilini yarımçıq qoymalı olub; indi isə oxumağa imkanı var hüquq fakültəsinə keçirilməsini xahiş edir (əlbəttə, yenə sərbəst dinləyici kimi). Xatırladım ki, onun gerçək tələbə olmasına əngəl törədən həlledici amil latın dilindən imtahan verməməsiydi.

 

Latın dilindən imtahan

 

Rusiya ali məktəblərinin tələbəsi olmaq üçün 7 sinfi bitirmək yetərli deyildi - əlavə bir il oxumaq hökmən latın dilindən imtahan vermək gərəkdi, çünki dərsliklərin elmi əsərlərin xeyli hissəsi bu dildəydi. 17 yanvar 1911 tarixli şəhadətnamədən görünür ki, kollej asessorunun oğlu, 15 aprel 1888 doğumlu, müsəlman Əbumüslüm İsrafilov S.-Peterburq Təhsil Dairəsindəki Sınaq Komitəsində kişi gimnaziyasının səkkiz sinfi həcmində imtahan verərək kafi qiymətlər alıb. Başqa sözlə, o, latın dilindən imtahan verib.

 

Sərbəst dinləyicilikdən tələbəliyə

 

Əbumüslüm İsrafilov SPb. İmperator Universitetinin rektoruna yeni ərizə yazaraq özünü hüquq fakültəsinin tələbələri sırasında görmək istədiyini bildirib. İş burasındadır ki, o, indiyədək universitetdə yalnız sərbəst dinləyiciydi. Latın dilindən imtahan verməsisə artıq tələbəlik qapılarını onun üzünə açırdı. 12 noyabr 1911-də onun arzusu çin oldu - gerçək tələbələr sırasına qəbul edildi 25 manat təhsilhaqqı da ödədi.

 

Təhsilhaqqını tam ödəyib

 

Universitetdən verilmiş bir arayış Ə.İsrafilovun təhsilhaqqını ödəməsiylə bağlıdır. 31 may 1914 tarixli həmin bəlgədə tələbə Əbumüslüm İsrafilovun 1906-cı ilin payızından 1914-cü ilin yazınadək olan müddət üçün universitetə təhsilhaqqını keçirdiyi təsdiqlənir.

 

Buraxılış şəhadətnaməsi

 

26 iyun 1914-də verilmiş, diplomu əvəz edən buraxılış şəhadətnaməsində qeyd olunub ki, Ə.İsrafilov SPb. Universitetinin hüquq fakültəsində 8 yarımilin (deməli, 4 ilin) proqramını yerinə yetirib. Təhsili bu səviyyədə başa vurmaq ona Rusiyanın dövlət idarə müəssisələrində işləmək hüququ verdiyinə görə bu sənəd onu tam təmin edirdi. 

 

Boyəhmədli kəndinin sakini

 

İsrafilovun şəxsi işindəki ən maraqlı bəlgələrdən biri SPb. Universiteti dəftərxanasından 1 iyul 1914-cü ildə verilmiş 9461 saylı məktubdur. Həmin sənəddən aydın olur ki, keçmiş tələbə Ə.İsrafilov Zaqafqaziya dəmiryolunun Goran stansiyasında, Gəncə vilayətinin Boyəhmədli kəndində yaşayır. Görünür, ona universitetdəki sənədləri gərək olub onları oradan istəyib. Universitet dəftərxanası həmin sənədləri siyahı üzrə Gəncə vilayətinin rəhbərliyinə göndərərək xahiş edib ki, bu sənədlər Ə.İsrafilova qol çəkdirilməklə təhvil verilsin onlara ehtiyac qalmadığı andan lazımi qaydada yenidən dəftərxanaya qaytarılsın.

Buradan ciddi güman edə bilərik ki, Ə.İsrafilovun ilk yeri görkəmli maarifçi dövlət xadimi Əsgər ağa Adıgözəlov Gorani’nin (1857-1910) ana yurdu Boyəhmədli kəndi olub.

 

Bakı Dairə Məhkəməsi sistemində

 

Bütün Qafqazın tarixini öyrənməkdə əvəzsiz qaynaqlardan biri sayılan "Kavkazski kalendar"ın 1917-ci il üçün buraxılışından (səh. 654) Əbumüslüm İsrafilovun 1916-cı ildə Bakı Dairə Məhkəməsi sistemində Məhəmmədyusif Cəfərov, Rüstəm xan Xoyski, Əli xan Kantemirov, Qasım Qasımov, Həmid bəy Şahtaxtinski kimi görkəmli hüquqşünaslarla birgə vəkil köməkçisi işlədiyini öyrənirik.

 

Dərbənddə partiya qurucusu

 

Həm dost-tanışları arasında, həm bir çox sənədlərdə ad-soyadı "Müslüm İsrafilov" kimi çəkilən gənc hüquqşünas siyasətlə ciddi maraqlanır, bir Türk oğlu olaraq millətinin rifahı xoş gələcəyi üçün çalışmağı özünə vətəndaşlıq borcu sayırdı. O, əqidəcə sosial-demokratdı. Dağıstanda ictimai-siyasi fikir tarixini araşdıran tarix yazarları Rusiya Sosial-Demokrat Fəhlə (bolşevik) Partiyasının [RSDF(b)P-nin] Dərbənd təşkilatını Müslüm İsrafilovun görkəmli siyasətçi dövlət xadimi İbrahim bəy Heydərov (1879-1949) başqaları ilə birgə yaratdığını göstərirlər. 

 

Azərbaycan Milli Şurasında

 

Qafqazdakı Türk sosial-demokratlarının həlledici qismi müəyyən vaxtdan sonra bu ideyadan uzaqlaşdı, çünki onlar birgə çalışdıqları rus sosial-demokratlarının qeyri-rus xalqların mənafeyini nəzərə almadığına, onların dini milli duyğularına sayğısızlıq göstərdiyinə əmin oldular. Milli duyğuları onların əksərini Azərbaycanın millətçi-vətənpərvər qüvvələriylə birləşdirdi. Əbumüslüm İsrafilov da onların arasındaydı. Məhəmmədəmin Rəsulzadə’nin redaktorluğu altında nəşr edilən "Açıq söz" qəzetinin 7 sentyabr 1917 tarixli 561-ci sayındakı bir yazıdan (səh. 3) onun Azərbaycan Milli Şurasının 5 avqust 1917-də keçirilən iclasında iki katibdən biri seçildiyini öyrənirik. Bu fakt Ə.İsrafilovun həyat yolu mübarizə istiqaməti haqqında ötəri olsa təsəvvür yaratmağa yetərlidir.

Təəssüf ki, Ə.İsrafilovun sonrakı yaşamı haqqında əlimizdə heç bir bilgi yoxdur. Ancaq onu araşdırıb öyrənməyə dəyər! 

 

 

Ədalət TAHİRZADƏ,

Bakı Avrasiya Universitetinin professoru

adalet_tahirzade@yahoo.com

Tel.: +994-50-612-68-13

 

Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.5.