Fransada ali məktəblərə
qəbul qaydaları
"Azərbaycan müəllimi"
qəzeti gənclərin xaricdə təhsilə, nüfuzlu
universitetlərə, dünya təhsilinə
marağını nəzərə alaraq artıq bir neçə
ildir ki, "Dünya universitetləri", "Dünya təhsili"
və "Dünyanın təhsil yenilikləri" adlı
layihələr həyata keçirir. Bu layihələr çərçivəsində
oxuculara geniş və əhatəli məlumatlar, dolğun
yazılar təqdim olunur. Həmin yazılar ümumilikdə
ölkə ictimaiyyətini, xüsusən də gəncləri
dünya ölkələrinin təhsil sistemində baş verən
yeniliklər, aparılan tədqiqatlar, qabaqcıl
texnologiyaların tətbiqi barədə məlumatlandırmağa
xidmət edir.
Bu gün Azərbaycan gənci
daha yüksək təhsil almağın əhəmiyyətini
dərk edərək yeni imkanlar axtarışındadır.
Ali məktəblərə tələbə qəbulu ilə
bağlı məsələlərin daim ictimaiyyət tərəfindən
maraqla qarşılanması da insanların gələcəyə
verdiyi dəyərin və sabaha inamının təzahürüdür.
Təsadüfi deyil ki, hər zaman ölkənin kütləvi
informasiya vasitələrində ali məktəblərə qəbulla bağlı məsələlər
müzakirə obyektinə çevrilir. Bununla əlaqədar
kütləvi informasiya vasitələrində müvafiq
ekspertlərin və təhsil işçilərinin fikirləri
işıqlandırılır, jurnalist araşdırmaları
aparılır.
Bəs ali məktəblərə
qəbul prosesi dünya ölkələrində necə həyata
keçirilir? Dünyanın nüfuzlu ali təhsil müəssisələrinə
tələbələrin qəbulu hansı prinsiplər əsasında
təşkil edilir? Bu və ya digər suallara cavab tapmaq
üçün qəzetimiz "Dünya ölkələrində
ali məktəblərə qəbul" layihəsini oxuculara təqdim
edir. Bu layihə çərçivəsində bir sıra
dünya ölkələrinin ali təhsil müəssisələrinə
qəbul qaydaları ilə bağlı məlumat veriləcək.
Onu da qeyd edək ki, təqdim
olunan yazılar həmin ölkələrin təhsil
qurumlarının rəsmi saytlarının materialları əsasında
hazırlanıb.
Fransanın
təhsil sisteminə nəzarət iki nazirlik - Milli Təhsil
Nazirliyi, Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi tərəfindən
həyata keçirilir. Ölkənin orta təhsil sistemi
ibtidai, kollec, lisey olmaqla üç pillədən ibarətdir.
Orta təhsili bitirən şagirdlərə bakalavr diplomu (orta
təhsil haqqında attestat) verilir. Bakalavr diplomu Fransa ali təhsil
müəssisələrinə qəbul olmaq üçün əsas
sənəd hesab edilir.
Fransada
ali təhsilə universitet və ali elitar məktəblərdə
yiyələnmək olar.
Universitetlərə
qəbul
Fransada universitetlər hər kəs
üçün açıqdır. Universitetlərə daxil
olmaq üçün qəbul imtahanları keçirilmir və
təhsil pulsuzdur. Orta təhsil haqqında sənədi -
bakalavr diplomunu alan hər kəs sənədlərini istədiyi
universitetə verə bilər. Əgər namizəd orta məktəbdə
yaxşı qiymətlərlə oxuyubsa, onu universitetə qəbul
edirlər. Bununla yanaşı, bakalavr diplomu olmayan və orta təhsilini
yarımçıq qoymuş fransızlar universitetlərə
qəbul olmaq üçün Universitet Təhsilinə Qəbul
Diplomu - DAEU (Diplome dTacces aux etudes universitaires)
almalıdırlar. DAEU diplomu universitetlər tərəfindən
verilir. Bu diplomu orta təhsilini iki il müddətinə
yarımçıq qoymuş və aşağıdakı iki
şərtdən birinə cavab verən namizədlər ala
bilərlər:
1.
Namizədin 20 yaşı tamam olmalı, iki il peşə fəaliyyəti
ilə məşğul olduğunu və vergi ödədiyini,
yaxud Milli Məşğulluq Agentliyində işsiz kimi
qeydiyyata alındığını təsdiqləyən sənədləri
təqdim etməlidir.
2.
Namizədin 24 yaşı tamam olmalıdır.
Qeyd edək ki, 24 yaşdan yuxarı namizədlərə
heç bir şərt qoyulmur. DAEU diplomu üzrə kursun rəhbəri
bu kateqoriyadan olan namizədlərin bilik səviyyəsini
yoxlamaq, məqsəd və planlarını öyrənmək
üçün onlarla müsahibə aparır.
Diplomun alınması üçün iki
variantda - A (ədəbiyyat) və B (elmi) variantlarında təhsil
təklif olunur. Hər iki variant 2 icbari və 2 əlavə fəndən
ibarətdir. A variantı üzrə diplom almaq istəyən tələbələr
üçün fransız və xarici dil fənləri
icbaridir. Əlavə fənlər arasında isə əsasən
yeni tarıx, coğrafiya və riyaziyyatdan yalnız ikisinə
üstünlük verilir. B variantında icbari fənlərə
fransız dili və riyaziyyat, əlavə fənlərə isə
əsasən, fizika, kimya və təbiət elmləri üzrə
seçilmiş iki fənn daxildir. DAEU diplomu 6 həftə
(225 saat) davam edən intensiv təlimlərin sonunda keçirilən
imtahanların cavablarına əsasən təqdim olunur.
Dövlət universitetlərində təhsil
üçpilləlidir. Üç il davam edən birinci pilləyə
(Licence - L1, L2, L3) orta məktəb məzunları daxil ola bilərlər.
İki il davam edən ikinci pillə (Master) universitetdə ilk
üç ildə qazanılmış biliklərin genişləndirilməsi
və dərinləşdirilməsi üçün nəzərdə
tutulub. Təhsilin sonunda tələbələrə magistr
diplomu verilir. Üç il davam edən üçüncü
pillənin (Doktorat) sonunda isə tələbələr
doktorluq diplomu alırlar.
Qeyd edək ki, universitetlərə qəbul
imtahanları keçirilməsə də, tələbələrin
qəbulu ilə bağlı say məhdudiyyəti mövcuddur.
Məsələn, Parisin Sorbon Universitetində riyaziyyat
fakültəsinə 600 nəfərdən çox tələbə
qəbul edilmir. Bundan əlavə, universitetə daxil olan tələbənin
təhsil ocağını bitirmək şansı da təxminən
40-50 faiz təşkil edir. Tədrisin birinci ilində tələbələrin
təxminən yarısı, ikinci ilində isə 30 faizi
universitetdən kənarlaşdırılır.
Fransada universitet məzunları iş
tapmaqda çətinlik çəkirlər. Adətən onlar
müəllim (tibb və hüquq ixtisasları üzrə məzunları
çıxmaq şərtilə) və ya az məvacib alan
mütəxəssis kimi çalışırlar.
Ali
elitar məktəblərə qəbul
Universitetlərlə müqayisədə
ali elitar məktəblərə (Grandes Ecoles) qəbul fərqli
qaydada aparılır. Bu məktəblər Fransada yüksək
nüfuzu ilə seçilir və ölkənin ən məşhur
alim və rəhbərlərinin yetişdiyi təhsil müəssisələri
kimi tanınırlar. Onların arasında 1829-cu ildən fəaliyyətə
başlamış Ali Mərkəzi Məktəbi (Ecole
Centrale), 1881-ci ildə yaradılmış Ali Kommersiya Məktəbi
(HEC), 1945-ci ildə təsis edilmiş Milli İdarəetmə
Məktəbi (ENA) və 1957-ci ildən fəaliyyət
göstərən Ali Biznes Məktəbini (INSEAD) qeyd etmək
olar. Bu məktəblərin məzunları hazırda iri
şirkətlərə rəhbərlik edir, həmçinin
ölkənin siyasi elitasının tərkibinə daxildirlər.
Ali elitar məktəblər yüksək səviyyəli
peşə təhsili verən təhsil müəssisələridir.
Klassik universitetlərdən fərqli olaraq bu məktəblər
adətən müəyyən bir sahə üzrə, məsələn,
biznes (menecment, kommersiya, marketinq və s.), arxitektura, mühəndislik
işi, turizm və digər sahələr üzrə mütəxəssis
hazırlığını həyata keçirirlər. Qeyd
edək ki, Fransada 215 ali mühəndislik, 3 ali pedaqoji, 4
baytarlıq, 190 ali kommersiya və idarəetmə məktəbi
fəaliyyət göstərir. Bunlarla yanaşı, digər
sahələrdə mütəxəssis hazırlayan ali elitar məktəblər
də var. Belə təhsil müəssisələri
arasında Milli İdarəçilik Məktəbinin, Siyasi
Araşdırmalar İnstitutunun, Milli Xartiyalar Məktəbinin
və s. adlarını qeyd etmək olar.
Ali elitar məktəblər universitetlərdən
fərqli olaraq əmək bazarına daha yaxındırlar və
onların tədris proqramları əmək bazarının tələblərinə
uyğun hazırlanır. Bu səbəbdən həmin məktəblərin
məzunlarının təhsili başa vurduqdan sonra iş
tapmaqla bağlı problemi olmur. Bundan əlavə, ali elitar məktəblər
universitetlərlə müqayisədə kiçik olmasına
(tələbələrinin sayına görə) baxmayaraq,
dövlət büdcəsindən daha çox maliyyə vəsaiti
alırlar. Belə ki, il ərzində ölkə üzrə
tələbələrin təxminən 5 faizini öz
sıralarına qəbul edən ali elitar məktəblərə
dövlət büdcəsindən ali təhsil müəssisələri
üçün nəzərdə tutulmuş vəsaitin 30
faiz ayrılır.
Fransanın ali elitar məktəblərində
təhsil almaq istəyənlər, ilk növbədə, orta təhsil
haqqında sənədi təqdim etməklə "Ali Məktəblərə
Hazırlıq Sinifləri" (Classes preparatoires aux grandes
ecoles - CPGE) adlanan ikiillik hazırlıq proqramına qəbul
edilirlər. Proqramın sonunda müsabiqə imtahanlarından
uğurla keçənlər ali elitar məktəblərə
qəbul edilirlər.
Proqramın məqsədi orta məktəb
məzunlarının müxtəlif sahələrdəki
biliklərini artırmaqla onları ali elitar məktəblərə
hazırlamaqdır. Ali elitar məktəblərə hazırlıq
ədəbiyyat, elm, iqdisadiyyat və kommersiya sahələri
üzrə aparılır. Hər sahə müəyyən
kateqoriyaya bölünür. Hər kateqoriya üzrə təhsil
proqramı liseylərlə ali məktəblər
arasındakı əməkdaşlıq nəticəsində
hazırlanan milli qiymətləndirmə proqramı əsasında
həyata keçirilir. Proqram ərzində alınan biliklər
sonda liseylərdə təşkil olunan müsabiqə
imtahanlarında yoxlanılır. İmtahanlardan keçməyən
namizədlərə təhsillərini universitetlərin III
kursundan davam etdirmək imkanı yaradılır. Qeyd edək
ki, bəzi ali məktəblərdə də ikiillik
hazırlıq kursları təşkil edilir.
Ədəbiyyat üzrə hazırlıq
sinifləri tələbələri ali pedaqoji, ali kommersiya və
ticarət məktəblərinə
və Siyasi Araşdırmalar İnstitutuna (Instituts d'Etudes
Politiques) hazırlayır.
İqtisadiyyat və kommersiya üzrə
hazırlıq sinifləri məzunları Kaşan Ali Normal Məktəbinə
(Ecole normale superieure de Cachan), həmçinin biznes və idarəetmə
sahələri üzrə ixtisaslaşan digər ali məktəblərə
hazırlayır. Burada tələbələrə riyaziyyat,
iqtisadiyyat, xarici dil və tarix üzrə dərslər
keçirilir. Təlim üç sahə üzrə (elmi,
iqtisadi və texniki) aparılır.
Elmi hazırlıq sinifləri tələbələri
mühəndislik, kənd təsərrüfatı və ya
baytarlıq məktəblərinə hazırlayır.
"Ali Məktəblərə
Hazırlıq Sinifləri" (CPGE hazırlıq proqramı)
üzrə təklif olunan bütün kurslar, eləcə də
proqrama yazılmaqla bağlı məlumatları Fransa Ali Təhsil
və Elmi Tədqiqatlar Nazirliyinin rəsmi internet portalından
(http://www.admission-postbac.fr) əldə
etmək olar. CPGE hazırlıq proqramına qəbul tam
kompüterləşdirilib. Namizədlər hər il yanvar
ayının ortalarından martın birinci yarısınadək
qədər qeyd olunan İnternet portalında hazırlıq
sinfi üçün onlayn qeydiyyatdan keçə bilərlər.
Əlavə yerləşdirmə prosesi dərs ilinin
başlandığı günə qədər
aparılır.
Hazırlıq siniflərində oxuyan tələbələrə
təqaüdlərin ayrılması da nəzərdə
tutulur. Təqaüdlərin alınması üzrə
müraciətlər yanvarın 15-dən aprelin 30-dək
İnternet vasitəsilə qəbul edilir. Bunun
üçün şagirdlər Universitet və ali məktəblərin
regional fəaliyyət mərkəzinin (CROUS - centre regional des
oeuvres universitaires et scolaires) saytına daxil olmalı və təqaüd
almaq üçün qeydiyyatdan keçməlidirlər.
Ali elitar məktəblərin əksəriyyətinin
dövlət tərəfindən maliyyələşdirilməsinə
baxmayaraq, bu məktəblərdə təhsil ödənişlidir
və illik təhsil haqqı 6 mindən 20 min avroya qədər
təşkil edir.
Qeyd edək ki, ötən dövr ərzində
ali elitar məktəblərlə universitetlər arasında bəzi
əlaqələr qurulub. Belə ki, universitetlər ali elitar məktəblərə
daxil ola bilməyən namizədləri, ali elitar məktəblər
isə universiteti yüksək nəticə ilə bitirən məzunları
öz sıralarına qəbul edirlər. Məsələn, hər
il riyaziyyat üzrə magistr dərəcəsi almış təxminən
20 universitet məzunu İqtisadiyyat, Statistika, Maliyyə və
Sığorta ali elitar məktəbinə (ENSAE) daxil olur.
Universitet tələbələrinin ali elitar məktəbə
qəbulu müsabiqə əsasında aparılır. Bu halda
ali elitar məktəbdə təhsil müddəti cəmi bir
il davam edir. Təhsillərini başa vurduqdan sonra tələbələrə
2-ci magistr diplomu (Master 2) verilir.
Yazı
Fransa Milli Təhsil Nazirliyinin və Fransa Ali Təhsil və Elmi
Tədqiqatlar Nazirliyinin məlumatları əsasında
hazırlanıb.
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.3.